AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A
R I
N.Hacıyevanın
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7
avqust 2019-cu il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
10 mart
2020-ci il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən
İsmayılov,
Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim)
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin,
ərizəçinin nümayəndəsi
Aslan Ramazanov və vəkili Ayxan Rüstəmzadənin,
ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə
fəlsəfə doktoru Sərvər Süleymanlının iştirakı ilə, Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq
konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası
Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair konstitusiya işinə baxdı. İş
üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını, ekspertin rəyini
dinləyib, iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Şahin Murquzov
cavabdehlər “Topaz” Mənzil-Tikinti Kooperativi (bundan sonra – “Topaz”
MTK), Aftandil
Əliyev və Nərmin Hacıyevaya (İskəndərliyə) qarşı alğı-satqı müqavilələrinin və əmlaka
dair qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə
müraciət etmişdir.
Bakı şəhəri Nəsimi Rayon
Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə birinci
instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
Mülki Kollegiyası) 12 mart 2018-ci il
tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş
və iş yeni apellyasiya baxışına göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə Ş.Murquzovun
apellyasiya şikayəti yenidən təmin edilməyərək birinci instansiya məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin Mülki
Kollegiyasının 4 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası
məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə
göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli qətnaməsi ilə Ş.Murquzovun apellyasiya şikayəti qismən təmin edilərək,
“Topaz” MTK ilə A.Əliyev arasında bağlanmış 7 sentyabr 2009-cu il tarixli alğı-satqı
müqaviləsi etibarsız hesab edilmiş, A.Əliyev ilə N.Hacıyeva arasında bağlanmış 5
dekabr 2014-cü il tarixli alğı-satqı
müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia təmin edilməmişdir.
Ali Məhkəmənin Mülki
Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarı ilə Ş.Murquzovun kassasiya
şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi
iddianın təmin olunmayan hissəsində ləğv edilmiş, həmin
hissədə iş üzrə yeni qərar qəbul edilməklə A.Əliyev və N.Hacıyeva
arasında bağlanmış 5 dekabr 2014-cü il tarixli
alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.
N.Hacıyeva Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə
müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu
il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına
uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçi şikayətini
onunla əsaslandırmışdır ki, işə baxan kassasiya
instansiyası məhkəməsi onun müqaviləsini etibarsız hesab edərkən
daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını, o
cümlədən
vicdanlı alıcı olmasını nəzərə almamış, nəticədə onun Konstitusiyanın 13, 29 və 60-cı maddələrində
təsbit edilmiş hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin
Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 13 və
29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ
vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən
xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına
və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və
onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı
olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Ayrılmaz
və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa
verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik,
mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə
azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə
isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın
şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).
Konstitusiyanın 60-cı
maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati
qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi
mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və
azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq
və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən
hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət
etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və
onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.
Mülki işin məhkəmələr
tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ş.Murquzov ilə “Topaz” MTK
arasında Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən
yaşayış binasında ümumi sahəsi 240 kv.m olan 6 otaqlı 245 və 245 m saylı mənzillərin
tikintisinə və satışına dair 8 oktyabr 2003-cü il tarixli müqavilə bağlanmışdır.
Ş.Murquzovun
“Topaz” MTK-ya ünvanladığı razılıq ərizəsi
əsasında həmin MTK ilə A.Əliyev arasında 7 sentyabr 2009-cu il tarixli yuxarıda
qeyd olunmuş mənzillərin tikintisinə və satışına dair müqavilə bağlanmışdır. “Topaz” MTK tərəfindən verilmiş 12 may
2010-cu il tarixli maliyyə arayışına əsasən A.Əliyev
mənzillərin dəyərini
tam ödəmiş və ona mülkiyyət hüququna dair 2
dekabr 2014-cü il tarixli çıxarış verilmişdir.
Bundan sonra A.Əliyev
ilə N.Hacıyeva arasında həmin mənzillərin alğı-satqısına dair 5 dekabr 2014-cü il tarixli müqavilə
bağlanmış və N.Hacıyevaya mülkiyyət hüququna
dair 16 dekabr 2014-cü il tarixli çıxarış
verilmişdir.
Ş.Murquzov iddia tələbini belə əsaslandırmışdır ki, onun təsisçisi
olduğu “Artım İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan
sonra – “Artım İnşaat”
MMC) 18 may 2010-cu il və 24 dekabr 2011-ci il tarixlərində “Bank
Standard” Kommersiya Bankı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “Bank Standard” KB
QSC) ilə kredit müqavilələri imzalamışdır.
Kredit müqaviləsinin təminatı kimi bank,
ondan mənzili ipoteka qoymağını istəmiş, lakin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata
alınmadığına görə ipoteka müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamış, bu səbəbdən
sözügedən mənzili “Bank Standard” KB QSC-nin əməkdaşı A.Əliyevin adına rəsmiləşdirməyə
məcbur olmuşdur. Nəticədə Ş.Murquzovun razılığı ilə 2011-ci ilin dekabr ayında
“Topaz” MTK ilə A.Əliyev arasında mübahisəli
mənzilin tikintisi və satışına dair
müqavilə bağlanmışdır.
Ş.Murquzov iddia ərizəsində
göstərmişdir ki, müqavilə həqiqətdə təsisçisi
olduğu “Artım İnşaat” MMC-nin banka olan kredit borcunun təminatı kimi
bağlanmışdır. Lakin belə bir əqdi qanuni şəkildə bağlamaq imkanı olmadığı üçün
bu əqdi pərdələmək məqsədi ilə “Topaz” MTK ilə A.Əliyev arasında mübahisə
predmeti olan mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır.
Birinci instansiya məhkəməsi
Ş.Murquzovun iddiasını bir illik müddətin ötürülməsi əsası ilə təmin etməmişdir.
Apellyasiya instansiyası məhkəməsi N.Hacıyevanı
vicdanlı alıcı hesab edərək iddianı rədd etmiş, kassasiya instansiyası məhkəməsi
isə N.Hacıyevanın mənzilin qanuni əsaslarla alıcısı olmadığı qənaətinə gələrək
Ş.Murquzovun iddiasını təmin etmişdir. Kassasiya instansiyası məhkəməsi hesab
etmişdir ki, A.Əliyevə mənzil üzərində hüquq verən 7 sentyabr 2009-cu tarixli
müqavilə etibarsız olduğuna görə 5 dekabr 2014-cü tarixində həmin mənzilin
A.Əliyev tərəfindən N.Hacıyevaya satılması barədə alğı-satqı müqaviləsi də
etibarsızdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin N.Hacıyevanın mənzili bazar
dəyərindən ucuz qiymətə almasına və aldıqdan sonra “ötən dövr ərzində mənzilə
baxıb yiyələnməməsi” faktına əsaslanmışdır.
Şikayətdən və ona əlavə
edilmiş sənədlərdən isə görünür ki, A.Əliyev ilə N.Hacıyeva arasında alğı-satqı
müqaviləsi bağlanan zaman Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş
2 dekabr 2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən satılan əmlaka
mülkiyyət hüququ satıcı A.Əliyevə məxsus olmuş və mübahisəli mənzilə dair alğı-satqı
müqaviləsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında
bağlanmışdır.
Göstərilənlərlə əlaqədar
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki
Məcəllə) 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər
hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və
xitamı dövlət qeydiyyatına alınmalıdır.
Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki
dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz
əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox
böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında
daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və
mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir.
Daşınmaz əşyalar
üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət
reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını
dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri
özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur
edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan
bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya
hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar.
Konstitusiya Məhkəməsi
Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan
Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı
mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata
keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində
qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması
baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin
qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun
tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır.
Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin
həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının
bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və
qanuni mənafelərinin qorunmasıdır
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli
Qərarı).
Mülki Məcəllənin
140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli
gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı
prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi
sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası
qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı
bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın
reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını
bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Dövlət reyestrinin məzmununun
həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə
ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
“Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət
və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq
daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının
(yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən
tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta
ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun
həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən,
dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq
əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən
qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti
üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).
Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət
reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa
hüquqlar əldə etmiş hər bir şəxsin bu
hüquqları qorunmalıdır.
Həmin
Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun
mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda
da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin
mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən
sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin
legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul
olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından
xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna
dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz
həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi
kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı
halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini
təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti
üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).
Mülki qanunvericiliyə
əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün
verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız
sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə
tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin
olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun
şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).
Kassasiya
instansiyası məhkəməsinin A.Əliyev ilə N.Hacıyeva arasında bağlanmış alğı-satqı
müqaviləsinin etibarsız olması, sonuncunun isə vicdanlı alıcı olmaması qənaətinə
gələrkən əsaslandığı hallardan biri N.Hacıyevanın mənzilə sahiblik etməməsi
olmuşdur. Bununla əlaqədar qeyd edilməlidir ki, daşınmaz əşya üzərində mülkiyyət
hüququna dair dövlət reyestrindəki rəsmi qeydiyyat, xeyrinə qeydiyyat aparılmış
şəxsin həmin daşınmaz əşyanın sahibi olduğuna dair qanuni ehtimal və əsas verir
(Mülki Məcəllənin 166.3-cü maddəsi). Yəni o şəxslər daşınmaz əşyanın sahibi
hesab olunur ki, həmin şəxslərin xeyrinə dövlət reyestrində müvafiq qeydiyyat
vardır.
Ali Məhkəmənin Mülki
Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin
bazar dəyərindən ucuz qiymətə satılmasına dair
qeydi ilə bağlı isə
vurğulanmalıdır ki, qanunvericilik
baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır.
Kassasiya
instansiyası məhkəməsinin qərarındakı A.Əliyev ilə N.Hacıyeva arasında
bağlanmış 5 dekabr 2014-cü il tarixli alğı-satqı müqaviləsinin görünüş üçün
bağlanmasına dair mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, mülki işin məhkəmələr
tərəfindən müəyyən edilmiş hallarından görünür ki, A.Əliyevlə N.Hacıyeva
arasında bağlanmış olan müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə
yetirmişlər. Yəni satıcı qismində çıxış edən A.Əliyev satış predmeti olan mənzili
alıcı N.Hacıyevanın mülkiyyətinə vermiş, N.Hacıyeva isə bunun müqabilində
müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir. Bu isə tərəflərin alğı-satqı
müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin
mövcudluğunu göstərir. Hər hansı müqavilənin
sırf görünüş üçün bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri
olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi
niyyətlərinin olmamasıdır (Mülki Məcəllənin 340.1-ci maddəsi).
Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə yeni
qərar qəbul edib A.Əliyev ilə N.Hacıyeva arasında bağlanmış müqaviləni
etibarsız hesab edərkən o hala da istinad etmişdir ki, “Topaz” MTK ilə A.Əliyev arasında bağlanmış və sonuncuya
mübahisəli mənzil üzərində hüquq verən 7
sentyabr 2009-cu il tarixli müqavilə
yalan əqd kimi etibarsız olduğundan A.Əliyev ilə N.Hacıyevə arasında bağlanmış alğı-satqı
müqaviləsi də etibarsızdır.
Bununla bağlı qeyd edilməlidir
ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək
məqsədi ilə bağlanan əqddir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi,
yalan əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir.
Buna görə də mülki hüquq subyektlərinin bu şəkildə əqd bağlamaqla meydana gətirdikləri
hüquqi görünüşə etimad göstərən üçüncü şəxs qismində çıxış edən mülki dövriyyənin
digər iştirakçılarının maraqları qanunvericilik tərəfindən xüsusi olaraq
qorunur.
Eləcə də Mülki Məcəllənin
199.2-ci maddəsinə görə, əgər borclu borc öhdəliyi barədə
sənəd vermişsə, borc öhdəliyinin təqdim edilməsi
üzrə tələbin güzəşti zamanı o, yeni kreditor qarşısında buna istinad edə bilməz
ki, öhdəlik münasibətlərinə girməsi və onların təsdiqi yalnız görüntü yaratmaq
üçün edilmişdir və ya ilkin kreditorla razılaşmaya görə güzəşt istisna
edilmişdir, amma güzəşt zamanı yeni kreditorun işin təfsilatını bildiyi və ya
bilməli olduğu hallar istisna təşkil edir. Göründüyü kimi, görünüş üçün yazılı
olaraq əmələ gətirilən öhdəlik münasibətindən irəli gələn hüququn başqasına
verilməsi halında tərəflər əldə edənə qarşı həmin öhdəlik münasibətinin görüntü
yaratmaq üçün olduğunu əsas göstərib kreditorun tələbini yerinə yetirməkdən
imtina edə bilməzlər.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kassasiya instansiyası məhkəməsi
tərəfindən iş üzrə yeni qərar qəbul edilərkən reyestrin məzmununun həqiqiliyi və
tamamlığı prezumpsiyasının nəzərə alınmaması, mübahisənin vicdanlı sahiblik, əqdlərin
etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən
müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməməsi N.Hacıyevanın
yaşayış sahəsinə qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz
etmişdir. Bu isə öz növbəsində
ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının
pozulmasına gətirib çıxarmışdır.
Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin
instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 416-cı
maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya
instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin
qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya
instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni
qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün
tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci
maddələri).
Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi
müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi statusu və
səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin
məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə
götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5
və 416-cı maddələrinə görə, kassasiya instansiyası məhkəməsinin vəzifəsi
apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün
tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci
maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına,
məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin
işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmir.
Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında
ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya hüquqi statusunu
müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Oxşar
hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel, 2004-cü
il 21 may, 2004-cü il 3 avqust, 2004-cü il 28 oktyabr, 2010-cu il 21 iyun,
2012-ci il 28 fevral, 2014-cü il 18 fevral və 2014-cü il 15 sentyabr tarixli
Qərarlarında da öz əksini tapmışdır.
Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi Mülki
Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini onların
konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə son nəticədə
həmin hüquq normalarının tələblərini pozmuşdur.
Yuxarıda göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ş.Murquzovun
“Topaz” MTK, A.Əliyev və N.Hacıyevaya (İskəndərliyə) qarşı alğı-satqı müqavilələrinin
və əmlaka dair qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin
Mülki Kollegiyasının 7
avqust 2019-cu il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416,
417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş
hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən
baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Şahin Murquzovun “Topaz” Mənzil-Tikinti Kooperativi,
Aftandil Əliyev və Nərmin Hacıyevaya (İskəndərliyə) qarşı alğı-satqı müqavilələrinin
və əmlaka dair qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 7 avqust
2019-cu il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
416,
417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş
hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən
baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev