AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
QƏRARI
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
422-ci maddəsinin şərh edilməsinə dair
7 sentyabr
2018-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova,
Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran
Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Bakı
Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinov, Azərbaycan Respublikası Milli
Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin böyük məsləhətçisi Fərid
Hacıyevin,
mütəxəssislər Azərbaycan Respublikası Ali
Məhkəməsi Aparatının məsləhətçisi Vüqar Quliyev, Azərbaycan Respublikası
Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin rəisi
vəzifəsini icra edən Tural Feyzullayevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə müvafiq
olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin
422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya
Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı
subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) 422-ci maddəsinin şərh olunmasını xahiş
etmişdir.
Müraciətdən görünür ki, Gülnarə Rzayeva
“Expressbank” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Expressbank” ASC) qarşı
iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək
bankla aralarında bağlanmış 2015-ci il 9 fevral tarixli kredit müqaviləsinin və
həmin müqavilənin icrasının təminatı olaraq bağlanmış ipoteka və zaminlik
müqavilələrinin ləğv edilməsini xahiş etmişdir.
G.Rzayeva iddia ərizəsini onunla
əsaslandırmışdır ki, “Expressbank” ASC ilə onun arasında 2015-ci il 9 fevral
tarixində kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən o, bankdan illik
19 faiz olmaqla, 48 ay müddətinə 102.000 ABŞ dolları kredit götürmüşdür. Müqavilə
öhdəliyinin icrasının təminatı kimi üçüncü şəxs S.Nəcəfova ilə zaminlik və
ipoteka müqavilələri bağlanmışdır. Kredit müqaviləsi bağlanarkən 1 ABŞ
dollarının məzənnəsi 0,78 manat olmuş, sonradan ABŞ dollarının məzənnəsi
Azərbaycan manatına nisbətdə dəyişərək artmışdır.
G.Rzayeva Mülki Məcəllənin 422-ci maddəsinə
istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (manatın devalvasiyası) ilə
əlaqədar müqavilənin ləğv edilməsini xahiş etmişdir.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13
fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
G.Rzayeva apellyasiya şikayəti verərək
qətnamənin ləğv və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini
xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsi işə
baxarkən Mülki Məcəllənin 422-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmələrdə
müxtəlif yanaşmaların olmasının və fərqli məhkəmə aktlarının qəbul edilməsinin
məhkəmə təcrübəsinin formalaşmasına maneələr yaratmasını nəzərə alaraq
Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə
əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Mülki münasibətlərdə hüquq və vəzifələrin
əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki
hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına
yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər
birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi
istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında
müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur
ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə
tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,
öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Hər kəs müqavilə bağlamaqda müstəqildir və
müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki
Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil
olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə
mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan
20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst
iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə
maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
Mülki Məcəllənin 390.1-ci maddəsinin
məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və
vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin
müəyyən edilməsində sərbəstdirlər.
Mülki qanunvericilikdə müqavilə hüququnun
əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan
müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun
standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o
cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə
tutulmuşdur.
Müqavilə münasibətlərində tərəflər bərabər
hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit
müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə
xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda
ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc
verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf -
kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli
istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə
olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini
və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr
onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra
edilir. Həmin
prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi
xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu,
mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni
zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində
dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
Müqavilənin dəyişdirilməsinin və ləğv
edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü
maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə
əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə
mümkündür.
Müqavilənin ləğv edilməsi onun qüvvəsinə
xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır:
1) Mülki Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə;
2) Tərəflərdən birinin tələbi ilə yalnız digər
tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni
pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu
zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli
dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər
tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir;
3) Tərəflərdən biri müqavilənin icrasından
tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə.
Qanunvericilikdə müqavilənin ləğv edilməsinin
xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı
razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də
ləğv oluna bilər.
Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin
müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi,
əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir.
Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni
ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə
fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin
müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə
bərabər tutulur.
Maddənin məzmunundan göründüyü kimi, şəraitin
dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə
gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər
görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə
bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala
bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son
dərəcə əlverişsiz olmalıdır.
Qanunvericilikdə şəraitin əhəmiyyətli
dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki
mərhələli qaydası nəzərdə tutulmuşdur.
Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli
dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin
mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar.
Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə
maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə
bilər.
Lakin müqavilənin bu əsas üzrə məhkəmə
tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur:
1) müqavilənin bağlandığı məqamda tərəflər
şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;
2) şəraitin dəyişməsini doğuran elə
səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin
xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və
ehtiyatla aradan qaldıra bilməz;
3) müqavilənin şərtləri dəyişdirilmədən onun
icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə
pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid
etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;
4) işgüzar adətlərdən və ya müqavilənin
mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir
(Mülki Məcəllənin 422.2-ci maddəsi).
Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini
qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz
qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin
əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını
şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası
mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən
bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin
əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin
əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə
mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların
əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.
Eyni zamanda qeyd etmək lazımdır ki, manatın
məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək
mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun
5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə
rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi,
manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü
qanunvericilikdə təsbit edilmişdir.
Manatın məzənnəsinin dəyişməsinin şəraitin
əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edilib-edilməməsi ilə bağlı, ilk növbədə,
onun Mülki Məcəllənin 422-ci maddəsində müəyyən edilən meyarlara cavab verməsi aydınlaşdırılmalıdır.
Belə ki, hər bir vətəndaş, o cümlədən
iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı
tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən
edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin
müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın
məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici
valyutalara nisbətdə arta və ya azala bilər.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 422.1-ci
maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin
tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın
məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına
cavab vermir.
Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit
müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində
göstərilən əsaslar mövcud olmalıdır.
Borc alan krediti xarici valyutada götürdüyü zaman
manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda
borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi
riskini öz üzərinə götürmüş olur.
Nəzərə alınmalıdır ki, maliyyə bazarının
bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.)
üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün
iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar
maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin
dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və
s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır.
Bununla belə, Konstitusiya Məhkəməsinin
Plenumu manatın məzənnəsinin dəyişməsini nəzərə alaraq, xarici valyutada
verilmiş kreditlər üzrə kredit müqavilələrinin şərtlərinin əhalinin maraqları
baxımından dəyişdirilməsinin bankların maliyyə imkanlarından asılı olaraq
həyata keçirilməsini məqsədəmüvafiq hesab edir.
Eyni zamanda, tərəflər müqavilə azadlığı
prinsipinə əsasən kredit müqaviləsi bağlayarkən müqavilənin şərtlərinə
Azərbaycan manatının məzənnəsinin dəyişməsi ilə bağlı müddəalar daxil edə
bilərlər.
Göstərilənlərə əsasən, Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 422-ci maddəsinin
mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın
xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz
hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə
riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi
şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına
uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici
valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab
edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini
öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin
əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq
qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 07 sentyabr 2018-ci
il tarixli Qərarından hakim İ.Nəcəfovun
Xüsusi
rəyi
Konstitusiya
Məhkəməsinin Plenum qərarına hörmətlə yanaşaraq, qərarın təsviri-əsaslandırıcı
hissəsi ilə qismən razıyam, nəticə hissəsi ilə isə razı deyiləm. Buna
görə də xüsusi rəyimi bildirirəm.
Vətəndaş mənzil almaq məqsədi ilə bankla
kredit müqaviləsi bağlayaraq, illik 19 faiz olmaqla, 48 ay müddətinə 102.000
ABŞ dolları kredit götürmüşdür. Və həmin
müqavilə öhdəliyinin təminatı kimi də üçüncü bir şəxs S.Nəcəfova ilə zaminlik
və ipoteka müqavilələri bağlamışdır. Vətəndaş borc aldığı vaxt 1 ABŞ dolları
Azərbaycan manatına nisbəti 0,78 manat olmuş, cəmi 12 gün sonra 1 ABŞ dolları
1,05 manat, bir müddət sonra 1,50 manat, qısa müddətdə isə 1,75 manat olmuşdur.
Vətəndaşın da bu halla bağlı vəziyyəti pisləşmiş və bağladığı müqavilənin
şərtlərinin dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə banka
müraciət etmişdir. Lakin razılığa gəlmədikləri üçün MM-nin “şəraitin əhəmiyyətli
dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”
adlı 422-ci maddəsini qanuni əsas kimi göstərərək bankla bağladığı müqavilənin
ləğvini və ya dəyişdirilməsini məhkəmədən tələb etmişdir.
Qeyd edilən halın nəticəsi olaraq son illər
məhkəmələrdə bank-kredit münasibətlərindən əmələ gələn mübahisələrin sayı
çoxalmışdır. Bu cür işlərin həlli ilə əlaqədar düzgün hüquq normasının tətbiqi
zamanı fikir müxtəlifliyi yaranmışdır.
Məhz buna görə də, bu münasibətləri
tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh
edilməsindən örtü Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinə müraciət etmişdir.
Konstitusiya Məhkəməsinin Plenum
materiallarından görünür ki, manatın devalvasiyası nəicəsində vətəndaş banka
190.000 manat əsas kredit və illik bank faizinin 19% olmaqla, ümumi məbləği 30
min manatadək bank faizi verməlidir. Ödəmə müddətinin də 4 il olmasını nəzərə
alsaq, onda başa düşmək olar ki, kreditorun maliyyə vəziyyəti necə olacaqdır.
Konstitusiyamızın 16-cı maddəsində qeyd edilmiş, “Azərbaycan dövləti xalqın və
hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli
həyat səviyyəsi qayğısına qalır” və 149-cu maddədə göstərilmiş, “Normativ
hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətlərə)
əsaslanmalıdır” kimi müddəalara əsaslanaraq, qanunverici ictimai münasibətlərdə
belə halları, o cümlədən, milli valyutanın devalvasiyası riskinin yüksək
olmasını nəzərə alaraq zənnimizcə 422-ci maddəni Mülki Məcəlləyə daxil
etmişdir.
Digər tərəfdən sahibkarlıq fəaliyyəti ilə
əlaqədar verilmiş kredit borclarını ipoteka borclarından fərqləndirmək
lazımdır. Sahibkar daşınmaz kapitala sahib olduğu halda, mənzil almaq üçün
ipoteka borc müqaviləsinə girənin daşınmaz kapitalı yoxdur.
Kredit münasibətləri bazar iqtisadiyyatında
gündəlik iqtisadi münasibətlərdə hakim yer tutan münasibətlərdir. Pul vahidinin
məzənnəsinin sabitliyi, eləcə də iqtisadiyyatı inkişaf etmiş ölkələrdə mütəmadi
qalxıb düşməsi maliyyə şəraitin göstəricisidir. Və insanların həyat səviyyəsi
bundan çox asılıdır.
Milli valyutanın kəskin düşməsi həyat
səviyyəsinin aşağı düşməsidir.
Məhkəmələrdə baxılan işlərin sayı barədə
statistik məlumatları, eləcə də, müflisləşmə nəticəsində 12 bank şəbəkəsinin
bağlanmasını, əməkdaşlarının işsiz qalmasını, on milyardlarla bank kapitalının
geri qaytarılmamasını nəzərə alsaq, haqlı olaraq qeyd edərik ki, manatın
devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Və vətəndaş, bu halda
bağladığı ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar
Mülki Məcəllənin 422-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə
haqlıdır.
Hakim:
İsa
Nəcəfov