Qərarlar

19.11.04 «Bakı Telefon Rabitəsi» İB-nin şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin İMDİÜMK-nın 22.04.04 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsi Plenumunun

Q Ə R A R I

«Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının

22 aprel 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

19 noyabr 2004-cü il                                                                                                Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçinin nümayəndələri «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin baş direktor əvəzi A.M.Quliyev və  hüquqşünası  A.M.Hüseynlinin,

mütəxəssis - sərbəst auditor N.M.Talıbovun  iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər  üzrə  məhkəmə kollegiyasının  22 aprel   2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Konstitusiya işinə cavabverən tərəfin  iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndəsi  A.M.Hüseynlinin və mütəxəssis N.M.Talıbovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək  Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad məhkəməsinin 17 mart 2003-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Milli Bankının (MB) «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinə (BTRİB) qarşı aralarında bağlanmış zaminlik müqavilələrinin təminatı kimi «Poçtbank» Səhmdar İnvestisiya Bankına (SİB) verilmiş kreditlər üzrə qaytarılmamış əsas borc və faiz borcunun tutulmasına dair iddiası «Poçtbank» SİB-in hesabına ödənilmiş, «Poçtbank» SİB-in hesabından Milli Bankın xeyrinə iki kredit müqavilələri üzrə 7.500.000.000. və 2.000.000.000 manat, cəmi 9.500.000.000 manat əsas borc və müvafiq olaraq 758.219.178 və 139.726.027 manat faiz borclarının tutulması qət edilmişdir. «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinə münasibətdə isə iddia rədd edilmişdir.

Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 23 iyun 2003-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının (İMDİÜMK) 11 dekabr 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 20 fevral 2004-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad məhkəməsinin 17 mart 2003-cü il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, Milli Bankın iddia tələbi BTRİB-in hesabına təmin edilmiş, cavabdehdən Milli Bankın xeyrinə 9.500.000.000 manat əsas borc  və 897.945.205 manat faiz borcunun tutulması qət edilmiş, «Poçtbank» SİB-ə qarşı iddia tələbi isə rədd edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi İMDİÜMK-nın 22 aprel 2004-cü il tarixli qərarı ilə apellyasiya məhkəməsinin yuxarıda göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsinin son qərarını qanunsuz və əsassız hesab edən BTRİB Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətində bu qərarın Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş edir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin (MM) 453.1, 470.1 və 472.1-ci maddələrinin tələblərini düzgün  şərh etməyərək BTRİB-in Milli Bank qarşısında subsidiar məsuliyyət daşımasını nəzərə almadan, tələbini əsas borclu olan «Poçtbank» SİB-ə qarşı irəli sürmək əvəzinə, əlavə məsuliyyət daşıyan BTRİB-ə qarşı irəli sürmüşdür.

Şikayətlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Milli Bank və «Poçtbank» SİB arasında 27 iyun 2001-ci il tarixdən etibarən 180 gün müddətinə 7.500.000.000 manat məbləğində, 17 oktyabr 2001-ci il tarixdə, həmin tarixdən etibarən 14 gün müddətinə 2.000.000.000 manat məbləğində banklararası kredit verilməsi barədə müvafiq olaraq 501-180-01 və 522-14-01 saylı kredit müqavilələri bağlanmışdır.     

Kredit müqavilələri bağlandığı vaxt Milli Bank (kreditor), «Poçtbank» SİB (borcalan) və BTRİB (zamin) arasında zaminlik müqavilələri bağlanmışdır.

Göstərilən müqavilələrə müvafiq olaraq borcalan bankdan (kreditordan) aldığı kreditin vaxtında və tamamilə geri qaytarılması üzrə öhdəliyini yerinə yetirmədikdə zamin müqavilələr üzrə borcu (əsas borc, faizlər, cərimə və kreditlə bağlı digər ödənişlər) bankın ilk yazılı tələbi ilə pulla bankın müəyyən etdiyi müddətdə tamamilə ödəməyi öhdəsinə götürmüşdür.

Zaminlik müqavilələrinə görə zamin borcalanın öhdəliyi üzrə bank qarşısında subsidiar məsuliyyət daşıyır.

İşə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi «Poçtbank» SİB-in krediti qaytarmaq iqtidarında olmamasına, zaminlik müqavilələrinə əsasən borcalan kredit müqavilələri üzrə öhdəliyini yerinə yetirmədikdə, BTRİB-in borcu tamamilə ödəməyi üzərinə götürməsinə əsaslanaraq MM-in 470.1-ci və 453.2-ci maddələrinə istinadən, borcun ödənilməsini BTRİB-ə yönəltmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin hüquqi baxımdan düzgün həll edilməsi üçün, kredit və zaminlik müqavilələrinin şərtlərinin, habelə öhdəliklərin icrası və zaminliklə bağlı mülki qanunvericiliyin bir sıra müddəalarının təhlili böyük əhəmiyyət kəsb edir.

Hər iki kredit müqavilələrinin 1.4-cü bəndinə əsasən «Poçtbank» SİB əsas borcun ödənilməsinə öhdəlik götürmüşdür. Bu müqavilələrin 1.3-cü bəndində rüb üzrə hesablanmış faizlərin rübün axırıncı ayının 20-dən gec olmayaraq Milli Bankın hesabına «Poçtbank» SİB tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur.

Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə müvafiq olaraq borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Beləliklə, müqavilələrin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq hər iki kredit müqavilələri üzrə borcun ödənilməsi ilk növbədə «Poçtbank» SİB-in üzərinə düşür.

Tərəflər arasında bağlanmış zaminlik müqavilələrinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış məhkəmə aktlarında istinad edilən MM-in 472.1-ci maddəsində qeyd edilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Lakin yuxarıda göstərildiyi kimi  zaminlik müqavilələrinin şərtlərinə görə BTRİB bank qarşısında subsidiar məsuliyyət daşıyır. Subsidiar məsuliyyətin hüquqi anlayışı və belə məsuliyyətdə kreditorun tələblərinin ödənilməsi qaydaları isə MM-in 453-cü maddəsində müəyyən edilmişdir.

MM-in 453.1-ci maddəsinə görə kreditor bu Məcəllə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir.
  Qeyd etmək lazımdır ki, MM-in 453.1-ci maddəsinin tələbləri hər iki kredit müqavilələrində öz əksini tapmışdır.

Belə ki, həmin müqavilələrin 2.4-cü bəndlərinə əsasən ödəmə vaxtı çatdıqda kredit borcalan («Poçtbank») tərəfindən qaytarılmazsa, ödənmə müddətinin çatdığı vaxtdan sonrakı gün kreditlə bağlı öhdəlik bank tərəfindən   borcalanın sərəncamı olmadan müxbir hesabından mübahisəsiz qaydada silmək hüququna malikdir.

Müqavilələrin 2.5-ci bəndlərində isə nəzərdə tutulmuşdur ki, bank kredit üzrə öhdəliklərin təmin olunması məqsədilə borcalanın banka qoyduğu bütün növlərdən olan ipoteka və girovlara   tutmanı  yönəldə bilər.

Hər iki kredit müqavilələrin  1.3-cü bəndində kreditə hesablanmış faizlərin banka ödənilməsi şərtləri göstərilmiş və qeyd edilmişdir ki, müəyyən olunmuş vaxtda faizin ödənilmədiyi təqdirdə Milli Bank borcalanın («Poçtbank» SİB) razılığı olmadan onun müxbir hesablarından həmin pul vəsaitini sərəncam qoymaqla silmək hüququna malikdir.

MM-in 453.2-ci maddəsinə əsasən əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.

MM-in 453.1 və 453.2-ci maddələrinin təhlili onu göstərir ki, MM-in 453.2-ci maddəsi tətbiq edilənədək həmin Məcəllənin 453.1-ci maddəsinin tələbləri yerinə yetirilməli, bütün ödəmələr üzrə tələb ilk növbədə əsas borcluya qarşı irəli sürülməli, sonuncu həmin tələbi ödəməkdən imtina etdikdə və ya kreditor ondan ağlabatan müddətdə cavab almadıqda, həmin tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.

