AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN
RESPUBLIKASI
KONSTITUSIYA
MƏHKƏMƏSI PLENUMUNUN
Q Ə R A R I
R.Cəfərovun
iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki
Kollegiyasının 8 iyun 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
18 may 2012-ci
il
Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev,
Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət
tərkibdə,
məhkəmə
katibi İsmayıl İsmayılovun,
sorğuverən
orqanın nümayəndəsi Azərbaycan Respublikası Prokurorluğunun Hüquqi təminat və
informasiya İdarəsinin rəisi Natiq Hüseynovun,
cavabverən
orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Bağır
Əsədovun,
ekspert
Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının
professoru, hüquq elmləri doktoru Mayis Əliyevin,
mütəxəssislər Azərbaycan Respublikası
Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş
məsləhətçisi Eldar Əsgərovun və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə
Fondunun Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Günay
Bağırovanın iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin III hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq
məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun 2011-ci il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini,
maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin
rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Sorğudan və mülki işin materiallarından
görünür ki, R.Cəfərov Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna
(bundan sonra – Dövlət Sosial Müdafiə Fondu) müraciət edərək 5 illik ali
təhsil müddətinin və 7 ilədək məhkəmə sədri vəzifəsində işlədiyi dövrün
prokurorluqdakı xidmət stajına hesablanmasını, 2001-ci ilin iyul ayından ona
prokurorluqda 25 il xidmətə görə pensiya təyin edilməsini və həmin vaxtdan
pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin Dövlət Sosial
Müdafiə Fondunun 22 may 2007-ci il tarixli məktubu ilə R.Cəfərovun prokurorluq
orqanlarında azı 25 il qulluq stajı olmaması əsası ilə güzəştli şərtlərlə əmək
pensiyası təyin edilməsindən imtina edilmişdir.
R.Cəfərov iddia ilə məhkəməyə müraciət
edərək tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci ildən 1977-ci ilədək
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, oranı
bitirdikdən sonra təyinatla prokurorluq orqanlarında əmək fəaliyyətinə
başlamışdır. 1977-ci ilin avqust ayının 1-dən 2000-ci il sentyabrın 1-dək
fasiləsiz olaraq prokurorluq orqanlarında müstəntiq, prokuror köməkçisi və
prokuror vəzifələrində, 2000-ci ilin sentyabr ayının 1-dən 2007-ci il iyulun
27-dək isə Quba rayon məhkəməsinin sədri vəzifəsində işləmişdir. Buna
əsaslanaraq R.Cəfərov Dövlət Sosial Müdafiə Fondunun onun təhsil illərini və
məhkəmədə işlədiyi illəri prokurorluqdakı xidmət illərinə daxil etməli olduğu
və prokurorluq orqanlarında 25 illik staja görə pensiya hüququnun yarandığı
andan təmin edilməli olduğu qənaətinə gəlmişdir.
Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17
dekabr 2007-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, R.Cəfərovun
Quba rayon məhkəməsinin sədri vəzifəsində işlədiyi müddətin prokurorluqda
xidmət illərinə daxil edilməsi və ona prokurorluq işçisi kimi pensiya təyin
edilməsi qət edilmişdir.
Bundan sonra 4 il ərzində mülki işə
dəfələrlə apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılaraq
müxtəlif qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 8 iyun 2011-ci il
tarixli qərarı ilə R.Cəfərovun məhkəmə sədri vəzifəsində işlədiyi müddətin
prokurorluqda işlədiyi 23 il 1 ay 3 gün müddətə toplanaraq, 1 avqust 2002-ci il
tarixindən ona prokurorluqda 25 il xidmətə görə güzəştli pensiya təyin
edilməklə qanunauyğun olaraq hesablanıb ödənilməsinin Dövlət Sosial Müdafiə
Fondunun Nəsimi rayon şöbəsinə həvalə edilməsi qərara
alınmışdır.
Sorğuverən Ali Məhkəmənin MK-nın 8 iyun
2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 127-ci maddəsinin II hissəsinə, 129-cu maddəsinin III
hissəsinə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan
Respublikasının 15 noyabr 2001-ci il tarixli Qanununun (bundan sonra –
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun) 32.4, 32.5-ci
maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 28 noyabr
2008-ci il tarixli Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında”
Qanun) 9.4, 9.8-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş
etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu
ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab
edir.
Konstitusiya hüququnun doktrinası hüquqi
müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun
aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi
digər tələblərlə yanaşı ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı
və müəyyənliyi nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il
tarixli Qərarı). Hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya
qeyri-müəyyənliyi məhz məhkəmə təcrübəsi vasitəsi ilə aradan
qaldırılır.
Konstitusiya Məhkəməsi Plenumunun
formalaşdırdığı hüquqi mövqeyə görə kassasiya məhkəməsi qanunun tətbiqinin
düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan
səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və
vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Bu da Konstitusiyanın 131-ci
maddəsinin I hissəsinin, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan
Respublikası Qanununun 77-ci maddəsinin I hissəsinin müddəalarından irəli gələn
vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edir (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli
Qərarı).
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
Scordino İtaliyaya qarşı (no. 1) iş üzrə qərarında ifadə etdiyi hüquqi
mövqeyinə görə Konvensiyanın 19-cu maddəsi baxımından bu Məhkəmənin məqsədi
daxili qanunvericiliyin təfsir və tətbiq edildiyi tərzin presedent hüququnda
olduğu kimi Konvensiya prinsiplərinə uyğun olub-olmamasının yoxlanılmasından
ibarətdir. Avropa Məhkəməsi bu qərarında göstərmişdir ki, İtaliya Kassasiya
Məhkəməsinin düzgün qeyd etdiyi kimi, daxili qanunvericilik Konvensiyanın müddəalarına
açıq-aşkar istinad etdiyi hallarda bu daha vacib əhəmiyyət kəsb edir. Bu
nəzarət rolunun həyata keçirilməsi Avropa Məhkəməsi üçün o halda daha asan olur
ki, məsələ Konvensiyanı öz hüquqi sisteminə daxil etmiş və onu birbaşa tətbiq
olunan normalar kimi qiymətləndirən Dövlətlərə aid olsun, ona görə ki, bu
Dövlətlərin Ali məhkəmələri, bir qayda olaraq, Avropa Məhkəməsinin müəyyən
etdiyi prinsiplərə riayət olunmasına nəzarət etməlidirlər (no. 36813/97,
29 mart 2006-cı il, §§ 190-191).
Konstitusiya Məhkəməsinin Plenumu bu
mənada qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən daxili
qanunvericiliyin təfsiri və tətbiqi eynilə Konstitusiyanın müddəalarına və
qanunvericilyə uyğun olmalıdır. Belə ki, istənilən məsələ üzrə formalaşan
məhkəmə təcrübəsi, hər bir halda, tətbiq edilən hüquqi normanın məqsəd və
mahiyyətinə uyğun olmalı, onun mənası təhrif olunmamalı, xüsusilə də tətbiqetmə
təcrübəsi elə tərzdə formalaşdırılmalıdır ki, Konstitusiyada təsbit edilmiş
insan hüquq və azadlıqlarının pozulmasına səbəb
olmasın.
Bu baxımdan, qeyd olunmalıdır ki,
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.4-cü maddəsinə
əsasən yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş işçilər xidmət
illərinə görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq
keçməsinə xitam verilə bilər. Eyni zamanda, daha sonra qüvvəyə minmiş “Əmək
pensiyaları haqqında” Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan
digər şəxslər”ə həsr edilən 9-cu maddəsi də prokurorluq orqanlarında azı 25 il
qulluq etmiş prokurorluq işçilərinin əmək pensiyası hüququnu təsbit edir (maddə
9.4.1.).
Prokurorluq orqanlarında qulluq
anlayışının aydınlaşdırılması üçün “Prokurorluq orqanlarında qulluq keçmə
haqqında” Qanunun 32.5-ci maddəsinə nəzər yetirilməlidir. Belə ki, həmin
müddəaya görə prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə
orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin
orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə
orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati
təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin
xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən
olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.
