Qərarlar

09.03.05 S.A.Rəsulovanın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin MİÜMK-nın 07/04/04-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q  Ə  R  A  R  I

S.A.Rəsulovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali  Məhkəməsinin  Mülki İşlər üzrə Məhkəmə  Kollegiyasının 

07 aprel 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

09 mart  2005-ci il                                                                                          Bakı şəhəri  

Azərbaycan   Respublikası   Konstitusiya Məhkəməsinin   Plenumu Ə.Sultanov (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov,  İ.Nəcəfov (məruzəçi-hakim) və S.Salmanovadan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi S.Rəsulova və onun nümayəndəsi M.Əliyevin  iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında S.Rəsulovanın şikayətinə əsasən Azərbaycan Respublikası Ali  Məhkəməsinin  Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 07 aprel 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının  Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabverən - Ali Məhkəmənin nümayəndəsi iclasa gəlmədiyindən,  konstitusiya işinə  onun iştirakı  olmadan baxılmışdır.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, konstitusiya məhkəmə icraatında ərizəçi və onun nümayəndəsinin çıxışlarını dinləyərək və işin materiallarını araşdıraraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D İ :

Məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, 01 sentyabr 2001-ci il tarixdə notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında Ələsgərov İsmayıl Əkbər oğlu xüsusi mülkiyyətində olan mənzilini 28.200.000 manata Rəsulova Səidə Abbas qızına satmışdır. S.Rəsulova 22 avqust 2002-ci il tarixdə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən qeydiyyat vəsiqəsi almışdır. Bundan sonra isə İ.Ələsgərov alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, mənzilini S.Rəsulovaya satmamış, tanışı ilə birgə ticarətlə məşğul olmaq məqsədilə S.Rəsulovadan 6000 ABŞ dolları məbləğində sələmə pul borc götürməyə razılaşmışlar. Aralarındakı mənzilin alqı-satqı müqaviləsi formal xarakter daşımış, əslində isə mənzil borc götürülmüş məbləğə görə girov qoyulmuşdur.

Mübahisə üzrə 15 sentyabr 2003-cü il tarixdə Xocalı rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamə ilə İ.Ələsgərovun yuxarıda göstərilən iddiası təmin, S.Rəsulovanın qarşılıqlı iddiası isə rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi zəruri və yetərli olmamış, əslində isə həmin müqavilə S.Rəsulovanın İ.Ələsgərova sələmə verdiyi pulun təminatı kimi bağlanmışdır. Qətnamə ilə İ.Ələsgərovdan 5600 ABŞ dolları manata olan məzənnə ilə tutularaq S.Rəsulovanın xeyrinə verilmiş və onlar arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, S.Rəsulovanın adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 08 dekabr 2003-cü il tarixli qətnaməsi ilə Xocalı rayon məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddiaçı İ.Ələsgərovun cavabdehlər S.Rəsulova və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin etibarsız hesab olunmasına dair iddiası rədd, qarşılıqlı iddia isə qismən təmin edilmişdir. Məhkəmə İ.Ələsgərovun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Təbriz küçəsi, 18 saylı evin 3-cü mənzilindən çıxarılmasını, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

Azərbaycan  Respublikası Ali  Məhkəməsinin  Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının  07 aprel 2004-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilərək, İ.Ələsgərovdan 5.600 ABŞ dolların manata olan məzənnə ilə tutularaq S.Rəsulovaya verilməsi və onlar arasında bağlanmış mənzil alqı-satqı müqaviləsinin, habelə S.Rəsulovanın adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi qərara alınmışdır. S.Rəsulovanın İ.Ələsgərova qarşı ailə üzvləri ilə birlikdə mənzildən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası isə təmin edilməmişdir.

S.Rəsulovanın əlavə kassasiya şikayətinə cavab olaraq Ali Məhkəmənin sədr əvəzinin 10 avqust 2004-ci il tarixli məktubu ilə bildirilmişdir ki, şikayətin dəlilləri MPM-in 424-cü maddəsinə uyğun olmadığı üçün onun Ali Məhkəmənin Plenumunun müzakirəsinə  çıxarılması qeyri-mümkündür.

Ərizəçi Konstitusiya Məhkəməsinə ünvanlanmış şikayətində kassasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qərarını qanunsuz və əsassız hesab edərək, onun Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir :

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etməklə yanaşı, onların pozulması ilə əlaqədar mübahisələrin məhkəmələr tərəfindən həll ediləcəyini müəyyən etmişdir. (maddə 12 və 71). Dövlətin hüquq və azadlıqların səmərəli müdafiəsini təmin etmək öhdəliyi ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə səhvlərinin aradan qaldırılmasına yönəlmiş hüquqi mexanizmlərin mövcudluğunu da tələb edir.

Məhkəməyə təkrar müraciət etmək hüququ Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır və ilk növbədə məhkəmə səhvlərinin aradan qaldırılmasına xidmət edir. Bunun üçün isə qanunvericilikdə yeni məhkəmə icraatlarının və prosedurlarının tətbiqi ilə məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının müvafiq yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir.

Məhkəmə instansiyalarında işlərə baxılması qaydaları MPM-də dəqiq müəyyənləşdirilmişdir. Həmin Məcəllənin normalarının təhlilindən aydın olur ki, konkret işlərə məhkəmə orqanlarında baxılmasının iki müxtəlif qaydası fərqləndirilmişdir. Bunlar iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılmasından, həmçinin, maddi və prosessual hüquq normalarının düzqün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Birinci və apellyasiya instansiyası məhkəmələri faktlar əsasında, maddi və prosessual hüquq normalarına uyğun olaraq işə mahiyyəti üzrə baxdığı halda, kassasiya qaydasında işə yalnız hüquqi məsələlər üzrə baxılır. Kassasiya baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada müvafiq işə mahiyyəti üzrə baxılmır, işin halları araşdırılmır, yeni sübutlar qəbul olunmur və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən aktların  qanuniliyi, yəni maddi və prosessual hüquq normalara riayət edilib-edilməməsi yoxlanılır.

Konstitusiya Məhkəməsi qəbul etdiyi bir sıra qərarlarda («Aztelekom» İstehsalat Birliyinin, A.H.Zalovun, «Saip Azər Machine Company» şirkətinin, «Səma-10» firmasının şikayətləri üzrə qəbul edilmiş qərarlar və s.) kassasiya icraatının hüquqi təbiəti və bu icraat çərçivəsində kassasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı öz hüquqi mövqeyini formalaşdırmışdır. Bu hüquqi mövqeləri rəhbər tutmaqla Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilməsi (MPM-in 417.0.2-ci maddəsi) işin mahiyyəti ilə əlaqədar olmayan halları əhatə etməlidir və kassasiya instansiyası məhkəməsi əvvəlki məhkəmə instansiyalarında hərtərəfli və dəqiq müəyyən edilməmiş işin faktiki hallarına istinadla apellyasiya instansiyası məhkəməsinin qərarında dəyişiklik etmək səlahiyyətinə malik deyil.  Mülki prosessual qanunvercilikdə birmənalı təsbit edilmişdir ki, kassasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmadığı üçün məhkəmə aktını tamamilə və ya qismən ləğv etdikdə, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq iş üzrə yeni qərar qəbul etmir, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərir (MPM-in 417.0.3-cü maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bağlanmış alqı-satqı müqaviləsinin tərəflərin gerçək niyyətlərini, həmçinin onların iradələrini və iradə ifadələrini əks etdirib-etdirmədiyi işin faktiki hallarının araşdırılması ilə  bağlı olduğundan, bunu yalnız işə mahiyyəti üzrə baxmaq səlahiyyəti olan məhkəmələr araşdıra bilər. Qüvvədə olan qanunvericiliyə görə isə kassasiya instansiyası məhkəməsinin səlahiyyəti yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması ilə məhdudlaşır (MPM-in 416-cı maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, mübahisələndirilən kassasiya instansiyası məhkəməsinin qərarı MPM-in 416, 417.0.3 və 418.1-ci  maddələrinin tələblərilə ziddiyət təşkil etməklə yanaşı, həm də ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatının pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquqi aktların (İnsan hüquqları haqqında  Ümumi Bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi) tələblərinə görə məhkəmə müdafiəsi mahiyyəti etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İ.Ələsgərovun S.Rəsulovaya qarşı bağlanmış mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və S.Rəsulovanın adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair iddiası və S.Rəsulovanın İ.Ələsgərova qarşı ailə üzvləri ilə birlikdə mənzildən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddiasına dair  Azərbaycan    Respublikası Ali  Məhkəməsinin  Mülki İşlər üzrə Məhkəmə  Kollegiyasının  07 aprel 2004-cü il tarixli qərarı Konstitusiyanın 60-cı, MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından  qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun  olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə  müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan  Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında»  Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A  A L D I :

1. İ.Ələsgərovun S.Rəsulovaya qarşı bağlanmış mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və S.Rəsulovanın adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair iddiası və S.Rəsulovanın İ.Ələsgərova qarşı ailə üzvləri ilə birlikdə mənzildən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddiasına dair Azərbaycan    Respublikası Ali Məhkəməsinin  Mülki İşlər üzrə Məhkəmə  Kollegiyasının  07 aprel 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyanın 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun  olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə  müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.   Qərar elan olunduğu gündən qüvvəyə minir.

3.   Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.   Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                  Ələddin Sultanov