AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
“Bağçasaray” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair
22 dekabr 2020-ci il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim),
Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında ”Bağçasaray” Mənzil-Tikinti Kooperativinin şikayəti
üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar
2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin
vəkili V.Həsənovun yazılı çıxışını, ekspert Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə
doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“Bağçasaray” Mənzil-Tikinti
Kooperativi (bundan sonra – “Bağçasaray” MTK) cavabdehlər Sübhan Zayıdov, Həqiqət
Bayramova və qeyrilərinə qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son
qoyulması, onların tikililərdən və torpaq sahəsindən çıxarılması, əmlakların
boşaldılması, özbaşına inşa edilmiş tikililərin sökülməsi və əmlakların təhvil
verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Bakı şəhəri Xətai
Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə “Bağçasaray”
MTK-nın iddia tələbi təmin edilmiş, mübahisəli torpaq sahəsi üzərindəki mülkiyyət
hüququna cavabdehlər tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, torpaq sahəsi hüdudları daxilində S.Zayıdov tərəfindən
istifadə edilən əsas və köməkçi tikililərin onun hesabına sökülməsi, S.Zayıdovun
əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, H.Bayramova və
qeyrilərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi hüdudları daxilində
özbaşına olaraq inşa etdikləri tikilidən – yaşayış evindən məcburi olaraq
çıxarılması və özbaşına tikilinin sökülməsi, həmin torpaq sahəsindəki ümumi sahəsi
202 kv.m əmlak kompleksi olan müəssisənin boşaldılaraq ona verilməsi qət
edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə H.Bayramova və S.Zayıdovun
ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, birinci
instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
Mülki Kollegiyası) 8 may 2019-cu il tarixli qərarı ilə S.Zayıdovun kassasiya
şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv
edilərək iş S.Zayıdova aid hissədə yenidən baxılması üçün həmin məhkəməyə
qaytarılmışdır.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi
ilə S.Zayıdovun apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin
qətnaməsi S.Zayıdova aid hissədə ləğv edilmiş, “Bağçasaray” MTK-nın iddia tələbi
ona aid hissədə təmin edilməməmişdir.
Ali Məhkəmənin Mülki
Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarı ilə “Bağçasaray” MTK-nın
kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
“Bağçasaray” MTK Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 23 yanvar 2020-ci
il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra
– Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçinin qənaətinə
görə kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki
Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140 və 146-cı maddələri, eləcə də Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
416, 417.1.3 və 418.1-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun
Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət, hüquq və
azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin
Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Azərbaycan
Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər
kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin
mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin
təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə
etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin
qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin
I hissəsi və 29-cu maddəsinin I, II, III və IV hissələri).
Mülkiyyət hüququnun
məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa
düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət
iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə
də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət
tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin
azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq
üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə
qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə
dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
Mülki Məcəllənin
139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,
bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı
dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka,
servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və
qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
Həmin Məcəllənin
238.1-ci maddəsinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun
obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət
reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin
edilir.
Mülki işin məhkəmələr
tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Xətai rayonu Nobel
prospekti 134C saylı ünvanda yerləşən və sahəsi 202 kv.m olan əmlak kompleksi
ilkin olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
(bundan sonra – ƏMDK) tərəfindən 15 aprel 2014-cü il tarixli 6496 saylı icarə
müqaviləsi əsasında Akif Baxşıyevə icarəyə verilmiş, daha sonra onlar arasında
həmin əmlakın alğı-satqısına dair 8 may 2014-cü il tarixli 5363 saylı müqavilə
bağlanmışdır.
A.Baxşıyevin əmlak
kompleksi üzərində hüquqları 29 may 2014-cü il tarixində daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. Həmçinin
ƏMDK həmin ünvanda yerləşən 47322.1 kv.m torpaq sahəsini əmlak kompleksinin
istifadəsində olan torpaq sahəsi kimi A.Baxşıyevə satılması barədə 11 iyul
2014-cü il tarixli 5068 saylı alğı-satqı müqaviləsi bağlamışdır.
Bundan sonra mübahisəli
torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi bir neçə
dəfə alğı-satqı müqaviləsinin predmeti olmuş və sonuncu dəfə Ramil Alışov tərəfindən
həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsi 26 yanvar 2015-ci il tarixli
alğı-satqı müqaviləsi əsasında “Bağçasaray” MTK-ya satılmışdır.
“Bağçasaray” MTK-nın
qeyd olunan torpaq sahəsi və əmlak kompleksi üzərində mülkiyyət hüququ 3 fevral
2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Konstitusiya Məhkəməsinin
Plenumu daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı
prezumpsiyası ilə bağlı öz Qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təkrarlayaraq
qeyd edir ki, daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla
bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi
üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları Mülki
Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununda (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) və
digər qanunvericilik aktlarında müəyyən edilmişdir.
Qanunverici mülkiyyət
hüququnun təminat mexanizmini məhz daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyat ilə şərtləndirmişdir. Həm dövlət, həm də mülkiyyətçinin mənafelərinin
qorunması baxımından daşınmaz əmlaka dair məlumatların vahid dövlət reyestrində
qeydiyyatı zəruridir. Şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət
qeydiyyatı nəticə etibarı ilə bu hüququn pozulmasının qarşısının alınmasına
xidmət edir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət
hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış
edir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları
müəyyən etmişdir. Belə ki, daşınmaz əmlak
üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının
(yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən
edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq
olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə,
icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı
il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz
əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və
qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su
tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində
hüquqları təsdiq edən aktlar, şəhadətnamələr
və qeydiyyat vəsiqələri
və sair əsas kimi göstərilmişdir.
“Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına
verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə
tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində
yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının
(onların tərkib hissələrinin) texniki
pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə
olunur.
Göründüyü kimi,
texniki pasport daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki sənədi
olmaqla qeydiyyat orqanına təqdim edilən ərizəyə əlavə olunan sənəd kimi göstərilmişdir.
Texniki pasport texniki sənəd kimi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Qanunun 6.1.1.2, 6.1.4 və 6.2-ci maddələrində göstərilmişdir.
Beləliklə, “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbləri
baxımından 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən
verilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqları şəhadətnamələr, qeydiyyat
vəsiqələri və sair sənədlərlə öz təsdiqini tapmalıdır. Burada texniki pasport
texniki sənəd olduğu üçün daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən
hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarında qeyd
etmişdir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun
mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi
faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Əşyaya
mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin
razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət
reyestrində qeydə alınması da zəruri şərtdir. Müqavilə bağlanması ilə yaranan
daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn
verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir
(Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda, həmçinin əmlakı özgəninkiləşdirən
şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir.
Mülki işin məhkəmələr
tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmələr yuxarıda qeyd
olunan maddi hüquq normalarının müddəalarına nəzər yetirmədən Bakı “Mərmər”
Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bakı “Mərmər” ASC) tərəfindən 26 avqust
2004-cü il tarixli texniki pasporta əsasən istifadəsində olan mübahisəli torpaq
sahəsi üzərində yerləşən bina və qurğuların satılmasına dair S.Zayıdovla
bağlanmış və 11 noyabr 2004-cü il tarixində notariat qaydasında təsdiq edilmiş
alğı-satqı müqaviləsinə əsaslanmışlar.
Kassasiya
instansiyası məhkəməsi S.Zayıdovun şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin ona aid hissədə ləğv olunmasının hüquqi əsası kimi Mülki Məcəllənin
140-cı maddəsinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, işə baxan apellyasiya
instansiyası məhkəməsi cavabdeh S.Zayıdovun irəli sürdüyü dəlillərə lazımi
hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli
torpaq sahəsi ilə bağlı Bakı “Mərmər” ASC-nin hər hansı hüququnun
olub-olmamasını, texniki pasporta əsasən onun istifadəsində olan torpaq sahəsinin
mübahisəli torpaq sahəsi ilə bağlılığını müəyyənləşdirməmiş, həmin torpaq sahəsində
yerləşən hansı tikililərin hansı tarixdə
və əsasla S.Zayıdov tərəfindən inşa edildiyi məsələsinə hüquqi qiymət verilməmişdir.
Həmçinin kassasiya instansiyası məhkəməsi cavabdehin Bakı “Mərmər” ASC ilə
texniki pasport əsasında bağladığı alğı-satqı müqaviləsini mübahisəli torpağa
dair mülkiyyət hüququnu təsdiq edən hal kimi qəbul etmişdir.
İşə yenidən baxan
apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsini tətbiq edərək
belə nəticəyə gəlmişdir ki, 11 noyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin
həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olduğu nəzərə alınaraq mübahisəli
torpaq sahəsi ilə bağlı S.Zayıdovun mülkiyyətçi kimi hüquqları məhdudlaşdırıla
bilməz. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin
qətnaməsini qüvvədə saxlamaqla, həmçinin Mülki Məcəllənin 146-cı maddəsinə istinad
edərək, Bakı “Mərmər” ASC ilə bağlanmış 11 noyabr 2004-cü il tarixli alğı-satqı
müqaviləsi əsasında mübahisəli torpaq sahəsi üzərində S.Zayıdovun sahiblik və
istifadə hüququnun olduğu qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bu qənaəti ilə
bağlı qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsində, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Qanunun 16.6-cı maddəsində əks olunmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun
həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət reyestrinin açıqlığı prinsipindən
irəli gəlir. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə,
həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında
özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin
xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə
edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi
hesab edilir.
Konstitusiya Məhkəməsinin
Plenumu N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərarında qeyd
etmişdir ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı
prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi
etimadın təmin edilməsi məqsədi daşıyır.
Konstitusiya Məhkəməsinin
Plenumu məsələ ilə bağlı öz hüquqi mövqeyinə əsaslanaraq bir daha vurğulayır
ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə
müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi
və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər
əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət
reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun
həqiqiliyi və tamamlığı prezumpsiyası alğı-satqı müqaviləsini deyil, dövlət
reyestrindən çıxarışı ehtiva edir.
Lakin işə təkrar
baxan kassasiya instansiyası məhkəməsi 23 yanvar 2020-ci il tarixli qərarında
mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək apellyasiya
instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən maddi hüquq normalarının
düzgün tətbiq olunmamasına hüquqi qiymət verməmiş, bununla da “Bağçasaray”
MTK-nın Konstitusiyanın 29 və 60-cı maddələrinin I hissəsində nəzərdə tutulmuş
mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.
Mülki Prosessual Məcəllənin
416-cı maddəsinə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün
tətbiq edilməsini yoxlayır.
Maddi və prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və
prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması
apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi
üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq
normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir (Mülki Prosessual
Məcəllənin 418.1 və 418.2-ci maddələri).
Göstərilənlərlə
yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmələr
tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların
tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll
edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı
hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin
yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı
və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün
olsun.
Bu baxımdan
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, belə mübahisələrin həllində də
məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin
onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli
araşdırmalıdırlar.
Məhkəmənin həqiqətə
nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin
yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra
onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində
qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və
onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti
üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16
yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul
tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
Mülki Prosessual Məcəllənin
14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və
obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak
edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək,
yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların
prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin
təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Lakin
qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.
Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin
istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə
müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən
kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik
edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab
edilməlidir (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin
Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh
edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
Mülki Prosessual Məcəllənin
165-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə
iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə
qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir.
Hakim çəkişmə
prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə
cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini,
habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir (Mülki Prosessual
Məcəllənin 167.1.4-cü maddəsi).
Mülki Prosessual Məcəllənin
220.4-cü maddəsinin tələbləri baxımından qətnamənin əsaslandırıcı hissəsində
işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı
sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin
istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər,
habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi
aktlar göstərilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası
Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının
mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında
əvvəlki hüquqi mövqeyini inkişaf etdirərək
qeyd etmişdir, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin VII
hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası
ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin
“Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən
və qanuna müvafiq baxırlar”, həmin maddənin IV və VII hissələrinin “Ədalət
mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata
keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir” və
Konstitusiyanın 129-cu maddəsinin III hissəsinin “Məhkəmə qərarı qanuna və
sübutlara əsaslanmalıdır” müddəaları ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.
Lakin mülki işdən
göründüyü kimi, məhkəmələr tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə
uyğun olaraq onlara verilmiş mümkün vasitələrdən lazımi şəkildə istifadə edilməmiş
mübahisəli qeyri-yaşayış sahəsinin ilkin hüquqi vəziyyəti tam və hərtərəfli müəyyən
edilməmiş, bununla bağlı müvafiq lazımi prosessual tədbirlər görülməmişdir.
“Bağçasaray” MTK
kassasiya şikayətində və konstitusiya məhkəmə icraatı zamanı Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin (bundan sonra – ƏMDX) rəyinə əsaslanaraq bildirmişdir ki,
Bakı şəhəri Xətai rayonu Nobel prospekti 134C saylı ünvanda yerləşən sahəsi 202
kv.m əmlak kompleksi və onun istifadəsində olan 47322.1 kv.m torpaq sahəsi
Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində İstehsal və Xidmət Müəssisələrinin
İdarəetmə Mərkəzinin balansında olmaqla 2014-cü ildə özəlləşdirilməsinə qədər
dövlət mülkiyyətində olmuş və onun barəsində sərəncam vermək hüququ yalnız dövlətə
məxsus olmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin rəydə göstərilən
hallar işin tam araşdırılması üçün xüsusi əhəmiyyət kəsb etdiyindən, mülki
mübahisəyə yenidən baxılması zamanı həqiqətin müəyyən edilməsi məqsədi ilə həmin
subyektin işə cəlb edilməsi olduqca vacibdir. Nəzərə
alınmalıdır ki, mülki mübahisəyə məhkəmələrdə yenidən baxılması zamanı ƏMDX-in işə cəlb
edilməsi Bakı “Mərmər” ASC ilə texniki pasporta əsasən istifadəsində olan
mübahisəli torpaq sahəsi üzərində yerləşən bina və qurğulara dair S.Zayıdovla
bağlanmış 11 noyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin
qanunvericiliyin tələblərinə uyğun bağlanıb-bağlanmamasının yoxlanılması, həmin
müqavilənin etibarsız hesab edildiyi təqdirdə S.Zayıdovun müvafiq tələb irəli
sürmək hüququnun yaranması ilə bağlı məsələlərin həll edilməsinə yönəlmiş olar.
Yuxarıda göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Bağçasaray”
MTK-nın cavabdehlər S.Zayıdov, H.Bayramova və qeyrilərinə qarşı mülkiyyət
hüququna qəsd və maneələrə son qoyulması, onların tikililərdən və torpaq sahəsindən
çıxarılması və s. tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki
Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı
maddələrinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1-418.3-cü maddələrinə
uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda ifadə
edilmiş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən
baxılmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. “Bağçasaray” Mənzil-Tikinti
Kooperativinin cavabdehlər Sübhan Zayıdov, Həqiqət Bayramova və qeyrilərinə
qarşı mülkiyyət hüququna qəsd və maneələrə son qoyulması, onların tikililərdən
və torpaq sahəsindən çıxarılması və s. tələbinə dair mülki iş üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli
qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinin I
hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416,
418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə
bu Qərarda ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının
mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən
baxılsın.
2. Qərar dərc
olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
oluna bilməz.
Sədr Fərhad Abdullayev