Beləliklə, prokurorluq işçilərinin əmək
pensiyası hüququnu əldə etmək üçün qanunvericilikdə iki imkan - prokurorluq
orqanlarında 25 il xidmət və ya prokurorluq orqanlarına işə keçərkən müvafiq
digər orqanlarda, o cümlədən məhkəmə orqanlarındakı xidmət illərinin
prokurorluqdakı xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuşdur. Belə olan
halda, hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun
məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil
edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ
yarana bilər. Digər tərəfdən, stajın əksər hissəsini prokurorluq orqanlarında
işləmiş, lakin 25 xidmət illəri tamam olmadan prokurorluq orqanlarından digər
müvafiq orqanlara, o cümlədən hakim işləməyə keçmiş şəxsin sonrakı hakim
stajının prokurorluqdakı xidmət illəri ilə birləşdirilərək, prokurorluq
qulluqçusu kimi güzəştli pensiya hüququnun əldə olunması yuxarıda qeyd olunan
qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.
Bundan başqa, “Prokurorluq orqanları
işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 saylı Qərarı ilə təsdiq edilmiş
“Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi” Qaydasının
2.2.3-cü bəndi prokurorluq işçisinin yalnız əlavə haqq almaq hüququna aiddir və
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə
uyğun olaraq şəxsin məhkəmələrdə hakim işlədiyi müddətin yalnız əlavə haqq
almaq hüququnu əldə etməsi məqsədilə onun prokurorluqdakı iş stajına daxil
olunmasını müəyyən edir. Eyni zamanda,“Ədliyyə orqanlarında qulluq keçmə
haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun
(bundan sonra - “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun) 18.5-ci
maddəsi də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci
maddəsinin müddəalarına analoji olmaqla yanaşı, yalnız ədliyyə orqanları
işçilərinin sosial vəziyyətini tənzimləyir.
Müvafiq olaraq, qeyd olunan Qaydanın
2.2.3-cü bəndi, eləcə də “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun
18.5-ci maddəsi prokurorluq işçisi kimi güzəştli pensiya hüququnun əldə
olunması üçün qanuni əsas təşkil edə bilməz.
Göstərilənlərdən belə nəticəyə gəlmək olar
ki, “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi” Qaydasının
2.2.3-cü bəndi və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 18.5-ci
maddəsi əsasında prokurorluq orqanlarında 25 il xidmət illəri tamamlanmadan
müvafiq digər orqanlara, o cümlədən hakim işləməyə keçmiş şəxsin sonradan
prokurorluq işçisi kimi güzəştli pensiya almaq hüququna malik olmasına dair
kassasiya instansiyası məhkəməsinin 8 iyun 2011-ci il tarixli qərarı
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə,
habelə “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə, eləcə də
Konstitusiyanın məhkəmə müdafiəsi təminatını nəzərdə tutan 60-cı maddəsinə
uyğun hesab edilə bilməz.
Bununla belə qeyd edilməlidir ki,
Konstitusiyanın 125-ci maddəsinin II hissəsinə əsasən məhkəmə hakimiyyətini
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının
Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan
Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri
həyata keçirirlər. Eyni zamanda, Azərbaycan Respublikasının Prokurorluğuna həsr
olunmuş Konstitusiyanın 133-cü maddəsi də “Məhkəmə hakimiyyəti” adlandırılan
VII fəslinə daxil edilmişdir.
Digər Avropa ölkələrində də belə yanaşma
mövcuddur. Belə ki, “Məhkəmə hakimiyyətinin statusu haqqında” 22 dekabr 1958-ci
il tarixli Fransa Respublikasının Qanununda məhkəmə hakimiyyətinin hakimlərlə
yanaşı prokurorlardan da ibarət olduğu göstərilmişdir.
Yuxarıda şərh edilənlərdən aydın olur ki,
xidməti stajın əksər hissəsini prokurorluq orqanında çalışaraq 25 ili tamam
olmadan hakimliyə keçmiş şəxslə hakimlikdən prokurorluq qulluğuna keçmiş şəxs
arasında sosial təminat baxımından imtiyazlı xarakterli fərq yaranmışdır.
Bununla əlaqədar nəzərə almaq
lazımdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu
Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin
rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli
azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı
əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.
Avropa Məhkəməsinin bu müddəa ilə
bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya
çıxması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə
rəftarda fərqləndirmə olmamalıdır. Konvensiyanın 14-cü maddəsi tanınması mümkün
olan, obyektiv və ya şəxsi xüsusiyyətlərə, yaxud da şəxslərin və ya qrupların
biri digərindən ayrıldığı “statusa” əsaslanan rəftardakı fərqləndirməni qadağan
edir. Belə fərqləndirmə obyektiv və əsaslı deyilsə, başqa sözlə, qanuni məqsədə
yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan
məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab
edilir (Ranqelov Almaniyaya qarşı, 22 mart 2012-ci il, §§ 85-86).
Bu baxımdan, Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, məhkəmə hakimiyyətinin daxilində oxşar vəziyyətdə olan
şəxslər arasında güzəştli pensiya məsələsində sosial təminatda olan belə
fərqləndirmə hər hansı obyektiv və əsaslı səbəblərə söykənmir.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
Prokurorluq qulluqçularının, habelə
hakimlərin sosial təminatına aid qanunvericiliyin müddəalarının Konstitusiyanın
VII fəsli, habelə Konvensiyanın 14-cü maddəsi baxımından təkmilləşdirilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;
R.Cəfərovun iddiasına əsasən mülki iş üzrə
Ali Məhkəmənin MK-nın 8 iyun 2011-ci il tarixli qərarı Konstitusiyanın 60-cı
maddəsinə, eləcə də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun
32.5-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə
uyğun olmayan hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan
Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yenidən baxılmalıdır.
Eyni zamanda, mülki işin Konstitusiyanın,
eləcə də Konvensiyanın tələblərinə cavab verən həlli qanunvericilik qaydasında
prokurorluq orqanları qulluqçularının güzəştli pensiya hüququnun
tənzimlənməsinin təkmilləşdirilməsini zəruri etdiyindən Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, R.Cəfərovun iddiasına dair mülki işə
qanunverici tərəfindən müvafiq təkmilləşdirmə aparıldıqdan sonra məhkəmə
qaydasında yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan
Respublikası Qanununun 52, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının VII fəslinin, habelə
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinin müddəaları nəzərə alınmaqla,
prokurorluq
qulluqçularının, habelə
hakimlərin sosial təminatına dair qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. R.Cəfərovun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun
2011-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, eləcə də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə uyğun olmayan hesab edilsin və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir. Bu Qərarın 2-ci bəndinin icrası qanunvericilik qaydasında məsələ öz həllini tapdıqdan sonra həyata keçirilsin.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr
Fərhad Abdullayev
XÜSUSİ
RƏY
Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) Ramiz İsmayıl
oğlu Cəfərovun iddiası əsasında mülki iş üzrə 8 iyun 2011-ci il tarixli
qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –
Konstitusiya) 127-ci maddəsinin II hissəsinə, 129-cu maddəsinin III hissəsinə
və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası
Qanununun 32.4, 32.5, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası
Qanununun 9.4, 9.8-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
R.Cəfərov
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Dövlət
Sosial Müdafiə Fondu) müraciət edərək 5 illik ali təhsil və 7 ilədək
məhkəmə sədri vəzifəsində işlədiyi müddətlərin prokurorluqdakı xidmət stajına
hesablanmasını və prokurorluqda 25 il xidmətə görə pensiya təyin
edilməsini xahiş etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondu ilə R.Cəfərovun
prokurorluq orqanlarında azı 25 il qulluq stajı olmadığı əsas götürülərək ona
staja görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina
edilmişdir. Bundan sonra R.Cəfərov iddia ərizəsi ilə məhkəməyə müraciət
etmişdir.
4 il ərzində mülki işə bir neçə dəfə apellyasiya və kassasiya instansiyası
məhkəmələrində baxılaraq müxtəlif qərarlar qəbul edilmişdir. Sonuncu dəfə
Ali Məhkəmənin MK 8 iyun 2011-ci il tarixli qərarı ilə R.Cəfərovun 1 sentyabr
2000-ci ildən 27 iyul 2007-ci ilədək Quba rayon məhkəməsinin sədri vəzifəsində
işlədiyi müddətin prokurorluqda işlədiyi 23 il 1 ay 3 gün müddətə toplanaraq, 1
avqust 2002-ci il tarixindən ona prokurorluqda 25 il xidmətə görə pensiya təyin
edilib, qanunauyğun olaraq hesablanıb ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun
Nəsimi rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
Sorğu
ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edirəm.
Konstitusiyanın
130-cu maddəsinin III hissəsinin 4-cü bəndinə əsasən prokurorluq sorğu ilə
Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Konstitusiyanın həmin
müddəasına görə Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarlarını eyni zamanda
Konstitusiyaya və qanunlara uyğun olmasını yoxlayır. Kassasiya instansiya
məhkəməsinin qərarı həm Konstitusiyaya həmdə qanunlara uyğun olmadığı halda
Konstitusiya Məhkəməsinin əsaslandırılmış qərarı ilə qüvvədən düşmüş hesab
edilə bilər. Bu isə o deməkdir ki, Konstitusiyanın hansı müddəaların pozulması
ətraflı əsaslandırılmalıdır.
Sorğuda
qaldırılan məsələnin məhkəmə prosesinin tərəflərinin səlahiyyətlərinə,
hüquqlarına və qanuni maraqlarına toxunulması da dəqiq müəyyən olunmalıdır.
Vahid
məhkəmə təcrübəsinin formalaşdırılması zəruriliyi baxımından Ali Məhkəmənin
qərarının Konstitusiyaya və qanunlara uyğunluğunu yoxlayarkən hüquqi
müəyyənlik, «res judicata» prinsipləri nəzərə alınmalıdır.
İnsan
hüquqları, o cümlədən hüqüq və azadlıqların məhkəmə təminatı fərdlərə
məxsusdur, onlar tərəfindən həyata keçirilir və onlara qarşı məhdudlaşdırıla və
ya pozula bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, dövlət orqanları insan
hüquqlarının daşıyıcısı kimi çıxış
etmirlər.
Konstitusiyada
hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o
cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən
Konstitusiyanın 38-ci maddəsinin III hissəsinə əsasən hər kəs qanunla müəyyən
edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını
itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə
tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər
bir vətəndaşın sosial təminat hüququ onun qanunla müəyyən edilmiş hallarda və
məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı
sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir.
Sosial
təminat hüququ həmçinin “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci
maddəsində, "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq
Paktın 9-cu maddəsində, Avropa Sosial Xartiyasının 12-ci maddəsində öz əksini
tapmışdır.
Azərbaycan
Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının
əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası
təminatı sistemini müəyyən edən əsas qanunvericilik aktı “Əmək pensiyaları
haqqında” 7 fevral 2006-cı il tarixli Azərbaycan Respublikasının
Qanunudur (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun). Həmin Qanunun
9.4.1-ci maddəsinə görə prokurorluq orqanlarında azı 25 il qulluq etmiş
prokurorluq işçilərinin əmək pensiyası hüququ vardır. Lakin
prokurorluq işçilərinin qulluq stajına əmək fəaliyyətinin hansı dövrlərinin
daxil edilməsi “Əmək pensiyaları haqqında” qanunda müəyyən edilməmişdir.
Qanunvericiliyin
təhlili göstərir ki, pensiyanı, o cümlədən güzəştli pensiya və əmək haqqına
müxtəlif əlavələr hesablanarkən vahid anlayış - əmək stajı. “Əmək
pensiyaları haqqında” qanununun 9.4.1-ci maddəsinə ümumi olaraq 25 il staj
göstərilmişdir. Belə olan halda prokurorluq işçilərinin qulluq stajına
fəaliyyətinin hansı dövrlərinin daxil edilməsini müəyyən etmək üçün başqa
qanunların təhlilinə ehtiyac yaranır.
