AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin
şərh edilməsinə dair
24 iyul 2020-ci il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir
Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti
əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin
şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin
məruzəsini, maraqlı subyektlərin nümayəndələri
Bakı
Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri S.Mirzəyevin, mütəxəssis
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin yazılı mülahizələrini, iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 403.2-ci maddəsinin şərh olunmasını xahiş etmişdir.
Müraciətdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7
fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı C.Ağayevin Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və M.Sarıyevə qarşı alğı-satqı
müqaviləsinin etibarsız hesab edilməsi və torpağa mülkiyyət hüququna dair
çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2019-cu
il tarixli qətnaməsi ilə C.Ağayevin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri
Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul
olunmuş, iddia təmin edilərək cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsinin
etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən verilmiş çıxarışın ləğv
edilməsi qət edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən C.Babayeva işdə iştirak
etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində şikayət
vermişdir. İddiaçı C.Ağayev Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinə
istinad edərək C.Babayevanın kassasiya şikayəti vermək hüququnun olmadığını
bildirmişdir. C.Babayevanın vəkili isə iddiaçının bu dəlilinə cavab olaraq göstərmişdir
ki, həmin norma Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra –
Konstitusiya) və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyaya (bundan sonra – Konvensiya) zidd olmaqla onların birbaşa kassasiya
şikayəti vermək hüquqlarını məhdudlaşdırır və məhkəmə tərəfindən
Konstitusiyanın müvafiq normaları və Konvensiyanın 6-cı maddəsi tətbiq edilməklə
kassasiya şikayəti mümkün hesab edilməlidir.
Kassasiya şikayətinin
mümkünlüyü məsələsini araşdıran məhkəmə tərəflərin dəlillərini müzakirə edərək
iş üzrə tətbiq edilməli olan Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinin şərh
edilməsinə zərurət olduğu qənaətinə gəlmişdir.
Müraciətdə göstərilmişdir
ki, Mülki Prosessual Məcəllənin 403-cü maddəsində apellyasiya instansiyası məhkəmələrinin
qətnamə və qərardadlarından kassasiya şikayəti vermək hüququ olan şəxslərin
dairəsi müəyyən edilmişdir. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən, apellyasiya
instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından, tələblərinin təmin
olunmadığı hallarda tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi
və maraqlı şəxslər şikayət vermək hüququna malikdir.
Eyni zamanda, Məcəllənin
403.2-ci maddəsində işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə
maraqlarına toxunan şəxslərin həmin məhkəmə aktlarını kassasiya qaydasında
mübahisələndirməsinin fərqli proseduru müəyyən edilmişdir. Bu maddəyə görə, Azərbaycan
Respublikası Ali Məhkəməsinin (bundan sonra – Ali Məhkəmə) sədri işdə iştirak
etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə
əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat
verə bilər.
Məcəllənin
apellyasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsini müəyyən edən 357-ci
maddəsi isə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə
onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin birinci
instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə
və qərardadlardan apellyasiya şikayəti vermək hüquqlarını təsbit etmişdir.
Müraciətedən
hesab edir ki, birinci instansiya məhkəməsinin aktlarından şikayət verilməsi
qaydasından fərqli olaraq, Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsi ilə işdə
iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin
apellyasiya məhkəmələrinin aktlarından birbaşa kassasiya şikayəti vermək hüququ
məhdudlaşdırılmış və onların hüquqları pozulmuş olduğu halda belə kassasiya
icraatının yalnız Ali Məhkəmənin sədrinin təqdimatı ilə mümkün olduğu müəyyən
edilmişdir.
Bakı Apellyasiya
Məhkəməsinin qənaətinə görə, həmin qayda şəxsən məhkəməyə müraciət etmək və hər
kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi ilə bağlı
Konstitusiyada təsbit olunmuş fundamental hüquqların əsassız pozulmasına gətirib
çıxara bilər.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, hər
bir şəxsin ayrılmaz hüququ olan məhkəmə müdafiəsi hüququ, bu hüququn həyata
keçirilməsində qanunverici tərəfindən müəyyən ağlabatan prosessual məhdudiyyətlərin
qoyulmasının mümkünlüyü və bu zaman ədalətli balansın qorunmasının zəruriliyi ilə
bağlı Konstitusiya və beynəlxalq hüquqi aktlarda, eləcə də həmin hüququn
reallaşdırılmasının əsas qaydalarını müəyyən edən Mülki Prosessual Məcəllədə təsbit
olunmuş bir sıra müddəaların və Plenumun qərarlarında əks olunmuş hüquqi mövqelərin
nəzərdən keçirilməsini zəruri hesab edir.
Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Əsas Qanun
insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların
qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.
Məhz bundan irəli gələrək, Konstitusiyada hər kəsin qanunla qadağan
olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək
hüququ, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə
təminat hüququ təsbit edilmişdir.
Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə
müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də
hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir.
Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı
hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində,
pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində
səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir.
Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı
sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından
müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə
edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə
müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə
tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini
nəzərdə tutur (“Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci
il 28 fevral tarixli və “Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə
dair” 2017-ci il 12 aprel tarixli Qərarlar).
Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə
instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual
qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə
qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin
etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və
prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki
mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının
ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə
yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması,
işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə
aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması
qaydasını tənzimləyir.
Mülki
Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını,
həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq
hərəkətlərin aparılması və onların mümkünlüyünü
müəyyən edir
(Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).
Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini
təsbit edən 2-ci maddəsinə görə, mülki işlər
və kommersiya mübahisələri üzrə
məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin
Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn
hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki
və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də
maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada
məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu
maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının
müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli
gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.
Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də
beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq,
məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter
daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra
qərarlarında yuxarı instansiya məhkəmələrində
aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala
bilməsini yolverilən hesab etmişdir. Golder Birləşmiş
Krallığa qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir
ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə
məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir,
çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə
malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar).
Lakin
məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı
maddəsinin I hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin
tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü
maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq
edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə
toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin
bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı).
Konstitusiya
Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş
məhdudiyyətlərlə bağlı bir daha qeyd edir ki, hüquq və vəzifələrin həcminin
prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik
prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən
şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan
qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata
keçirilməsinə xidmət edir. Eyni zamanda
yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər
Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər
hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə
qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi
hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə
qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər
nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və
apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan
şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından
işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici
qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin
hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə
instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb
edilməsinin fərqli qaydalarını müəyyən etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak
etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına
toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və
azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini
vurğulamışdır.
İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə
hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə
onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul
edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz
hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual
marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar).
İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə
dair məsələnin onun iştirakı olmadan
məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər
kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə
vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması
hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb
edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş
məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət
etməlidir.
Hər
bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə
maraqlarına toxunan şəxslərin həmin aktlardan
verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və
vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya
mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin
hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən
qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə
xələl gətirilməməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə hüquq və vəzifələrinə, maraqlarına
toxunan şəxslərin apellyasiya və kassasiya şikayəti vermələri üçün qanunverici
tərəfindən fərqli prosedur qaydalarının müəyyən edilməsinin anlaşılan
olmamasına dair müraciətedənin dəlilinə aydınlıq gətirilməsi məqsədi ilə
apellyasiya və kassasiya icraatının mahiyyəti, məqsədi və xüsusiyyətlərinə, bu
məhkəmə instansiyalarında işə baxmanın hədlərinə nəzər yetirilməsi mühüm
əhəmiyyət kəsb edir.
Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllənin 357-ci maddəsində
birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və qərardadlardan
apellyasiya şikayəti vermək hüququ olan subyektlərin dairəsi göstərilmişdir.
Məcəllənin 357.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti vermək hüququna işdə
iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və
vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
Apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün
prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü
araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını,
qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Mülki Prosessual Məcəllənin
366.1 və 366.2-ci maddələrinə uyğun olaraq,
apellyasiya instansiyası
məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın
mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün
prosessual əsasların olması daxildir. Əgər
apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə
bilər.
Apellyasiya
icraatına dair məsələ Konstitusiya Məhkəməsi Plenumunun dəfələrlə müzakirə
predmeti olmuş, 20 may 2011-ci il tarixində isə apellyasiya baxışının hədləri
ilə bağlı “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci
maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin
372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərar
qəbul edilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin vəzifəsi birinci
instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və
apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə
baxılmasından ibarətdir. Qanunvericiliyin tələblərinə görə apellyasiya
məhkəməsi tam hüquqlu məhkəmə kimi, işdə olan və əlavə təqdim olunmuş sübutlar
əsasında mahiyyəti üzrə işə baxır. Apellyasiya məhkəməsi şikayətin
dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual normalara riayət
etməsini yoxlamaqla, Mülki Prosessual Məcəllənin 384-cü maddəsində göstərilən
qərarlardan birini qəbul edir.
Eyni
zamanda, qanunverici, Mülki Prosessual Məcəllənin 403-cü maddəsində apellyasiya
məhkəməsinin qətnaməsi və ya qərardadı ilə razı olmayan şəxslərin kassasiya
şikayəti (təqdimat və ya protest) vermək hüququnu müəyyən etmişdir. Bu
şikayətin müəyyən olunmuş qaydada və müddətlərdə verilməsi kassasiya
instansiyası məhkəməsinə həmin qərarların yoxlanılması üçün kassasiya
icraatının başlanılmasına əsas verir.
Mülki Prosessual
Məcəllənin 357.2-ci maddəsindən fərqli olaraq, Məcəllənin 403.2-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrindən və qərardadlarından maraqlı şəxslərin şikayət verməsinin
xüsusi prosedurunu tənzimləyir.
Məcəllənin 403.2-ci maddəsində müəyyən edilmiş bu prosedur kassasiya
icraatının xüsusi mahiyyətindən və onun həll edə biləcəyi məsələlərin dairəsindən
irəli gəlir. Belə ki, kassasiya icraatının bilavasitə vəzifəsi şikayət və ya
protest verilmiş apellyasiya məhkəməsinin qətnamə və ya qərardadının
qanuniliyinin yoxlanılmasıdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən
yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Mülki Prosessual Məcəllənin 416-cı maddəsi).
Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin
hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının
mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən
qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin
fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı
mühakimə edir” (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə
dair” 2019-cu il 18 mart tarixli Qərarı).
Bu baxımdan qanunverici kassasiya instansiyası məhkəməsinin
statusundan və ona verilmiş səlahiyyətlərin xarakterindən çıxış edərək
kassasiya şikayətlərinin tərtib olunması və verilməsinə münasibətdə daha sərt
qaydalar müəyyən etmiş və bu məhkəmənin baxdığı işlərin dairəsini, işə
baxılması hədlərini və yeni şəxslərin işə cəlb edilməsi imkanını məhdudlaşdırmışdır.
Lakin göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd
etməyi zəruri hesab edir ki, qanunvericinin maraqlarına toxunan şəxslərin şikayəti
ilə kassasiya icraatı başlanmasının fərqli şərtlərini müəyyən etməsi barədə
mövqeyi başa düşülən olsa da, bu kateqoriyadan olan şəxslərin hüquqlarının həyata
keçirilməsi üçün mümkünlük (qəbuledilənlik) şərtlərinin və qaydaların müəyyən
olunması hüquqi müəyyənlik prinsipinin, eləcə də qanunların aydın və birmənalı
olması şərtinin səmərəliliyinə xidmət etmiş olar.
Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında dəfələrlə
istinad etdiyi hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən
biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının
hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi
üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə
onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin
isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq
normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz
mülahizə üçün imkan yaratmaqla, hər bir
normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə
qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
Ali Məhkəmə
tərəfindən Konstitusiya Məhkəməsinin Plenumuna təqdim edilmiş yazılı mülahizədə
qeyd olunmuşdur ki, formalaşdırılmış təcrübəyə
görə, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan
şəxslərin müvafiq müraciətləri daxil olduqda Ali Məhkəmənin sədri işi öyrənilməsi
üçün hakimlərdən birinə təqdim edir. Hakim tərəfindən iş öyrənilərək müvafiq
kollegiyada bütün hakimlərin iştirakı ilə müzakirə edildikdən sonra həmin
müraciətin təmin olunmaması barədə qərardad və ya işə kassasiya qaydasında
baxılması barədə təqdimat qəbul edilir.
Nəzərə
alınmalıdır ki, təcrübədə qeyd edilən müraciətlərə baxılması üçün müəyyən qayda
formalaşdırılmış olsa da, qanunvericilikdə onlara baxılma qaydası nəzərdə
tutulmamışdır. Qanunverici Mülki Prosessual Məcəllədə bu kateqoriyadan olan şəxslərdən
fərqli olaraq, işdə iştirak edən şəxslər tərəfindən verilmiş kassasiya şikayətinin
icraata qəbul edilməsi ilə bağlı qaydaları kifayət qədər aydın müəyyən edərək
hüquqi müəyyənlik prinsipini təmin etmişdir. Mülki Prosessual Məcəllənin 411-ci maddəsinə uyğun olaraq, qanunun tələblərinə əməl edilməklə
verilmiş kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi
hakiminin qərardadı ilə icraata qəbul edilir. Göründüyü kimi,
işdə iştirak edən şəxslər tərəfindən verilmiş şikayətin icraata qəbul
edilib-edilməməsi məsələsi konkret səlahiyyətli şəxs tərəfindən həll edilsə də,
həmin şəxsin (hakimin) iradəsindən asılı edilməmiş və qanunvericilikdə nəzərdə
tutulmuş tələblərə uyğun verilmiş şikayətin icraata qəbul edilməli olduğu müəyyən
edilmişdir.
O da qeyd
olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnamə
və ya qərardadının şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi əsaslarından
biri də məhz məhkəmənin işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə
dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul
etməsidir.
Göstərilənlər onu deməyə əsas verir ki,
qanunvericinin bu kateqoriyadan olan şəxslərin
kassasiya instansiyası məhkəməsinə şikayət vermələri üçün fərqli qaydalar müəyyən
etməsi həmin şəxslərin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır, bu
qayda məhkəmənin spesifik xüsusiyyətlərindən, səlahiyyət dairəsinin məhdud
olmasından irəli gəlir.
Qəbul edilmiş məhkəmə
aktı ilə maraqlarına toxunan şəxslərin hüquqlarının pozulması faktı isə
məhkəməyə əlçatanlığın və yuxarıda sadalanan digər dəyərlərin təmin edilməsi
baxımından təqdimat verilməsi üçün tutarlı əsas kimi çıxış etməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu N.Səlimovun şikayəti üzrə 2020-ci
il 20 may tarixli Qərarında göstərmişdir ki, işdə
iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud
üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş
hüquqlarının bərpası üçün daha səmərəli vasitələrlə təmin olunmalı və
həmin şəxslər qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə
minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malik olmalıdırlar.
İnzibati
məhkəmə icraatında oxşar məsələ üzrə hüquqi mövqeyini əks etdirən Konstitusiya
Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin
28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarında
göstərmişdir ki, hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə
qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü
şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirilməlidir:
-
qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb
olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli
dərəcədə pozulub-pozulmamasına;
-
inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu
bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab
edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına
toxunan şəxslər tərəfindən kassasiya instansiyası məhkəməsinə şikayət verilməsi,
həmin şikayətin (müraciətin) icraata qəbul edilməsi və ona baxılması, yaxud imtina edilməsi qaydalarının
qanunverici tərəfindən təkmilləşdirilməsi, həmin qaydaların birmənalı və əlçatan
olmasına, nəticədə isə hüquqi müəyyənlik
prinsipinin təmin edilməsinə və bu şəxslərin
Konstitusiyadan irəli gələn hüquqlarına xələl gətirilməsinin qarşısının
alınmasına xidmət etmiş olar.
Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından
çıxış edərək qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı
ilə maraqlarına toxunan şəxslərin Konstitusiya ilə nəzərdə tutulmuş
təminatlarına xələl gətirilməsinin qarşısını almaq məqsədilə həmin şəxslərin
hüquqları pozulduğu təqdirdə Ali Məhkəmənin sədri Mülki Prosessual
Məcəllənin 403.2-ci maddəsinə uyğun olaraq verilmiş müraciətə əsasən işə kassasiya qaydasında baxılması üçün
təqdimat verməkdə haqlıdır.
Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, işdə iştirak etməyə cəlb
olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin kassasiya şikayətləri
üzrə təqdimatın verilməsindən imtina edilməsi həmin şəxsləri öz hüquq və
azadlıqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanından məhrum
etmir. Bu hüquq Konstitusiya ilə yanaşı, həmçinin Mülki Prosessual Məcəllənin məhkəmə
aktlarının məcburiliyi adlanan 15.4-cü maddəsindən irəli gəlir. Həmin maddəyə
görə, məhkəmə aktları maraqlı şəxslərin
mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin
öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə
müraciət etmələri imkanını istisna etmir. Eləcə də Konstitusiya Məhkəməsi
Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı
formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə
iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə
qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini
istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş
qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin
qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik
deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər
(“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh
edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə
2019-cu il 24 iyul tarixli Qərarlar).
Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə aktı ilə
maraqlarına toxunan şəxslərin hüquqları əhəmiyyətli dərəcədə pozulduğu halda
onların hüquqlarının həmin məhkəmə prosesləri çərçivəsində bərpa edilməsi,
preyudisiya institutunun əsas funksiyası olan eyni faktiki hallar arasında
qarşılıqlı əlaqənin və məhkəmə qərarlarının stabilliyini təmin edər, bir-birini
təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcudluğunun qarşısını alar.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- Mülki Prosessual
Məcəllənin 403.2-ci maddəsi xüsusi prosedur qaydalarını müəyyən
edərək işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan
şəxslərin statusunu və kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərə
alaraq göstərilən şəxslərin məhkəməyə müraciət etmək hüququnun təmin edilmə
vasitəsi kimi çıxış edir.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsi xüsusi prosedur qaydalarını müəyyən
edərək işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan
şəxslərin statusunu və kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərə
alaraq göstərilən şəxslərin məhkəməyə müraciət etmək hüququnun təmin edilmə vasitəsi
kimi çıxış edir.
2.Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
3.Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan
və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev