Qərarlar

17.12.19 “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

17 dekabr 2019-cu il                                                                                  Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin vəkili Fuad Musa və nümayəndəsi Səbinə Əliyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

MÜƏYYƏN  ETDİ:

 

 

Ruslan İbadov “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra AXA MBASK” Sığorta Şirkəti ASC) qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə R.İbadovun apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş,  “AXA MBASK” Sığorta Şirkəti ASC-dən 104.000 ABŞ dolları sığorta məbləğinin iddiaçıya ödənilməsi, iddia tələbinin dəbbə puluna aid hissədə təmin olunmaması qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 26 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

“AXA MBASK” Sığorta Şirkəti ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək  Ali Məhkəmənin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qərarının  Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sığorta müqaviləsi ilə bağlı qanunvericiliyin tələblərini nəzərə almamışdır.

Ərizəçi hesab edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 324, 390, 404, 922, 927.1, 935.1.7, 935.1.8 və 1091-ci  maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın 13, 29 və 60-cı maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).

Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, R.İbadov və “AXA MBASK” Sığorta Şirkəti ASC arasında bağlanmış 18 may 2012-ci il tarixli sığorta müqaviləsinə və 30 may 2012-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən R.İbadova məxsus minik avtomobili 3 il müddətinə 105.000 ABŞ dolları məbləğində sığortalanmışdır. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 11 iyun 2015-ci il tarixli qərarına əsasən R.İbadova məxsus, sığorta obyekti olan avtomobil istintaqa məlum olmayan bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş və 22 avqust 2014-cü il tarixində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq satılmışdır. Həmin cinayət işi üzrə R.İbadov zərərçəkmiş şəxs kimi tanınmışdır. Qeyd olunan hadisə ilə bağlı R.İbadov “AXA MBASK” Sığorta Şirkəti ASC-yə məlumat vermişdir.

Sonradan R.İbadov “AXA MBASK” Sığorta Şirkəti ASC-yə müraciət edərək sığorta hadisəsi baş verdiyi üçün 18 may 2012-ci il tarixində bağlanmış  sığorta müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini xahiş etmişdir.

 Lakin cavabdeh oğurluq faktının müəyyən edilməməsi, dələduzluq nəticəsində dəymiş zərərin tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riski kimi nəzərdə tutulmaması səbəbindən sığorta məbləğini verməkdən imtina etmişdir.

R.İbadov sığorta hadisəsinin baş verməsini iddia edərək, “AXA MBASK” Sığorta Şirkəti ASC-dən 105.000 ABŞ dolları məbləğində sığorta ödənişinin və 149.100 ABŞ dolları məbləğində dəbbə pulunun ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

İşə baxan birinci instansiya məhkəməsi məhz dələduzluq əməli nəticəsində avtomobilin talandığına və cinayət işinin bu fakta görə başlanıldığına, həmin cinayət əməlinin isə tərəflər arasında bağlanmış sığorta müqaviləsi ilə sığorta riski olaraq təminat altına alınmadığına əsaslanaraq iddianı təmin etməmişdir.

İddianı təmin edən apellyasiya instansiyası məhkəməsi isə mövqeyini onunla əsaslandırmışdır ki, dələduzluq əməli mübahisəli sığorta müqaviləsində sığorta riski olaraq nəzərdə tutulmuş oğurluq, soyğunçuluq, quldurluq, qaçırma əməlləri kimi mülkiyyət əleyhinə olan cinayətlər sırasında olduğuna görə baş vermiş dələduzluq hadisəsi də  sığorta hadisəsi kimi qəbul edilməlidir.

Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə düzgün hüquqi nəticəyə gəldiyini, qanuni və əsaslı qətnamə qəbul etdiyini, maddi və prosessual hüquq normalarını pozmadığını göstərmiş və qətnaməni dəyişdirmədən saxlamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu mübahisələndirilən məsələ ilə əlaqədar, ilk növbədə, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin müdafiəsinin ən əhəmiyyətli vasitələrindən biri olan sığorta institutuna və onun mühüm kateqoriyaları sayılan sığorta müqaviləsi, sığorta hadisəsi anlayışlarını müəyyən edən mülki qanunvericilik normalarına aydınlıq gətirilməsini zəruri hesab edir.

Sığorta - insanların maddi və şəxsi maraqlarının, onların həyatının, sağlamlığının, əmlakının və digər mənafelərinin mühafizəsinin təmin edilməsində mühüm iqtisadi-hüquqi kateqoriyadır.

Mülki Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. 

Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.  Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir  (Mülki Məcəllənin 922.1 və 922.2-ci maddələri).

Tərəflər arasında imzalanmış sığorta müqaviləsi və sığorta şəhadətnaməsindən görünür ki, sığorta riskləri bölməsində avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlər müəyyən edilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2014-ci il 23 sentyabr tarixində təsdiq edilmiş “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə” Sığorta Qaydalarında (bundan sonra – Qaydalar) da eyni müddəalar əks olunmuşdur.

Qaydaların 28.1-ci maddəsində göstərilmişdir ki, sığortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir: avtonəqliyyat hadisəsi; atılmış və ya düşmüş əşya; üçüncü şəxsin qanunazidd hərəkəti; oğurluq, quldurluq, qaçırma və soyğunçuluq; yanğın və partlayış; təbii fəlakət; heyvanların hərəkəti.

Qeyd olunduğu kimi, sığorta müqaviləsinə əsasən sığorta obyekti olan R.İbadova məxsus avtomobil bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildikdən sonra qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq satılmışdır.

Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 5.1-ci bəndinə istinad edərək belə qənaətə gəlmişdir ki, sığorta müqaviləsində əks olunmuş sığorta risklərinin əhatə dairəsi arasındakı mülkiyyət əleyhinə cinayətlərin bir neçəsi (oğurluq, quldurluq, qaçırma və soyğunçuluq) sadalansa da, əslində bu istiqamət Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Mülkiyyət əleyhinə olan cinayətlər” adlı XXIII Fəslində yer almış istənilən, o cümlədən dələduzluq cinayət əməli nəticəsində sığortalanmış avtomobilin müxtəlif üsullarla talanması, ələ keçirilməsi və sahiblikdən çıxarılmasını nəzərdə tutur.

Lakin Qaydalarda və tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta hadisəsi kimi nəzərdə tutulmuş cinayətlərin (oğurluq, quldurluq, qaçırma və soyğunçuluq) əsas elementi ondan ibarətdir ki, həmin cinayətlər nəticəsində zərərçəkmiş şəxs öz iradəsindən asılı olmayan səbəblərdən mülkiyyətindən məhrum olunur. Dələduzluq cinayəti şəxsin etibarından sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında vermiş olur.

Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla qanunazidd olmayan istənilən şərtlərlə müqavilə bağlamaq imkanı verir. Bu baxımdan, öhdəliklərinin əmələ gəlməsi əsasları arasında müqavilə aparıcı yer tutur. Müqavilə ilə tərəflər  qarşılıqlı razılıq əsasında  hüquq və vəzifələrini müəyyən etməklə öz əmlak mənafelərini təmin etmiş olurlar.

Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa müvafiq olaraq, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlmə əsasları kimi müəyyən olunmuşdur. Bu baxımdan tərəflər arasında bağlanılan və şəhadətnamə ilə rəsmiləşdirilən sığorta müqaviləsinin şərtləri onlar arasında əmələ gəlmiş münasibətin hüquqi əsasları kimi qiymətləndirilməlidir.

Sığorta ödənişi sığorta hadisəsi  baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (Mülki Məcəllənin 926.1-ci maddəsi).

Mülki Məcəllənin 935.1.8-ci maddəsinə uyğun olaraq, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtinası üçün əsasdır.

 Beləliklə, R.İbadov və “AXA MBASK” Sığorta Şirkəti ASC arasında bağlanılmış sığorta müqaviləsindən və “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası Şəhadətnaməsi”ndən göründüyü kimi, tərəflər avtomobilin sığorta riskləri bölməsinə yalnız oğurluq, quldurluq, qaçırma və soyğunçuluq kimi cinayətləri daxil etmişlər. Lakin dələduzluq cinayəti tərəflər arasında bağlanmış sığorta müqaviləsinin sığorta riskləri dairəsinə salınmamışdır.

Beləliklə, dələduzluq cinayətinin tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riski kimi göstərilmədiyinə və sığorta təminatına daxil olunmadığına görə sığorta hadisəsi baş verməmişdir. Sığorta hadisəsinin baş verməməsi sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas hesab edilir.

Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin dələduzluq əməlinin mübahisəli sığorta müqaviləsində sığorta riski olaraq nəzərdə tutulmuş oğurluq, soyğunçuluq, quldurluq, qaçırma əməlləri kimi mülkiyyət əleyhinə olan cinayətlər sırasında olduğuna görə baş vermiş bu hadisənin də sığorta hadisəsi kimi qəbul edilməsi mövqeyi yalnış olmuşdur. Kassasiya instansiyası məhkəməsinin isə apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşması mülki qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə uzlaşmır.

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normanın tələbinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci  maddəsinə müvafiq olaraq, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə tam əməl etməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulmasına düzgün qiymət verməyərək qətnaməni dəyişdirmədən saxlamış, nəticədə ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində nəzərdə tutulmuş hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, R.İbadovun “AXA MBASK” Sığorta Şirkəti ASC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və sığorta məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki Məcəllənin 935.1.8-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

 

QƏRARA  ALDI:

 

 

1. Ruslan İbadovun “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və sığorta məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

 

Sədr                                                                                               Fərhad Abdullayev