2011-10-03 Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbirində F.Abdullayevin “Azərbaycan Respublikasında Konstitusiya aliliyinin təmin edilməsi” mövzusunda məruzəsi

Xəbərlər

2011 Oct

Müasir dövrdə dünyanın sivil cəmiyyətləri qarşısında duran mühüm vəzifələrdən biri demokratik dəyərlərə əsaslanan, insan və vətəndaş hüquqlarını və əsas azadlıqlarını təmin edən hüquqi dövlət quruculuğudur.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qarşısında hüquqi dövlətin prinsiplərinin reallaşdırılması üçün zəruri tədbirləri həyata keçirmək vəzifəsi dururdu. Lakin ölkədə siyasi sabitliyin və xalqın mənafelərini əks etdirən siyasi iradənin olmaması bu vəzifənin reallaşdırılmasını qeyri-mümkün edirdi. Məlum olduğu kimi, müstəqilliyini əldə etdikdən sonra ölkəmiz hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik kimi ciddi problemlərlə qarşılaşdı. 
Azərbaycan dövlətçiliyi üçün taleyüklü bir dönəmdə qətiyyətli siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmin edə biləcək tarixi şəxsiyyətə olan ehtiyac, Azərbaycan xalqının təkidli tələbi ilə müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə nəticələndi. Ulu Öndər uzaqgörən və məqsədyönlü fəaliyyəti ilə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas etdi, xalqımızı müstəqil Azərbaycan və azərbaycançılıq ideyası ətrafında birləşdirərək öz tarixi missiyasını yerinə yetirdi.  
Azərbaycanda hüquqi dövlət quruculuğu naminə görülmüş işlər ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin kökündən demokratikləşməsi istiqamətində əsaslı dəyişdirilməsindən ibarət olmuş, həm də bu proses mahiyyət etibarilə dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir.  
Ölkəmizdə başlanılmış islahatlar fonunda ən mühüm hadisələrdən biri 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiyanın qəbul edilməsi xalqımızın tarixi ənənələrinə uyğun olan və eyni zamanda ölkəmizdə müasir dünyanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşdırılması, siyasi sistemdə və hüquq sistemində möhkəm özülün yaradılması işində mühüm addım olmuşdur. 
Qeyd etmək yerinə düşər ki, vətəndaş, cəmiyyət və dövlət arasında mühüm ictimai münasibətləri tənzimləyən, ictimai quruluşun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini müəyyənləşdirən konstitusiyalar müasir cəmiyyətlərin həyatında mühüm əhəmiyyətə malikdirlər. Hüquqi və siyasi sistemin təməlini əks etdirən Konstitusiyanın ən yüksək və ali hüquqi qüvvəyə malik normaları bütün hüquqi tənzimetmə sisteminin əsasında durur, onun qəbulu, xüsusən də oradakı müddəaların reallaşdırılması ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili qismində çıxış edir. 
Konstitusiyanın gətirdiyi yeniliklərdən biri də həmin dövrə qədər dövlətçilik tariximiz üçün yeni olan institutun – konstitusiya nəzarəti orqanının yaradılması nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, hüquqi mədəniyyətin mühüm əsasını təşkil edən Konstitusiya və konstitusiya ədalət mühakiməsi bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir. Konstitusiya ədalət mühakiməsinin məqsədi bu və ya digər dövlətin ərazisində ictimai münasibətlərin bütün subyektlərinin fəaliyyətində Konstitusiyanın aliliyinin, habelə birbaşa qüvvəsinin təmin edilməsidir. 
Bu baxımdan konstitusiya nəzarəti ideyası Konstitusiyanın aliliyinin və birbaşa qüvvəsinin təmin edilməsinin mühüm mexanizmlərindən biri kimi formalaşmış, müasir dövrdə isə hüquqi dövlətin ayrılmaz atributlarından birinə çevrilmişdir. 
Klassik mənada konstitusiya nəzarəti ictimai hakimiyyətin ümumməcburi aktlarının Konstitusiyaya uyğunluğunun təmin edilməsinin vasitəsi kimi qəbul edilir. Bu anlayış konstitusiya normalarının təfsiri vasitəsilə hüququn inkişafı və hüququn tətbiqi təcrübəsinin istiqamətləndirilməsi kimi əhəmiyyətli səlahiyyətləri ehtiva edir.
1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması olduqca mütərəqqi və əhəmiyyətli hadisə idi.
2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə Konstitusiyanın mətninə edilmiş əlavə və dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi genişlənmiş, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə etmişlər. Bu isə, öz növbəsində, konstitusiya ədalət mühakiməsinin dünyada gedən müasir inkişaf tendensiyalarına cavab verərək Məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuş, Konstitusiya Məhkəməsinin timsalında hüquqların müdafiəsi üçün əhəmiyyətli vasitənin əldə edilməsi üçün əlverişli zəmin yaratmışdır. Bu isə öz növbəsində dövlətdaxili səviyyədə vətəndaşların effektiv şəkildə müdafiəsi üçün əsaslı təminat yaratmışdır. Həmin aspekt həmçinin beynəlxalq məhkəmələrin və beynəlxalq ekspertlər tərəfindən qeyd edilir. 
Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək və hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Bunu nəzərə alaraq, əminliklə qeyd etmək olar ki, konstitusiya ədalət mühakiməsi qanunun aliliyinin təmin edilməsinin, insan hüquqlarının və əsas azadlıqların müdafiəsinin mühüm mexanizmlərindən biri qismində çıxış edir.
Belə ki, hüquq və azadlıqların pozulması yalnız dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə deyil, həm də qanunların Konstitusiyaya zidd olması ilə əlaqədar ola bilər. Bu səbəbdən dövlət hər kəsin öz hüquq və azadlıqlarını müdafiə etməsi üçün real imkanlar yaradır. Bu baxımdan məhkəmə müdafiəsi hüququnun təzahür formalarından biri də şəxsin ümumi yurisdiksiyalı məhkəmələrlə yanaşı, həm də Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnu təşkil edir. 
Konstitusiya Məhkəməsi əsas səlahiyyəti olan normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması vasitəsilə Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Belə ki, Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə onu qüvvədən düşmüş elan edir. Bununla da həmin normativ-hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz. Mühüm məqam ondan ibarətdir ki, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən məqsədəmüvafiqlik nöqteyi-nəzərindən deyil, Konstitusiyanın hərfinə və ruhuna, onun prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir və konstitusiya ilə uyğunsuzluq təşkil etdiyinə görə qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılmış olur. 
Konstitusiya nəzarəti orqanının mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərhidir. Bu səlahiyyət Məhkəməyə bu və ya digər normanın məzmununu aydınlaşdırmaqla onun real konstitusiya-hüquqi predmetini hüquqtətbiqedicilərin nəzərinə çatdırmağa və həmin normanın bu mənaya uyğun dəqiq və eyni cür tətbiqi təcrübəsini formalaşdırmağa imkan verir. 
Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhlə hüquq norması müasir dəyərlərə əsaslanaraq daha təkmil forma alır və həmin normanın hər hansı digər qeyri-konstitusion formada tətbiqi mümkünsüz olur, beləliklə də, normanın tətbiqi qaydası dəqiqləşdirilməklə onun məhdudlaşdırıcı və ya genişləndirici formada olan qeyri-konstitusion tətbiqi təcrübəsi dəyişdirilmiş olur. Bu isə geniş mənada hüququn tətbiqi təcrübəsinin konstitusiya hüququna müvafiq inkişaf etdirilməsi məqsədinə xidmət edir.  Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi əhəmiyyətə malikdir. 
Avropa Şurasının ekspert və mütəxəssislərinin iştirakı ilə hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun 2004-cü ilin yanvar ayında qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsinə fərdi şikayətlər institutu fəaliyyətə başladı. Keçən dövrün təcrübəsi göstərdi ki, ölkə vətəndaşları öz hüquqlarının müdafiəsinin effektiv vasitəsi qismində fərdi şikayət verilməsi hüququndan kifayət qədər fəal istifadə edirlər. 
Keçən dövr ərzində mövcud normativ hüquqi aktlara əsaslanan fəaliyyəti və qəbul etdiyi 200-dən artıq qərarları ilə Konstitusiya Məhkəməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir. Bu isə bir daha göstərir ki, Konstitusiyanın aliliyinin təmin olunması hüquq və azadlıqların müdafiə olunması ilə ayrılmaz və sıx əlaqədədir. 
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə və hüquq islahatları qanunçuluğun və hüquq qaydasının daha da möhkəmlənməsinə, Azərbaycanın dünya birliyində daha fəal inteqrasiyasına və demokratik imicinin yüksəlməsinə xidmət edir.
Davamlı və dinamik inkişaf, demokratik nailiyyətlərin əldə edilməsinə yönəlmiş məqsədyönlü fəaliyyət demokratik-hüquqi islahatların gələcək də davam etdirilməsini zəruri edir. Əminik ki, konstitusiya hüququ sistemində həyata keçirilən islahatlar bundan sonra da öz müsbət bəhrəsini verərək ölkədə insan hüquq və azadlıqlarının daha geniş təmin olunmasına, demokratiyanın inkişafına, cəmiyyətin və dövlətin tərəqqisinə xidmət edəcəkdir. 
Azərbaycan Respublikasında Dövlət müstəqilliyinin 20-ci İldönümü qeyd edilən günlərdə etiraf etmək olar ki, milli məhkəmələr müasir və demokratik hüquq sisteminin inkişafında onların üzərinə düşən mühüm missiyanı yerinə yetirməyə, vətəndaş cəmiyyətinin inkişafında öz vəzifəsini layigincə həyata keçirməyə çalışırlar.