AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R
A R I
4 dekabr 2019-cu
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev
(sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev,
Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran
Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid
Əliyevin, sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin
müdiri Gündüz Kərimovun, cavabverən orqanın nümayəndələri Azərbaycan
Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri
Səfa Mirzəyevin, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib
Şükürovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin III hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası
Prezidentinin sorğusu əsasında konstitusiya məhkəmə icraatı qaydasında
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin
edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi
barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli
Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, tərəflərin nümayəndələrinin
çıxışlarını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan
Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası
Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikası
Konstitusiyasının 981–ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasını məqsədəmüvafiq hesab
etmişdir.
Sorğuda göstərilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının 99 səs çoxluğu ilə “Azərbaycan Respublikasının Milli Məclisinə
növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının
Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edilmişdir.
Həmin Qərar ilə Azərbaycan Respublikasının Prezidentindən Azərbaycan
Respublikası Konstitusiyasının 981–ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması
və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti hesab etmişdir ki, Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı üzrə yekun qərar qəbul etməzdən əvvəl
hazırkı şəraitdə Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının
Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğunluğuna dair Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zəruridir.
Azərbaycan Respublikası Prezidentinin sorğusu ilə bağlı Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Sorğudan və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, Azərbaycan
Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının Milli Məclisinə
növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının
Prezidentinə müraciət edilməsi barədə” 2019-cu il 2 dekabr tarixli 1717-VQR
nömrəli Qərar qəbul etmişdir.
Həmin Qərara əsasən, Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının mütləq əksəriyyəti hesab etmişdir ki, Azərbaycan Respublikasında
həyata keçirilən köklü islahatların daha da sürətləndirilməsi üçün Azərbaycan
Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsinə,
səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və
hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur.
Qərarda həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi
ölkədə həyata keçirilən islahatların genişləndirilməsi və dərinləşdirilməsi
prosesindən kənarda qalmamalıdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının
mütləq əksəriyyəti belə vəziyyətdə parlament fəaliyyətinin həyata
keçirilməsinin mümkün olmayacağı qənaətinə gəlmiş və növbədənkənar seçkilərin
keçirilməsinin zəruri olduğunu bildirmişdir.
Sorğuda qaldırılan məsələnin həlli üçün Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının
bəzi normalarına diqqət yetirilməsini vacib hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının 81-ci maddəsinə görə, Azərbaycan
Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli
Məclisi həyata keçirir.
Azərbaycan Respublikası Konstitusiyasının 82-ci maddəsinə müvafiq olaraq,
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə
uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının
səlahiyyət müddəti 5 ildir.
Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan
Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial
fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla
müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və
95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci
maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən
icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikasının Milli Məclisini buraxır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu məsələnin həlli
üçün Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinin I hissəsində nəzərdə tutulan
“vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə”
müddəasının yaranmış vəziyyətə uyğun açıqlanmasını zəruri hesab edir.
Azərbaycan Respublikasının Milli Məclisi hakimiyyətin bölünməsi prinsipinə
əsasən qanunvericilik hakimiyyətini həyata keçirdiyi üçün əsas vəzifəsi
qanunların və qərarların qəbul edilməsidir və onun müəyyən etdiyi ümumi
qaydalar, habelə həll etdiyi məsələlər Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü və 95-ci maddələrində təsbit edilmişdir.
Müasir demokratik cəmiyyət üçün parlamentin fəallığı böyük əhəmiyyət kəsb
edir. Qabaqcıl və mütərəqqi hüquqi aktların qəbul edilməsi ölkədə ictimai
münasibətlərin ədalət və hüququn aliliyi əsasında tənzimlənməsini təmin edir.
Bu baxımdan, qanunvericinin üzərinə düşən vəzifələrin məhz ölkənin sürətli
inkişafına cavab vərəcək şəkildə həyata keçirilməsi vacibdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan
Respublikası Konstitusiyasının 981–ci maddəsində təsbit edilmiş “vəzifələrini aradan qaldırıla bilməyən
səbəblər üzündən icra etmədikdə” müddəası ilə bağlı qeyd edir ki, aradan
qaldırıla bilməyən səbəblər dedikdə, parlamentin mövcud tərkibdə vəzifələrinin
icra edilməsini qeyri-mümkün edən səbəblər başa düşülür. Bu baxımdan,
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının
Konstitusiyası ilə ona verilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı
fəaliyyətini obyektiv qiymətləndirməklə öz işini davam etdirib-etdirməməsinin
mümkünlüyünə dair qərar qəbul edə bilər.
Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli
Qərarından da göründüyü kimi, Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının mütləq əksəriyyəti parlament fəaliyyətinin həyata keçirilməsinin
mümkünsüzlüyü barədə qəti mövqe ortaya qoymuşdur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının mütləq əksəriyyətinin parlamentin
öz səlahiyyətlərini artıq həyata keçirə bilməməsi barədə qəti mövqeyinin
formalaşmasını nəzərə alaraq hesab edir ki, “Azərbaycan Respublikasının Milli
Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin
2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikasının Prezidenti
tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması üçün Azərbaycan
Respublikası Konstitusiyasının 981–ci maddəsinin I hissəsində müəyyən edilmiş əsası yaradır.
Belə olan halda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin
edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi
barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli
1717-VQR nömrəli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin
buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğundur.
Həmçinin qeyd edilməlidir ki, parlament buraxıldıqda qanunvericilik
hakimiyyətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, növbədənkənar parlament
seçkilərinin keçirilməsi zamanı parlamentin səlahiyyətlərinin müəyyən dərəcədə
saxlanılması zəruridir.
Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının
Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal
olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə
elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi
yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə
blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində
və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi
fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə
verir.
Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinə görə isə,
Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar,
epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan
Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya
dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan
kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud
dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr
meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə
vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində
Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
Göründüyü kimi, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti
dövlətin, cəmiyyətin və insanların qorunması üçün Azərbaycan Respublikası
Prezidentinin hərbi və fövqəladə vəziyyətin elan edilməsi barədə Fərmanlarının
təsdiq olunması və s. bu kimi həyati əhəmiyyətli funksiyaların həyata
keçirilməsi ilə də bağlıdır. Buna görə həmin funksiyaların icrası ilə bağlı
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin parlamentin yeni
tərkibi formalaşanadək saxlanılması zəruri hesab edilməlidir.
Eyni zamanda, Azərbaycan Respublikası Milli Məclisinin deputatları
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn
öhdəliklərlə, habelə bir sıra beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif
beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarının fəaliyyətində iştirak
edirlər. Bu səbəbdən parlament buraxıldıqdan sonra da həmin səlahiyyətlərin
müvəqqəti saxlanılması zəruri hesab edilir.
Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir
ki, Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışı fəaliyyətə
başlayanadək müstəsna olaraq Azərbaycan Respublikası Konstitusiyasının 111-ci
və 112-ci maddələrində, 95-ci maddəsinin I hissəsinin 16-cı və 17-ci
bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda
təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün V çağırış Azərbaycan
Respublikası Milli Məclisinin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı
nəticələrə gəlir:
- “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin
təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət
edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr
tarixli 1717-VQR nömrəli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinin I hissəsinə uyğun hesab edilməlidir;
- “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin
təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət
edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr
tarixli 1717-VQR nömrəli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin
Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan
Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-ci bəndini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi
haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə”
Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR
nömrəli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinin I
hissəsinə uyğun hesab edilsin.
2. “Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi
haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə”
Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR
nömrəli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan
Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası
Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilsin.
3. Qərar elan edildiyi andan qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev