AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
Kamal Ələkbər oğlu Mahmudovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının
2002-ci il 25 oktyabr və 2004-cü il 14 may tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
12 yanvar 2005-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova (məruzəçi-hakim) və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi K.Mahmudovun nümayəndəsi Ə.Ələkbərovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında K.Mahmudovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2002-ci il 25 oktyabr və 2004-cü il 14 may tarixli qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 28 dekabr tarixli məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxıldı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçi K.Mahmudovun nümayəndəsi Ə.Ələkbərovun çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2000-ci il 10 iyul tarixli qətnaməsi ilə S.Şirinovanın K.Mahmudova qarşı Bakı şəhəri Naxçıvani küçəsi 39 «A» saylı evin 22-ci mənzilinə dair sərəncamın, orderin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onun ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə iddiası təmin olunmuşdur.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası (bundan sonra-MİÜMK) Binəqədi rayon məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, K.Mahmudovun adına verilmiş sərəncamın, orderin və qeydiyyat vəsiqəsinin ləğv edilməsi, onun ailə üzvləri ilə birlikdə mübahisəli mənzilin ölçüsünə və abadlığına uyğun digər yaşayış sahəsi ilə təmin edilməklə həmin mənzildən çıxarılması barədə 2000-ci il 22 noyabr tarixli qətnamə qəbul etmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası (bundan sonra-MİÜMK) 2001-ci il 14 mart tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmiş və həmin qətnamədən «K.Mahmudovun ailə üzvləri ilə birlikdə mübahisəli mənzilin ölçüsünə və abadlığına uyğun digər yaşayış sahəsi ilə təmin edilməklə» göstərişi xaric edilmişdir.
Ali Məhkəmənin Plenumu 2001-ci il 01 noyabr tarixli qərarı ilə Ali Məhkəmənin MİÜMK-nın 2001-ci il 14 mart tarixli qərarının K.Mahmudovun ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən digər yaşayış sahəsi verilmədən çıxarılması barədə hissəsini ləğv etmiş və Apellyasiya Məhkəməsinin MİÜMK-nın 2000-ci il 22 noyabr tarixli qətnaməsinin müvafiq hissəsini qüvvədə saxlamış, qərarın qalan hissəsini dəyişdirilmədən saxlamışdır.
Bundan sonra, Apellyasiya Məhkəməsinin MİÜMK-sı Binəqədi rayon məhkəməsinin 2000-ci il 10 iyul tarixli qətnaməsinin icrasının dönüşü barədə K.Mahmudovun ərizəsini təmin etmiş, onun ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçürülməsi, S.Şirinovanın isə həmin mənzildən çıxarılması barədə 2001-ci il 26 noyabr tarixdə qərardad qəbul etmişdir.
Ali Məhkəmənin MİÜMK-nın 2002-ci il 30 yanvar tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin MİÜMK-nın həmin qərardadı ləğv edilmişdir.
Apellyasiya Məhkəməsinin MİÜMK-sı 2002-ci il 23 may tarixli qərardadı ilə Binəqədi rayon məhkəməsinin 2000-ci il 10 iyul tarixli qətnaməsinin icrasında dönüş edərək K.Mahmudovun ailə üzvləri ilə birlikdə mubahisəli mənzilə köçürülməsini, S.Şirinovanın isə həmin mənzildən çıxarılmasını qərara almışdır.
Ali Məhkəmənin MİÜMK-nın 2002-ci il 25 oktyabr tarixli qərarına əsasən S.Şirinovanın kassasiya şikayəti qismən təmin edilmiş, Apellyasiya Məhkəməsi MİÜMK-nın 2002-ci il 23 may tarixli qərardadı dəyişdirilərək K.Mahmudovun qətnamənin icrasına dönüş edilməsi barədə ərizəsi təmin olunmamışdır.
Ali Məhkəmənin MİÜMK-sı yuxarıda göstərilən qərardadın icrasına dönüş edilməsi barədə S.Şirinovanın ərizəsinə baxaraq, 2004-cü il 14 may tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin MİÜMK-nın həmin qərardadının icrasına dönüş edilməsi, K.Mahmudovun ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması, onun həmin mənzilə köçürülməsi qərara alınmışdır.
K.Mahmudovun yuxarıda adı çəkilən məhkəmə aktından verdiyi əlavə kassasiya şikayəti təmin olunmamış və Ali Məhkəmənin sədri tərəfindən 2004-cü il 23 iyun tarixli məktubla işin Ali Məhkəmənin Plenumuna çıxarılması üçün əsas olmadığı bildirilmişdir.
Ərizəçi Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 2002-ci il 25 oktyabr tarixdə məhkəmə iclasının keçirilməsi və həmin tarixdə qəbul olunmuş qərar barədə məlumatının olmadığını göstərir, həmin kollegiyanın 2004-cü il 14 may tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) bir sıra normalarına (19.1.3, 405.1, 407 və 417-ci maddələrinə) uyğun olmadığını göstərir və həmin qərarın qüvvədən düşmüş hesab olunmasını xahiş edir.
Konstitusiya Məhkəməsinin Plenumu K.Mahmudovun şikayəti ilə əlaqədar olaraq aşağıdakıları qeyd edir.
Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən işin mahiyyəti üzrə müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil 1993-cü ildə Sevinc və Əzizə Şirinovalara verilmiş, lakin həmin mənzil Beyləqan rayon sakini F.Nağıyev tərəfindən zəbt edildiyindən S.Şirinova təxminən 6 il müddətində həmin mənzilə köçə bilməmişdir.
Binəqədi rayon məhkəməsinin 1999-cu il 23 aprel tarixli qətnaməsi ilə S.Şirinovanın adına mübahisəli mənzilə verilmiş order etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra 1999-cu il 10 avqust tarixdə K.Mahmudovun adına həmin mənzilə order verilmişdir. Order K.Mahmudova verilərkən mübahisəli mənzil boş olmuş və o həmin mənzilə köçüb yaşadıqdan təxminən bir ay sonra Bakı Şəhər Məhkəməsi Rəyasət Heyətinin 1999-cu il 03 sentyabr tarixli qərarı ilə S.Şirinovanın adına verilmiş orderin etibarsız hesab edilməsi barədə Binəqədi rayon məhkəməsinin 1999-cu il 23 aprel tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
S.Şirinova mübahisəli mənzilin K.Mahmudova verilməsini bilmədiyi üçün iddianı F.Nağıyevə qarşı qaldırmış və Binəqədi rayon məhkəməsinin 2000-ci il 06 aprel tarixli qətnaməsi ilə S.Şirinovanın adına verilmiş orderin etibarsız hesab edilməsinə dair Binəqədi rayon İH-nin iddiası rədd edilmiş, F.Nağıyevin mənzildən çıxarılması barədə S.Şirinovanın iddiası isə təmin edilmişdir. Lakin qətnamə icra edilərkən məlum olmuşdur ki, mübahisəli mənzilə 2-ci qrup Qarabağ müharibəsi əlili K.Mahmudovun adına order verilmiş və o həmin mənzildə yaşayır. Bundan sonra S.Şirinova K.Mahmudova qarşı mübahisəli mənzilə verilmiş sərəncamın, orderin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onun həmin mənzildən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
İşin bu hallarına əsaslanaraq məhkəmə instansiyaları mübahisəni yuxarıda göstərilən qaydada həll etmişlər. Ali Məhkəmənin Plenumu 2001-ci il 01 noyabr tarixdə iş üzrə yekun qərar qəbul edərək belə nəticəyə gəlmişdir ki, K.Mahmudov ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən həmin mənzilin ölçüsünə və abadlığına uyğun digər yaşayış sahəsi ilə təmin edilməklə çıxarılmalıdır. Bundan sonra K.Mahmudovun ərizəsinə əsasən Apellyasiya Məhkəməsi MİÜMK-nın 2002-ci il 23 may tarixli qərardadı ilə Binəqədi rayon məhkəməsinin 2000-ci il 10 iyul tarixli qətnaməsinin icrasına dönüş edilmiş, K.Mahmudovun ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçürülməsi, S.Şirinovanın həmin mənzildən çıxarılması qərara alınmışdır.
Ali Məhkəmənin MİÜMK-nın 2002-ci il 25 oktyabr tarixli qərarı ilə Apellyasiya Məhkəməsi MİÜMK-nın 2002-ci il 23 may tarixli qərardadı dəyişdirilmiş və K.Mahmudovun qətnamənin icrasına dönüş edilməsi barədə ərizəsi təmin edilməmişdir.
Belə nəticəyə gələrkən kassasiya instansiyası ona əsaslanmışdır ki, «K.Mahmudovun mübahisəli mənzilə köçməmişdən əvvəl və məhkəmə qərarları ilə mübahisəli mənzildən köçürüldükdən sonra yaşadığı Bakı şəhəri D.Bünyadzadə küçəsindəki 232 saylı evin 151 saylı mənzilinin sahəsi 48, 23 kv.metr olmaqla orada 5 nəfər qeydiyyatdadır, həmin mənzildə hər adambaşına 9,64 kv. metr yaşayış sahəsi düşür, onun həmin mənzildə yaşaması üçün normal şərait vardır və yenidən mübahisəli mənzilə köçürülməsinə heç bir zərurət yoxdur. Bundan başqa Apellyasiya Məhkəməsinin 2002-ci il 23 may tarixli qərardadı ilə Binəqədi rayon məhkəməsinin 2000-ci il 10 iyul tarixli qətnaməsinin icrasına dönüş edilərək S.Şirinova ailə üzvləri ilə mübahisəli mənzildən çıxarılmışdır. Həmin qətnamə ilə S.Şirinova həmin mənzilə köçürülməmiş, lakin mənzilə pasport qeydiyyatı bərpa olunmuşdur. Ona görə də S.Şirinova qətnamənin icrasına dönüş adı ilə mənzildən çıxarıla bilməzdi».
