Qərarlar

14.10.19 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin

90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair

 

 

14 oktyabr 2019-cu                                                                                             Bakı şəhəri 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat şöbəsinin rəis müavini Aynur Osmanova, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Paşayevanın,

mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Fərhad Kərimovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh olunmasına dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –  Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 90.9 və 91.7-ci maddələrinin şərh edilməsini xahiş etmişdir.

 Sorğu onunla əsaslandırılmışdır ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrində şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkməsi göstərilsə də, bu əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) hansı maddəsi ilə cinayət məsuliyyəti yaratması müəyyən deyildir.

Cinayət-Prosessual Məcəlləsinin 91.4-cü maddəsinə görə, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməklə yanaşı onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir.

Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli və ya təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz.

Cinayət Məcəlləsinin “Ədalət mühakiməsi əleyhinə olan cinayətlər” adlanan 32-ci fəslinin 296 və 297-ci maddələrində “bilə-bilə yalan xəbərçilik etmə” və “bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məcəllənin 296-cı maddəsindən fərqli olaraq, 297-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin subyekti şahid, zərərçəkmiş şəxs, ekspert və ya tərcüməçi kimi müəyyən edilmiş, şübhəli və ya təqsirləndirilən şəxsin isə cinayətin subyekti olması istisna edilmişdir.

Göstərilənlərə əsasən, sorğuverən hüquqtətbiqetmə təcrübəsində yaranan boşluğun aradan qaldırılması məqsədi ilə Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrində nəzərdə tutulmuş şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkilməsinə görə Cinayət Məcəlləsinin hansı normasına əsasən cinayət məsuliyyətinə cəlb edilməsinə, eləcə də bunun hansı qaydada həyata keçirilməsinə aydınlıq gətirilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyən edilmişdir.

Konstitusiyada hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olması, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin özünün təqsirsizliyini sübuta yetirməyə borclu olmaması müddəaları təsbit edilmişdir (Konstitusiyanın 26-cı maddəsinin I hissəsi və 63-cü maddəsinin II və III hissələri).

Konstitusiyanın 127-ci maddəsinin IV, VII və VIII hissələrində təsbit edilmiş və cinayət mühakimə icraatının həyata keçirilməsinin əsasını təşkil edən çəkişmə, tərəflərin bərabərliyi və məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin edilməsi prinsipləri tərəflərin müstəqil şəkildə və öz mülahizələrinə əsasən iş üzrə, o cümlədən cinayət məsuliyyəti ilə əlaqədar mövqelərini müəyyən etmək və bu mövqeləri zəruri dəlillərlə əsaslandırmaq imkanını nəzərdə tutur.

Bu qayda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 13-cü maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə görə, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.

Dövlətin ədalətli, qərəzsiz və səmərəli məhkəmə müdafiəsi hüququnu təmin etməsi öhdəliyi beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsiplərindən, xüsusilə də İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsindən, Konvensiyanın 6-cı maddəsindən, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsindən irəli gəlir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərin düzgün həlli üçün ilk növbədə “bilə-bilə yalan xəbərçilik etmə”, “bilə-bilə yalan ifadə vermə”, “cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkmə” müddəalarına aydınlıq gətirilməsini vacib hesab edir.

Qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər.

Məhz buna görə də düzgün olmayan (səhv) hökm və ya qərarın çıxarılmasına səbəb olan zərər çəkmiş şəxsin, şahidin bilə-bilə yalan ifadə verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə yalan tərcümə etməsi, maddi sübutların, istintaq və məhkəmə hərəkəti protokollarının və digər sənədlərin saxtalığının məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilməsi, məhkəmənin hökm və ya qərarlarına yeni açılmış hallar üzrə baxılması üçün əsaslar kimi müəyyən edilmişdir (Cinayət-Prosessual Məcəlləsinin 461.0.1-ci maddəsi). 

Cinayət Məcəlləsinin 297.1-ci maddəsində məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddənin dispozisiyasına görə, cinayətin subyektləri kimi şahid, zərərçəkmiş şəxs, ekspert və tərcüməçi müəyyən edilmişdir.

Göründüyü kimi, şübhəli və ya təqsirləndirilən şəxs bu cinayətin subyekti kimi nəzərdə tutulmamış və o, yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Konstitusiyanın 66-cı maddəsinə əsasən, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.

Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüquqları vardır.

Cinayət Məcəlləsinin 297-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Şəxsin özünün və ya yaxın qohumlarının əleyhinə ifadə vermək öhdəliyindən azad edilməsi, yəni, şahidlik immuniteti ilə təmin edilməsi şəxsin özünə və ya yaxınlarına qarşı şahidlik etməyə hər hansı formada məcbur edilməsinin yolverilməzliyini ifadə edir. Bu hüququn mahiyyəti ondan ibarətdir ki, şəxs, nəinki ifadə verməkdən, eyni zamanda cinayətin törədilməsində onun təqsirini təsdiqləyən digər sübutları da təqdim etməkdən imtina edə bilər və cinayət mühakimə icraatının istənilən mərhələsində bu hüquq təmin olunmalıdır.  Lakin şahidlik immunitetinə malik olan şəxsin üzərinə işin hallarına dair ifadə vermək öhdəliyinin qoyulmasının qadağan edilməsi heç də bu şəxsin öz iradəsi əsasında müvafiq mülahizələri təqdim etmək imkanını istisna etmir.

Şübhəli və ya təqsirləndirilən şəxsin öz müdafiəsi üçün bəraətverici sübutları cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş qaydalara uyğun təqdim etməsi mümkündür. Belə ki, Konstitusiyanın 26-cı maddəsinin I hissəsinin və Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin tələbləri baxımından şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə olunmaq məqsədilə ifadə verməkdən imtina etmək və ya digər şəxslərin hüquqlarını pozmadan, qanunla qadağan olunmayan müdafiə üsullarından istifadə etmək hüququ vardır.

Qeyd olunmalıdır ki, Konstitusiyanın 26-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinin dövlət təminatını nəzərdə tutmaqla yanaşı, onların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş və qanunla qadağan olunmayan hərəkətləri müstəqil şəkildə həyata keçirmək imkanını leqallaşdırır və dəstəkləyir.

Lakin hər bir kəs öz hüquq və azadlıqlarının müdafiəsi zamanı qanunla qadağan olunmayan üsul və vasitələrdən istifadə edərkən, digər şəxslərin də hüquq və azadlıqlarını pozmamalıdır. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə, hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Qanun şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun sərhədlərini digər şəxslərin hüquqları, həmçinin onların şərəf və ləyaqəti, eyni zamanda ədalət mühakiməsinin mənafeləri ilə məhdudlaşdırmışdir.

Qanunvericinin cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallarla bağlı şübhəli və ya təqsirləndirilən şəxsin verdiyi ifadə və ya izahata görə hüquqi məsuliyyəti müəyyən etməsi də müdafiə hüquqlarından sui-istifadənin qarşısının alınmasına yönəlmişdir.  Konstitusiyanın 72-ci maddəsinin II hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

 Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir şəxs hüquqlarının müdafiəsində öz mülahizəsinə görə, istənilən üsul və vasitələrdən istifadə edə bilər, lakin bu zaman o, qanunla qadağan olunmuş hərəkətlərə yol verməməlidir. Belə qadağanın qanunvericilikdə birbaşa nəzərdə tutulması vacib deyil. Bu, müvafiq hüququn həyata keçirilməsinin qanunla müəyyən olunmuş qaydası ilə də şərtləndirilə bilər.

Cinayət Məcəlləsinin 296-cı maddəsində isə bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

Yalan xəbərçilik, aşkar surətdə təqsirsiz şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkum edilməsi məqsədi ilə bilərəkdən yalan məlumatlar verilməsində ifadə olunur. Yalan xəbərçilik, həm cinayət barəsində məlumatdan, həm də təqsirsiz şəxsin təqsirləndirilməsindən  ibarət ola bilər.

 Nəzərə alınmalıdır ki, yalan xəbərçilik, təkcə konkret şəxsin və ya şəxslərin (onların soyadları, adları, əlamətləri göstərilməklə) cinayət törətməkdə yalandan ittiham olunmasında ifadə olunmur, bu əməl faktiki olaraq törədilməmiş cinayət hadisəsi barədə məlumat verilməsi ilə də həyata keçirilə bilər.

Yalan xəbərçiliyin əsas və bilavasitə obyekti cinayətlər barədə məlumatların baxılmasının və təhqiq edilməsinin müəyyən olunmuş qaydasıdır. Əlavə obyekt kimi isə barəsində yalan xəbərçilik edilmiş şəxslərin hüquqları və qanuni maraqları çıxış edir.

Obyektiv cəhətdən cinayət formal quruluşa malikdir. İctimai təhlükəli əməl həm aktiv hərəkətlərdə, yazılı formada, həm də şifahi formada xəbərçilikdə ifadə oluna bilər.

Subyektiv cəhətdən yalan xəbərçilik əməli yalnız qəsdən törədilir, yəni əməlin cinayət hesab olunması üçün verilən məlumatların yalan olması onları vermiş şəxsə əvvəlcədən məlum olmalıdır.

Xüsusilə qeyd olunmalıdır ki, şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsi haqqında məlumat verildikdə, cinayət təqibini həyata keçirən orqan irəli sürülən sübutlarla kifayətlənməməli, həm onları, həm də icraat zamanı əldə edilmiş digər sübutları cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmalı və qiymətləndirməlidir.

Cinayət təqibi üzrə icraat zamanı sübut edilməli olan hallar Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsində müəyyən edilmişdir. Bunlara cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; əməlin törədilməsində şəxsin təqsirliliyi və s. daxildir.

Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi). Qeyd olunduğu kimi cinayət-prosessual qanunvericiliyin tələbinə görə, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (Cinayət-Prosessual Məcəlləsinin 145.2 və 146.1-ci maddələri).

Şübhəli və ya təqsirləndirilən şəxs müdafiə hüququnu həyata keçirərkən özünə bəraət qazandırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədilə ona qarşı irəli sürülmüş ittihamla əlaqədar sübutlar təqdim etməklə istintaqın və məhkəmə araşdırmasının gedişinə təsir etmək hüququna malikdir. Lakin bu zaman şübhəli və ya təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyəti olmayan hər hansı bir şəxsin adını bilərəkdən çəkdiyi təqdirdə bilə-bilə yalan xəbərçiliyə görə məsuliyyət daşımalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrində şübhədən və ya irəli sürülmüş ittihamdan müdafiə olunmaq üçün cinayətin törədilməsinə aidiyyəti olmayan şəxs haqqında bilərəkdən yalan məlumatların verilməsində ifadə olunan əməlləri istisna etmişdir və bu hal yalan xəbərçilik barəsində cinayət təqibi həyata keçirilən şəxsin özünümüdafiə vasitəsi kimi qəbul oluna bilməz.

Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) presedent hüququna əsasən, Konvensiyanın ədalətli məhkəmə araşdırılması hüququna dair 6-cı maddəsinin 3(c) yarımbəndi təqsirləndirilən şəxsə qarşı məhkəmə icraatının müdafiə hüququ adekvat şəkildə təmin edilmədən həyata keçirilməsinin qarşısının alınmasına yönəlmiş olsa da, məhdudiyyətsiz müdaxilə arqumentinin istifadəsini təmin etmir. Həmin hüquqdan istifadə edən zaman bilərəkdən cinayət mühakimə icraatında iştirak edən şahid və ya hər hansı başqa şəxsin cəzalandırılmalı olan davranışı haqqında yalan məlumat verilməsi halında təqib edilə bilməyəcəyini düşünmək cinayət törətməkdə ittiham olunan şəxslərin müdafiə hüququ anlayışını həddindən artıq şişirtmiş olardı (Brandstetter Avstriyaya qarşı iş üzrə 28 avqust 1991-ci il tarixli Qərar).

Bilə-bilə yalan xəbərçiliyin təhlükəliliyi ondan ibarətdir ki, verilən yalan məlumatın yoxlanılması və araşdırılması əsassız vaxt itkisinə, hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəsizliyinə gətirib çıxara və bunun nəticəsində günahsız şəxsin cinayət məsuliyyətinə cəlb edilib məhkum olunmasına səbəb ola bilər.

Qanunvericilikdə şübhəli və ya təqsirləndirilən şəxsin öz müdafiəsi çərçivəsində yalan ifadə verməsinə görə hüquqi məsuliyyət nəzərdə tutulmasa da Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrində “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə” müddəasının nəzərdə tutulması onu ifadə edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququ hədsiz və sərhədsiz olmamalı və bu hüquq həyata keçirilərkən başqalarının hüquqlarını pozan hərəkətlərə yol verilməməlidir.

Qanunvericilikdə bilə-bilə yalan xəbərçiliyə görə məsuliyyətin müəyyən edilməsi ilə dövlətin insan ləyaqətini, onun hüquq və azadlıqlarını qorumaq, cinayətdən zərər çəkmiş şəxsin hüquqlarını və dəymiş zərərə görə kompensasiyanı təmin etmək, həmçinin ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə zəmanət vermək kimi konstitusiya öhdəlikləri icra edilmiş olur.

Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs  törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verərkən ona Cinayət-Prosessual Məcəlləsinin 204.3-cü maddəsinə uyğun olaraq bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir. 

 Bundan sonra cinayət təqibini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin verdiyi məlumatı dəqiq və ətraflı yoxlamalı, zərurət olduqda müvafiq əməliyyat tapşırıqları verməli, haqqında xəbərçilik edilən şəxslə xəbər verən şübhəli və ya təqsirləndirilən şəxs arasındakı münasibətlərdə hər hansı qərəzin olub-olmamasını, onun kriminal meyilliliyini, motiv və məqsədini aydınlaşdırmalıdır. Yalan xəbərçilik əməlinin mövcudluğu tam sübut oldunduqdan sonra şübhəli və ya təqsirlənsdirilən şəxs təqsirləndirildiyi maddə ilə yanaşı yalan xəbərçilik etmə əməlinə görə də cinayət məsuliyyətinə cəlb edilə bilər.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının  şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarında vurğulanmışdır ki, Cinayət-Prosessual Məcəlləsinin 19.4.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar şübhəli və ya təqsirləndirilən şəxslərə onların hüquqlarını izah etməlidirlər.

Bu mənada Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, izah şübhəli və ya təqsirləndirilən şəxsi onun hüquqları haqqında təkcə məlumatlandırmaqdan ibarət olmamalı, həm də konkret prosessual hüquqların məzmununun açıqlanmasını, şübhəli və ya təqsirləndirilən şəxsin yol verəcəyi hərəkətin mümkün nəticələri haqqında xəbərdar olunmasını ehtiva etməlidir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 26-cı maddəsinin I hissəsinin və Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə ifadə verməmək, yaxud digər şəxslərin hüquqlarını pozmadan qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir.

- Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə” müddəası şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin cinayətdə iştirakı barədə bilə-bilə yalan məlumatların verilməsini nəzərdə tutur. Belə hərəkət özünü müdafiənin qanuni üsulu kimi qəbul edilə bilməz və bu əməl Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etmə cinayətinə görə məsuliyyət yaradır.

- Cinayət-Prosessual Məcəlləsinin 204.3-cü maddəsinə uyğun olaraq, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şübhəli və ya təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə ifadə verməmək, yaxud digər şəxslərin hüquqlarını pozmadan qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir.

2.              Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə” müddəası şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin cinayətdə iştirakı barədə bilə-bilə yalan məlumatların verilməsini nəzərdə tutur. Belə hərəkət özünü müdafiənin qanuni üsulu kimi qəbul edilə bilməz və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etmə cinayətinə görə məsuliyyət yaradır.

3.              Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 204.3-cü maddəsinə uyğun olaraq, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şübhəli və ya təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  296-cı maddəsində nəzərdə tutulmuş bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir. 

4.              Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5.              Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                               Fərhad Abdullayev