Qərarlar

08.01.20 S.Fərəcovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

8 yanvar 2020-ci il                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi  Sabir Fərəcovun və vəkili Tahir Əlirzayevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin və onun vəkilinin çıxışlarını, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Sabir Fərəcov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sevinc Mustafayevanın ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının bir otaqlı mənzilindən çıxarılmasına və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə S.Fərəcovun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 19 dekabr 2018-ci il tarixli qərarı ilə S.Fərəcovun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

S.Fərəcov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək  Ali Məhkəmənin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 178.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 89.1, 89.3, 103.2, 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş, bununla da onun Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi  zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti,  xüsusi mülkiyyət və  bələdiyyə mülkiyyəti növündə ola bilər.

Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, S.Fərəcov ilə “Ələsgəroğlu-K” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Ələsgəroğlu-K” MMC) arasında 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, həmin MMC-nin Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 1-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilin S.Fərəcova təhvil verilməsi barədə öhdəlik götürmüşdür. “Ələsgəroğlu-K” MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən S.Fərəcov mənzilin dəyərini tam ödəmişdir. Lakin həmin mənzil S.Fərəcova təhvil verilməmişdir.

Birinci instansiya məhkəməsi S.Fərəcovun iddiasını rədd edərkən qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında inşa olunan binada tikintinin başa çatdırılmasını və mənzillərin alğı-satqısının rəsmiləşdirilməsini öhdəsinə götürən “AENT-E” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “AENT-E” MMC) ilə 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqaviləyə 23 fevral 2013-cü il tarixli əlavə müqavilə bağlamaqla, əvvəlki müqavilədən irəli gələn hüquqlarından imtina edərək həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan 1 otaqlı  mənzilin qəbul edilməsinə razılaşmaqla mübahisəli mənzildən imtina etmiş, bununla da həmin mənzilə dair tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik olmamışdır.

S.Fərəcov apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında göstərmişdir ki, AENT-E” MMC ilə 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqaviləyə 23 fevral 2013-cü il tarixli əlavə müqavilənin bağlanmasına dair rəsmi sənədin əsli, yaxud onun notariat qaydasında təsdiq olunmuş surəti mövcud deyildir.

Bununla əlaqədar qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

Həmin Məcəllənin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş əlavə müqavilənin Mülki Prosessual Məcəllənin 89.1 və 89.3-cü maddələrinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almamış və qətnaməsində S.Fərəcovun apellyasiya şikayətinin bu dəlilinin əsaslı olub-olmamasına münasibət bildirməmişdir.

Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə müvafiq olaraq, apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur.

Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, göstərilən mənzil üzrə mübahisə yaranmasına baxmayaraq, iddiaçı S.Fərəcov cavabdehin həmin mənzilə dair hüquqlarını (müqaviləsini) mübahisələndirməmiş və həmin müqavilənin həqiqiliyi prezumpsiyası təkzib edilməmişdir.  

Halbuki Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs S.Fərəcovun Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir.

Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən mübahisəli mənzilin S.Mustafayevanın istifadəsində olması müəyyən edilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq ərizəçi cavabdeh S.Mustafayevanın ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır.    

Bu baxımdan qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi S.Fərəcovun iddiasını rədd edərkən S.Mustafayeva ilə “AENT-E” MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığının mübahisə predmetinə aid olmamasını, mülki iş üzrə iddia tələbinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən S.Fərəcova müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin çıxarılması ilə bağlı irəli sürülməsini nəzərə almamışdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə S.Fərəcov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, “AENT-E” MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə S.Mustafayeva ilə 12 noyabr 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.

Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).

Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Lakin hazırkı iş üzrə S.Fərəcov tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, “Ələsgəroğlu-K” MMC mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, həm də Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı kimi çıxış edir.

Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

 Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir.

Mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə aşağıdakı imkanları təqdim etmişdir:

- işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək;

- yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək;

- işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək. (Mülki Prosessual Məcəllənin 64.1, 79.1 və 97.1-ci maddələri).

Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri).

Beləliklə, digər sübut növləri kimi ekspertin rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspertin rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin 9 oktyabr 2017-ci il tarixli qərardadı əsasında  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (bundan sonra – Məhkəmə Ekspertizası Mərkəzi) tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 8 yanvar 2018-ci il tarixli ekspert rəyində mübahisəli mənzilin S.Mustafayevanın istifadəsində olan eyni mənzil olduğu və həmin mənzilin tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir.

Bundan sonra, apellyasiya instansiyası məhkəməsinin 2 aprel 2018-ci il tarixli qərardadı ilə mübahisəli mənzilin yerləşməsinin müəyyən edilməsi üçün əvvəlki ekspertizanın keçirilməsinin əsasını təşkil edən eyni layihə və digər hüquqmüəyyənedici texniki sənədlər əsasında təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

 Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2018-ci il tarixli ekspert rəyində təkrar olaraq mübahisəli mənzilin binanın eskiz layihəsinə görə 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmiş, lakin baxış zamanı binada pilləkən meydançasında quraşdırılmış liftin mərtəbələr üzrə sıralanmasını, mübahisəli mənzilin digər mərtəbələrdə yerləşən mənzillərdə yaşayan sakinlərin yerləşməsini nəzərə alaraq mənzilin 10-cu mərtəbədə yerləşdiyi müəyyən edilmişdir.   

Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün müstəqil məhkəmə-hüquq ekspertizası təyin edilmiş, habelə məhkəmə təkrar ekspertizanın keçirilməsinin zəruriliyi qənaətinə gəlmişdir. Lakin məhkəmə ilkin ekspertizanın rəyi ilə razılaşmamasının və təkrar ekspertiza təyin edilməsinin səbəblərini göstərməmiş və bunu əsaslandırmamışdır.

Qeyd olunmalıdır ki, faktiki halların prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması məhkəmə aktları ilə məhkəmə müdafiəsi (ədalətli məhkəmə araşdırılması) hüququnun pozulmasına dəlalət etməklə məhkəmədə baxılan mübahisənin hüquqi hallarına təsir göstərə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ərizəçinin əmlak hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir.

Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamaqla, S.Fərəcovun apellyasiya şikayətində irəli sürdüyü dəlillərə heç bir münasibət bildirməmiş, təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyini və ilk ekspertiza rəyinin nəticələri ilə razılaşmamasının səbəblərini göstərməmiş, eyni zamanda həmin ekspertizaların nəticələrini prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.

Halbuki Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin III hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 

Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarları).

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1, 418.2 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Ali Məhkəmənin Mülki Kollegiyası isə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 20 avqust 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 19 dekabr 2018-ci il tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, S.Mustafayeva ilə “AENT-E” MMC arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqaviləyə əsasən “AENT-E” MMC həmin binada dəyəri ödənilmiş mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür.

Bu baxımdan nəzərə alınmalıdır ki, “AENT-E” MMC ilə S.Mustafayeva arasında bağlanmış müqavilə üzrə sonuncuya razılaşdırılmış mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq  S.Mustafayeva tərəfindən tələb irəli sürülə bilər.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, S.Fərəcovun S.Mustafayevaya qarşı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.        S.Fərəcovun S.Mustafayevaya qarşı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılsın.

2.        Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.        Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4.        Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. 

 

 

Sədr                                                                   Fərhad Abdullayev