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin MİÜMK-sı həmin qərarı qəbul edərkən MPM-nin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərini pozmuşdur.
Belə ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamasını müəyyən etdikdə həmin məhkəmənin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (MPM-nin 416, 417.0.3 və 418.1-ci maddələri).
Lakin qanunun bu tələblərinə zidd olaraq kassasiya instansiyası məhkəməsi səlahiyyət hədlərindən kənara çıxaraq işin faktiki hallarına qiymət verərək mahiyyəti üzrə yeni qərar qəbul etmişdir.
Bundan sonra Ali Məhkəmənin MİÜMK-sı 2004-cü il 14 may tarixdə təkrarən bu məsələyə baxaraq Apellyasiya Məhkəməsinin MİÜMK-nın 2002-ci il 23 may tarixli qərardadının icrasına dönüş edərək K.Mahmudovun ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması barədə qərar qəbul etmişdir.
Halbuki, MPM-nin 235-ci maddəsinin müddəalarına görə, kassasiya instansiyası məhkəməsinə qərardadın icrasına dönüş etmək səlahiyyəti verilməmişdir.
Bundan başqa, MPM-nin 403-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi işlərə kassasiya şikayətləri əsasında baxır. Kassasiya şikayəti MPM-nin 407-ci maddəsinin tələblərinə uyğun olmaqla verilir. Bu halda MPM-nin 406-cı maddəsinin tələblərinə riayət edilməlidir.
İşin materiallarından göründüyü kimi 2004-cü il 14 may tarixdə kassasiya instansiyası məhkəməsində məsələyə baxılması üçün əsas kimi S.Şirinovanın Ali Məhkəmənin Sədrinə ünvanladığı ərizə olmuşdur. Həmin ərizə MPM-nin 407-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən və həmin Məcəllənin 406-cı maddəsində nəzərdə tutulan qaydada verilmədiyindən kassasiya şikayəti kimi qəbul oluna bilməzdi. Həmin ərizə hətta kassasiya şikayəti hesab olunsaydı belə MPM-nin 405.1-ci maddəsinə görə o, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə və qərardad qəbul edildikdən sonra 3 ay müddətində verilə bilərdi. S.Şirinovanın ərizəsinə əsasən isə kassasiya instansiyası məhkəməsində işə apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edildikdən 22 ay sonra baxılmışdır.
MPM-nin 19.1.3-cü maddəsinə əsasən əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmiş hakimin işə baxmasına yol verilmir.
Lakin məhkəmə qərarlarından görünür ki, qanunun bu tələbinə zidd olaraq həmin işə eyni hakimin iştirakı ilə təkrar baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, K.Mahmudova digər yaşayış sahəsi verilməklə onun mübahisəli mənzildən çıxarılmasına dair Ali Məhkəmənin Plenumunun qərarının olmasına baxmayaraq, həmin məhkəmənin kollegiyası hər iki halda bu qərara zidd qərar qəbul etmişdir.
Beləliklə, Ali Məhkəmənin MİÜMK-nın 2002-ci il 25 oktyabr tarixli qərarı MPM-nin 416, 417.0.3 və 418.1-ci maddələri ilə, həmin kollegiyanın 2004-cü il 14 may tarixli qərarı isə MPM-nin 19.1.3, 235, 405, 406, 407, 416, 417.0.3 və 418.1-cü maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. Bu da öz növbəsində ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsində təsbit olunmuş mənzil hüququnun və 60-cı maddəsinin hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat hüququnun pozulması kimi qiymətləndirilməlidir.
Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 2002-ci il 25 oktyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 43 və 60-cı maddələrinə, MPM-nin 416, 417.0.3 və 418.1-ci maddələrinə, həmin kollegiyanın 2004-cü il 14 may tarixli qərarı isə Konstitusiyanın 43 və 60-cı maddələrinə, MPM-nin 19.1.3, 235, 405, 406, 407, 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. S.Şirinovanın K.Mahmudova qarşı mənzilə dair sərəncamın, orderin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, mənzildən çıxarılma tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2002-ci il 25 oktyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 43 və 60-cı maddələrinə, MPM-nin 416, 417.0.3 və 418.1-ci maddələrinə, həmin kollegiyanın 2004-cü il 14 may tarixli qərarı Konstitusiyanın 43 və 60-cı maddələrinə, MPM-nin 19.1.3, 235, 405, 406, 407, 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədirlik edən Fərhad Abdullayev