AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Əmək pensiyaları
haqqında”Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan
Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair
14 noyabr 2014-cü
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov
(məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov
və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali
Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi
Aparatının Əmək qanunvericiliyi sektorunun məsləhətçisi Həsən Şirinovun,
mütəxəssislər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Qanunvericilik Baş İdarəsinin Sosial normativ aktlar idarəsinin aparıcı
məsləhətçisi Sübhan Ağakişiyevin, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə
Fondunun Hüquq və strateji araşdırmalar şöbəsinin məsləhətçisi Elnur Əliyevin,
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmək siyasəti şöbəsinin baş
məsləhətçisi Bəxtiyar Məmmədovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun
Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynovun və hüquq üzrə
fəlsəfə doktoru Bağır Əsədovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III
hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə
iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli
sorğusu əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun
37.3.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının Preambulasına,
12-ci maddəsinin I hissəsinə, 16-cı maddəsinin I hissəsinə, 25-ci maddəsinin I,
III, IV və V hissələrinə, 29-cu maddəsinin IV hissəsinə, 35, 38 və 71-ci
maddələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.İsmayılovun məruzəsini, tərəflərin nümayəndələrinin
və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə
edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət
edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan
sonra – “Əmək pensiyaları haqqında” Qanun) 37.3.4-cü maddəsinin Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) Preambulasına,
12-ci maddəsinin I hissəsinə, 16-cı maddəsinin I hissəsinə, 25-ci maddəsinin I,
III, IV və V hissələrinə, 29-cu maddəsinin IV hissəsinə, 35, 38 və 71-ci
maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğuda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci
maddəsinə əsasən həmin maddədə sadalanan şəxslərin əmək pensiyasına qulluq
stajına görə əlavələr təyin edilir. Bu əlavələr əmək pensiyasına daxil olmaqla
pensiya məbləğini təşkil edir. Həmin Qanunun 37.2-ci maddəsinə görə əmək
pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək
pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır.
“Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə görə bu
Qanunun 20.1.1-ci—20.1.10-cu və 20.1.14-cü—20.1.21-ci maddələrində nəzərdə
tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin
maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda
isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu Qanunun 20.1.5-ci, 20.1.14-cü,
20.1.18-ci və 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin
orqanlarda azı 25 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına
görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə
çalışdıqda, onlara əlavənin ödənilməsi dayandırılır.
“Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin mənasına
görə həmin Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində
nəzərdə tutulmuş şəxslərə (həmin orqanlarda azı 25 il qulluq stajı olduqda) qulluq
stajına görə əmək pensiyasına əlavənin həmin maddələrdə göstərilən vəzifələrdə
çalışdıqda 50 faiz həcmində ödənilməsi qaydası bu Qanunun 20-ci maddəsində
göstərilən digər vəzifələrdə çalışan şəxslərə şamil edilmir.
Sorğuverənin qənaətinə görə, “Əmək pensiyaları haqqında”
Qanunun 20.1-ci və 37.3.4-cü maddələrində işləyən pensiyaçıların əmək
pensiyalarına əlavələrin ödənilməsi ilə bağlı fərqli qaydalar müəyyən olunmuş,
bu hüquqi tənzimlənmə isə Konstitusiyanın müvafiq müddəalarına uyğun deyildir.
Belə ki, Konstitusiyada əmək hüququ və sosial təminat hüququ müstəqil hüquqlar
kimi müəyyən edilmişdir. Belə tənzimlənmə əmək hüququnun həyata keçirilməsi
zamanı sosial təminat hüququnu məhdudlaşdırır və Konstitusiyanın 71-ci
maddəsinin II hissəsinə uyğun deyildir.
Sorğuda həmçinin qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun
37.3.4-cü maddəsində müəyyən olunmuş qayda Konstitusiyanın 25-ci maddəsinin I
hissəsində təsbit olunmuş hamının qanun qarşısında bərabər olması prinsipinə
uyğun deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsində
göstərilən şəxslərin bir hissəsinin əmək pensiyasına əlavələrin ödənilməməsi və
onlar arasında fərq qoyulması bərabərlik hüququna əməl olunmaması kimi
qiymətləndirilir.
Sorğuverən hesab edir ki, işləyən pensiyaçılara qulluq stajına görə
əmək pensiyasına əlavənin ödənilməməsi onların artıq qazanmış olduqları
mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində
təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası
qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara
verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan
sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs
cəmiyyətin maraqları naminə qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri
ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə
bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa
Məhkəməsi) presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1
saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür.
Sorğuda göstərilmişdir ki, əmək qanunvericiliyinin tələblərinə görə
əmək pensiyası alan şəxslərin işə qəbul edilməsi və işdə saxlanılması xüsusi
qaydada həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin
10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə
çalışmanın yaş həddi 65 ildir. Bu maddənin məzmununa görə dövlət büdcəsindən
maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılması
işçinin deyil, dövlət orqanının və müəssisə rəhbərinin hüququ kimi müəyyən
edilmişdir. Bu qayda adətən yüksək peşəkarlığı olan və əməyinə ehtiyac duyulan
işçilərə tətbiq olunur. Belə olan halda, işləyən pensiyaçılara qulluq stajına
görə əmək pensiyasına əlavənin ödənilməməsi əmək hüququnun və sosial təminat
hüququnun mahiyyətinə və məzmununa uyğun deyildir.
Sorğunun məzmununu və “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 32.5.7-ci maddəsinin tələblərini nəzərə alaraq,
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mövcud konstitusiya işinin
predmetini əsasən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsi ilə
yaranmış hüquqi vəziyyətin Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə,
29-cu maddəsinin IV hissəsinə və 71-ci maddəsinin II hissəsinə uyğunluğunun
yoxlanılması təşkil edir.
Konstitusiya
Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.
Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ
Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin I hissəsinə
əsasən hər kəsin sosial təminat hüququ vardır.
Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi
sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında”
Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir
üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər
bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması,
şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni
hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar
haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir
şəxsin sosial təminat hüququ var.
Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci
maddəsinin III hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və
hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın
tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin
pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.
Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu
dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş
digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların
eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin
hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi
xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq,
sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə
biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi
Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan
Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1
dekabr 2010-cu il tarixli Qərarı).
Eyni zamanda, nəzərə almaq lazımdır ki, sosial hüquqların realizəsi
zamanı hüquqi mülahizələrdən daha çox sosial xidmətlərin göstərilməsi
prinsiplərinə, dövlətin iqtisadi vəziyyətinə, cəmiyyətin, yaxud onun müəyyən
bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmamasına dair
qanunvericinin yanaşması vacib əhəmiyyətə malikdir.
Buna müvafiq olaraq, qanunverici bu hüquqları tənzimləyərkən geniş
mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların
növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin,
həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin
edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu
sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici
Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir.
(Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı
haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının
bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair”
27 mart 2014-cü il tarixli Qərarı).
Onu da nəzərə almaq lazımdır ki, şəxs tərəfindən həyata keçirilən
ödəmələrdən asılı olmayan və dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən
sosial təminat hüququnun növlərinin konkretləşdirilməsində dövlətin mülahizə
sərbəstliyi, şəxs tərəfindən əvvəllər xüsusi büdcəyə edilmiş ödəmələrdən
asılı olan pensiyaların tənzimlənməsi ilə müqayisədə daha genişdir.
Bununla belə, sosial təminat hüququnun Konstitusiya ilə təmin
olunması qanunvericinin mülahizə sərbəstliyinə müəyyən məhdudiyyətlər
qoyur.
Birincisi, qanunverici bu hüququn səmərəli realizəsinin təmin
olunmasından imtina edə bilməz. Bu səbəbdən də həmin hüququn tənzimlənməsi
zamanı qanunda nəinki bilavasitə Konstitusiyanın 38-ci maddəsində göstərilən
sosial təminat növlərini müəyyənləşdirmək, həmçinin proporsional sosial təminat
meyarlarına cavab verən, pensiya və müavinətlərin ödənilməsi üçün vacib olan
vəsaitlərin akkumulyasiyasına imkan verən, o cümlədən müvafiq ödəmələri həyata
keçirən sabit, gözlənilən, səmərəli və ədalətli sosial müdafiə sistemini
müəyyən etmək öhdəliyi qanunvericinin üzərinə düşür.
İkincisi, sosial hüquqların təmin edilməsi dövlətin maddi
imkanlarından asılı olsa da, Konstitusiyanın 38-ci maddəsinin IV hissəsinin
məzmununa əsasən dövlət bu hüquqları minimum səviyyədə təmin etməlidir.
Bilavasitə Konstitusiyanın 38-ci maddəsindən irəli gələn, göstərilən
pozitiv öhdəliklərdən başqa, qanunverici özünün konstitusion səlahiyyətləri
çərçivəsində sosial təminatın konkret növünün məzmununu qanunlarda
konkretləşdirmişdirsə, onun müdafiəsi də konstitusion əhəmiyyət qazanır. Şəxs
tərəfindən sosial təminatın bu və ya digər növünün alınmasının qanunla müəyyən
edilmiş şərtlərinə riayət edildikdə, dövlət onların realizəsinə təminat
verməlidir.
Sorğuda mübahisələndirilən məsələnin Konstitusiyanın 71-ci maddəsinin
II hissəsinə uyğunluğunu yoxlamaq məqsədilə Konstitusiya Məhkəməsinin
Plenumu qulluq stajına görə əmək pensiyasına əlavənin alınması
hüququnun məzmununu müəyyən etməyi zəruri hesab edir.
Qeyd olunan hüquq Konstitusiya ilə bilavasitə nəzərdə tutulmamışdır.
Qanunverici bu hüququn əldə edilməsi şərtlərini müəyyən edərək, onu dövlətlə
xidməti və ya əmək münasibətləri olan müəyyən kateqoriya şəxslərə şamil
etmişdir. İşləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına
əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır,
onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta
haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək
münasibətlərinin mövcudluğundan) asılıdır.
Bu səbəbdən qulluq stajına görə əmək pensiyasına əlavəni
almaq hüququ Konstitusiyanın 38-ci maddəsinin təsir dairəsinə o halda düşə
bilər ki, həmin əlavələrin əldə edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş
tələblərə riayət olunsun. Başqa sözlə, qanunvericilikdə qulluq stajına
görə əmək pensiyasına əlavənin alınması hüququnun qaydasını və şərtlərini
müəyyən edərkən, dövlət öz üzərinə bu hüququn təmin olunması kimi pozitiv
öhdəliyi yalnız həmin hüquqa malik olan şəxslərin “Əmək pensiyaları haqqında”
Qanunun müvafiq tələblərinə cavab verməsi şərti ilə götürmüşdür.
Qeyd olunanlara əsasən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü
maddəsinin tələblərinə görə, bu Qanunun 20.1.1-ci–20.1.10-cu və
20.1.14–20.1.21-ci maddələrində nəzərdə tutulmuş bir sıra işləyən
pensiyaçılara qulluq stajına görə əmək pensiyasına əlavələrin
təyin edilməsi üçün əsas götürülmüş vəzifələrdə çalışdıqda, həmin əlavələrin
ödənilməməsi bu şəxslərə münasibətdə Konstitusiyanın 71-ci maddəsinin II hissəsinin
pozulması ilə nəticələnmir.
Konstitusiyanın 25-ci maddəsinin I hissəsində təsbit olunmuş hamının
qanun qarşısında bərabər olması prinsipinə gəldikdə isə Konstitusiya
Məhkəməsinin Plenumu aşağıda göstərilənləri diqqətə çatdırmağı zəruri hesab
edir.
Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik prinsipinin məzmununa
dair formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq eyni və ya oxşar vəziyyətdə
olan şəxslərə eyni rəftarın göstərilməsi tələb olunur. Belə şəxslərə qarşı
fərqli rəftar yalnız o halda mümkündür ki, bunun üçün obyektiv və ağlabatan
əsas olsun. Həmçinin hüquqi bərabərlik prinsipi fərqli vəziyyətdə olan şəxslərə
aid fərqli rəftarın göstərilməsini mümkün sayır və hətta bunu tələb də edir.
