Qərarlar

17.02.21 “Polad-2008” MTK-nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Polad-2008” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun  2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

17 fevral 2021-ci il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Polad-2008” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Əmanətlərin Sığortalanması Fondunun mülahizələrini, ekspert Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Ləğv prosesində olan “Atrabank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Atrabank” ASC) ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu “Polad - 2008” Mənzil-Tikinti Kooperativinə (bundan sonra – “Polad-2008” MTK) qarşı 25 noyabr 2015-ci il tarixli kredit xətti müqaviləsindən irəli gələn əsas borcun, kredit müqaviləsinin müddəti ərzində və müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış faiz borcunun onun xeyrinə tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə “Polad-2008” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Kommersiya Kollegiyası) 10 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Məhkəmə instansiyaları iddia tələbini təmin edərkən ona əsaslanmışlar ki, 25 noyabr 2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən “Atrabank” ASC cavabdehə 12 ay müddətinə kredit ayırmış, cavabdeh faizləri və kredit xətti müqaviləsi üzrə istifadə edilmiş vəsaiti 25 noyabr 2016-cı ilə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. F.Bədəlov (“Polad-2008” MTK-nın sədri) Bakı Ağır Cinayətlər Məhkəməsinin  icraatında olmuş cinayət işi üzrə şahid qismində dindirilərkən ifadəsində “Atrabank” ASC ilə bağlanmış kredit xətti müqaviləsi üzrə ayrılmış kreditdən cəmi 255 000 ABŞ dolları pul çıxardığını təsdiq etmişdir.

“Polad - 2008” MTK Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdə göstərilmişdir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən “Atrabank” ASC ilə “Polad - 2008” MTK arasında bağlanmış kredit xətti müqaviləsinin formal xarakterli olmasına diqqət yetirməmişdir. Belə ki, “Atrabank” ASC-nin İdarə Heyətinin sədri E.Nəbiyev barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 5 iyul tarixli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir ki, E.Nəbiyev “RR Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “RR Aqro” MMC) direktoru Ə.Məmmədovdan 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə MMC-yə ayrılan vəsaitin yarı hissəsinin banka borc verilməsini, bu pulun bankın hesabına köçürülərək “Atrabank” ASC-nin nizamnamə kapitalının formalaşmasına yönəldilmişdir. Sonradan “RR Aqro” MMC borcu geri tələb etdikdə “Atrabank” ASC-nin İdarə Heyətinin sədri bu pulu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirməklə qaytaracağını bildirmişdir. Buna görə bank götürdüyü borcu bəzi hüquqi və fiziki şəxslərin, o cümlədən “Polad-2008” MTK-nın adına rəsmiləşdirərək öhdəlik yaratmayan formal kredit müqaviləsi bağlamışdır. Kreditlər real olaraq müştərilərin özlərinə deyil, “RR Aqro” MMC-nin direktoru Ə.Məmmədova qaytarılmışdır.

Bağlanmış kredit müqavilələrinin formal olması, həmçinin onunla sübuta yetirilir ki, bank tərəfindən onun müştərilərinə və real kredit ödəmək qabiliyyəti olmayan  şəxslərə təminatsız böyük məbləğdə kredit verilmişdir.

Ərizəçi həmçinin qeyd edir ki, “Atrabank” ASC ilə “RR Aqro” MMC arasında bağlanmış kredit müqaviləsi real olaraq “RR Aqro” MMC tərəfindən ipoteka ilə təmin edilmişdir. “Polad-2008” MTK və digərlərindən əsassız olaraq əlavə vəsaitin tutulması kredit müqaviləsindəki məbləğin suni surətdə artmasına gətirib çıxarır.

Lakin məhkəmələr, o cümlədən kassasiya instansiyası məhkəməsi tərəfindən onun yuxarıda göstərilən dəlillərinə qanunvericiliklə müəyyən edilmiş qaydada lazımi hüquqi qiymət verilməmişdir.          

Ərizəçi hesab edir ki, məhkəmələr tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337 və 340-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 14.2, 82.4, 88-ci maddələrinin tələbləri pozulmuş, nəticədə onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət, hüquq və azadlıqların inzibati və məhkəmə  təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı məhkəmə aktlarının preyudisiallığına dair əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

Konstitusiyanın bu norması, həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir.

Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı).

Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları  preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları).

Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz.

Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.

Mülki işə “Atrabank” ASC-nin İdarə Heyətinin sədri E.Nəbiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 5 iyul tarixli hökmü əlavə olunmuşdur.

Həmin qanuni qüvvəyə minmiş hökm ilə aşağıdakı hadisələrin olması müəyyən edilmişdir:

- “Atrabank” ASC ilə “RR Aqro” MMC arasında 21 noyabr 2014-cü il tarixli, KM 01 saylı kredit müqaviləsinin bağlanması;

- fəaliyyətin genişləndirilməsi məqsədi ilə kredit vəsaitinin 25 noyabr 2014-cü il tarixində “Atrabank” ASC-nin kredit hesabından “RR Aqro” MMC-yə məxsus cari hesaba köçürülməsi;

- 25 noyabr 2014-cü il tarixində həmin vəsaitin  “RR Aqro” MMC-yə məxsus hesabdan kassa hesabına köçürülməsi və həmin hesabdan məxaric edilməsi;

- həmin məbləğin yarı hissəsinin “RR Aqro” MMC tərəfindən “Atrabank” ASC-nin İdarə Heyətinin Sədri E.Nəbiyevə verilməsi;

- 25 noyabr 2014-cü il tarixində bu məbləğin kassa hesabından mədaxil edilərək E.Nəbiyevə məxsus cari hesaba köçürülməsi;

- E.Nəbiyev (depozitor) və “Atrabank” ASC arasında 26 noyabr 2014-cü il tarixli subordinasiyalı depozit müqaviləsinin bağlanması və s.

Adı çəkilən hökmlə, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş “RR Aqro” MMC-nin direktoru Ə.Məmmədovun, “Polad-2008”  MTK-nın direktoru F.Bədəlovun və digərlərinin ifadələrinə əsasən müəyyən edilmişdir ki, “Polad-2008” MTK-nın adına bağlanmış kredit xətti müqaviləsi real müqavilə olmamış, E.Nəbiyevin təklifi ilə “RR Aqro” MMC-nin direktoru Ə.Məmmədovun 2014-cü il tarixli kredit müqaviləsi əsasında kredit məbləğinin bankda saxlanılan hissəsinin qaytarılması məqsədi ilə bağlanmışdır. E.Nəbiyev həmin kreditlər üzrə faiz ödənişlərini, kreditin qaytarılmasını və s. məsrəfləri özü ödəyəcəyini bildirmişdir. Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən E.Nəbiyev barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır.

Əmanətlərin Sığortalanması Fondu Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmü ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki işə baxan məhkəmə instansiyaları, o cümlədən Ali Məhkəmənin Kommersiya Kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilən halların preyudisial əhəmiyyət daşımasına hüquqi qiymət verməmiş və bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur.

İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 12 mart 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, “Atrabank” ASC “RR Aqro” MMC ilə 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlamaqla, 3 000 000 manat kreditin ayrılmasını təmin etmiş, bu vəsaitin yarı hissəsini borc olaraq alıb kredit götürənə verməyərək, “Atrabank” ASC-də saxlamışdır. Sonradan “RR Aqro” MMC tərəfindən borc vəsaitinin geri qaytarılması tələb olunduqda, o, həmin pulu ayrı-ayrı hüquqi və fiziki şəxslərin, o cümlədən “Polad-2008” MTK-nın adına formal qanunsuz kreditlər rəsmiləşdirməklə qaytarmağa çalışmışdır. Kreditlər real olaraq müştərilərin özlərinə, o cümlədən “Polad-2008” MTK-ya deyil, “RR Aqro” MMC-dən alınmış borc pulun qaytarılması üçün verilmiş, lakin “Polad-2008” MTK-nın adına formal olaraq kredit müqaviləsi kimi rəsmiləşdirildiyindən, “Polad-2008” MTK-nın sədri F.Bədəlov barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.

Məhkəmələr Əmanətlərin Sığortalanması Fondunun iddiasını təmin edərək ona əsaslanmışlar ki, cinayət işində F.Bədəlov kredit xətti müqaviləsi üzrə 255 000 ABŞ dolları çıxardığını bildirmiş və beləliklə borcun olmasını etiraf etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin bu nəticələri ilə bağlı hesab edir ki, kredit xətti müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə nəticə üçün iki tərəf arasında bağlanan kredit müqaviləsinin doğruluğuna, uydurma əqd olub-olmamasına, bank təcrübəsində böyük məbləğdə verilən kreditə görə kredit müqaviləsinin real təminat olmadan bağlanması faktına və digər sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli idi.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı, həmçinin əqdlərin etibarsızlığına dair normaları nəzərdən keçirərək bir daha qeyd etməyi vacib bilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin  337.3 və 337.4-cü maddələri).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri  tərəfindən qanunun yuxarıda göstərilən tələbləri nəzərə alınmamış, çəkişmə prinsipi və tərəflərin digər prosessual hüquqlarının həyata keçirilməsi lazımınca təmin edilməmişdir.        

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmanın hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Ali Məhkəmənin Kommersiya Kollegiyası hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 15 noyabr 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 10 iyun 2020-ci il tarixli qərar qəbul etmiş, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ləğv prosesində olan “Atrabank“ ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “Polad-2008” MTK-ya qarşı 25 noyabr 2015-ci il tarixli kredit xətti müqaviləsindən irəli gələn tələblərinə dair iş üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 82.4, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Ləğv prosesində olan “Atrabank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “Polad-2008” Mənzil-Tikinti Kooperativinə qarşı 25 noyabr 2015-ci il tarixli kredit xətti müqaviləsindən irəli gələn tələblərinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                                           Fərhad Abdullayev