Qərarlar

21.02.05. Ş.Ağakişiyevin şikayətinəəsasən AR Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28/04/04 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

Ş.Ağakişiyevin şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 aprel 2004-cü il tarixli qərarının

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

21 fevral 2005-ci il                                                                  Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi Ş.Ağakişiyev və onun nümayəndəsi Ə.Həbilovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Şəmistan Məhəmməd oğlu Ağakişiyevin şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 aprel 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 12 yanvar 2005-ci il tarixli, 8m-419/04 2n-2 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçinin nümayəndəsi Ə.Həbilovun çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək

MÜƏYYƏN ETDİ:

Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, Tovuz rayonu İbrahim Hacılı kəndi üzrə Yerli Aqrar İslahat Komissiyasının (bundan sonra - YAİK)  20 sentyabr 2001-ci il tarixli qərarı ilə «Tovuz» sovxozuna məxsus olmuş mal-qara tövlələri və onun ətrafındakı 0,30 ha torpaq sahəsi YAİK-in nümayəndələrinin və Tovuz Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra - RAİK) işçi qrupunun müəyyənləşdirdikləri 14.000.000 (on dörd milyon) manatına Ş.Ağakişiyevə satılmışdır. 15 oktyabr 2001-ci ildə Tovuz RAİK qərara almışdır ki, əmlak ucuz qiymətə satıldığı üçün YAİK-in qərarı ləğv edilsin və tövlələr satılmaq məqsədi ilə yenidən hərraca çıxarılsın. Bu qərar Tovuz rayonu İbrahim Hacılı kəndi üzrə «Tovuz» YAİK-a yalnız 29 dekabr 2001-ci il tarixdə göndərilmişdir. 04 yanvar 2002-ci il tarixdə YAİK-in sədri məktuba cavab vermişdir ki, əmlakın satış vaxtından 3 aydan artıq müddət keçdiyinə görə tövlələrin yenidən hərraca çıxarılması qeyri-mümkündür. RAİK-in eyni tarixli qərarına əsasən YAİK-in tərkibi dəyişdirilərək onun sədri və baş mühasibi tutduğu vəzifələrindən azad edilmişdir. Bundan sonra 12 yanvar 2002-ci ildə YAİK-in yeni tərkibi «Tovuz» sovxozuna məxsus olmuş mal-qara tövlələri və onun ətrafındakı 2,5 ha torpaq sahəsinin (Ş.Ağakişiyevə satılandan 2,2 ha artıq) 30.000.000 (otuz milyon) manata «Tovuz-Baltiya LTD» şirkətinə satılmasını qərara almışdır. 15 fevral 2002-ci il tarixdə isə həmin əmlakın şirkətin mülkiyyətinə verilməsi barədə qeydiyyat şəhadətnaməsi verilmişdir.

Ş.Ağakişiyev Tovuz rayon məhkəməsinə «Tovuz» YAİK-in qanunsuz hərəkətlərindən şikayət vermişdir. Şikayətdə həmçinin «Tovuz-Baltiya LTD» şirkəti işçilərinin qanunsuz hərəkətlərinin qarşısının alınması və ona məxsus əmlakın yenidən başqasına qanunsuz satılmasına dair «Tovuz» YAİK-in qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmənin 26 dekabr 2002-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmamışdır.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) 14 may 2003-cü il tarixli qətnaməsi ilə Ş.Ağakişiyevin apellyasiya şikayəti təmin edilərək, Tovuz rayon məhkəməsinin 26 dekabr 2002-ci il tarixli qətnaməsi ləğv olunmuş, Tovuz RAİK-in 15 oktyabr 2001-ci il tarixli qərarı tam, «Tovuz» YAİK-in 12 yanvar 2002-ci il tarixli qərarı isə Ş.Ağakişiyevə aid hissəsində ləğv edilmiş, habelə «Tovuz-Baltiya LTD» şirkətinə verilmiş qeydiyyat şəhadətnaməsi etibarsız hesab olunmuşdur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 17 sentyabr 2003-cü il tarixli qərarı ilə «Tovuz-Baltiya LTD» şirkətinin kassasiya şikayəti qismən təmin edilərək Apellyasiya Məhkəməsinin MİÜMK-ın 14 may 2003-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Bundan sonra, Apellyasiya Məhkəməsinin MİÜMK-ın 05 dekabr 2003-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Tovuz rayon məhkəməsinin 26 dekabr 2002-ci il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin MİÜMK-ın 28 aprel 2004-cü il tarixli qərarı ilə Ş.Ağakişiyevin kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Ali Məhkəmə Sədrinin 06 iyul 2004-cü il tarixli cavab məktubu ilə isə ona bildirilmişdir ki, əsaslar olmadığına görə əlavə kassasiya qaydasında verdiyi şikayətin baxılması üçün Ali Məhkəmənin Plenumuna göndərilməsinə zərurət görülməmişdir.

Ş.Ağakişiyev Konstitusiya Məhkəməsinə verdiyi şikayətdə «Aqrar islahatların əsasları haqqında» və «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikası Qanunlarının bir sıra müddəalarının düzgün tətbiq və şərh olunmadığına görə Ali Məhkəmənin MİÜMK-ın 28 aprel 2004-cü il tarixli qərarı ilə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarının pozulduğunu bildirilir və həmin qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması, qüvvədən düşmüş hesab edilməsi və pozulmuş hüquqların bərpa olunması xahiş edilir.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının dövlətin əsasları ilə bağlı müəyyənləşdirdiyi yeni müddəalar əsasında Azərbaycan Respublikasında iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar-sənaye kompleksində də köklü islahatlar həyata keçirilmişdir. Ş.Ağakişiyevin şikayətində mübahisələndirilən məsələlərin aydınlaşdırılması baxımından son illər ərzində aqrar islahatların aparılması, xüsusilə də sovxoz və kolxozların istifadəsində (balansında) olmuş əmlakın ondan pay almaq hüququ olan şəxslər arasında bölünməsi və satılması ilə əlaqədar yerli və rayon aqrar islahat komissiyalarının səlahiyyətlərinin hüdudlarının müəyyənləşdirilməsi məqsədilə qəbul olunmuş qanunların və digər normativ-hüquqi aktların təhlili zərurəti yaranır.

«Aqrar islahatların əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasını və müxtəlifnövlü təsərrüfatların yaradılmasını aqrar islahatların əsas istiqamətləri kimi təsbit etmişdir (maddə 2). «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu da öz növbəsində bu bölmədə həyata keçirilən islahatın məqsədinin bazar iqtisadiyatına uyğun müxtəlifnövlü təsərrüfat formalarını yaratmaq və aqrar bölmədə sahibkarlığı inkişaf etdirməkdən ibarət olduğunu təsbit etmişdir. İslahatın vəzifələrinin isə sovxoz və kolxozların kəndli (fermer) təsərrüfatlarına bölünməsindən, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsindən, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasından, şəxsi yardımçı təsərrüfatların inkişafından, yaradılmış təsərrüfatların kooperasiyası və xidmət sahələrinin təşkilindən ibarət olduğu müəyyən edilmişdir (maddə 2).

«Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu həmçinin islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, habelə rayon və yerli aqrar islahat komissiyalarının yaradılacağını və onların islahatların aparılması ilə əlaqədar yalnız səlahiyyətləri hüdudlarında cavabdehlik daşıdıqlarını müəyyənləşdirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının 25 mart 1995-ci il tarixli 10/AA-02 saylı qərarları ilə rayon və yerli aqrar islahat komissiyaları haqqında Əsasnamələr təsdiq edilmişdir. Əsasnamələrdə komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu bir daha təsbit edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mübahisələndirilən məhkəmə aktının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması ilə bağlı ilk növbədə sovxoz və kolxozların istifadəsində (balansında) olmuş əmlakın hansı təməl prinsiplər rəhbər tutulmaqla islahata cəlb edildiyinə və islahatlarla bağlı müəyyənləşdirilmiş əsas istiqamətlərə dair qanunvericiliyin müddəalarına diqqət yetirilməsi vacibdir.

Bununla əlaqədar nəzərə alınmalıdır ki, «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu islahatın məqsəd və vəzifələrinə, islahatın obyekt və subyektlərinə, islahatı aparan orqanlara, onların səlahiyyətlərinə, sovxozların və digər dövlət təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydalarına, kolxozların əmlakının bölüşdürülməsinə, kənd təsərrüfatında müxtəlifnövlü müəssisələrin yaradılmasına, islahatın təminatına dair və s. məsələləri tənzimləyir.

Qanun sovxoz və kolxozların istifadəsindəki (balansındakı) torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın hər hansı təşkilati-hüquqi formasının könüllü seçilməsinə və yaradılmasına təminat verməyə yönəlmişdir.

Qanunvericilikdə dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünəcəyi təsbit edilmiş və əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak paylarının müəyyənləşdirilməsinin qaydaları dəqiq göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi» Qaydaları isə sovxoz və digər kənd təsərrüfatı müəssisələrində əmlakın qiymətləndirilməsi, əmlakdan pay almaq hüququ olan şəxslərin və əmlak payının həcminin müəyyənləşdirilməsi, əmlakın təsərrüfatın üzvləri arasında bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi məsələlərini ətraflı tənzimləmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, sovxozların islahatı zamanı əmlakın xüsusi mülkiyyətə verilməsi üçün əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir («Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü, dördüncü və beşinci hissələri).

Göründüyü kimi islahatlar çərçivəsində dövlət kənd təsərrüfatı müəssisələrinin balansındakı əmlakın satılmasının mümkünlüyü qanunvericilikdə yalnız müstəsna hal kimi nəzərdə tutulmuşdur. «Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi» Qaydalarının 16-cı bəndinə əsasən isə əmlakın pay haqları üzrə bölüşdürülməsi mümkün olmadıqda, mövcud qanunvericiliyə uyğun olaraq həmin əmlakın satışı təşkil edilir və ya paylar birləşdirilərək onun hər bir üzvünün payı bəlli olmaqla birgə təsərrüfat yaradılır.

Bununla yanaşı nəzərə alınmalıdır ki, sovxoz və kolxozların balansındakı əmlakın satılması ilə bağlı başqa hər hansı müddəa, o cümlədən Tovuz RAİK-in 15 oktyabr 2001-ci il tarixli qərarında göstərildiyi kimi əmlakın hərrac yolu ilə satılmasına əsas verən müddəa qanunvericilikdə təsbit edilməmişdir. Ona görə də, həyata keçirilən islahatlar daxilində aqrar islahat komissiyaları tərəfindən sovxoz və kolxozların balansındakı əmlakların satışı ilə bağlı qəbul edilmiş qərarların qanuniliyinin qiymətləndirilməsi zamanı qanunvericiliyin göstərilən müddəaları daim diqqət mərkəzində olmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mübahisələndirilən məsələ çərçivəsində islahatın obyektlərinin və həmin obyektlərdən pay almaq hüququ olan subyektlərin dəqiq müəyyənləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır.

Həmin Qanuna və «Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi» Qaydalarına uyğun olaraq sovxoz və ya kolxoz əmlakından pay almaq hüququ olan subyektlərin dairəsi aşağıdakı kimi müəyyənləşdirilmişdir: 1) sovxozların və digər kənd təsərrüfatı müəsissələrinin daimi işçiləri; 2) kolxozların üzvləri; 3) kənd təsərrüfatı müəsissələrində işləmiş və sonralar təqaüdə çıxmış şəxslər; 4) əvvəllər kənd təsərrüfatı müəsissələrində işləmiş və hazırda müddətli hərbi xidmətdə olan və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş şəxslər.

Mülki iş üzrə çıxarılmış məhkəmə aktlarından görünür ki, məhkəmə mübahisəsi sovxozun əmlakından pay almaq hüququ olan subyektlər məsələsi aydınlaşdırılmadan həll edilmişdir. Belə ki, tərəflərdən hər birinin aqrar islahatlarla əlaqədar əmlakdan pay almaq hüququ olan subyekt kimi qəbul edilib-edilməməsinin mümkünlüyü məsələsinə məhkəmələr münasibət bildirməmişlər. Bu məsələ isə mübahisənin həllində başlıca hal kimi çıxış edir.

Bundan başqa nəzərə alınmalıdır ki, Ş.Ağakişiyevin məhkəməyə verdiyi şikayəti üzrə «Tovuz-Baltiya LTD» şirkətinin işçilərinin qanunsuz hərəkətlərinin qarşısının alınması və ona məxsus əmlakın yenidən başqasına qanunsuz satılmasına dair «Tovuz» YAİK-in qərarının ləğv edilməsi haqqında tələbinin qanuni həlli əsasən «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin düzgün şərhi və tətbiqi ilə bağlıdır.

Bu maddədə aqrar islahatla əlaqədar yaranan mübahisələrin həlli qaydası müəyyənləşdirilmişdir. Maddənin mənasına görə, fiziki və hüquqi şəxslər YAİK-in çıxardığı qərarla razılaşmadıqda RAİK-a, onun qərarı ilə razılaşmadıqda Azərbaycan Respublikasının Dövlət Aqrar İslahat Komissiyasına, nəhayət isə məhkəmələrə şikayət edə bilərlər.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin təhlili göstərir ki, RAİK YAİK-in qərarını öz təşəbbüsü ilə ləğv etmək səlahiyyətinə malik deyildir. Bunun üçün mütləq YAİK-in qərarı ilə razılaşmayan fiziki və ya hüquqi şəxslərin müəyyənləşdirilmiş müddətdə RAİK-a müvafiq şikayətlərinin mövcudluğu tələb olunur. Ona görə də, məhkəmələrdə bu qəbildən olan mübahisələr həll edilərkən belə müraciətlərin olub-olmaması, onların qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə verilib-verilməməsi, eləcə də daxil olmuş həmin şikayətlərə qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərdə və qaydada baxılıb-baxılmaması ilə əlaqədar faktların aydınlaşdırılması qanunvericiliyin düzgün tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

«Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsinə əsasən fiziki və hüquqi şəxslər YAİK-in çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində RAİK-a şikayət edə bilərlər. «Tovuz» YAİK-in 20 sentyabr 2001-ci il tarixli qərarının ləğv olunmasına dair Tovuz RAİK-in 15 oktyabr 2001-ci il tarixli qərarında İbrahim Hacılı kənd sakinlərindən bir qrupu tərəfindən qanunda nəzərdə tutulduğu kimi şikayət deyil, ərizə daxil olduğu göstərilsə də, mülki işin materiallarına heç bir ərizə əlavə edilməmiş, mübahisə üzrə çıxarılmış məhkəmə aktlarında isə hər hansı ərizəyə istinad olunmamışdır. Belə olan halda ərizənin qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə verildiyini və həmin ərizəyə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə baxıldığını təsdiq etmək kifayət qədər mübahisəli görünür. 

Bununla belə, mülki işin materiallarından görünür ki, Tovuz rayonu İbrahim Hacılı kəndi üzrə «Tovuz» YAİK-in mübahisəyə səbəb olmuş əmlakın Ş.Ağakişiyevə verilməsi barədə qərarı 20 sentyabr 2001-ci il tarixdə qəbul olunmuşdur. Bu qərarın 15 oktyabr 2001-ci il tarixdə Tovuz RAİK tərəfindən ləğv olunduğu göstərilsə də, bu barədə YAİK-a məlumat nədənsə yalnız 29 dekabr 2001-ci il tarixdə göndərilmişdir. Həmin hal 04 yanvar 2002-ci il tarixdə YAİK-in sədri tərəfindən əmlakın satış vaxtından 3 aydan artıq müddət keçdiyinin qeyd edilməsinə səbəb olmuşdur.

Buna baxmayaraq birinci və apellyasiya instansiyası məhkəmələrində faktiki hallar araşdırılarkən YAİK-in qərarının yoxlanılmasına səbəb olmuş ərizənin, yoxsa şikayətin olub-olmaması ilə yanaşı, onun kimin tərəfindən və nə vaxt verilməsi, şikayətə qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərdə baxılması, şikayətin məzmunu ilə RAİK-in gəldiyi nəticə arasında əlaqənin olub-olmaması və s. bu kimi məsələlərə aydınlıq gətirilməmişdir.

Bundan başqa, nəzərə almaq lazımdır ki, hər hansı şəxs tərəfindən verilmiş şikayətə baxılması qaydası «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanununda, həm də «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmişdir. Bu qanunların müddəalarının tələblərinə riayət olunub-olunmaması mübahisənin səbəblərindən birini təşkil etsə də, birinci və apellyasiya instansiyası məhkəmələri bununla bağlı zəruri araşdırmanı da həyata keçirməmişlər.

Göründüyu kimi mülki işin qanuni həlli işin faktiki halların sonadək müəyyənləşdirilməsi ilə birbaşa əlaqədardır. Belə halların isə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən konstitusiya məhkəmə icraatında yoxlanılması yolverilməzdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mübahisənin həlli üçün istinad edilməli olan mövcud qanunvericiliyin müddəalarını dəqiqləşdirməklə kifayətlənərək xüsusi qeyd edir ki, həmin müddəaların mülki iş üzrə düzgün tətbiqi bütün faktiki halların araşdırılmasından sonra ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilməlidir. 

Mübahisənin həlli üçün həmçinin RAİK-in YAİK-in qərarlarını ləğv etmək səlahiyyəti ilə bağlı hədlərin müəyyənləşdirilməsi də «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin düzgün şərhi baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də, qanunvericilikdə RAİK-a hansı hallarda və hansı əsaslarla YAİK-in qərarlarını ləğv etmək səlahiyyətinin verildiyinin dəqiq müəyyənləşdirilməsi tələb olunur.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunvericilikdə birmənalı müəyyənləşdirildiyi kimi komissiyaların əsas vəzifələri islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarətdir və onlar islahatın aparılmasına görə öz səlahiyyətləri hüdudlarında məsuliyyət daşıyırlar. RAİK YAİK-in qərarlarını o halda ləğv etməyə səlahiyyətlidir ki, YAİK tərəfindən qəbul edilmiş müvafiq qərarlar aqrar islahatların həyata keçirilməsinə dair qanunvericiliyin tələblərinə uyğun çıxarılmamış olsun.

Qanunvericiliyin tələbləri isə yuxarıda göstərildiyi kimi əsasən aqrar islahatlar həyata keçirilərkən islahatın obyekti və əmlakdan pay almaq hüququ olan subyektlərə dair şərtlərə əməl olunmasından, əmlak payının həcminin müəyyənləşdirilməsindən, sovxoz və kolxozların əmlakının mövcud qanunvericiliyə uyğun inventarlaşdırılmasından və qiymətləndirilməsindən, həmin əmlakın göstərilən subyektlər arasında özəlləşdirilməsindən (sovxoz əmlakı üçün) və ya bölüşdürülməsindən (kolxoz əmlakı üçün) və s. ibarətdir.

Mülki işin materiallarından görünür ki, Tovuz RAİK 15 oktyabr 2001-ci il tarixli qərarı ilə «Tovuz» YAİK-in 20 sentyabr 2001-ci il tarixli qərarını ləğv edərkən əmlakın ucuz qiymətə satıldığına əsaslanmışdır. Bununla bağlı vurğulanmalıdır ki, RAİK-in satılmış əmlaka qoyulan qiymətin ucuz olmasına əsaslanmaqla YAİK-in qərarını ləğv etmək səlahiyyətini müəyyən edən norma qanunvericilikdə mövcud deyildir.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, sovxoz və kolxozların balansında olmuş əmlakın qiymətləndirilməsi islahatın obyektlərinin dəyərinin və təsərrüfat üzvlərinə çatacaq pay fondunun ümumi məbləğinin müəyyənləşdirilməsinə xidmət edən xüsusi amil kimi əmlakın inventarlaşdırlması ilə birgə islahatın düzgün həyata keçirilməsinin vacib şərtidir. 

«Yerli aqrar islahatı komissiyası haqqında» Əsasnaməyə görə sovxoz və kolxozların əmlakının inventarlaşdırılmasının aparılması və əmlakın yenidən qiymətləndirilməsi səlahiyyəti YAİK-a verilmişdir. «Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi» Qaydalarında isə əmlakın inventarlaşdırılmasının və qiymətləndirilməsinin qaydaları müəyyən olunmuşdur.

Xüsusi qeyd olunmalıdır ki, bu vəzifənin yerinə yetirilməsi hər hansı fiziki və ya hüquqi şəxsin deyil, məhz aqrar islahatı həyata keçirən orqanların üzərinə düşür. Odur ki, əgər sovxoz əmlakının inventarlaşdırılmasında və (və ya) qiymətləndirilməsində nöqsanlar aşkar olunarsa, buna görə məsuliyyəti də həmin orqanlar daşıyırlar.

Mövcud qanunvericiliyin təhlili göstərir ki, RAİK-in yalnız qiymətin ucuz olması əsasına istinadla YAİK-in qərarını ləğv etmək səlahiyyəti yoxdur. Bununla belə, qanunvericiliyin tələblərinin pozulması əsaslarına istinadən RAİK tərəfindən YAİK-in qərarının ləğv edilməsi mümkündür. Lakin bu hal da qanunvericiliyin tələblərinə riayət olunması şərti ilə sovxozun əmlakı yenidən qiymətləndirilməli və o, əmlakdan pay almaq hüququ olan subyektlər arasında yenidən aşkar şəraitdə özəlləşdirilməlidir. Sözsüz ki, bu zaman birinci dəfə əmlakı özəlləşdirmiş şəxsin yeni özəlləşdirmə prosesində iştirak etmək hüququ pozulmamalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, «Tovuz» sovxozuna məxsus olmuş mal-qara tövlələri və onun ətrafındakı torpaq sahəsinin yenidən satılması prosesinə dair bütün yuxarıda qeyd olunmuş halların mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci və apellyasiya instansiyası məhkəmələri işin baxışı gedişatında mövcud qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsini düzgün şərh və tətbiq etməmişlər. Bu isə nəticə etibarilə MPM-in 88, 386 və 387.1-ci maddələrinin müddəaları ilə uzlaşmır.

Belə ki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

MPM-in 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

MPM-in 387.1-ci maddəsində isə müəyyən edilmişdir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

Ali Məhkəmənin MİÜMK Ş.Ağakişiyevin şikayətinə dair mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Halbuki, MPM-in 416, 418.1 və 417.0.3-cü maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayaraq maddi və prosessual hüquq normalarının pozulmasını və ya düzgün tətbiq olunmamasını müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməli idi. İş üzrə tətbiq edilməli olan normativ hüquqi aktın məhkəmələr tərəfindən düzgün şərh edilməməsi və MPM-in göstərilən normalarına əməl olunmaması isə ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə müdafiə hüququnun pozulmasına gətirib çıxarmışdır.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ş.Ağakişiyevin «Tovuz» YAİK-in qanunsuz hərəkətlərindən şikayətinə dair mülki iş üzrə Ali Məhkəmənin MİÜMK-ın 28 aprel 2004-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətlərdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Ş.Ağakişiyevin «Tovuz» yerli aqrar islahat komissiyasının qanunsuz hərəkətlərindən şikayətinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 aprel 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar elan edildiyi gündən güvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.