AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə
dair
8
yanvar 2021-ci il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim)
və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Sumqayıt
Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya
işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı
subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi S.Qafari və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial
qanunvericilik şöbəsinin müdiri M.Bazıqov, mütəxəssislər Azərbaycan
Respublikası Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqdim
edilmiş mülahizələri, ekspert Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının
müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəyini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan
Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 60-cı maddəsi baxımından Azərbaycan Respublikası
Mülki Məcəlləsinin (bundan sonra
– Mülki Məcəllə) 1193, 1194 və
1200-cü maddələrinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, iddiaçılar Ali Azimi və digərləri
cavabdehlər Azimi Abbas və qeyrilərinə qarşı iddia qaldıraraq mərhum ataları
Azimi Eynullah tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan və sağlığında
bağışlanmış Sumqayıt şəhəri Novxanı bağ massivi 137 V ünvanında yerləşən bağ
evinə dair bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi,
torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması və
digər tələblər irəli sürərək onlara çata biləcək məcburi payların artırılmasını
xahiş etmişlər.
İddia onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin
1200-cü maddəsinə uyğun olaraq, onların miras qoyan tərəfindən bağışlanmış əşya
hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları vardır. Belə
ki, həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi
paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi
payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər
mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba
alınmır.
Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il
tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi
Mülki Məcəllənin 1200-cü maddəsinə istinad edərək göstərmişdir ki, qanunverici
məcburi pay hüququnun olmasını vəsiyyətnamənin mövcudluğu ilə şərtləndirmişdir.
Yəni miras əmlakda məcburi paya ancaq vəsiyyətnamə
olduğu halda birinci növbə vərəsələr malik ola bilər, vəsiyyətnamə olmadığı
halda isə qanun üzrə vərəsələrin belə hüququ yoxdur. Bu baxımdan məhkəmə
hesab etmişdir ki, hazırkı işdə miras qoyan tərəfindən vəsiyyətnamə tərtib
edilmədiyindən iddiaçıların Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən mirasdan
məcburi pay tələb etmək hüquqları yoxdur.
İddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılmışdır
ki, birinci instansiya məhkəməsi işi həll edərkən Mülki Məcəllənin 1200-cü maddəsinin
məzmununu məhdudlaşdırıcı təfsir etmiş və nəticədə qanunsuz olaraq məcburi pay
hüququnun olmasını vəsiyyətnamənin mövcudluğundan asılı etmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsi məhkəmə təcrübəsində
bu cür işlərlə bağlı fikir ayrılığının mövcudluğunu nəzərə alaraq müvafiq
normaların Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsinin zəruriliyi qənaətinə
gəlmişdir. Müraciətedən hesab edir ki, məsələyə dair hüquq tətbiqetmə təcrübəsində
müxtəlif yanaşmaların olması məcburi pay tələb etmək hüququ olan şəxslərin öz
hüquq və qanunla qorunan mənafelərini realizə etməsində çətinliklər yaradır.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətdə göstərilən məsələyə aydınlıq gətirilməsi üçün, ilk növbədə,
vərəsəlik hüququnun mahiyyəti və əsas prinsiplərinin, miras əmlak anlayışının,
eləcə də vərəsəliyin növlərinə dair normaların nəzərdən keçirilməsini zəruri
hesab edir.
Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən,
dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət
etmə hüququ ilə yanaşı, miras alma
hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras
qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə
olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının
və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq
normalarının məcmusudur. Vərəsə olmaq
hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin
tərkib hissəsidir. Belə ki, vərəsə
olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi
isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi).
Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən
olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə
universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin
hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad
seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının
və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin
hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə
tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla
bilər.
Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak
şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi
qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki
Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın
öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin
(miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan
bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə
bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.
Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə
keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə,
ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və
ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda
göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə
qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və
onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə
müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin
1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin
uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər
(övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə
olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı
vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay
almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa,
birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri
və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz.
Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə
göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik
hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq
miras qoyanın iradəsi ilə müəyyən edilir.
Lakin
nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter
daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik
və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır.
Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi
pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin
mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik
olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr
dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda
olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə
edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən
ibarətdir.
Mülki qanunvericilikdə mirasda məcburi paya
verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi
vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri
baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə
edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir.
Mirasda məcburi pay – vərəsəlik
hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir.
Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin
1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət
edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan
asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı
onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın
açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı
tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış
edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi).
Mirasda məcburi pay
hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri
və arvadına (ərinə)) vəsiyyətnamənin
mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada
verilən minimum pay haqqıdır.
Konstitusiya Məhkəməsi dəfələrlə
vərəsəlikdə məcburi pay institutu ilə bağlı normaları ətraflı şəkildə təhlil edərək
bu institutun mahiyyətinin və cəmiyyətin həyatında rolunun açıqlanmasına dair
bir sıra qərarlar qəbul etmişdir. Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə,
məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və
varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması
ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət
edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum
edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin
dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci
növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub
saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I
və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun
yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar).
Vətəndaş cəmiyyətinin özəyini
təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün
olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə
yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı
vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi
yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik
olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən
qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra
vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin
edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras
qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi
pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə,
ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini
nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına
zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır.
Məcburi pay tələb etmək hüququnun vəsiyyətnamənin
mövcudluğundan asılı edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair
qeyd edilməlidir ki, Mülki Məcəllənin
1193-cü maddəsi məhz cəmiyyətdə təşəkkül tapmış hüquqi və mənəvi
prinsiplərə uyğun olaraq, məcburi pay hüququ olan şəxslərin dairəsini müəyyən etmişdir.
Qeyd olunduğu kimi, qanunverici Mülki Məcəllənin birinci növbə vərəsələri nəzərdə tutan 1159.1.1-ci maddəsinin məqsədlərindən
çıxış edərək məcburi pay hüququ olan şəxslərin dairəsini təsbit etmişdir. Bu isə
onu göstərir ki, Məcəllənin 1159-cu maddəsinin müddəaları 1193-cü maddəyə
münasibətdə müəyyənləşdirici norma kimi çıxış edir və orada sadalanan şəxslər Məcəllənin
1159.1.1-ci maddəsində də göstərilmişdir.
Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki,
qanunverici vərəsəlik və ailə hüquq institutlarının konstitusiya əhəmiyyətindən
çıxış edərək Mülki Məcəlləyə “məcburi pay” anlayışını daxil etmiş və Mülki Məcəllənin
1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən
etməklə ailə münasibətlərinin himayə edilməsini, bununla da vəsiyyətnamənin mövcudluğundan
asılı olmayaraq birinci növbə vərəsələrin (məcburi vərəsələrin) qanunla onlara
verilmiş minimum paylarının qorunması hüquqlarını təmin etmişdir.
Lakin Mülki Məcəllənin 1193-cü maddəsində əks
olunmuş “vəsiyyət edən və vəsiyyətnamənin məzmunundan asılı olmayaraq” ifadələrinin
hərfi mənada izah edilməsi, yəni mirasda məcburi pay hüququnun vəsiyyətnamənin
mövcudluğundan və bununla da vəsiyyət edənin iradəsindən asılı edilməsi məcburi
pay institutunun qoruduğu ictimai münasibətlərə zidd olmaqla, vəsiyyətnamə
olmadığı təqdirdə birinci növbə vərəsələrə, yəni miras qoyanla eyni dərəcədə
qohumluq münasibətlərində olan şəxslərə fərqli yanaşılmasına, zərurət olduğu təqdirdə
onların öz məcburi paylarını qorumaq hüququndan məhrum edilməsinə, eləcə də
yuxarıda göstərilən əsas prinsiplərin mahiyyətinin pozularaq əhəmiyyətsiz hala
gətirilməsinə səbəb ola bilər.
Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu qeyd
edir ki, qanun üzrə vərəsələrdən,
birinci növbə vərəsələrin mirasda məcburi
pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində
yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi
xarakter daşıyan subyektiv hüququdur.
Müraciətdə qaldırılan
qanun üzrə vərəsələrin məcburi paylarının tamamlanmasını tələb etmək hüquqlarının mövcudluğu məsələsinə gəlincə
qeyd edilməlidir ki, Mülki Məcəllənin 1200-cü maddəsində əks olunan bu hüquq məcburi
pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət
edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi
payın pozulmasının qarşısının alınmasına xidmət edir.
Məcburi payın həcminin müəyyənləşdirilməsi
qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən,
məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün
hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil
olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə
ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə
də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini
azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına
dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu
hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və
belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir.
Vərəsəlik hüquq institutu ailə və əmlak hüquq normaları
qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimlədiyindən,
bağışlanmış əşyanın vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair göstəriş
Mülki Məcəllənin 32-ci fəslində də nəzərdə tutulmuşdur. Həmin fəsil bağışlamaya
dair normaları təsbit edərək, bağışlama müqaviləsini sağ ikən bağlanan və hədiyyə
verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirən, hədiyyə
alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən müqavilə kimi müəyyən
etmişdir (Mülki Məcəllənin 666.1-ci maddəsi).
Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək
qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə
tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs
öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak
ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin
hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1,
1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin,
həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı
təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin
reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq
qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək
hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır.
Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində
bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi
üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin
və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə,
istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin
müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama
müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət
müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar
nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının
qarşısının alınması məqsədini güdmüşdür.
Vərəsəlik
hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü
maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə
tutulmuşdur. Həmin
maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya
hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi
payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər.
Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə
hesaba alınmır.
Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin
məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq,
yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın
tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı
müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi
etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir.
Məcburi payın tamamlanması tələbi məcburi paya
hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi
bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının
qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir.
Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli
sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq
miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi
payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya
hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.
Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan
göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni
zamanda mövcud olmalıdır:
- tələb irəli sürən şəxs məcburi pay hüququna malik
olan şəxslər sırasına aid olmalı;
- əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə
verilmiş olmalı;
- əşyanın bağışlanmasından iki ildən artıq müddət
keçməməli;
- həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi
artmış olmalı idi.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd
edir ki, məcburi
pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun
üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri
və arvadı (əri)) belə payı miras
qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə
qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir
qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama
halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə
çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi
paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər.
Bağışlanmış əşyanın məcburi
payın hesablanmasında nəzərə alınması bir sıra ölkələrin qanunvericiliyində də
öz əksini tapmışdır.
Almaniya Federativ
Respublikasının mülki qanunvericiliyi məcburi payı vəsiyyətnamənin
olmadığı zamandakı payın yarısı kimi təsbit edir və vəsiyyət edənin əşyanı
üçüncü şəxsə bağışladığı halda, məcburi paya hüququ olan şəxsin, əgər
bağışlanmış əşya mirasa daxil olsa idi, onun məcburi payının arta biləcəyi məbləğdə
məcburi payın tamamlanmasını tələb etmək hüququnun olduğunu göstərir (Almaniya Federativ Respublikasının Mülki Məcəlləsinin
2303 və 2325-ci maddələri).
Fransa Respublikasının
mülki qanunvericiliyinə görə, miras qoyan bir övladı varsa istər sağlığında, istərsə də ölümə bağlı sərəncam
(vəsiyyətnamə) ilə əmlakının yarısını, iki övladı varsa üçdə birini, üç və daha
çox övladı varsa dörddə biri barəsində əvəzsiz olaraq sərəncam vermək səlahiyyətinə
malik deyildir (Fransa Respublikasının Mülki Məcəlləsinin 913-cü
maddəsi).
Həmçinin, Yaponiya Mülki Məcəlləsinə görə, mirasın
açılmasına kimi bir il ərzində bağışlanmış və hədiyyə verilmiş bütün əşyaların
dəyəri məcburi payın hesablanmasına əsas olan məbləğə daxil edilir (Yaponiya
Mülki Məcəlləsinin 1030-cu maddəsi).
Konstitusiya Məhkəməsinin
Plenumu müvafiq qanunvericilik normalarını təhlil edərək qeyd edir ki, qüvvədə
olan Mülki Məcəllənin 667.1-ci maddəsində mülkiyyətçinin öz əmlakına dair sərəncam
vermək hüququnun vərəsəlik hüququ ilə məhdudlaşdırıldığı
göstərilsə də, bu hüququn hansı həcmdə və qaydada məhdudlaşdırılması və vərəsələrin
həmin əmlaka hansı həcmdə hüquqlarının olması nəzərdə tutulmamışdır. Müvafiq
qaydaların təkmilləşdirilməsi gələcəkdə mülkiyyətçinin və əşyanın bağışlandığı
şəxsin öz hüquqlarını təminat altına ala bilməsinə, hüquqi müəyyənlik
prinsipinin təmin edilməsinə, eləcə də vərəsəlik hüquq münasibətləri həyata
keçirilərkən müvafiq vərəsələrin hüquqlarının aydın şəkildə tənzimlənməsinə
xidmət etmiş olar.
Göstərilənlərə
əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin
bağışlama hüququnun vərəsəliklə məhdudlaşdırılmasına dair 667.1-ci maddəsinin bu
Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən
təkmilləşdirilməsi məqsədəmüvafiq olardı.
Bununla yanaşı qeyd edilməlidir ki, qanunvericilik
mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına
dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər
daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras
qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz
vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə görə,
miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla
da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras
paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə
ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət
törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola
bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin
1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə,
vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi
pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə
müraciət etmək yolu ilə həyata keçirə bilər.
Qeyd olunanlara əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Mülki Məcəllənin
1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən
birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları,
valideynləri və arvadı (əri)) vəsiyyətnamənin
mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir;
- Mülki Məcəllənin 667.1
və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə
vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də
məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü
maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr
(vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi
pay hüququna malik olan şəxslərdir.
2. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin
667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci
növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə
də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev