AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R
A R I
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi
müddəalarının şərh edilməsinə dair
25
yanvar 2021-ci il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze
(məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti
əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində
nəzərdə tutulmuş “cinayətin təkrar törədilməsi” əlamətinin həmin Məcəllənin
18-ci maddəsi baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Sumqayıt
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri V.Cəfərovun və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi
qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri
S.Sadıqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan Respublikası Prokurorluğunun nümayəndəsi
O.İsayevin və Bakı Apellyasiya Məhkəməsinin hakimi F.Qasımovun mülahizələrini, ekspert
Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər
doktoru A.Rüstəmzadənin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Sumqayıt
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.2-ci maddəsində nəzərdə
tutulmuş “cinayətin təkrar törədilməsi” əlamətinin həmin Məcəllənin 18-ci maddəsi
baxımından şərh olunmasını xahiş etmişdir.
Müraciətə
səbəb A.Gəncəliyev barəsində olan cinayət işi olmuşdur. A.Gəncəliyev Sumqayıt Şəhər
Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin
178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci
maddəsinə əsasən həmin məhkəmənin 21 iyun 2018-ci il tarixli hökmü üzrə A.Gəncəliyevə
təyin olunmuş cərimə cəzasının çəkilməmiş hissəsi sonuncu cəzaya tamamilə birləşdirilərək
ona qəti cəza təyin edilmişdir.
Məhkəmənin
hökmünə əsasən A.Gəncəliyev ona görə məhkum edilmişdir ki, o, özgə əmlakını ələ
keçirmək məqsədilə tanışı K.Qafarovanın etibarından sui-istifadə edərək işə düzəldəcəyinə
dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin əvvəllərində
və həmin ilin fevral ayının 26-da ondan iki dəfəyə 5000 (beş min) manat məbləğində
pul alıb ələ keçirməklə dələduzluq etmişdir.
Bundan
başqa o, təkrarən tanışı C.İbrahimlinin etibarından sui-istifadə edərək ondan
2019-cu ilin iyun və sentyabr aylarında 6 epizod üzrə cəmi 2660 (iki min altı
yüz altmış) manat pulu ələ keçirərək dələduzluq etmişdir.
A.Gəncəliyev
həmçinin dələduzluq yolu ilə 2019-cu ilin avqust ayında 3 epizod üzrə T.Cəfərovadan
cəmi 5000 (beş min) manat; 2019-cu ilin sentyabr ayında 2 epizod üzrə C.Ömərovdan
5000 (beş min) manat (onun 3000 (üç min) manatını sonra qaytarmış); 2019-cu ilin
sentyabr-oktyabr aylarında 3 epizod üzrə B.Poladovadan 15000 (on beş min)
manat pulu ələ keçirərək mənimsəmişdir.
Müraciətdə
qeyd olunur ki, A.Gəncəliyev əvvəllər 2014-cü ildə Cinayət Məcəlləsinin 178.2.2
və 178.2.4-cü maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum
edilmiş, 15 iyun 2016-cı il tarixdə cəzasını çəkib qurtarmışdır.
Bu
cinayətə görə A.Gəncəliyevin məhkumluğu 15 iyun 2018-ci il tarixdə ödənilmişdir.
Hazırkı
cinayət işi üzrə təqsirli bilindiyi dələduzluq əməllərindən birini – böyük
ictimai təhlükə törətməyən cinayəti A.Gəncəliyev 2018-ci ilin fevral ayında
onun məhkumluğu ödənilənə qədər törətmişdir. Digər cinayət epizodları isə A.Gəncəliyev
məhkumluğu ödənildikdən sonra törətmişdir.
Cinayət
Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər
residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.
Birinci
instansiya məhkəməsi hesab etmişdir ki, əməldə tövsifedici əlamət kimi təkrarlığa
daxil olan cinayətlərdən biri məhkumluq ödənilmədiyi dövrdə törədilmişdirsə və
bu əməl üzrə cinayətlərin residivi yaranmırsa, məhkumluq ödənildikdən sonra törədilən
digər cinayətlər üzrə şəxsin əməlində cinayətlərin residivi müəyyən edilə bilməz.
İstintaq
orqanı isə hesab etmişdir ki, əməldə təkrarlıq mövcud olmuşdursa, belə cinayətlər
vahid cinayət kimi qiymətləndirilməli, təkrar törədilən cinayətin başlanğıcı
birinci epizod, sonu isə sonuncu epizod qəbul edilməlidir.
Konstitusiya
Məhkəməsinin Plenumu cinayət işinin faktiki hallarına qiymət vermədən cinayətlərin
təkrar törədilməsi məsələsinə müraciətdə göstərildiyi kimi Cinayət Məcəlləsinin
178.2.2-ci maddəsinin tələbləri baxımından deyil, həmin Məcəllənin 16-cı maddəsinin
tələbləri baxımından şərh edilməsini zəruri hesab edir.
Bununla
bağlı Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin düzgün
həll edilməsi üçün cinayətlərin çoxluğu, cinayətlərin təkrar törədilməsi
və onların residivinə bir daha nəzər yetirilməsini vacib hesab edir.
Cinayətlərin
çoxluğuna dair ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə
dair” 2013-cü il 18 mart tarixli Qərarında verilərək qeyd edilmişdir
ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə
səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə
görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində
yeni cinayətlərin törədilməsi halları başa düşülür.
Cinayətlərin
çoxluğunun struktur elementi kimi konkret cinayətlər çıxış edir. Çoxluq, hər
biri müstəqil cinayət tərkibi yaradan iki və ya daha artıq cinayət əməlinin törədilməsini
nəzərdə tutur.
Konkret
cinayətlər, onların obyektiv və subyektiv tərəflərinin əlamətləri əsasında
qurulur. Bu nöqteyi-nəzərdən oğurluq, xuliqanlıq, soyğunçuluq, rüşvətxorluq və
s. ayrıca cinayətlər hesab olunurlar.
Çoxluğun
elementi olan konkret cinayətlərin müxtəlif növləri mövcuddur və nəzəriyyədə
onlar sadə və mürəkkəb növlərə bölünürlər.
Sadə
konkret cinayət o halda mümkündür ki, bir əməlin müvafiq olaraq cinayət
qanununda təsvir olunan bir nəticəsi olur. Məsələn, oğurluqda bir əməl - əmlakı
gizli yolla talama və bir nəticə - mülkiyyətçinin əmlakına vurulmuş ziyan
mövcuddur.
Sadə
konkret cinayət həmçinin cinayət qanununda nəzərdə tutulmuş bir neçə nəticəyə səbəb
olan vahid əməldən də ibarət ola bilər. Belə ki, Cinayət Məcəlləsinin 222-1.2 və
221-1.3-cü maddələri özbaşına tikinti işlərini aparma nəticəsində
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin
vurulmasına, həmçinin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda müvafiq
məsuliyyəti nəzərdə tutur. Burada bir əməl və bir neçə nəticə mövcuddur.
Konkret
cinayətlərə alternativ tərkibli cinayətlər də aiddir. Belə ki, Cinayət Məcəlləsinin
234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun
obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri
və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə,
saxlama, hazırlama, emal etmə, daşıma təşkil edir.
Beləliklə,
sadə konkret cinayət bir hərəkətin (və ya hərəkətsizliyin) və bir nəticənin və
ya bir hərəkətin və bir neçə nəticənin, yaxud alternativ hərəkətlərin
mövcudluğu ilə səciyyələnir.
Mürəkkəb
konkret cinayətlər sadə konkret cinayətlərlə müqayisədə daha qəliz struktura
malikdirlər. Bu cinayətlərdə törədilmiş əməlin mürəkkəb obyektiv və subyektiv tərəfi
olur.
Nəzəriyyədə
mürəkkəb konkret cinayətlərin növü kimi uzanan, davam edən, mürəkkəb tərkibli
cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan
cinayətlər (onları bir çox hallarda nəticələrinə görə tövsif olunan cinayətlər
də adlandırırlar) qəbul edilirlər.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün
davam edən cinayətlərin mahiyyətinin açıqlanmasını vacib hesab edir.
Azərbaycan
Respublikasının cinayət qanunvericiliyi uzanan və davam edən cinayətlərin
anlayışını vermir. Lakin qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət
Prosessual Məcəllə) 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunması heç də
təsadüfi xarakter daşımır. Onu da qeyd etmək lazımdır ki, bu cinayətlər məhkəmə
təcrübəsində də tanınır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi
haqqında” 2005-ci il 3 mart tarixli Qərarında göstərilmişdir ki, eyni mənbədən
götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil
edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini,
təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır.
Konstitusiya
Məhkəməsinin Plenumu nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş
anlayışlara əsaslanaraq qeyd edir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə
törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret
cinayət kimi qəbul edilir.
Uzanan
cinayət – konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə
tövsif olunur. Məsələn, Cinayət Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş
qanunsuz olaraq silahın saxlanması.
Davam
edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan
mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir.
Davam
edən cinayətlərə aşağıdakı əlamətlər aiddir:
1) bu
cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan
oxşar cinayət əməllərindən ibarətdirlər;
2) cinayətlər
bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə
birləşir;
3) həmin
cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir
və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur.
Şəxs,
talamanı oğurluq yolu ilə edərək düşünülmüş cinayəti bir neçə mərhələdə həyata
keçirirsə onun əməlləri digər tövsifedici əlamətlər olmadığı halda Cinayət Məcəlləsinin
177.1-ci maddəsi ilə əhatə olunan bir davam edən cinayət kimi tövsif
olunur.
Göstərilənlərə
görə davam edən cinayətləri cinayətlərin çoxluğundan, o cümlədən təkrar cinayətlərdən
fərqləndirmək lazımdır.
Konstitusiya
Məhkəməsi Plenumunun 2013-cü il 18 mart tarixli Qərarında qeyd edilmişdir ki,
cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də,
Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid
olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin
residivi və onların növləri ilə bağlı olan məsələlər tənzimlənir.
Təkrarlıq
institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində
dar mənada istifadə olunur.
Cinayətlərin
təkrar törədilməsinin özünəməxsus əlamətlərinin araşdırılması mühüm əhəmiyyət kəsb
edir.
Əvvəlki
cinayət qanunvericiliyindən fərqli olaraq, cinayətlərin təkrar törədilməsi
Cinayət Məcəlləsinin Ümumi hissəsində müstəqil normada nəzərdə tutulmuşdur. Əvvəlki
Cinayət Məcəlləsində cinayətlərin təkrar törədilməsi Məcəllənin Xüsusi hissəsinin
normalarında cinayət tərkibinin əlaməti kimi və ağırlaşdırıcı halları nəzərdə
tutan zəruri tərkib əlaməti kimi müəyyən edilmişdi. Hazırda qüvvədə olan Cinayət
Məcəlləsinin 16-cı maddəsində ümumi təkrarlıq anlayışından imtina edilmiş,
xüsusi təkrarlığın isə iki müstəqil növü müəyyən olunmuşdur:
-
Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən
çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi);
-
yalnız Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin
müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi
(Cinayət Məcəlləsinin 16.2-ci maddəsi).
Maddənin
mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə
bölünür.
Cinayət
Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar
törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya
ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya
başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir).
Həmcins
cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya
ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin
177-185-ci maddələri).
Beləliklə,
Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq:
-
həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı;
-
cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı
halda;
-
şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı;
-
eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır.
Təkrarlıqla
bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli
Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin
hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda
götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır.
Qeyd
etmək lazımdır ki, təkrarlıq, cinayətlərin real məcmusu və davam edən cinayətlər
anlayışları ilə müəyyən qarşılıqlı əlaqədədir.
Həm
təkrarlıqda, həm cinayətlərin real məcmusunda iki və daha artıq cinayət törədilir.
Bu anlayışlardan əmələ gələn cinayətlər müəyyən zaman fərqi ilə törədilir.
Bundan əlavə, təkrarlığa daxil olan və ya real məcmunu yaradan bütün cinayətlər
şəxs məhkum olunana qədər törədilir.
Bununla
belə, təkrarlıq ilə cinayətlərin real məcmusu arasında ciddi fərqlər də var.
Belə
ki, eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri
başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı
Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Real məcmuda isə hər bir
cinayət əməli Cinayət Məcəlləsinin fərqli maddələrinin təsiri altına düşür.
Təkrarlıq
ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan
iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən
zaman kəsiyi var.
Lakin
həmin anlayışlar arasında müraciətdə qaldırılan məsələ üçün böyük əhəmiyyət kəsb
edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna
olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu
ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə
daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin
177.2.2-ci maddəsi tətbiq olunur.
Beləliklə,
davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən
əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı
zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır.
Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı
ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir.
Müraciətdə
qaldırılan məsələyə cavab verilməsi üçün cinayətlərin residivinə də diqqət
yetirilməlidir.
Cinayət
Məcəlləsinin 18-ci maddəsində cinayətlərin çoxluğu kimi cinayətlərin residivin
anlayışı və növləri müəyyən olunmuşdur.
Cinayət
Məcəlləsinin 18-ci maddəsinə əsasən, şəxsin əməlində residivin mövcud olması
üçün iki şərt tələb olunur:
-
şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğunun olması;
-
şəxsin qəsdən cinayət törətməsi.
Bununla
yanaşı, cinayətlərin residivi özünəməxsus xüsusiyyətlərə malikdir:
-
residivi təşkil edən cinayətlərin ardıcıl olaraq törədilməsi;
-
əvvəllər törədilmiş cinayətə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş
və ya ödənilməmiş məhkumluğun olması;
-
əvvəllər törədilmiş cinayətə görə məhkəmə tərəfindən təyin edilmiş cəzanın tam
və yaxud qismən çəkilməsi.
Qeyd
olunanlardan belə nəticəyə gəlmək olar ki, cinayətlərin residivini cinayətlərin
çoxluğunun digər formalarından, xüsusilə də təkrarlıqdan fərqləndirən xüsusiyyətlər
mövcuddur. Bunlar aşağıdakılardır:
-
şəxsin əvvəllər törədilmiş cinayətə görə qanunla müəyyən edilmiş qaydada
götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması;
-
şəxs tərəfindən qəsdən yeni cinayətin törədilməsi (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 18 mart tarixli Qərarı).
Nəzərə
almaq lazımdır ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən
edilməsi zamanı aşağıdakılar nəzərə alınmır:
18.4.1.
böyük ictimai təhlükə törətməyən cinayətlər;
18.4.2.
yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər;
18.4.3.
bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş
məhkumluqlar;
18.4.4.
azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar.
Göstərilənləri
nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət
Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı
ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir
ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur.
- Cinayət
Məcəlləsinin 16 və 18-ci maddələrinin tələbləri baxımından təkrarlığa daxil
olan cinayətlərdən biri məhkumluğun ödənilmədiyi dövrdə törədildikdə və bu
zaman cinayətlərin residivi yaranmadıqda, digər cinayətlər isə məhkumluq ödənildikdən
sonra törədildikdə, şəxsin əməlində cinayətlərin residivi müəyyən edilə bilməz.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin
təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir
və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin tələbləri baxımından
təkrarlığa daxil olan cinayətlərdən biri məhkumluğun ödənilmədiyi dövrdə törədildikdə
və bu zaman cinayətlərin residivi yaranmadıqda, digər cinayətlər isə məhkumluq
ödənildikdən sonra törədildikdə, şəxsin əməlində cinayətlərin residivi müəyyən
edilə bilməz.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar
“Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
5. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev