Qərarlar

20.09.04 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASININ ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

133.1-ci maddəsinin Azərbaycan Respublikasının

Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

20 sentyabr 2004-cü il                                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

konstitusiya məhkəmə icraatında sorğuverənin nümayəndəsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri R.Rəhimovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 58, 59-cu maddələrinə və 71-ci maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılması haqqında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 28 iyun 2004-cü il tarixli, 1/3486-04 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

Konstitusiya işinə cavabverənin – Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, konstitusiya məhkəmə icraatında sorğuverənin nümayəndəsi R.Rəhimovun çıxışını dinləyib, konstitusiya işinin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDI:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusunda bəzi dəlillər göstərilməklə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 133.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 58, 59-cu maddələrinə və 71-ci maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılması xahiş olunur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.

Mülki Məcəllənin 133.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs qeydə alınmışdırsa, lakin qeydiyyat günündən bir il ərzində öz fəaliyyətini həyata keçirmirsə, onda müvafiq icra hakimiyyəti orqanı hüquqi şəxslərin dövlət reyestrindəki yazını ləğv edir. Yazı hüquqi şəxsin istənilən təsisçisinin və istənilən üçüncü şəxsin ərizəsi ilə də ləğv edilə bilər. Hüquqi şəxslərin dövlət reyestrindəki yazının ləğv edilməsi hüquqi şəxsin buraxılması deməkdir.

Həmin maddənin hüquqi baxımdan qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının, habelə beynəlxalq-hüquqi aktların bir sıra müddəaları və beynəlxalq məhkəmə-hüquq təsisatlarının təcrübəsi nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq, xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Dövlət idarəçiliyinin, iqtisadiyyatın, demokratikləşmə proseslərinin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə ölkəmizdə ardıcıl olaraq iqtisadi və hüquqi islahatlar həyata keçirilir.  Məhz həmin istiqamətdə hazırlanmış, qəbul olunmuş və 1 iyun 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi əhatə etdiyi sahədə ölkəmizdə yaranan münasibətlərin müasir ruhda tənzimləyicisi kimi çıxış edir.

Yeni mülki qanunvericilikdə tətbiq edilən hüquqi şəxslərin dövlət qeydiyyatının normativ-məlumatlandırma qaydası hüquqi şəxslərin yaradılmasının hər hansı üçüncü şəxslə, o cümlədən əvvəlcədən razılaşdırılmasını tələb etmir. Hüquqi şəxsin yaradılmasının dövlət qeydiyyatı mərhələsində müvafiq icra hakimiyyəti orqanı hüququn yeni subyektinin yaradılması üçün zəruri olan şərtlərə əməl edilməsi və təşkilatın hüquqi şəxs qismində tanıması barədə qərar qəbul edir.

Mülki Məcəllənin 48.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən qeyri-kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.

Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən isə qeydə alınmış hüquqi şəxs hüquqi şəxslərin dövlət reyestrinə yazılır, qeydiyyata təqdim edilən sənədlər isə arxivə verilir.

Yuxarıda göstərilmiş müddəalardan göründüyü kimi hüquqi şəxslərin dövlət reyestrinin aparılmasının məqsədi dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər barədə tanışlıq üçün açıq olan məlumatların bu reyestrə daxil edilməsidir. Həmin reyestrin aparılmasının hər hansı başqa bir məqsədi qanunvericilikdə təsbit olunmamışdır.

Hüquqi şəxs mülki hüquq münasibətlərinin iştirakçısı kimi məqsədlərinə uyğun olaraq nizamnaməsində nəzərdə tutulmuş və mövcud qanunvericiliklə qadağan olunmamış  müxtəlif fəaliyyət növləri ilə məşğul ola bilər.

Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən hər bir hüquqi şəxs kommersiya və ya qeyri-kommersiya təşkilatı (ictimai birliklər, fondlar və s.) növlərində yaradıla bilər.

Hüquqi şəxslərin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri)  və ya əsas məqsədi mənfəət  götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər (Mülki Məcəllənin 43.5-ci maddəsi).

Hüquqi şəxsin yaradılması və onun tərəfindən müvafiq fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin (birləşmək hüququ) və 59-cu maddəsinin (azad sahibkarlıq hüququ) müddəaları ilə sıx bağlıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə görə hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

 «E. Əlizadə və digərlərinin şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 may 2004-cü il tarixli qərarında birləşmək hüququnun ətraflı təhlili aparılaraq, həmin hüququ bəyan etmiş Konstitusiyanın  birliklərin sərbəst fəaliyyətinə təminat verdiyi xüsusi qeyd olunmuşdur. Həmin qərarda bu təminatın birliklərin təşkilatdaxili fəaliyyət sərbəstliyini də ehtiva etdiyi vurğulanmışdır (birliklərin öz nizamnamələrini sərbəst qəbul etmək hüququ, rəhbər orqanlarını sərbəst seçmək hüququ, öz mülkiyyətini müstəqil idarə etmək hüququ, fəaliyyət proqramını müəyyən etmək və həyata keçirmək hüququ və s.).

Birləşmək hüququnun həyata keçirilməsinin müəyyən müddət ərzində fəaliyyət göstərilib-göstərilməməsi ilə əlaqələndirilməsi və müvafiq icra hakimiyyəti orqanının hüquqi şəxslərin dövlət reyestrindəki yazını ləğv etmək yolu ilə faktiki olaraq hüquqi şəxsin buraxılması səlahiyyəti bu hüququn əsassız məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Bununla əlaqədar nəzərə almaq lazımdır ki, birləşmək hüququnun konstitusiya təminatında «Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər» ifadəsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Konstitusiyası birləşmək hüququnu  əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına aid edir. Beynəlxalq-hüquqi aktlarda bu hüquq yığıncaqlar və assosiasiya azadlığı kimi nəzərdə tutulur.  Bu azadlıq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən məhz fikir və söz azadlığı prizmasından qiymətləndirilir. Müasir Avropa hüquq sistemində o, əsasən siyasi və humanitar hüquq kimi qəbul olunur. Həmin hüquq mütləq olmasa da, onun  məhdudlaşdırılmasına yalnız o hallarda yol verilir ki, bu həm qanunla müəyyən edilsin, həm də demokratik cəmiyyətdə zəruri olsun, yüksək ictimai zərurətə cavab versin və qanunun məqsədlərinə müvafiq olsun. 

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsinin 2-ci bəndinə əsasən assosiasiya azadlığı  hüququnun  həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.

Göstərilən mənada, sorğuda qaldırılmış məsələyə birləşmək konstitusiya hüququnun qeyri-məhkəmə orqanı tərəfindən məhdudlaşdırılması və yaxud ləğv olunmasının qeyri-mümkünlüyü nöqteyi-nəzərindən baxılmalıdır.

Kommersiya təşkilatı növlərində yaradılmış hüquqi şəxslərin bir il ərzində fəaliyyət göstərib-göstərməməsi ilə əlaqələndirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının dövlət reyestrindəki yazını ləğv etmək yolu ilə faktiki olaraq hüquqi şəxslərin buraxılması məsələlərinə azad sahibkarlıq hüququnun məzmunu və mahiyyəti baxımından yanaşılması da zəruridir.

Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə müvafiq olaraq hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Konstitusiyanın göstərilən maddəsi hər bir fərdin iqtisadi fəaliyyətini sahibkarlıq sahəsində onun şəxsi azadlığının təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı prinsipini inkişaf etdirir.

Azad sahibkarlıq fəaliyyətinin təminatları ilə əlaqədar olaraq «Varidata təminat verilməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa xüsusi diqqət yetirilməlidir. Bu Qanunda o cümlədən müəyyən edilir ki, Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri-dövlət hüquqi şəxsləri onlarda olan daşınar və daşınmaz əmlakı: pulu, valyutanı və sair varidatı izahat vermədən, deklarasiya və ya başqa sənəd təqdim etmədən istehsal, kommersiya fəaliyyəti və qanunvericliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, azad sahibkarlıq fəaliyyətini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti dövlət hakimiyyət orqanları tərəfindən vətəndaşların sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin yol verilməzliyinə dair onlar üçün real təminatlar müəyyən etməyə yönəlmiş bir sıra fərmanlar qəbul etmişdir. Onlardan «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» 17 iyul 1996-cı il tarixli, 463 saylı, eləcə də «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələri aradan qaldırılması haqqında» 7 yanvar 1999-cu il tarixli, 69 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanlarını xüsusilə vurğulamaq lazımdır.

Bundan başqa göstərilməlidir ki, sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə  sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.  Bununla bağlı qeyd olunmalıdır ki, əgər hansısa səbəblərə görə hüquqi şəxs zərərə uğramadan öz sahibkarlıq fəaliyyətini həyata keçirə bilmirsə, o, azad sahibkarlığa əsaslanmaqla fəaliyyətini dayandırmaq və ya ona xitam vermək hüququna malikdir. Bu halda hüquqi şəxs sahibkarlıq fəaliyyətini davam etdirməyə məcbur edilə bilməz.

Dövlət qeydiyyatından keçdiyi gündən bir il ərzində öz fəaliyyətini həyata keçirməyən hüquqi şəxs barəsində dövlət reyestrindəki yazıların müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilməsinin mümkünlüyünü təsbit edən  Mülki Məcəllənin 133.1-ci maddəsinin müddəaları sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün süni maneələrin yaranmasına səbəb olmaqla, azad sahibkarlıq hüququnun həyata keçirilməsinin əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarır.

Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 133.1-ci maddəsinin müddəaları  birləşmək hüququnun və azad sahibkarlıq hüququnun əsassız olaraq məhdudlaşdırılması halını yaratdığı üçün Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinin tələbləri ilə uzlaşmır.  Bu konstitusiya normasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Bütün yuxarıdakılarla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı mülki qanunvericiliyin suallar doğuran bir sıra digər müddəalarına da toxunmağı zəruri hesab edir.

Hüquqi şəxsin qeydiyyatdan keçdiyi gündən bir il ərzində fəaliyyət göstərmədiyini müəyyən etməyə imkan verən hüquqi meyarlar mövcud qanunvericilikdə təsbit edilməmişdir. Belə olan halda müvafiq icra hakimiyyəti orqanının hansı əsasla hüquqi şəxs barədə dövlət reyestrindəki yazını ləğv etməsi qeyri-müəyyəndir.

Məlumdur ki, hər hansı kommersiya qurumunun fəaliyyətinə bir çox obyektiv və (və ya) subyektiv amillər təsir göstərir ki, bunun nəticəsində həmin qurum qeyri-müəyyən müddət ərzində fəaliyyət göstərməyə bilər. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneə törədən hallar aradan qalxdıqda isə bu fəaliyyət yenidən bərpa oluna bilər. Lakin bu halda mülki qanunvericiliyin mövcud müddəalarına görə dövlət qeydiyyatından keçdiyi gündən bir il ərzində fəaliyyət göstərməməsi səbəbindən barəsində dövlət reyestrindəki yazılar ləğv edilmiş və buraxılmış hüquqi şəxs formal olaraq yenidən dövlət qeydiyyatından keçməli olacaqdır.

Müllki Məcəllənin 133.1-ci maddəsinin müəyyən müddət ərzində fəaliyyət göstərməməsi səbəbindən dövlət reyestrindəki yazıların ləğv edilməsi və hüquqi şəxsin buraxılması barədə müddəaları həmin Məcəllənin hüquqi şəxslərə həsr olunmuş 4-cü fəslinin Əsas Müddəalar paraqrafında öz əksini tapmış müddəalarla uzlaşmır.

Xüsusi qeyd olunmalıdır ki, həmin paraqrafda hüquqi şəxsin buraxılması ifadəsi deyil, onların ləğv olunması və hüquq qabiliyyətinə xitam verilməsi kimi ifadələrdən istifadə olunur, habelə bunlarla bağlı hərəkətlərin həyata keçirilməsi qaydası nəzərdə tutulur. 

Belə ki, Mülki Məcəllənin 44.1 və 61.7-ci maddələrinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoyulmuş sayılır.

Göründüyü kimi hər hansı bir hüquqi şəxsin hüquq qabiliyyətinə yalnız onun ləğvi başa çatdıqdan sonra xitam verilir. Hüquqi şəxsin ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi isə həmin ləğvin son mərhələsidir.  

Mülki Məcəllənin 59.2-ci maddəsinə müvafiq olaraq hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: (1) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; (2) hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; (3) lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin qararı ilə.

Hüquqi şəxsin ləğv olunması əsaslarını özündə əks etdirən yuxarıda göstərilmiş müddəalardan göründüyü kimi hüquqi şəxs iki yolla – könüllü və ya məcburi (hüquqi şəxsin iradəsindən kənar) ləğv oluna bilər. Hüquqi şəxsin məcburi ləğvi mütləq məhkəmə tərəfindən həyata keçirilməlidir.  Sonuncu hal təsadüf sayıla bilməz, çünki bununla bir qayda olaraq yaranan mübahisələrin məhkəmə yolu ilə həll edilməsinin vacibliyi və bu zaman hər kəsin məhkəmə müdafiə hüququndan sərbəst və tam istifadə etməsinin təmin edilməsi göstərilən normanın əsas mahiyyətini təşkil edir. Mülki Məcəllənin 133.1-ci maddəsinə əsasən isə məhkəmələrin səlahiyyətlərinin müvafiq icra hakimiyyəti orqanının üzərinə qoyulması həmin Məcəllənin 59.2-ci maddəsinin müddəaları ilə üst-üstə düşmür.

Mülki Məcəllənin 133.1-ci maddəsində dövlət reyestrində hüquqi şəxs barəsində olan yazıların hüquqi şəxsin istənilən təsisçisinin və istənilən üçüncü şəxsin ərizəsi əsasında ləğv edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar göstərilməlidir ki, hüquqi şəxsin dövlət qeydiyyatına alınması zamanı həmin hüquqi şəxsin bütün təsisçilərinin iradəsi nəzərə alınır. Lakin reyestr yazılarının Mülki Məcəllənin 133.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada ləğv edilməsi zamanı digər təsisçilərə nisbətdə yalnız bir təsisçiyə üstünlük verilməsi təsisçilər arasında qeyri-bərabərlik yaradır. «İstənilən üçüncü şəxsin», o cümlədən hüquqi şəxslərin iştirakçısı olduğu münasibətlərdə tərəf olmayan şəxsin ərizəsi əsasında reyestr yazılarının ləğv edilməsinin mümkünlüyü isə hüquqi baxımdan ümumiyyətlə anlaşılmazdır. Bu hal iqtisadi münasibətlərdə bir sıra neqativ təzahürlər doğurmaqla, hətta Konstitusiya ilə qadağan olunan inhisarçılığın yaradılması və haqsız rəqabətin aparılması üçün istifadə oluna bilər.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda aparılmış hüquq təhlilindən sonra belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsi  Azərbaycan Respublikası Konstitusiyasının 58, 59-cu maddələrinə və 71-ci maddəsinin II hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA   ALIR:

1.   Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 58, 59-cu maddələrinə və 71-ci maddəsinin II hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.

2.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.  Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.   Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  Sədrlik edən                                                                        F.Abdullayev