Prokurorluq
işçilərinin qulluq stajına əmək fəaliyyətinin hansı dövrlərinin daxil edilməsi
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 29
iyun 2001-ci il tarixli Qanunu ilə tənzimlənir. Həmin Qanunun 32.5-ci maddəsinə
əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə
orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin
orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə
hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və
ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul
edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru
tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə
daxil edilir.
Eyni
zamanda qanunverici hakimlik stajı ilə prokurorluqda xidmət illərini
eyniləşdirmişdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan
Respublikası Qanununun hakimlərin maddi təminatı məsələlərini tənzimləyən
106-cı maddəsinin 2-ci hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə,
həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi
həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim
vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı
xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir.
Bununla
belə əvvəllər prokurorluq orqanlarında işləmiş, sonradan hakim vəzifəsinə təyin
edilmiş hakimlərin prokurorluq orqanlarındakı iş stajları hakim stajı ilə
eyniləşdirilmiş və onlara da prokurorluqdakı iş stajlarına görə əmək haqqına
əlavə məbləğin hesablanması nəzərdə tutulmuşdur.
Qeyd
olunan normalardan görünür ki, qanunvericilikdə prokurorların və hakimlərin
əmək stajlarının qarşılıqlı sürətdə hesablanmasını nəzərdə tutub. Bu qayda
konstitusiya normalarına əsaslanır. Belə ki, prokurorluq orqanlarının
hakimiyyət sistemində yerinin müəyyən edilməsi ilə bağlı qeyd etmək lazımdır
ki, Konstitusiyanın VII fəslinə əsasən prokurorluq orqanları məhkəmə
hakimiyyəti sisteminə daxil edilmişdir. Bu, “Prokurorluq haqqında” 7 dekabr
1999-cu il tarixli Azərbaycan Respublikası Qanununda da öz əksini
tapmışdır. Belə ki, həmin Qanunun 2-ci maddəsinə görə Azərbaycan
Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi
və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş
prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
Göründüyü
kimi, Konstitusiyanın VII fəslinə və “Prokurorluq haqqında” Qanuna əsasən
prokurorluq orqanları məhkəmə hakimiyyətinə aid edilmişdir. Belə bir yanaşma
mövcuddur ki, hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və
onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil
edildikdə, bu şəxsin prokurorluq işçilsi kimi güzəştli pensiya hüququ yarana
bilər. Belə olan halda güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranması üçün
sonuncu iş yeri mütləq prokurorluq orqanında olmasını tələb edir. Lakin
“Əmək pensiyaları haqqında” qanunun 5-ci maddəsinə əsasən vətəndaşlar pensiya
seçmək hüququna malikdirlər. Həmin maddədə göstərilir ki, Azərbaycan
Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları
ilə yalnız bir pensiya təyin edilir. Yəni Azərbaycan Respublikasının
qanunvericiliyi müxtəlif pensiya hüququ olan şəxsə öz arzusu ilə sərbəst bir
pensiyanı seçmək hüququ verir. Vətəndaşın həm sonuncu iş yeri,
həmdə əmək fəaliyyətinin müxtəlif dövrləri üzrə pensiyası hüququ yarana bilər.
Belə olan halda vətəndaş hansı pensiya hüququndan istifadə edilməsini sərbəst
seçə bilər.
Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasının pensiya qanunvericiliyi pensiya hüququnun yaranmasını və şəxsin öz arzusu ilə pensiyanın seçilməsini vətəndaşın sonuncu iş yeri ilə şərtləndirmir. Bu baxımdan pensiya təyin etmək üçün sonuncu iş yerinin məhkəmə və ya prokurorluq orqanı olmasının heç bir hüquqi əhəmiyyəti yoxdur.
Hakim Kamran Şəfiyev