(Konstitusiya Məhkəməsi Plenumunun O.Gərəkməzlinin şikayəti üzrə 25 fevral
2014-cü il tarixli Qərarı).
Qeyd olunmalıdır ki, mübahisələndirilən bu və ya digər normanın
Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə uyğun olub-olmaması məsələsinə
qiymət vermək üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar
vəziyyətdə olmalarını, mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər
və ya fərqli rəftarı nəzərdə tutub-tutmadığını və belə rəftar üçün obyektiv və
ağlabatan əsasın mövcudluğunu aydınlaşdırmaq vacibdir.
Avropa Məhkəməsinin Böyük Palatasının Stummerin Avstriyaya
qarşı iş üzrə 7 iyul 2011-ci il tarixli Qərarında aşağıdakılar qeyd
olunmuşdur: Ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni
vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan
əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim
məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında
ağlabatan mütənasiblik əlaqəsi” yoxdur (§87).
Avropa Məhkəməsi həm də onu göstərmişdir ki, iqtisadi və sosial
strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən, Üzv Dövlətə mülahizə
sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları
barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi
sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha
çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma
olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət
edir. (Karson və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük
Palatanın 16 mart 2010-cu il tarixli Qərarı, §61).
Avropa Məhkəməsi həmçinin bu qənaətə gəlmişdir ki, Konvensiyanın
müddəaları dövlətlərə qanunvericilik tədbirləri vasitəsilə müəyyən kateqoriya
şəxslərə münasibətdə digər kateqoriyalara nisbətən fərqli davranış nümayiş
etdirən dövlət siyasəti sxemlərini tətbiq etməkdə mane olmur, bu şərtlə ki,
qanunvericilikdə göstərilmiş bütövlükdə şəxslər kateqoriyasına və ya qrupuna
aid olan hüquqların realizəsinə olan müdaxilə Konvensiyanın tələbləri
nöqteyi-nəzərindən əsaslı olsun (Zdanoka Latviyaya qarşı iş üzrə Böyük
Palatanın 16 mart 2006-cı il tarixli Qərarı, §112).
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab
edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsilə yaranmış
hüquqi vəziyyətin Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə uyğun
olub-olmamasının yoxlanılması üçün hansı şəxslərin bərabər və ya müəyyən
meyarlara əsasən oxşar vəziyyətdə olmasını müəyyənləşdirmək zəruridir.
Bu zaman nəzərə almaq lazımdır ki, iki qrup şəxs (vəziyyət) heç vaxt
tamamilə eyni olmur, yəni mümkün olan bütün müqayisə meyarlarına əsasən tam
bərabərlik ola bilməz. Beləliklə, müqayisə üçün meyar seçilərkən müqayisə
edilən vəziyyətlərə (şəxslərə) aid çoxsaylı xüsusiyyətlər sırasında yalnız
mübahisələndirilən hal kontekstində müvafiq vəziyyətlərin bərabər olub-olmaması
sualına cavab verənlər seçilməlidir.
Qeyd etmək lazımdır ki, qulluq stajına görə
əmək pensiyasına əlavələri almaq hüququna malik olan bütün işləyən
pensiyaçılar bir ümumi elementlə səciyyələnə bilər ki, onlar dövlətlə xidməti
və ya əmək münasibətlərində olurlar. Bu meyara əsaslanmaqla qeyd olumalıdır ki,
“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində də göstərilmiş bütün
şəxslər oxşar vəziyyətdə olmaqla qulluq stajına görə əmək pensiyasına əlavələri
almaq hüququna malikdirlər. Lakin bu fakt öz-özlüyündə bütün kateqoriyalar üçün
qulluq stajına görə əmək pensiyasına əlavələri almaq şərtlərinin, o cümlədən
əmək fəaliyyətinin davam etdirilməsi zamanı eyni olmasını nəzərdə tutmur. Bu
zaman yerinə yetirilən işin və xidmətin xarakteri və xüsusiyyətləri vacib
əhəmiyyətə malikdir.
