Qərarlar

25.01.05 «AR bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə»11/06/04,№688-IIQD,AR Qanununun IIIhis.9-cu b.və IVhis.7-ci b.AR Konstitusiyasının 130-cu mad.IX his. dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli,

688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair

25 yanvar 2005-ci il                                                                                                                               Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim),  İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

tərəflərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının rəhbəri R.Rəhimovun və Azərbaycan Respublikasının Milli Məclisi aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini S.Kərimovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, tərəflərin nümayəndələri R.Rəhimov və S.Kərimovun çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N     E T D I:

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikasının Qanunu ilə bir sıra qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilmişdir. Bununla Azərbaycan Respublikasının mülki və cinayət prosessual qanunvericiliyində hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat institutu yaradılmışdır.

Bu icraat Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra - Ali Məhkəmə) qərarlarının və ya məhkəməyə müraciət hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına (bundan sonra – Konstitusiya və qanunlar) uyğun olmayan hesab edilməsini hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxılması üçün əsaslardan biri kimi nəzərdə tutur.

Qanunla prosessual qanunvericiliyə edilmiş dəyişikliklərə və əlavələrə müvafiq olaraq Ali Məhkəmənin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 431-2-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 456.2-ci maddələri).

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) sorğu verərək  «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndində və IV hissəsinin 7-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxmasını nəzərdə tutan müddəaları hüquq və azadlıqların bərpasına yönəlmiş Konstitusiya Məhkəməsinin qərarının icrasına süni maneə olduğunu hesab edir və buna görə də, həmin bəndlərin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş edir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) sorğusunda qaldırılan məsələ bilavasitə Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi mexanizmlərinin mövcud qanunvericilikdə əks etdirilməsi ilə bağlıdır.

Bu sorğu fundamental hüquqlar sırasında yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatına aid olmaqla yanaşı, eyni zamanda hüquq və azadlıqların səmərəli məhkəmə müdafiəsinin təşkili ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsinə və ədalət mühakiməsinin həyata keçirilməsinə dair bəzi əsas prinsiplərin dəqiqləşdirilməsinə xidmət edir. Sorğu həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatın həyata keçirilməsi zamanı ortaya çıxa biləcək bir sıra suallara aydınlıq gətirilməsi baxımından da çox vacibdir.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə müvafiq olaraq, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 

Sorğuda toxunulan məsələlərin hərtərəfli təhlil edilməsi üçün ilk əvvəl ədalətli məhkəmə araşdırması hüququna dair qanunvericilikdə, o cümlədən  Konstitusiyanın 60, 125, 127, 129–131-ci və s. maddələrində təsbit olunmuş müddəaları  nəzərə alınmalıdır.

Belə ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər.

Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir.

Hakimlər öz funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan müddətlərdə, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən həyata keçirməklə, qanunda nəzərdə tutulmayan fərqlər qoymadan işdə iştirak edən bütün şəxslərə hörmət göstərməklə, tərəflərin bərabərliyi və çəkişməsinə əməl etməklə, işlərə hərtərəfli və sübutların əsasında baxaraq hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməlidirlər. 

Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar.

Məhkəmələrə etimad məhkəmə müstəqilliyindən irəli gələn hakimlərin qərəzsizliyi ilə sıx bağlıdır. Bir tərəfdən qərəzsizlik hakimin bir fərd kimi baxılan məsələyə münasibətdə şəxsi qərəzsizliyini ifadə edir. Digər tərəfdən o, demokratik cəmiyyətdə ədalət mühakiməsinə inamla bağlı olan məhkəmənin zahiri görünüşüdür.

Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir»

Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti Konstitusiya Məhkəməsi, habelə ümumi yurisdiksiyalı məhkəmələr - Ali Məhkəmə, apellyasiya instansiyası məhkəmələri, digər ümumi və ixtisaslaşdırılmış məhkəmələr tərəfindən müvafiq məhkəmə icraatı və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir.

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ümumi yurisdiksiyalı məhkəmələr qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada mülki, inzibati xətalara dair və cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirirlər. Bu məhkəmələrdə həyata keçirilən məhkəmə icraatının qaydaları müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən olunur.

Ümumi yurisdiksiyalı məhkəmələr icraatlarında olan işin faktiki hallarını müəyyən edir (bunu birinci və apellyasiya instansiyası məhkəmələri edirlər), habelə maddi və prosessual hüquq normalarını tətbiq edərək müvafiq məhkəmə qərarları qəbul edirlər. Həmin qərarlara qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda yuxarı məhkəmələr tərəfindən yenidən baxıla bilər. İstənilən digər məhkəmə instansiyasının qərarı kimi Ali Məhkəmənin (kassasiya və əlavə kassasiya icraatının) qərarlarına da yenidən baxıla bilər. Bunun üçün Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müvafiq qaydalar müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsi isə Azərbaycan Respublikasının ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Digər məhkəmələrdən fərqli olaraq onun bütün səlahiyyətləri birbaşa Konstitusiyada (86-cı maddədə, 88-ci maddənin I hissəsində, 102-ci maddədə, 104-cü maddənin II və III hissələrində, 107-ci maddənin I hissəsində, 130-cu maddənin III - X hissələrində və 153-cü maddədə) göstərilir. Konstitusiya məhkəmə icraatının həyata keçirilməsi qaydaları isə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanununda və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsində nəzərdə tutulur.

Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən biri qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktları, bələdiyyə və məhkəmə aktları üzərində konstitusiya nəzarətini həyata keçirməkdən ibarətdir. 24 avqust 2002-ci il tarixdə Konstitusiyaya edilmiş əlavə və dəyişliklərlə əlaqədar 23 dekabr 2003-cü il tarixdə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının yeni Qanunu qəbul edilmişdir. Qanunun qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından verilən konstitusiya şikayətlərinə  (fərdi şikayətlərə) baxılmasına başlanılmışdır.

Konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı konstitusiya məhkəmə icraatının bir neçə xüsusiyyəti mövcuddur. Belə ki, Konstitusiya Məhkəməsi mülki, inzibati xətalara dair və ya cinayət işlərinə baxmır, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.4 – 34.7-ci maddələrinin tələblərinə uyğun verilmiş şikayətləri yalnız hüquqi məsələlər üzrə araşdırır və bu zaman ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən baxılmış işin faktiki hallarını yoxlamaq hüququna malik deyil.

Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair şikayətlərə baxılması normativ hüquqi aktların məhkəmə tərəfindən düzgün tətbiq və ya şərh edilməsi ilə bağlıdır.  Konstitusiya məhkəmə icraatı zamanı nəinki Konstitusiyanın aliliyinin təmin edilməsi, həm də hüquq və azadlıqların məhdudlaşdırılmasının mövcudluğu, eləcə də belə məhdudiyyətlərin mümkün hədləri ilə əlaqədar məsələlər həll olunur.

Şikayətlərə baxarkən Konstitusiya Məhkəməsi: mübahisələndirilən məhkəmə aktının əsasını səhv təşkil edib-etməməsi; məhkəmə tərəfindən özbaşına hərəkətlərə yol verilib-verilməməsi; məhkəmənin hüquq mülahizəsinin Konstitusiya və ya qanunun, habelə hüquq analogiyasının sərhədlərini keçib-keçməməsi və s. suallar ətrafında araşdırma aparır. Bu və digər suallara cavab verərkən məhkəmə aktlarının kobud qanun pozuntuları ilə müşahidə olunması və nəticə etibarı ilə Konstitusiyaya və ya qanunlara uyğun olmaması müəyyən edilərsə,  Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarını müdafiə edir, onların pozulmasına son qoyur və Konstitusiya baxımından əsası olmayan məhdudiyyətlərin qarşısını alır.

Konstitusiya Məhkəməsinin Plenumu mübahisələndirilən aktın Konstutisiyaya və ya qanunlara uyğunluğuna, insan hüquq və azadlıqlarının pozulub-pozulmadığına dair qərar qəbul edir və bu zaman işin faktiki hallarının yoxlanılmasına yol vermir. Lakin bununla yanaşı, Konstitusiya Məhkəməsinin qərarında ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən işin müəyyənləşdirilmiş faktiki hallarına istinad edilməsi faktiki halların yoxlanılması və ya araşdırılması hesab olunmamalıdır.

Bu məsələnin xüsusi qeyd olunması ona görə vacibdir ki, hər hansı məhkəmə aktının Konstutisiyaya və ya qanunlara uyğun olub-olmamasına,  insan hüquq və azadlıqlarını pozub-pozmamasına dair  mübahisənin hüquqi hallarının Konstitusiya Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməsi üçün müvafiq mülki, cinayət və ya digər işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması qaçılmazdır. Sözsüz ki, belə olan halda Konstitusiya Məhkəməsi həmin faktiki halların ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən qanunvericiliyə müvafiq olaraq müəyyən edilib-edilməməsi məsələsinə də diqqət yetirməlidir. Belə ki, faktiki halların prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması məhkəmə aktları ilə məhkəmə müdafiəsi (ədalətli məhkəmə araşdırılması) hüququnun pozulmasına dəlalət etməklə Konstitusiya Məhkəməsində baxılan mübahisənin hüquqi hallarına təsir göstərə bilər.

Konstitusiya işinə mahiyyəti üzrə baxılması nəticəsində Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edir. Mübahisə edilən aktların Konstitusiyaya və ya qanunlara uyğun olmadığı müəyyən edildikdə Konstitusiyanın 130-cu maddəsinin X hissəsinə müvafiq olaraq bu aktlar və ya onların ayrı-ayrı müddəaları Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman həmin aktların hansı andan etibarən qüvvəsini itirdiyini Konstitusiya Məhkəməsinin özü müəyyən edir («Konstitusiya Məhkəməsi haqqında» Qanunun 67-ci maddəsi).

Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır («Konstitusiya Məhkəməsi haqqında» Qanunun 66.4-cü maddəsi). 

Qanunverici hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatın həyata keçirilməsini Ali Məhkəmənin Plenumuna həvalə etmişdir. Konstitusiya Məhkəməsinin qərarı Ali Məhkəməyə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə işə Plenumda baxılmalı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 431-4.2.1 – 431-4.2.3-cü maddələrində və ya Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 458.0.1 və 458.0.2-ci maddələrində nəzərdə tutulmuş qərarlardan biri qəbul edilməlidir.

Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat institutu prosessual qanunvericilik üçün yenidir. Bu institut məhkəmə aktlarında müəyyən olunmuş pozuntuların müvafiq məhkəmə prosedurları üzrə aradan qaldırılmasına və Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq pozulmuş hüquq və azadlıqların bərpasına yönəlmişdir.

Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin hüquqi təbiəti və səlahiyyətləri pozulmuş hüquqları prosessual baxımdan bərpa etməyə imkan vermir. Bununla bağlı olaraq qanunverici həmin vəzifəni ümumi yurisdiksiyalı məhkəmələrinin üzərinə qoyur. Qeyd olunan məsələ ilə bağlı sonunculara verilmiş səlahiyyətlər müəyyən çərçivələrə malik olmaqla, Konstitusiya Məhkəməsi səlahiyyətlərinin mənimsənilməsinə, hüquqi mövqelərinin rədd edilməsinə və ya qərarlarının icra olunmamasına əsas vermir.

Konstitusiya məhkəmə icraatında hüquq və azadlıqların pozulmasının müəyyən olunması və  Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsindən sonra pozulmuş hüquq və azadlıqlar ümumi yurisdiksiyalı məhkəmələrdə  bərpa olunmalıdır. Bu zaman Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin nəzərə alınması, Ali Məhkəmənin Plenumunun qəbul etdiyi qərarın mahiyyəti, işin yenidən baxılmaq üçün hansı mərhələyə göndərilməsi, prosessual müddətlərə riayət edilməsi və s. məsələlər  böyük əhəmiyyət kəsb edir.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabıx Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir: «hüquqi müəyyənlik res cudicata  prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti  işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasını yoluna qoymaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır».

Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat zamanı Ali Məhkəmənin Plenumunun qəbul edə biləcəyi qərarın mahiyyətinin hüquqi baxımdan təhlil olunması üçün Konstitusiya Məhkəməsinin Plenumu milli qanunvericilikdə öz yerini tutmuş və mübahisəsiz qəbul olunan bəzi müddəalara istinad olunmasını məqsədəmüvafiq hesab edir.

Konstitusiya işinə baxılması nəticəsində qəbul olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarı iş üzrə məhkəmənin gəldiyi qənaəti əks etdirir. Bu qərar giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarət olmaqla, vahid sənəd kimi çıxış edir («Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 63.1 və 65.1-ci maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun qərarı mübahisəyə dair hüquqi məsələlərlə bağlı məhkəmənin hüquqi mövqelərini də əks etdirir. Həmin mövqelər bir qayda olaraq Konstitusiyanın əsasları, onun aliliyini və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən  insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır.

Konstitusiyanın 130-cu maddəsinin X hissəsi nəzərdə tutur ki, qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökümətlərarası müqavilələri Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.

Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Bu qərarlar heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar («Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1, 63.4 və 66.2-ci maddələri).

Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoci hallara da şamil edilməlidir.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir aktın Konstitusiyaya uyğun olub-olmaması faktının təsdiq edilməsi özü-özlüyündə nəinki həmin aktı qəbul etmiş orqan, həmçinin digər normayaradıcı və ya məhkəmə orqanları üçün preyudisial əhəmiyyətə malik xüsusi fakt kimi qəbul edilə bilər. Normayaradıcı orqanlara münasibətdə Konstitusiya Məhkəməsinin qərarının preyudisial əhəmiyyəti onda ifadə olunur ki, Konstitusiyaya uyğun olmayan hesab edilmiş normativ hüquqi aktla eyni məzmunlu aktın yenidən qəbul edilməsi yolverilməzdir. Normativ hüquqi aktın hər hansı müddəasının Konstitusiyaya uyğun olmadığı faktının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilməsinin preyudisial əhəmiyyəti məhkəmələr tərəfindən digər aktlarda təsbit olunmuş oxşar müddəaların tətbiq olunmasını da qeyri-mümkün edir.

Bununla bağlı məsələnin digər tərəfi ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi məhkəmə aktının Konstitusiyaya uyğun olub-olmaması faktını təsdiq etdikdə, bu hal nəinki baxılmış iş üzrə məhkəmələr üçün, habelə başqa işlərə baxan  məhkəmələr üçün preyudisial əhəmiyyətə malikdir.

Prosessual qanunvericiliyə daxil edilmiş, konstitusiya işinə mahiyyəti üzrə baxaraq onu həll edən Konstitusiya Məhkəməsinin qərarının icrası ilə bağlı Ali Məhkəmənin Plenumunun yenidən hüquqi məsələlərə baxması barədə müddəalar Konstitusiya Məhkəməsinin qərarlarının yüksək hüquqi qüvvəsini şübhə altına ala bilməz. Bu müddəalar qanunvericilik sisteminə daxil  olan aktların hüquqi qüvvəsinə görə iyerarxiyası üzrə Konstitusiya Məhkəməsinin qərarının məcburiliyi barədə konstitusiya normasından  daha aşağıda duran normalardır. Konstitusiyanın 147 və 149-cu maddələrinin müddəalarına əsasən Konstitusiya ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir, Azərbaycan Respublikasının ərazisində məcburidir və hər hansı qanun ona zidd olmamalıdır. Belə olan halda isə qanunun norması da yalnız konstitusiya normasına uyğun şəkildə tətbiq edilə bilər.

Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat zamanı Ali Məhkəmənin Plenumunun hüquqi məsələlər üzrə işə baxması Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin mənimsənilməsinə və ya qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına) səbəb olmamalı, konstitusiya ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirməməli və kassasiya instansiyası məhkəməsinin konstitusiya statusuna uyğun olaraq həyata keçirilməlidir. Bu zaman Ali Məhkəmə və digər məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir.  Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir.

Bu mövqe «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Qanunla prosessual qanunvericiliyə edilmiş dəyişikliklərlə və hal-hazırda MPM-də təsbit olunmuş digər müddəalarla da təsdiqlənir. Belə ki, MPM-in 431-4.2-ci maddəsinə əsasən, hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Ali Məhkəmənin Plenumu həmin maddədə nəzərdə tutulmuş müvafiq qərarı qəbul edir. Göründüyü kimi Ali Məhkəmənin Plenumunun qərarı Konstitusiya Məhkəməsinin insan hüquq və azadlıqlarının pozulması ilə bağlı yeni hallar üzrə icraat üçün əsas olmuş qərarına uyğun olmalıdır.

Bütün bunlarla yanaşı, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən iqtisadi mübahisələrə dair), cinayət işləri, inzibati xətalara dair və digər işlər üzrə ali məhkəmə orqanı olduğunu nəzərə alaraq, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat zamanı Ali Məhkəmə tərəfindən onun prosessual statusu çərçivəsində hüquqi məsələrə baxılması yolverilən hesab edilə bilər. Lakin Ali Məhkəmənin Plenumunda (eləcə də bundan sonra müvafiq işə yenidən baxılması zamanı digər məhkəmələrdə) bu məsələlər həll olunarkən Konstitusiya Məhkəməsinin qərarının icrasına və qəbul olunan qərarın ona uyğun olması barədə qanunvericiliyin müddəalarına daim diqqət yetirilməlidir.

Qeyd olunan işlər üzrə Ali Məhkəmənin Plenumunun iclasında əsas etibarı ilə Konstitusiya Məhkəməsi qərarına görə Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilərək qüvvədən düşmüş məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi, bundan başqa hansı məhkəmə aktının qüvvədə saxlanılması və işin yenidən baxılması üçün müvafiq məhkəməyə  göndərilməsi kimi məsələlər həll edilməlidir.

Bununla əlaqədar olaraq nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin qərarının icrası ilə bağlı Ali Məhkəmənin Plenumunun iclasının keçirilməsi məhz onunla şərtlənilir ki, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatın həyata keçirilməsi prosessual qanunvericiliklə  Ali Məhkəmənin Plenumuna həvalə olunmuşdur.

Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktları Konstitusiyaya və ya qanunlara uyğun olmayan hesab edildikdə və bu aktlarla hüquq və azadlıqların pozulduğu müəyyənləşdirildikdə sonrakı məhkəmə baxışı prosesi məhz yol verilmiş qanun pozuntularının aradan qaldırılmasına və pozulmuş hüquqların bərpasına yönəlməlidir. Hüquq və azadlıqlarının pozulduğu müəyyən edilmiş şəxslərin hüquqi vəziyyətini pisləşdirmək, onları süründürməçiliyə cəlb etmək üçün müvafiq məhkəmə instansiyalarında işə yenidən baxılmasını təşkil etmək yolverilməzdir. Belə halların baş verməsi konstitusiya prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda konstitusiya işinin əsasını təşkil edən məsələ üzrə digər tərəfin hüquq və azadlıqlarının müdafiəsi, işin tam araşdırılmamış hallarının aydınlaşdırılması, məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququnun pozulduğu halların xüsusiyyətləri nəzərə alınmalıdır.

Ali Məhkəmənin Plenumu Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq məhz hüquq və azadlıqları pozmaqla qəbul edilmiş və ali konstitusiya ədalət mühakiməsi orqanı tərəfindən qüvvədən düşmüş hesab olunmuş məhkəmə aktını ləğv edərək  iş üzrə daha əvvəl və eyni zamanda hüquq və azadlıqları pozmadan qəbul edilmiş məhkəmə aktlarını dəyişdirilmədən saxlamalıdır. Birinci instansiya məhkəmələrində işə yenidən baxılması zərurəti isə yalnız hər hansı bir şəxsin məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququnun pozulması ilə əlaqədar ola bilər.

İşin yeni məhkəmə baxışına göndərilməsi ilə bağlı xüsusilə qeyd edilməlidir ki, işə yenidən baxılması məsələsi həll olunarkən o, məhz Konstitusiya Məhkəməsi tərəfindən hüquq və azadlıqların pozulduğu müəyyən olunmuş mərhələyə qaytarılmalıdır. İşin daha əvvəlki mərhələyə qaytarılması və əvvəlcədən məhkəmə səhvinə yol verməmiş məhkəmə icraatı üzrə işə yenidən baxılması hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat institutunun məqsədlərinə cavab verməməklə, pozulmuş hüquqların səmərəli bərpasına xidmət etmir.

Ali Məhkəmənin Plenumu Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən düşmüş hesab olunmuş məhkəmə aktını ləğv edərək, müvafiq məhkəmə icraatına məxsus olan prosedurlar üzrə işə yenidən baxılmasına yol açmalıdır.  Məhkəmə instansiyalarında hər hansı bir işə yenidən baxılmasının müddətləri «ağlabatan müddət» anlayışı çərçivəsində olmaqla yanaşı, hər bir halda müvafiq məhkəmə icraatı üçün prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlərdən artıq olmamalıdır. Belə hallarda nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirmiş halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir.

Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatın həyata keçirilməsi zamanı Ali Məhkəmənin Plenumu və bundan sonra müvafiq işlərə yenidən baxan digər məhkəmələr  Konstitusiya Məhkəməsinin pozulmuş hüquq və azadlıqlarının bərpasına yönəlmiş qərarına uyğun olmayan qərar qəbul etməməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd edır ki, Konstitusiya Məhkəməsinin qərarlarının yüksək hüquqi qüvvəsi barədə konstitusiya normasına (130-cu maddənin IX hissəsi) görə Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan hesab edilmiş məhkəmə aktına oxşar yeni məhkəmə aktlarının qəbul edilməsi bir tərəfdən ali konstitusiya ədalət mühakiməsi orqanının qərarının qüvvəsini şübhə altına ala bilməz, digər tərəfdən isə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində nəzərdə tutulmuş qaydada Konstitusiya Məhkəməsinə şikayətin verilməsi səbəbini yaradır.

Yuxarıdakıları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının prosessual qanunvericiliyində təsbit edilmiş və sorğuda mübahisələndirilən müddəaların Konstitusiyaya uyğun olub-olmaması məsələsi ali konstitusiya ədalət mühakiməsi orqanının və eyni zamanda Ali Məhkəmənin mövcud qanunvericilikdə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində həll olunmalıdır.

Həmin müddəalar Ali Məhkəmənin Plenumu tərəfindən:

1) hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi hədlər çərçivəsində həyata keçirilməklə;

2) Konstitusiya Məhkəməsinin qərarlarının, o cümlədən bu qərarlarda əks olunmuş hüquqi mövqelərin məcburi qüvvəsini nəzərə alaraq onların şərtsiz icrasının təmin edilməsi üçün zəruri hüquqi məsələləri həll etməklə;

3) Konstitusiya Məhkəməsinin qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına) yol verməməklə;

4) işlərin yenidən baxılması məsələsini təşkil edərkən onların yalnız təkrar baxılması üçün deyil, həmçinin pozulmuş insan hüquq və azadlıqlarının tezliklə bərpası məqsədi ilə Konstitusiya Məhkəməsinin qərarlarında göstərilmiş məhkəmə səhvlərinin, onların yol verildiyi məhkəmə icraatı mərhələsində və müvafiq icraat üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində aradan qaldırılması üçün konkret qərarlar qəbul etməklə yerinə yetirildikdə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğun hesab edilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65–67  və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

Q Ə R A R A   A L I R:

1. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndində və IV hissəsinin 7-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxmasını nəzərdə tutan müddəalar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən:

- hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi hədlər çərçivəsində həyata keçirilməklə;

- Konstitusiya Məhkəməsinin qərarlarının, o cümlədən bu qərarlarda əks olunmuş hüquqi mövqelərin məcburi qüvvəsini nəzərə alaraq onların şərtsiz icrasının təmin edilməsi üçün zəruri hüquqi məsələləri həll etməklə;

- Konstitusiya Məhkəməsinin qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına) yol verməməklə;

- işlərin yenidən baxılması məsələsini təşkil edərkən onların yalnız təkrar baxılması üçün deyil, həmçinin pozulmuş insan hüquq və azadlıqlarının tezliklə bərpası məqsədi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında göstərilmiş məhkəmə səhvlərinin, onların yol verildiyi məhkəmə icraatı mərhələsində və müvafiq icraat üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində aradan qaldırılması üçün konkret qərarlar qəbul etməklə yerinə yetirildikdə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğun hesab olunsun.

2.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.  

Sədrlik edən                                                                       Fərhad Abdullayev