Qərarlar

19.02.21 AR MM-in 1193-cü mad. AR Konstitusiyasının 25-ci mad. I, III, IV və V hissələrinə, 26-cı mad. II hissəsinə, 29-cu mad. I və VII hissələrinə, 71-ci mad. I və II hissələrinə və 149-cu mad. I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə  uyğunluğunun yoxlanılmasına dair

 

 

19 fevral 2021-ci il                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri M.Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqov, mütəxəssislər Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi R.Eyvazov tərəfindən təqdim edilmiş mülahizələri və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Mülki Məcəllənin 1159.1.1 və 1159.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

Həmin Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Sorğuverən qeyd edir ki, göstərilən maddədə övladlığa götürənlərə və övladlığa götürülənlərə münasibətdə məcburi pay hüququ təsbit edilməmişdir. Halbuki Mülki Məcəllənin qanun üzrə vərəsə sayılan şəxslərin dairəsini müəyyən edən 1159.1.1 və 1159.1.2-ci maddələrində qeyd olunan şəxslər müvafiq olaraq doğma valideynlərə və uşaqlara bərabər tutulurlar.

Sorğuverənin qənaətinə görə, mirasdan məcburi pay almaq hüququ qanun üzrə birinci növbə vərəsələr sırasından yalnız miras qoyanın doğma valideynləri və övladları üçün deyil, o cümlədən övladlığa götürənlər və övladlığa götürülənlər üçün də tanınmalıdır. Belə ki, Mülki Məcəllənin sözügedən maddələri arasında bu cür uyğunsuzluq qanun üzrə birinci növbə vərəsə kimi övladlığa götürən və övladlığa götürülənlərin Konstitusiyanın 13 və 29-cu maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnu pozur, normalar arasında daxili uzlaşmanı istisna etməklə Konstitusiyanın 149-cu maddəsinin normativ hüquqi aktların haqq-ədalətə əsaslanmalı olması tələbinə cavab vermir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır.

Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi).

Qanunvericiliyə uyğun olaraq vərəsəliyin bu növü üçün növbəlilik prinsipi əsasında bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi müəyyən edilmiş, əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu halında sonrakı növbənin vərəsəliyi istisna edilmişdir (Mülki Məcəllənin 1159 və 1160-cı maddələri).

Mülki Məcəllənin qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyini müəyyən edən 1159-cu maddəsində beş növbə vərəsələr nəzərdə tutulmuşdur. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin miras qoyanla qohumluq dərəcəsini nəzərə almışdır.

Mülki Məcəllənin 1159.1.2-ci maddəsində övladlığa götürülən və onun övladlarının övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulması təsbit edilmişdir. Bu isə qanunvericilik səviyyəsində həmin şəxslərin miras qoyanın birinci növbə vərəsələri sırasına daxil edildiyini və qanun üzrə vərəsəlik zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququnun mövcudluğunu göstərir.

Mülki Məcəllənin mirasda məcburi pay anlayışını müəyyən edən 1193-cü maddəsində qanun üzrə birinci növbə vərəsələr sırasından uşaqlar, valideynlər və arvad (ər) mirasda məcburi pay hüququ olan şəxslər kimi göstərilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında məcburi pay institutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, qanunverici Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.

Həmin Qərarda Plenum məcburi pay institutunun Mülki Məcəllənin 1159.1.1-ci maddəsində təsbit edilmiş qanun üzrə vərəsəlik hüququ ilə qarşılıqlı və funksional əlaqəsinin mövcudluğunu qeyd etmiş və həmin maddənin mülki qanunvericiliyin məcburi pay institutuna dair normalarına münasibətdə müəyyənləşdirici olduğunu göstərmişdir.

Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi müəyyən edilərkən Məcəllənin 1159.1.1 və 1159.1.2-ci maddələrində bərabər pay hüquqlu vərəsələr kimi nəzərdə tutulmuş övladlığa götürənlər və övladlığa götürülənlərin məcburi pay hüququ olan vərəsələr qismində göstərilməməsi onların mirasdan məcburi pay hüququnun olmaması kimi qəbul edilməməlidir. Əks yanaşma Konstitusiyanın, ailə və mülki qanunvericiliyin müvafiq münasibətləri tənzimləyən normalarının məqsəd və hüquqi funksiyasına, təməl prinsiplərinə zidd olmaqla cəmiyyətin özəyini təşkil edən və dövlətin xüsusi himayəsində olan ailədə etibarlı və sağlam münasibətlərin qurulmasının təmin edilməsinə çətinlik yaradar.

Ailə qanunvericiliyinin əsas məqsədi ailənin sağlam və etibarlılığını təmin etməkdir. Qanunverici ailə birliyinin mənafeyini, ilk növbədə, onun üzvlərinin mənafeyini qorumaqla təmin etmiş olur. Bunun üçün zəruri olan hüquqi mühitin yaradılması isə dövlətin üzərinə düşən vəzifədir. Bu səbəbdən Konstitusiyada ailə münasibətlərinin tənzimlənməsi ilə bağlı təməl prinsip və birbaşa göstərişlər nəzərdə tutulmuşdur.

Konstitusiyanın 17 və 34-cü maddələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.

Sahəvi qanunvericilik aktı olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 1-ci maddəsində həmin Məcəllənin məqsədi müəyyən edilərək qeyd olunur ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hisləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Qeyd edilməlidir ki, ailə qanunvericiliyinin bütün digər normaları məhz göstərilən məqsədin təmin edilməsinə yönəlmişdir.

Ailə qanunvericiliyində öz əksini tapmış göstərişlərin və prinsiplərin realizəsi, sağlam və etibarlı ailə münasibətlərinin qurulmasının təmin edilməsi üçün zəruri olan hüquqi institutlardan biri övladlığa götürmə institutudur.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 5 oktyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

Uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən övladlığa götürmə institutu ilə təmin edilir. Övladlığa götürmə institutunun əsas məqsədi övladlığa götürülən uşağın normal fiziki və mənəvi inkişafını təmin etməkdir. Övladlığa götürmə zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi rəhbər tutulur. Övladlığa götürmənin hüquqi mahiyyəti ondan ibarətdir ki, övladlığa götürmə barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsi ilə övladlığa götürənlə övladlığa götürülən arasında valideynlik münasibətləri ilə analoji hüquq münasibətləri əmələ gəlir.

Beləliklə övladlığa götürmə müəyyən hüquqi nəticələr yaradan hüquqi fakt qismində çıxış edir.

Ailə Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar.

Ailə qanunvericiliyində nəzərdə tutulan bu normalar, həmçinin övladlığa götürmə məsələlərini tənzimləyən beynəlxalq hüquq sənədlərində əksini tapmışdır. “Uşaqların övladlığa götürülməsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, övladlığa götürmə övladlığa götürən şəxsə övladlığa götürülənə münasibətdə qanuni nikahda doğulmuş uşağa münasibətdə atanın yaxud ananın malik olduğu bütün hüquqları və vəzifələri verir. Övladlığa götürmə övladlığa götürülənə onu övladlığa götürən şəxsə münasibətdə qanuni nikahda doğulmuş uşağın öz atasına yaxud anasına münasibətdə malik olduğu bütün hüquqları və vəzifələri verir.

Göstərilən normaların məzmunundan aydın olur ki, qanunvericilik doğma valideynlə övladlığa götürənlər, eləcə də doğma övladla övladlığa götürülənlər arasında heç bir fərq qoymadan onlar üçün bərabər hüquqi təminatlar nəzərdə tutmuş, eyni şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə malik olduqlarını müəyyən etmişdir.

Beləliklə, həm ailə qanunvericiliyi, həm də mülki qanunvericilik övladlığa götürənlər və övladlığa götürülənləri doğma valideyn və övladlarla eyni hüquqi statusda tanıyaraq hüquq və vəzifələr, o cümlədən miras əmlakdan pay almaq hüquqları baxımından mənşəcə qohumlarla eyniləşdirmişdir.

Konstitusiyanın 149-cu maddəsinin I hissəsinə əsasən, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik prinsipinin məzmununa dair formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin Plenumu bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq qeyd edir ki, övladlığa götürənlər və övladlığa götürülənlər yalnız vərəsəliklə bağlı deyil, istənilən hüquq münasibətlərinin subyektləri kimi bütün hallarda doğma valideynlər və övladlarla bərabər hüquqi təminatlara malikdirlər. Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsinə uyğun olaraq övladlığa götürənlər və övladlığa götürülənlər də doğma valideynlər və  övladlarla bərabər qaydada mirasdan məcburi pay hüququna malikdirlər. Odur ki, qeyd edilən maddənin Konstitusiyanın müvafiq maddələri ilə uyğunsuzluq təşkil etməsi müəyyən edilməmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında qeyd edilmişdir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Mülki Məcəllənin 1193-cü maddəsi Konstitusiyanın 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab edilsin;

- Mülki Məcəllənin 1159-cu və Ailə Məcəlləsinin 134.1-ci maddələrinə uyğun olaraq Mülki Məcəllənin mirasda məcburi pay anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.1-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasda məcburi pay anlayışını nəzərdə tutan      1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5.   Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                            Fərhad Abdullayev