Əgər qanunverici göstərilən şəxslərin bir hissəsinə qulluq stajına
görə əmək pensiyasına əlavələri almaq imkanını ümumiyyətlə nəzərdə tutmursa,
belə tənzimlənmə ilə yaranan fərqli rəftarın Konstitusiyanın 25-ci maddəsinə
uyğun olmasını obyektiv olaraq əsaslandırmalıdır.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, “Əmək pensiyaları haqqında”
Qanunun 20-ci maddəsində göstərilmiş bütün şəxslər həmin Qanunla
müəyyənləşdirilmiş qaydada və şərtlərlə qulluq stajına görə əmək pensiyasına
əlavələri almaq hüququna malikdirlər.
“Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsində
gostərilən bəzi işləyən pensiyaçıların həmin Qanunun 20.1.5-ci, 20.1.14-cü,
20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulan şəxslərdən fərqli olaraq,
qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün əsas
götürülmüş vəzifədə çalışdıqda həmin əlavələri almaq hüququna malik olmamasının
Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə uyğunluğunu yoxlayarkən
qanunvericinin məqsədini nəzərə almaq vacibdir.
“Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin mətnindən
göründüyü kimi, şəxsin bu maddə ilə müəyyən edilən qulluq stajına görə əmək
pensiyasına əlavələrin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdıqda
da, həmin əlavələri 50 faiz həcmində almaq hüququ müstəsna xarakter daşıyaraq,
yalnız bu Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində
göstərilən dövlət orqanlarında 25 ildən az olmayan müddət ərzində qulluq
stajına malik olan şəxslərə şamil olunur.
Bu cür uzun xidmət müddətinin müvafiq hüququn əldə olunması üçün əsas
sayılması qanunvericinin güddüyü məqsədlə - müvafiq orqanlarda dövlət
qulluğunun sabitliyinin və davamlılığının möhkəmləndirilməsinə vasitəçilik
etməklə (stimullaşdırmaqla) əlaqədardır. Buna müəyyən qədər “Əmək pensiyaları
haqqında” Qanunun 37.3.4-cü maddəsinə edilmiş dəyişikliklər də dəlalət edir.
Belə ki, Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanunu ilə 37.3.4-cü
maddəyə edilmiş ilk dəyişikliyə əsasən 50 faiz həcmində qulluq stajına görə
əmək pensiyasına əlavələr almaq hüququ qulluq stajının həcmindən asılı olmadan
verilirdi.
Lakin Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr
tarixli 474-IIIQD nömrəli Qanunu ilə 37.3.4-cü
maddənin ikinci cümləsində birinci mötərizədə verilmiş “göstərilən şəxslər”
sözləri “göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 25 il qulluq stajı
olan şəxslər” sözləri ilə əvəz edilmişdir. Nəticə etibarı ilə qanunverici qeyd
edilən məqsədə çatmaq üçün ağlabatan və real meyarı müəyyənləşdirmişdir.
Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5-ci,
20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci madddələrində göstərilmiş şəxslərin
həmin Qanunun 37.3.4-cü maddəsində nəzərdə tutulan müvafiq hüququ əldə
etməsi müstəsna olaraq həmin dövlət orqanlarının vəzifəli şəxslərinin qulluq
fəaliyyətinin davamlılığının təmin olunmasının vacibliyinə əsaslanır. Bu
səbəbdən Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində
qeyd olunan şəxslər 20.1-ci maddədə nəzərdə tutulmuş digər şəxslərlə oxşar
vəziyyətdə olan şəxslər kimi qəbul oluna bilməzlər.
Qeyd olunanlara əsasən mübahisələndirilən məsələ
Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə uyğun olmayan hesab
edilə bilməz.
Bəzi işləyən pensiyaçılara qulluq stajına görə əmək pensiyasına
əlavələrin ödənilməməsinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş
mülkiyyətin toxunulmazlığı prinsipinə zidd olaraq onların artıq qazanmış
olduqları mülkiyyətdən məhrum edilməsi kimi qiymətləndirilməsinə gəldikdə isə
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları vurğulayır.
Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər
ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək
tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci
maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər
şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa
qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il
tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük
Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). Lakin
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin yalnız konkret şəxsin mövcud
əmlakına münasibətdə tətbiq edilən olduğunu və əmlakın əldə edilməsi hüququna
təminat vermədiyini (Marks Belçikaya qarşı iş üzrə 13 iyun 1979-cu
il tarixli Qərar, §50) nəzərə alan Avropa Məhkəməsi Mariya Elizabet
Puricel Rumıniyaya qarşı iş üzrə 14 iyun 2011-ci il tarixli
Qərardadında qeyd etmişdir ki, əgər dövlətin daxili qanunvericiliyində müvafiq
hüquq nəzərdə tutulmamışdırsa, Konvensiyanın qeyd olunan norması öz-özlüyündə
pensiyanın hər hansı növünə və ya onun müəyyən həcminə olan hüquqa təminat
vermir (§21).
Avropa Məhkəməsinin bu məsələyə dair təcrübəsini nəzərə alaraq,
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qulluq stajına görə əmək
pensiyasına əlavə yalnız onun alınmasına dair qanunvericiliklə müəyyən olunmuş
bütün şərtlərə riayət olunduğu təqdirdə “mülkiyyət”
sayılaraq Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir
dairəsinə düşür.
“Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin məzmunundan
görünür ki, qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faiz həcmində
alınması bir sıra işləyən pensiyaçılara münasibətdə onların qulluq stajına
görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə
çalışmanın davam etdirilməməsi ilə şərtləndirilmişdir. Bu səbəbdən də belə
işləyən pensiyaçıların əmək pensiyasına əlavələr göstərilən şərtin mövcud
olduğu təqdirdə mülkiyyət sayılmadığından, onları bu şərtə görə həmin şəxslərə
verilməməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd hərəkət kimi
qiymətləndirilə bilməz.
Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,
qanunverici tərəfindən öz səlahiyyətləri çərçivəsində “Əmək pensiyaları
haqqında” Qanunun 20.1.1-ci–20.1.10-cu və 20.1.14-cü–20.1.21-ci maddələrində
nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələrin
hesablanması qaydasının və şərtlərinin tədricən təkmilləşdirilməsi həmin
maddələrdə göstərilən dövlət orqanlarının fəaliyyətində sabitliyin və
davamlılığın möhkəmləndirilməsi məqsədinə xidmət etmiş olar.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu
aşağıdakı nəticələrə gəlir:
- “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən
həmin Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci
maddələrində göstərilən şəxslərdən (yalnız həmin orqanlarda azı 25 il
qulluq stajı olan) fərqli olaraq, bu Qanunun 20.1.1-ci–20.1.10-cu və
20.1.14-cü–20.1.21-ci maddələrində sadalanan digər işləyən
pensiyaçılara həmin vəzifədə çalışdıqda, qulluq stajına görə əmək
pensiyasına əlavələrin ödənilməsinin dayandırılması Konstitusiyanın 25-ci
maddəsinin I hissəsi, 29-cu maddəsinin IV hissəsi və 71-ci maddəsinin II
hissəsi ilə uyğunsuzluq təşkil etmir;
- Dövlət orqanlarının fəaliyyətində sabitliyin və davamlılığın
möhkəmləndirilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Qanunun 20.1.1-ci–
20.1.10-cu və 20.1.14-cü–20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin
qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydasının və
şərtlərinin təkmilləşdirilməsi qanunvericilik qaydasında tədricən həyata
keçirilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III
hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun
37.3.4-cü maddəsinə əsasən həmin Qanunun 20.1.5-ci, 20.1.14-cü,
20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən (yalnız həmin
orqanlarda azı 25 il qulluq stajı olan) fərqli olaraq, bu
Qanunun 20.1.1-ci–20.1.10-cu və 20.1.14–20.1.21-ci maddələrində
sadalanan digər işləyən pensiyaçılara həmin vəzifədə çalışdıqda, qulluq
stajına görə əmək pensiyasına əlavələrin ödənilməsinin dayandırılması
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi,
29-cu maddəsinin IV hissəsi və 71-ci maddəsinin II hissəsi ilə uyğunsuzluq
təşkil etmir.
2. Dövlət orqanlarının fəaliyyətində sabitliyin və davamlılığın
möhkəmləndirilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 20.1.1-ci–20.1.10-cu və 20.1.14-cü–20.1.21-ci
maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına
əlavələrin hesablanması qaydasının və şərtlərinin təkmilləşdirilməsi
qanunvericilik qaydasında tədricən həyata keçirilə bilər.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun
14 noyabr 2014-ci il tarixli qərarının nəticəvi hissəsinin ikinci bəndinə
dair hakim R.R.İsmayılovun
X Ü S U S İ R Ə Y İ
Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət
edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan
sonra - Qanun) 37.3.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra - Konstitusiya) Preambulasına, 12-ci maddəsinin I hissəsinə,
16-cı maddəsinin I hissəsinə, 25-ci maddəsinin I, III, IV və V hissələrinə,
29-cu maddəsinin IV hissəsinə, 35, 38 və 71-ci maddələrinə uyğunluğunun
yoxlanılmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra - Plenum) sorğuda
qaldırılan məsələ ilə əlaqədar qərara gəlmişdir ki:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun
37.3.4-cü maddəsinə əsasən həmin Qanunun 20.1.5-ci, 20.1.14-cü,
20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən (yalnız həmin
orqanlarda azı 25 il qulluq stajı olan) fərqli olaraq, bu
Qanunun 20.1.1-ci–20.1.10-cu və 20.1.14–20.1.21-ci maddələrində
sadalanan digər işləyən pensiyaçılara həmin vəzifədə çalışdıqda, qulluq
stajına görə əmək pensiyasına əlavələrin ödənilməsinin dayandırılması
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi,
29-cu maddəsinin IV hissəsi və 71-ci maddəsinin II hissəsi ilə uyğunsuzluq
təşkil etmir.
2. Dövlət orqanlarının fəaliyyətində sabitliyin və davamlılığın
möhkəmləndirilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 20.1.1-ci–20.1.10-cu və 20.1.14-cü–20.1.21-ci
maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına
əlavələrin hesablanması qaydasının və şərtlərinin təkmilləşdirilməsi
qanunvericilik qaydasında tədricən həyata keçirilə bilər.
Qərarın nəticəvi hissəsinin birinci bəndinə səs verərək, ikinci bəndi
ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edirəm.
Qərarın ikinci bəndini əsaslandırarkən Plenum bir cümlə ilə
kifayətlənərək qeyd etmişdir: “Bununla yanaşı, Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, qanunverici tərəfindən öz səlahiyyətləri çərçivəsində
“Əmək pensiyaları haqqında” Qanunun 20.1.1-ci–20.1.10-cu və
20.1.14-cü–20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına
görə əmək pensiyasına əlavələrin hesablanması qaydasının və şərtlərinin
tədricən təkmilləşdirilməsi həmin maddələrdə göstərilən dövlət orqanlarının
fəaliyyətində sabitliyin və davamlılığın möhkəmləndirilməsi məqsədinə xidmət
etmiş olar”.
Hesab edirəm ki, ikinci bəndin əsaslandırması daha geniş olmalı idi.
Bu olmadığından ikinci bəndin ümumi mahiyyəti və forması tam aydın deyil. Bu
fikir onunla da möhkəmlənir ki, Plenum Qanunun 37.3.4-cü maddəsinin
Konstitusiyaya zidd olmadığını müəyyən etdiyi halda, Qanunun müvafiq
müddəalarının təkmilləşdirilməsini hansı səbəbdən mümkün saydığını
göstərmir. Digər tərəfdən isə təkmilləşdirilmənin hansı formada və
istiqamətdə aparılması da izah edilməyib.
İkinci bənddə göstərilən bəzi dövlət orqanlarının fəaliyyətində
sabitliyin və davamlılığın möhkəmləndirilməsinin aparılmasının xüsusiyyətlərinə
dair heç bir fikir ifadə olunmayıb. Təsadüfi deyil ki, Qərarın birinci bəndinə
dair təsviri-əsaslandırıcı hissədə söhbət məhz dövlət qulluğunun sabitliyindən
və davamlılığından gedir. Dövlət qulluğu öz mahiyyətinə görə müvafiq karyeranın
qurulmasına daha sabit imkan yarada bilməsi ilə xarakterizə olunur. Bu cəhət
isə ikinci bənddə göstərilən bütün dövlət orqanlarına tam şəkildə xas deyil.
Digər tərəfdən Qanunun 20.1.5-ci,
20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən orqanları
birləşdirən bir sıra amillər mövcuddur. Bunlara xidmətə qəbulun və xidmətdə
olmanın yaş həddləri, pensiyaya çıxmağa imkan verən qulluq stajının müddəti (25
il) və s. aiddir. Bu amillərin bəziləri qanunvericinin Qərarda qeyd edilən
məqsədə çatmaq üçün istifadə edilən vasitəni seçməsinə təsir etmişdir. Bu
məsələ Azərbaycan Respublikası Milli Məclisinin plenar
iclasında müəyyən dərəcədə müzakirə olunmuşdur (Azərbaycan Respublikasi
Milli Məclisinin 2007-ci il 6 noyabr tarixli iclasının
stenoqramı).
Qərarın ikinci bəndində Qanunun 20.1-ci maddəsində göstərilən
müxtəlif orqanların bir sırada sadalanması yuxarıda göstərilən amillərin nəzərə
alınmadığına dəlalət edir.
Digər tərəfdən ikinci bənd Plenumun Konstitusiyanın 25-ci maddəyə
dair qənaətini müəyyən dərəcədə şübhə altına alır. Belə ki, Plenumun bu maddəyə
dair mövqeyinin təməlində Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci və
20.1.20-ci maddələrində qeyd olunan şəxslərin 20.1-ci maddədə nəzərdə tutulmuş
digər şəxslərlə müqayisədə fərqli vəziyyətdə olması durur. Yəni məhz yuxarıda
göstərilən dörd orqanda dövlət qulluğunda sabitliyin təminatı tələbi
yarandığından onlar fərqli vəziyyətdədirlər.
Eyni zamanda bu da qeyd olunmalıdır ki, təkmilləşdirilmənin
aparılıb-aparılmaması ilə bağlı qərarların qəbul edilməsi, əsasən, məhkəmə
hakimiyyəti orqanına deyil, dövlət hakimiyyətinin digər qollarına aiddir. Onlar
müvafiq sahələrin hüquqi tənzimlənməsinə olan tələbatın təhlilində və qiymətləndirilməsində
daha əlverişli vəziyyətdədirlər. Bu mənada “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun 42.1-ci maddəsinin müddəaları nəzərə
alınmalıdır. Müəyyən dərəcədə oxşar mövqe Avropa Birliyinin Ədalət Məhkəməsi
tərəfindən ifadə edilmişdir (C-127/07 saylı 16 dekabr 2008-ci il tarixli qərar,
§ 57).
Burada onu da nəzərə almaq lazımdır ki, qanunvericiliyin
Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə uyğunluğu ilə əlaqədar
Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirdiyi nəzarətin həcmi bir sıra
faktorlardan, o cümlədən qanunvericinin konkret sahə üzrə olan mülahizə
sərbəstliyinin genişliyindən asılıdır. Sorğuda qaldırılan məsələ sosial
hüquqlara aiddir. Bu sahədə qanunvericinin geniş mülahizə sərbəstliyinin
mövcudluğu Konstitusiya Məhkəməsinin bu sahə üzrə həyata keçirdiyi nəzarətin
həcminin nisbətən daha az olduğuna dəlalət edir. Oxşar fikirlər İnsan hüquları
üzrə Avropa Məhkəməsi və xarici ölkələrin konstitusiya ədliyyəsi orqanları
tərəfindən ifadə olunmuşdur. (Karson və digərləri Birləşmiş Krallığa qarşı iş
üzrə Böyük Palatanın 16 mart 2010-cu il tarixli Qərarı, § 61; Almaniya Federal
Konstitusiya Məhkəməsinin 26 yanvar 2012-ci il tarixli 1 BvL 21/11 saylı və 26
yanvar 1988-ci il tarixli 1 BvL 38, 40, 43/92 saylı qərarları).
Məsələyə daha geniş yanaşıldıqda Qanunun 6.2-ci maddəsinin, habelə
Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə
təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya
təminatı sisteminin islahatı Konsepsiya”sının müddəalarının nəzərə alınmasının
vacibliyi xüsusi qeyd edilməlidir.
Hakim R.R.İsmayılov