Qərarlar

03.07.20 Y.Cümşüdovun şikayəti üzrə AR Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 05/12/19 tarixli qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

3 iyul 2020-ci il                                                                            Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında ərizəçi Yadulla Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin yazılı çıxışını, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Sumqayıt Şəhər Məhkəməsinin 5 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Seidqulu Muradovun cavabdehlər Yadulla Cümşüdov, Sadıq Fətullayev, Şəkər Yusifov, Fətulla Fətullayev, Natiq Fətullayev və Arzam Fətullayevaya qarşı bağ sahəsindən çıxarılma və müstəqil tələblər irəli sürən üçüncü şəxslər Vidadi Cümşüdov, Mehin Quliyeva, Vahib Həsənov və Gülşən Həziyevanın cavabdehlər Seidqulu Muradova və Sumqayıt Bələdiyyəsinə qarşı torpaqdan istifadə hüququnun itirilmiş hesab edilməsi və torpağa dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı S.Muradovun apellyasiya şikayəti təmin edilmiş, Y.Cümşüdov və digərlərinin Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən icarə müqaviləsi əsasında iddiaçı S.Muradova  məxsus 0.25 ha sahəsi olan 60/2652 saylı bağ torpaq sahəsindən çıxarılması qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi müstəqil tələblər irəli sürən üçüncü şəxslər V.Cümşüdov və digərlərinin cavabdehlər S.Muradov və Sumqayıt Bələdiyyəsinə qarşı torpaqdan istifadə hüququnun itirilmiş hesab edilməsi və torpağa dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.   

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 noyabr 2016-cı il tarixli qərarı ilə Y.Cümşüdov, habelə üçüncü şəxslər V.Cümşüdov və digərlərinin birgə verdikləri, həmçinin cavabdeh Sumqayıt Bələdiyyəsinin kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Sonradan ərizəçi, mülki işin həllinə əhəmiyyətli dərəcədə təsir edən və məhkəmələrdə sübut kimi nəzərdən keçirilməyən, mübahisəli ərazinin 21-ci mikrorayonun tikintisi üçün ayrılması və həmin bağ torpaq sahəsinin təyinatının dəyişilməsinə dair sənədi - Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin (bundan sonra – Sumqayıt Şəhər XDS) 30 iyun 1987-ci il tarixli Qərarını  əsas götürərək yeni açılmış hallar üzrə işə yenidən baxılması barədə ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin (bundan sonra – Məhkəmə Tərkibi) 5 dekabr 2019-cu il tarixli qərardadı ilə ərizəçinin təqdim etdiyi sənəd Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 432.2.1-ci maddəsinə əsasən, işə əvvəllər baxılarkən məlum olmayan həlledici material kimi qəbul edilməyərək ərizənin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilmişdir.

Y.Cümşüdov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək, Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçinin qənaətinə görə, Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsi düzgün tətbiq edilməyərək Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadı ilə ərizəsi rədd edilmiş, nəticədə onun Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi  zəruri hesab edir.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir.

Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli Qərarı).

İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir:

- məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi;

- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı;

- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri;

- həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.

Mülki Prosessual Məcəllənin 432.2-ci maddəsində qeyd olunmuş əsaslardan hər hansı biri mövcud olduqda və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə Ali Məhkəməyə təqdim edilən ərizə, həmin Məcəllənin 434 və 435-ci maddələrinin tələblərinə cavab verdikdə o, işlə birlikdə baxılması üçün Ali Məhkəmənin Plenumuna çıxarılır (Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədova və N.Əliyevanın şikayəti üzrə 2017-ci il 17 fevral tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd edir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür.

Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər (Konstitusiya Məhkəməsi Plenumunun M.Həsənovanın şikayəti üzrə 2015-ci il 2 fevral tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir.

S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarda qeyd edilmişdir ki, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericilik normalarına riayət edilməklə həll olunması mahiyyəti üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir.

Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı).

 Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır.

Ərizəçinin irəli sürdüyü dəlilə əsasən, məhkəmələrdə mülki işə baxıldığı zaman Sumqayıt Şəhər XDS-in  30 iyun 1987-ci il tarixli Qərarı mövcud idi və həmin qərar ilə mübahisəli ərazinin təyinatı dəyişdirilərək 16 və 21-ci mikrorayonların tikintisi üçün ayrılmış və Sumqayıt Şəhər XDS-in 30 iyun 1987-ci il tarixli 19 və 20 saylı protokollarına əsasən müqaviləsi dayandırılmış bağ sahələrinin siyahısı tərtib edilmişdir. 19 saylı protokoldakı siyahının 27-ci sırasında 2652 saylı müqavilə əsasında 2872 saylı və 20 saylı protokoldakı siyahının 120-ci sırasında 2872 saylı müqavilə əsasında 2652 saylı bağın icarədarı kimi S.Muradovun adı qeyd olunmuş, bununla da 0,25 ha sahəsi olan 60/2652 saylı bağ torpaq sahəsinə dair S.Muradovla bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Belə olan halda isə iddiaçının mübahisəli bağ torpaq sahəsinə dair hər hansı subyektiv hüququ olmadığından mülki işə baxan məhkəmələrin istinad etdiyi hallar aradan qalxmışdır.

Bununla əlaqədar qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsində mülki işə baxılan zaman iş üzrə üçüncü şəxs qismində çıxış etmiş Sumqayıt Bələdiyyəsi 23 noyabr 2015-ci il tarixli məktubu ilə bildirmişdir ki, 2652 saylı bağ torpaq sahəsinin də daxil olduğu ərazi Sumqayıt Şəhər XDS-in 30 iyun 1987-ci il tarixli, 20 saylı protokol qərarına əsasən, Sumqayıt şəhərinin 16 və 21-ci mikrorayonlarının salınması üçün ayrılmışdır. Hazırda vaxtilə 2652 saylı bağ sahəsi kimi ayrılmış torpaq sahəsi 21-ci mikrorayonun ərazisinə düşür. Sumqayıt Bələdiyyəsinin arxivində 2652 saylı bağ torpaq sahəsinə dair sənədlər mövcud deyildir.    

Göründüyü kimi, işə baxılan zaman (apellyasiya və kassasiya instansiyası məhkəmələrində) 2652 saylı bağ torpaq sahəsinə dair S.Muradovun icarə müqaviləsinə xitam verilməsi barədə heç bir sübut təqdim edilməmiş və bu hal ümumiyyətlə məhkəmələrə məlum olmamışdır. 

Bundan sonra, Y.Cümşüdov Ali Məhkəmənin Plenumuna ərizə ilə müraciət edərək məhkəmə araşdırılması zamanı təqdim edilməyən və Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə uyğun olaraq həlledici material hesab edilməli olan Sumqayıt Şəhər XDS-in 30 iyun 1987-ci il tarixli 19 saylı protokolunu təqdim etmiş və kassasiya instansiyası məhkəməsinin qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasını xahiş etmişdir. Qeyd olunduğu kimi, həmin protokoldakı siyahının 27-ci sırasında 2872 saylı bağın icarəsinə dair  S.Muradovla bağlanmış 2652 nömrəli müqavilə qeyd edilməklə həmin icarə müqaviləsinə xitam verildiyi müəyyən edilmişdir.

Məhkəmə Tərkibi ərizəni rədd edərək mövqeyini onunla əsaslandırmışdır ki, işə baxılan zaman məhkəmənin sorğusu əsasında Sumqayıt Şəhər XDS-in 30 iyun 1987-ci il tarixli Qərarının mövcudluğunun müəyyən edilməsi mümkün olsa da, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmək üçün zəruri olan sorğu ilə müraciət etmədən yekun qənaətə gəlmiş və bu yeni açılmış hal kimi çıxış etməyərək,  işə həmin vaxt baxan məhkəmənin araşdırmasının natamamlığına dəlalət edir.  

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, Konstitusiyanın 60-cı maddəsi, həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir.

Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsi, işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, son nəticədə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə 2012-ci il 27 avqust tarixli Qərarı).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

Belə ki, Avropa Məhkəməsi “Kuznetsova Rusiyaya qarşı” iş üzrə 2007-ci il 7 iyun tarixli Qərarında qeyd etmişdir ki, “işə yeni açılmış hallar üzrə yenidən baxılması proseduru ədalət mühakiməsinin həyata keçirilməsində ədalətsizliyin aradan qaldırılması məqsədinə xidmət edəcəyi dərəcədə hüquqi müəyyənlik prinsipinə zidd deyildir. Məhkəmənin vəzifəsi, prosedurun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarına uyğun bir şəkildə həyata keçirildiyini müəyyən etməkdir ... "

Konstitusiya Məhkəməsi Plenumunun ədalətli məhkəmə araşdırması ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan,  ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun və  M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il  23 iyul tarixli Qərarları).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mübahisələndirilən məhkəmə aktları qüvvəyə mindikdən sonra ərizəçinin Sumqayıt Şəhər XDS-in 30 iyun 1987-ci il tarixli qərarını əldə etməsinə, həmin sənədin yeni açılmış və iş üzrə həlledici hal hesab edilib-edilməməsinə Məhkəmə Tərkibi tərəfindən Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinin tələbləri baxımından obyektiv qiymət verilməmiş və işin bu xüsusatına lazımi diqqət yetirilməmiş, yalnız işə baxan məhkəmə tərəfindən aparılmış araşdırmanın natamam olması qənaətinə gəlinməklə kifayətlənilmişdir.

Məhkəmə yeni açılmış halın həlledici olub-olmaması məsələsini qiymətləndirərkən həmin halın işin həll edilməsi üçün nə qədər əhəmiyyətli olduğunu müəyyən etməlidir. Bir sıra hallarda bu cür qiymətləndirmə ümumi mülahizələrə əsaslanır. Lakin bu mülahizə öz növbəsində aydın olmalı və məhkəmə məlum olmayan həlledici materiallara qiymət verərkən mövqeyini hərtərəfli əsaslandırmalıdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, S.Muradovun Y.Cümşüdova və digərlərinə qarşı bağ sahəsidən çıxarılma tələbi və s. dair iş üzrə Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Seidqulu Muradovun Yadulla Cümşüdov və digərlərinə qarşı bağ sahəsindən çıxarılma tələbi və s. dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr                                                                            Fərhad Abdullayev