AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli
şəkildə şərh edilməsinə dair
28
mart
2019-cu
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat idarəsinin rəis müavini Aynur Osmanova və Azərbaycan Respublikası Milli Məclisi Aparatının sektor müdiri Eldar Əsgərovun, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru Midhəd Qəfərovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Hafiz Nəsibov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinin Nəzarət metodiki idarəsinin rəisi Emil Məmmədov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Fərid Həsənovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
(bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) özbaşına müdafiədən və müdafiə
etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan müdafiəçinin
imtinasına dair qadağanı nəzərdə tutan 92.10.1 və 92.10.3-cü maddələrinin,
habelə şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin
aparılmasında müdafiəçinin vəzifəsini deyil, hüququnu nəzərdə tutan 244.2-ci
maddəsinin şərh edilməsini xahiş etmişdir.
Sorğu
onunla əsaslandırılmışdır ki, Cinayət-Prosessual Məcəlləsinin 92.10.1 və
92.10.3-cü maddələri müdafiəçiyə şübhəli və ya təqsirləndirilən şəxs barəsində
aparılan prosessual hərəkətlərdə iştirakdan imtinanı qadağan edərək belə
iştirakı onun üzərinə bir vəzifə kimi qoyduğu halda, həmin Məcəllənin 244.2-ci
maddəsində müdafiəçinin axtarış və götürmə istintaq hərəkətlərinin
aparılmasında iştirakı onun hüququ kimi nəzərdə tutulmuşdur. Belə olan halda
Cinayət-Prosessual Məcəlləsinin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin
244.2-ci maddəsi arasında uyğunsuzluq yaranır. Belə ki, bir sıra hallarda
müdafiəçi istintaq hərəkətinin qanuna uyğun aparılmamasının müdafiə etdiyi şəxsin
qanuni mənafelərinə zidd olması və istintaq hərəkətində iştirakın onun vəzifəsi
deyil, hüququ olmasına əsaslanaraq belə iştirakdan imtina edir.
Müdafiəçinin
istintaq hərəkətində iştirakdan imtina etməsi Prokurorluq tərəfindən Cinayət-Prosessual
Məcəlləsinin 90.7.2, 90.7.9, 92.3.9, 92.10.1 və 92.10.3-cü maddələrinin tələblərinin
pozulması kimi qiymətləndirilir. Sorğuverən hesab edir ki, hüquqtətbiqetmə təcrübəsində
yaranan ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə cinayət-prosessual
qanunvericiliyinin müdafiəçinin müdafiə etdiyi şəxsin mənafeyinə zidd olaraq
prosessual hərəkətlərdə iştirakdan imtina etməsini qadağan edən normalarına, eləcə
də axtarış və ya götürmə istintaq hərəkətlərində müdafiəçinin iştirakını tənzimləyən
normalarına aydınlıq gətirilməsi məqsədəmüvafiq olardı.
Konstitusiya
Məhkəməsinin Plenumu, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, sorğuda
göstərilmiş işin bəzi halları Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsində
nəzərdə tutulmuş şəxsi axtarış və götürmə istintaq hərəkətində müdafiəçinin
iştirakı ilə bağlı olsa da, hazırkı konstitusiya işinin predmetini həmin Məcəllənin
92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi təşkil
edir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 26-cı maddəsinin I
və II hissələrinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə
öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin
hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Konstitusiyanın
61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ
vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət
hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən
tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin
köməyindən istifadə etmək hüququ vardır.
“İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan
sonra – Konvensiya) 6-cı maddəsinin 3-cü hissəsinə görə, cinayət törətməkdə
ittiham olunan hər kəs, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə
özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət
etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən
pulsuz istifadə etmək hüququna malikdir.
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi Artico İtaliyaya qarşı iş üzrə Qərarında
göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin “ç” bəndində vəkilin təyin edilməsindən
deyil, onun yardımından istifadə edilməsindən bəhs olunur. Vəkilin sadəcə təyin
edilməsi səmərəli hüquqi yardımı təmin etmir. Çünki hüquqi yardım məqsədi ilə təyin
edilən vəkil vəfat edə, ciddi xəstəliyə tutula, uzun müddət vəzifəsini icra etmə
imkanına malik olmaya və ya bundan boyun qaçıra bilər. Belə halda dövlət
orqanları bu barədə xəbərdar olduqda vəkili əvəz etməli və ya öz vəzifəsini
icra etməyə məcbur etməlidirlər.
Konstitusiya
Məhkəməsi Plenumunun hüquqi yardım almaq hüququ ilə bağlı formalaşdırdığı
hüquqi mövqeyə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun
ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş
hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn
funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və
azadlıqlarını qanuna uyğun həyata keçirməsinə kömək edir, həmçinin dövlət
hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş
hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin
qarşısının alınmasına zəmanət verir.
Hər
bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli
hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər
hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə
öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ)
və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin
əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun
başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə
cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir
(“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi
müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərar).
Müdafiə
hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi
maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq
hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai
maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin
yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin
hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir.
Bu mənada
təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin
edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli
araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata
keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq
hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin
təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə
prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir.
Azərbaycan
Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai
istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin
müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək,
tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin
köməyindən istifadə etmək hüquqlarının təmin olunması və başqa məsələlər üzrə
hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə “Vəkillər
və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan
sonra – “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun) qəbul edilmişdir.
Həmin
Qanunun 3-cü maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqlarının,
azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək
keyfiyyətli hüquqi yardımın göstərilməsi vəkilliyin əsas vəzifəsidir.
Cinayət-prosessual
qanunvericiliyinə görə, hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal
tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın
mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları
ona aydın olan dildə bildirilməlidir. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq,
prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin
keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.
Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu
Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya
müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən
şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, şəxsən
və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin
haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq
hüquqlarını təmin etməlidir (Cinayət-Prosessual Məcəlləsinin 14.4, 19.1 və
19.4-cü maddələri).
Göründüyü
kimi, şübhəli və ya təqsirləndirilən şəxsin qanunvericiliklə nəzərdə tutulmuş
hallarda və qaydada keyfiyyətli hüquqi yardım almaq və müdafiə hüquqlarının təmin
edilməsi cinayət prosesini həyata keçirən orqanın əsas vəzifələrindən biri kimi
müəyyən edilmişdir.
Cinayət
prosesində müdafiəçinin iştirakının təmin edilməli olduğu hallar, onun
hüquqları, vəzifələri, müdafiəçiyə qadağan olunan hərəkətlər və s. Cinayət-Prosessual
Məcəlləsinin 92-ci maddəsi ilə tənzimlənir.
Cinayət
prosesində müdafiəçinin iştirakının təmin edilməli olduğu hallar Məcəllənin
92.3-cü maddəsində nəzərdə tutulmuşdur. Bu maddəyə əsasən, şübhəli və ya təqsirləndirilən
şəxs tələb etdikdə, şübhəli və ya təqsirləndirilən şəxs lal, kor, kar olduğuna,
danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi qüsurlar olduğuna, uzun
sürən ağır xəstəliyinə, habelə kəmağıllığa, aşkar əqli zəifliyə və ya digər
qüsurlara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə, şübhəli və
ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda, təqsirləndirilən
şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda, şübhəli və ya təqsirləndirilən şəxsə
xüsusilə ağır cinayət törətməsi istinad edildikdə, şübhəli və ya təqsirləndirilən
şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində
həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal
istisna edilməklə), təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında
ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda və s. hallarda
cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır.
Beləliklə,
qanunverici Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsində xüsusi hallar müəyyən
edərək müdafiəçinin cinayət prosesində iştirak etməsinin vacibliyini nəzərə
almış və onun iştirakı olmadan cinayət prosesinin həyata keçirilməsini qadağan
etmişdir. Həmin hallar mövcud olduqda, cinayət təqibini həyata keçirən orqan və
ya məhkəmə müdafiəçinin mütləq iştirakını təmin etdikdən sonra istintaq və ya
digər prosessual hərəkətləri həyata keçirə bilər. Eyni zamanda, qanunverici
şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin
mümkünlüyünü də nəzərdə tutmuşdur. Lakin Cinayət-Prosessual Məcəlləsinin
92.12-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 92.3-cü maddəsində göstərilmiş
bəzi hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi
qəbul olunmur. Müdafiəçinin cinayət prosesində mütləq iştirakının təmin olunmaması
cinayət-prosessual qanunvericiliyinin pozulması kimi qiymətləndirilə və müvafiq
prosessual hərəkətin və onun nəticələrinin qanunsuz hesab edilməsinə səbəb ola
bilər.
Müdafiəçinin
cinayət təqibi üzrə müdafiə funksiyasını lazımınca yerinə yetirməsini təmin etmək
məqsədi ilə Cinayət-Prosessual Məcəlləsinin 92.9-cu maddəsində onun bir sıra
prosessual hüquqları nəzərdə tutulmuşdur. Müdafiəçi cinayət prosesini həyata
keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual
hərəkətlərdə, habelə müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı
istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək; şübhəli və ya təqsirləndirilən
şəxsə hüquqlarını yadına salmaq, istintaq və ya digər prosessual hərəkəti
aparan şəxsin nəzərini onun yol verdiyi qanun pozuntularına cəlb etmək; cinayət
prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu
etirazın istintaq və ya digər prosessual hərəkət protokolunda qeyd edilməsini tələb
etmək; özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və
ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə
tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin
protokollarındakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək;
istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən
zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək və s.
hüquqları həyata keçirir.
Bununla
yanaşı, vəkilin peşə fəaliyyətinin prinsip və qaydalarına, habelə cinayət təqibi
üzrə icraatın qaydalarına riayət edilməsinin təmin olunması üçün Cinayət-Prosessual
Məcəlləsinin 92.11-ci maddəsində müdafiəçinin vəzifələri təsbit edilmişdir. Həmin
maddəyə görə, müdafiəçi cinayət prosesində iştirak edərkən qanunun tələblərini
rəhbər tutmaq; şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini
bütün qanuni üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə
xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər
vermək və müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; cinayət mühakimə
icraatı zamanı vəkil etikasına riayət etmək; şübhəli və ya təqsirləndirilən şəxsə
hüquqi yardım göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın
çağırışı ilə gəlmək və s. vəzifələri yerinə yetirməlidir.
“Vəkillər
və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinə əsasən isə peşə fəaliyyətini
həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya
hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə
tutulmuş bütün üsullardan istifadə etməli; vəkil sirrini qorumalı, vəkil andına
və vəkil etikasına riayət etməli; yalnız qanunun tələblərini rəhbər tutmalıdır.
Konstitusiyanın
61-ci maddəsində nəzərdə tutulmuş keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin
edilməsi üçün Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu maddəsi ilə müdafiəçiyə
müəyyən hərəkətləri etmək qadağan edilmişdir. Belə ki, həmin Məcəllənin 92.10.1
və 92.10.3-cü maddələrinə görə, müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə
zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini
və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək,
onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və
onun hüquqlarının həyata keçirilməsinə mane olmaq, özbaşına müdafiədən imtina
etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək qadağan olunur.
Cinayət-Prosessual
Məcəlləsinin qeyd olunan maddələri ilə müdafiəçiyə müəyyən hərəkətlərin qadağan
edilməsi bu Məcəllənin 92.11-ci və “Vəkillər və vəkillik fəaliyyəti haqqında”
Qanunun 16-cı maddələrində nəzərdə tutulan vəkilin keyfiyyətli hüquqi yardımın
göstərilməsi ilə bağlı vəzifələrinin lazımınca həyata keçirilməsinə, eləcə də
müdafiə etdiyi şəxsin qanuni mənafelərinin qorunmasına xidmət edir. Bu özünü əsasən
müdafiəçiyə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparılan
prosessual hərəkətlərdə iştirakdan, habelə özbaşına müdafiədən imtina etmənin
qadağan olunmasında büruzə verir.
Cinayət-Prosessual
Məcəlləsinin 92.10.1-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki,
müdafiəçinin müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə
iştirak etməsi qanunvericiliyin tələbidir və ona belə hərəkətlərin
aparılmasında iştirakdan imtina etmək müdafiə etdiyi şəxsin qanuni mənafeyini
qorumaq məqsədi ilə qadağan olunmuşdur. Belə imtina müdafiə olunan şəxsin
qanuni mənafeyinə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd
olmaqla, müdafiəçinin qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrini lazımınca
yerinə yetirməməsi kimi qiymətləndirilə bilər.
Bununla
bağlı vurğulanmalıdır ki, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin
qorunması üçün müdafiəçi müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual
hərəkətlərdə iştirak etməklə öz prosessual vəzifələrini yerinə yetirir. Cinayət
prosesində müdafiəçinin qanunvericiliklə nəzərdə tutulmuş prosessual
hüquqlarının və vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi son nəticədə
ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə kimi çıxış edir.
Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin
92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin
müdafiədən tam imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən,
eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən
imtina etməsini də ehtiva edir.
Beləliklə,
qanunverici şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparılan
prosessual hərəkətlərdə müdafiəçinin iştirakını müdafiəçinin və ya müdafiə
etdiyi şəxsin mülahizəsindən asılı etməmişdir.
Müdafiəçinin
müdafiə etdiyi şəxsin iştirakı olmadan aparılan prosessual hərəkətlərdə
iştirakı isə müdafiə etdiyi şəxsin mənafeyi nəzərə alınaraq müdafiəni səmərəli
təşkil emək məqsədilə onunla razılaşdırılmaqla həyata keçirilməlidir.
Konstitusiya
Məhkəməsinin Plenumu sorğuda şərh olunması xahiş edilən Cinayət-Prosessual Məcəlləsinin
244.2-ci maddəsində nəzərdə tutulmuş axtarış və götürmə istintaq hərəkətində
müdafiəçinin iştirak etmək hüququna dair aşağıdakıları qeyd edir.
Müdafiəçi
tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 92.9-cu maddəsində sadalanmış
prosessual hüquqların həyata keçirilməsinin müfəssəl qaydası həmin Məcəllənin
xüsusi normalarında təsbit olunmuşdur. Belə maddələrdən biri olan Cinayət-Prosessual
Məcəlləsinin 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində
axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna
malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən
xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu
bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir.
Qeyd
olunmalıdır ki, Məcəllənin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və
götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin
qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata
keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı
ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin
aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və
götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini
qoymuşdur.
Axtarış
və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm
iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir.
Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin
iştirak edib-etməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi Cinayət-Prosessual
Məcəlləsinin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə
alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin
iştirakı ilə aparıldıqda Cinayət-Prosessual Məcəlləsinin imperativ norması olan
92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə
zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə
istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan
aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb
edərsə, Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinə müvafiq olaraq
müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət
prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin
iradəsindən asılı olduğundan, o, bu hüququ öz mülahizəsi əsasında müstəqil
deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə
razılaşdırmaqla həyata keçirməlidir.
Konstitusiya
Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, istintaq və ya digər prosessual hərəkətlərdə
müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də
şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata
keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında
iştirakının tələb edilməsi yolverilməzdir.
Bununla
yanaşı qeyd olunmalıdır ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə
salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin
müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda
müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar
çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə
dair” 2015-ci il 12 fevral tarixli Qərarı).
Göstərilənləri
nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
-
Cinayət-Prosessual Məcəlləsinin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin
244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir;
-
Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsində göstərilmiş axtarış və
götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən
şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını
həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir;
-
Konstitusiyanın 61-ci maddəsi baxımından və Cinayət-Prosessual Məcəlləsinin
92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində
nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən
şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini
qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz;
-
Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən
imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə
yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən
hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva
edir.
Cinayət-Prosessual
Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin
Məcəllənin
244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri
şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi
müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan
imtina edə bilməz.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1 və 92.10.3-cü
maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət
mövcud deyildir.
2.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsində
göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək
hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi
ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə
tutulmuş imkanı ehtiva edir.
3.
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə
müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və
ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı
ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi
ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz.
4.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin
“özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə
imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də
üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini
də ehtiva edir.
Cinayət-Prosessual
Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin
244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri
şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi
müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan
imtina edə bilməz.
5. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
6. Qərar
“Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
7. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
____________________________________________________________________________________________________________________________________________________
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2019-cu il tarixli Qərarından hakim İ.Nəcəfovun
Xüsusi rəyi
28 mart 2019-cu il Bakı şəhəri
Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart
2019-cu il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra
CPM) 92.10.1, 92.10.3 və 244.2-ci
maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına hörmətlə yanaşaraq,
aşağıdakı mövqeyimi bildirirəm.
Plenum Qərarında Azərbaycan
Respublikasının Prokurorluğunun sorğusuna səbəb olan hüquqi faktı öz qərarının
təsviri hissəsində göstərməmişdir.
Sorğuya əlavə olunmuş
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin məktubundan
görünür ki, 16.07.2018-ci il tarixdə Bakı şəhər Xəzər rayon Polis İdarəsinin
müstəntiqi tərəfindən vətəndaşlar C.Q.Dosti-zadə və H.Z.İbrahimov Cinayət
Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə
şübhəli şəxs qismində tutulub saxlanılmışlar. Şübhəli şəxslərin üstündə axtarış
aparılmış, C.Q.Dosti-zadədən narkotik maddə tapılmış, H.Z.İbrahimovun üstündən
isə heç nə tapılmamışdır.
Müstəntiq ibtidai
araşdırmaya vəkilləri dəvət etdikdən sonra, yenidən vəkillərin iştirakı ilə
onların üstündə axtarış etmək istədikdə, vəkillər buna etiraz edərək, axtarışda
iştirak etməkdən imtina etmişdirlər.
Vəkillərin bu hərəkətlərini
qanunsuz hesab edən Bakı şəhər prokuroru onların intizam məsuliyyətinə cəlb
edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyyətinə
məktub göndərmişdir.
Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının Rəyasət Heyyəti yaranmış ziddiyyətin aradan
qaldırılması məqsədilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin şərh edilməsi üçün, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini Azərbaycan
Respublikası Prokurorluğundan xahiş etmişdir.
Konstitusiyanın 125-ci
maddəsinə əsasən Konstitusiya Məhkəməsi konstitusiya icraatı vasitəsilə ədalət
mühakiməsini həyata keçirən məhkəmə hakimiyyəti orqanıdır. (Konstitusiyanın 125-ci maddəsinin I, II və
III hissələri).
Onun tərəfindən normativ
hüquqi aktların normalarının şərhi o dərəcədə konkret, hərtərəfli izah
edilməlidir ki, hüquqi tətbiq etmədə mövcud olan, eləcə də, gələcəkdə qarşıya
çıxa biləcək hüquqi kazusları asanlıqla həll etmək mümkün olsun.
Sorğu əsasında CPM-in 92-ci
maddəsində təsbit olunan “Müdafiəçi” institutu Plenumun Qərarında tam açıqlansa
da, 92.10.1-ci maddəsində təsbit edilən “müdafiə etdiyi şəxsin qanuni mənafeyinə
zidd olaraq hər hansı hərəkəti etmək ... müdafiəçiyə qadağandır” müddəasına,
vəkillərin şübhəli şəxslərin üzərində narkotik maddəni aşkar etmək məqsədilə,
təkrarən axtarış aparılmasında iştirakının da aid olub-olmamasına heç
toxunulmamışdır.
Normativ hüquqi aktların
şərhinə səbəb olan hüquqi faktlar və onun dəyərləndirilməsi Konstitusiya
Məhkəməsinin Plenum Qərarında obyektiv inikasını tapmazsa, o qərarın ədalət
mühakiməsində və praktikada əhəmiyyəti və dəyəri də olmayacaqdır.
Necə ki, Plenumun bu qərarına
əsasən deyə bilmərik ki, bu halda
müstəntiq haqlıdır, yoxsa vəkillər. Halbuki, bu hal Plenumun Qərarının əsas
məğzini təşkil etməli idi.
Çünki cinayət mühakimə
icraatının gedişində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi müasir
dövrün ən mühüm, başlıca ideyasıdır. Konstitusiya Məhkəməsinin isə əsas
vəzifəsidir.
Digər tərəfdən şəxsi axtarış
və götürmə CPM-in 246-cı maddəsi ilə tənzim edilir. Bu maddədə müdafiəçinin
şəxsi axtarış və götürmədə iştirakı nəzərdə tutulmamışdır.
Hakim İsa Nəcəfov