Subsidiar məsuliyyətə dair məhz bu qaydaya riayət olunmasını konstitusiya işi üzrə mütəxəssis qismində cəlb edilmiş sərbəst  auditor N.Talıbov da rəyində bildirmişdir.
      Mütəxəssisin rəyinə görə MM-in 453.1-ci maddəsinə və kredit müqavilələrinin şərtlərinə əsasən Milli Bankın:

-kredit   müqavilələrində   nəzərdə   tutulan  vaxtda  kredit   faizlərini
(897.945.205 manat)   «Poçtbank»   SİB-in   razılığı olmadan onun müxbir hesabından silmək;

-kredit müddəti bitdikdən sonra əsas kredit məbləğini (9.500.000.000 manat) «Poçtbank» SİB-dən tələb etmək;

-bu tələb ödənilmədiyi halda «Poçtbank» SİB-ə qarşı iddia irəli  sürmək;

-«Poçtbank» SİB-in maliyyə imkanları olmadığı halda iddianın onun aktivlərinə yönəldilməsini tələb etmək hüquqları olmuşdur.

Mütəxəssis belə nəticəyə gəlmişdir ki, Milli Bank göstərilən hüquqlarından tam isiifadə etdikdən, lakin kreditin, onun faizlərinin və digər kredit ödənişlərinin ödənilmədiyi halda, MM-in 453.2-ci maddəsinin tələblərinə əməl edilməsi şərtilə, zaminə - BTRİB-ə qarşı iddia irəli sürməyə haqlı olardı.

Lakin Milli Bank qanunun tələblərinə və kredit müqavilələrinin şərtlərinə zidd olaraq həmin müqavilələrdə göstərilən öhdəliklərin yerinə yetirilməsinə təhlükə yaranacağı, həmçinin ödəmə vaxtı çatdığı zaman kredit qaytarılmayacağı təqdirdə, «Poçtbank» SİB-ə qarşı sanksiyaları tətbiq etmək, ona qarşı tələbləri irəli sürmək əvəzinə, məhkəmədə bu tələbləri BTRİB-ə qarşı irəli sürmüşdür.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, işə mahiyyəti üzrə baxmış İqtisad Məhkəməsi tətbiq edilməli olan MM-in 453.1-ci maddəsini tətbiq etməyərək, Milli Bank tərəfindən həmin maddənin  tələblərinə və kredit müqavilələrinin şərtlərinə riayət edilib-edilməməsini araşdırmadan, birbaşa MM-in 453.2-ci maddəsinə əsaslanaraq bankın BTRİB-ə qarşı iddia irəli sürməsində haqlı olması nəticəsinə gəlmişdir.

MM-in 453.2-ci maddəsinin təhlili göstərir ki, kreditorun tələbi yalnız iki halda subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər:

-borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə;

-kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa.

Birinci instansiya məhkəməsi və bu məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamış apellyasiya instansiyası məhkəməsi müəyyən etmişlər ki, Milli Bank tərəfindən BTRİB-ə qarşı məhkəmədə iddia qaldırıldığı zaman «Poçtbank» SİB-i BTRİB-ə ünvanladığı 08 yanvar 2003-cü il tarixli, 11 saylı məktubunda kredit müqavilələri üzrə aldığı əsas borcun və faiz borcunun bütün məbləğdə Milli Banka qaytarılmasından imtina etmədiyini  və həmin məbləğlərin ödənilməsinə tam təminat verdiyini göstərmişdir.

Məhkəmələr tərəfindən Milli Bankın məhkəmədə BTRİB-ə qarşı iddia qaldırılanadək «Poçtbank» SİB-ə qarşı hər hansı bir tələbin irəli sürülməsi müəyyən edilməmiş və məhkəmə aktlarında bu hala istinad belə edilməmişdir.

Beləliklə, Milli Bankın  subsidiar məsuliyyət daşıyan BTRİB-ə qarşı tələbi irəli sürməyə qanuni əsaslar olmadığı halda işə mahiyyəti üzrə  baxmış apellyasiya instansiyası məhkəməsi MM-in 453.2-ci maddəsinin tələblərinə zidd olaraq əlavə məsuliyyət daşıyan BTRİB-ə qarşı irəli sürülmüş tələb üzrə iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq «Poçtbank» SİB-in  kredit müqavilələri üzrə əsas borcu və faizləri ödəmək iqtidarında olmaması nəticəsinə gəlmişdir.

Belə ki, mübahisə yaranan vaxtda qüvvədə olmuş «Bank və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə kredit təşkilatı Milli Bankın müəyyənləşdirdiyi həcmlərdə məcburi ehtiyatlar saxlamalı, aktivləri təsnifləşdirməli və mümkün zərəri ödəmək üçün özünün ehtiyat fondlarına malik olmalı, nizamnamə kapitalının minimum məbləğinə, risklərin maksimum məbləğinə və likvidlik göstəricilərinə aid tələblərinə əməl olunmasını təmin etməlidir.

Kredit təşkilatı bu tələblərə təkrarən və ya müntəzəm əməl etmədikdə, Milli Bankın İdarə Heyəti onun maliyyə vəziyyətinin sağlamlaşdırılmasına ümid edilən hallarda konservasiya haqqında qərar çıxara bilər (Qanunun 41-ci maddəsi).

Adı çəkilən Qanunun 46-cı maddəsinə əsasən konservasiya  müddətinin sonunadək Milli Bank kredit təşkilatını ödəniş qabiliyyəti olmayan hesab etsə, onun lisenziyası geri alınır və quvvədə olan qanunvericiliyə müvafiq surətdə kredit təşkilatı müflis elan edilir.

Qeyd edilməlidir ki, eyni tələblər hazırda qüvvədə olan «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununda da nəzərdə tutulmuşdur.

«Poçtbank» SİB-in ödəniş qabiliyyəti olub-olmaması məsələsini yuxarıda göstərilən qanunun tələbləri çərçivəsində həll etmək əvəzinə, apellyasiya instansiyası məhkəməsi heç bir  dəlil gətirmədən və qanunun tələblərinə əsaslanmadan belə nəticəyə gəlmişdir ki, «Poçtbank» SİB-i Milli Bankın tələbini ödəmək iqtidarında deyildir.   

Yuxarıda göstərilən qanun pozuntuları işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiyada təsbit olunmuş işin qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə əsasən və qanuna müvafiq baxılması prinsiplərinə (maddə 127) riayət edilməməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Bu isə öz növbəsində qanunun tələblərinə cavab verməyən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.

Mülki-prossesual qanunvericiliyə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416-cı maddəsi).  

Maddi və prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (MPM-in 418.1.1-ci maddəsi). Mülki prossesual qanunvericiliyə əsasən  kassasiya instansiyası məhkəməsi maddi  və prossesual hüquq normalarının tələblərinə cavab verməyən  apellyasiya instansiyası məhkəməsinin  qətnamə və qərardadını tamamilə və ya qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (MPM-in 417.0.3-cü maddəsi).

Lakin kassasiya instansiyası məhkəməsi Milli Bank, BTRİB və «Poçtbank» SİB arasında olan mübahisə ilə bağlı iş üzrə nəinki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamış, əksinə həmin məhkəmə tərəfindən buraxılmış nöqsanları təkrarlayaraq MPM-in 416, 417.0.3, 418.1-ci  maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Nəticə etibarı ilə kassasiya instansiyası məhkəməsinin qərarı hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verən Konstitusiyanın 60-cı maddəsi ilə ziddiyət təşkil edir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikası Milli Bankının «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinə və «Poçtbank» Səhmdar İnvestisiya Bankına  qarşı  əsas borcun və faiz borcunun tutulması barədə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 20 fevral 2004-cü il tarixli qətnaməsini dəyişdirmədən saxlamış Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 22 aprel 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1.Azərbaycan Respublikası Milli Bankının «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinə və «Poçtbank» Səhmdar İnvestisiya Bankına qarşı əsas borcun və faiz borcunun tutulması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 22 aprel 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan  Respublikasının mülki prosessual qanunvericiliyi ilə  müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədrlik edən                                                                         Fərhad Abdullayev