Qərarlar

28.10.04 A. M. İbrahimovanın şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın 2004-cü il 28 yanvar tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

A. M. İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin

MİÜMK-nın 2004-cü il 28 yanvar tarixli qərarının Azərbaycan Respublikasının

Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

28 oktyabr 2004-cü il                                                                                                 Bakı şəhəri

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), hakimlər F.Babayev (məruzəçi-hakim), B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi A.İbrahimovanın, onun nümayəndələri İ.Şirinov və Ş.Alxazovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Miriyev Telman Fərrux oğlunun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 2004-cü il 28 yanvar tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 19 oktyabr tarixli 2n-348 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçi A.İbrahimovanın nümayəndələri Ş.Alxasov və İ.Şirinovun çıxışlarını dinləyib, iş materiallarını müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Nərimanov rayon məhkəməsinin 04 sentyabr 2003-cü il tarixli qətnaməsilə iddiaçı T.Miriyevin cavabdeh L.Avakyana qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, T.Miriyev ilə L.Avakyan arasında Bakı şəhəri S.Rəhman küçəsindəki 74 saylı evin L.Avakyana məxsus 1/5 hissəsinə alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və evin həmin hissəsinə Miriyev Telman Fərrux oğlunun adına qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdərəsinə həvalə edilmişdir.

A.İbrahimovanın T.Miriyevə qarşı əqdin bağlanmış hesab edilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair 21 avqust 2003-cü il tarixli iddiası üzrə mülki işə baxan Nərimanov rayon məhkəməsi (hakim E.S.Babayev) 16 sentyabr 2003-cü il tarixdə, T.Miriyevin iddiası üzrə mülki işə dair çıxarılmış yuxarıda göstərilən qətnaməyə apellyasiya qaydasında mahiyyəti üzrə baxıb həll edilənədək dayandırılması barədə qərardad çıxarmışdır.

S.Quliyeva və A.İbrahimova maraqlı şəxs kimi 04 sentyabr 2003-cü il tarixli qətnamədən apellyasiya şikayəti verərək şikayətin mülki işlə birlikdə Azərbaycan Respublikası Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Nərimanov rayon məhkəməsinin 22 sentyabr 2003-cü il tarixli qərardadı ilə S.Quliyeva və A.İbrahimovanın göstərilən məhkəmə qətnaməsindən maraqlı tərəf kimi apellyasiya şikayəti vermək hüquqları olmadığına görə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

Məhkəmənin qərardadından S.Quliyeva və A.İbrahimova apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya Məhkəməsinin MİÜMK-nın 30 oktyabr 2003-cü il tarixli qərardadı ilə Nərimanov rayon məhkəməsinin qərardadı ləğv edilərək 04 sentyabr 2003-cü il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında mahiyyəti üzrə baxılması qərara alınmışdır.

T.Miriyev kassasiya şikayəti verərək Apellyasiya Məhkəməsinin 30 oktyabr 2003-cü il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Ali Məhkəmənin MİÜMK-sı 28 yanvar 2004-cü il tarixdə S.Quliyeva və A.İbrahimovanın Nərimanov rayon məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətinin hüquqi əsaslar olmadığına görə icraata qəbul edilməməsi barədə qərar çıxarmışdır.

Ali Məhkəmə sədrinin 21 iyun 2004-cü il tarixli məktubu ilə A.İbrahimovaya bildirilmişdir ki, onun əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumuna göndərilməsi üçün əsaslar müəyyən edilməmişdir.

A.İbrahimova Konstitusiya Məhkəməsinə verdiyi şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın qərarını qanunsuz və əsassız hesab edərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin MİÜMK-sı işin mahiyyəti ilə bağlı məsələlərə müdaxilə etməklə, səlahiyyəti olmadan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbulunun mümkünlüyü məsələsini həll etmiş və bununla da onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş məhkəmə müdafiə hüququ pozulmuşdur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu məsələyə dair aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd olunan təminatın əsas mahiyyəti həm də ondan ibarətdir ki, işə baxan məhkəmə yalnız qanunla nəzərdə tutulan səlahiyyət çərçivəsində hərəkət etməlidir. Bu tələb həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin müddəalarından da irəli gəlir.

Qanunsuz və əsassız məhkəmə aktlarının qüvvədə qalmaması üçün Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə sistemi çərçivəsində zəruri olan hüquqi mexanizmi nəzərdə tutmaqla müxtəlif məhkəmə instansiyalarının səlahiyyətlərini, hüquq və vəzifələrini müəyyənləşdirmişdir.

Qeyd edilməlidir ki, Konstitusiya və beynəlxalq aktlarla tanınan hüquqları özündə əks etdirən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi mülki hüquqların pozulması ilə əlaqədar ədalətli məhkəmə mühakiməsinin yerinə yetirilməsinə təminat verir.

Azərbaycan Respublikasının MPM-də nəzərdə tutulan üç mərhələli məhkəmə sistemi mülki mübahisələrin qərəzsiz, ədalətli, qanuni və əsaslı həll edilməsi üçün məhkəmə mexanizmidir. MPM-də hər bir məhkəmə instansiyasının səlahiyyət dairəsi konkret müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsində Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti göstərilmişdir. Həmin maddəyə əsasən apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamaq və ya qərardadı qismən ləgv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Lakin Apellyasiya instansiyası məhkəməsi MPM-nin 398-ci maddəsinin tələblərini pozmaqla T.Miriyevin iddiası üzrə baxılmış Nərimanov rayon məhkəməsinin 22 sentyabr 2003-cü il tarixli qərardadını ləğv edərək işə apellyasiya qaydasında mahiyyəti üzrə yenidən baxılması barədə qərardad çıxarmışdır.

MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. MPM-nin 418.1-ci maddəsinin tələblərinə uyğun olaraq maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləgv edilməsi üçün əsasdır. Həmin məcəllənin 417-ci maddəsi kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini əks etdirir. Bu maddəyə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv etməklə işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərə bilər.

Adı çəkilən maddələrin təhlili onu göstərir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyəti iş üzrə yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini müəyyənləşdirməkdən və nəticədən asılı olaraq nəzərdə tutulmuş qərarlardan birini qəbul etməkdən ibarətdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-sı MPM-nin 417-ci maddəsinin tələblərindən kənara çıxaraq apellyasiya instansiyası məhkəməsinin qərardadını tamamilə yaxud qismən ləğv edib, işi yenidən baxılması üçün apellyasia instansiyası məhkəməsinə göndərmək əvəzinə həmin qərardadı dəyişdirərək qanunvericilikdə nəzərdə tutulmayan qərar çıxarmışdır.

Qeyd edilməlidir ki, Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadında dəyişiklik yalnız o halda edilə bilər ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadı faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olmasına, mahiyyəti üzrə düzgün qəbul edilməsinə baxmayaraq, işin mahiyyəti ilə bağlı olmayan bəzi məsələlərlə əlaqədar (məhkəmə xərclərinin bölüşdürülməsi və s.) dəyişiklik edilməsinə ehtiyac olsun. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-sı öz səlahiyyətinə aid olmayan məsələ ilə bağlı qərar qəbul etməklə yanaşı, Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini mənimsəyərək apellyasiya şikayətinin icraata qəbulunun mümkünlüyünə dair məsələni də həll etməklə Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinin tələbini pozmuşdur.

Yuxarıdakılara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, göstərilən mülki iş üzrə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 417-ci maddəsinin tələblərinin pozulması nəticəsində ərizəçi A.İbrahimovanın Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunan hüquq və azadlıqların məhkəmə müdafiə hüququ pozulmuşdur.

 Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Ali Məhkəmənin MİÜMK-nın bu iş üzrə qəbul etdiyi 2004-cü il 28 yanvar tarixli qərarı qüvvədən düşmüş hesab edilməli, bu işin həmin hissəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52,62,63,65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Miriyev Telman Fərrux oğlunun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 2004-cü il 28 yanvar tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 417-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin və işin həmin hissəsinə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski Raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik edən:                                                                               F.Abdullayev