Qərarlar

30.06.20 Əmək Məcəlləsinin 159-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərardad

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

QƏRARDADI 

 

Əmək Məcəlləsinin 159-cu maddəsinin bəzi müddəalarının

şərh edilməsinə dair 

 

 

30 iyun 2020-ci il                                                                                     Bakı şəhəri 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, 

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Tərtər Rayon Məhkəməsinin müraciəti əsasında “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 saylı Qərarının 1 saylı əlavəsinin “Qeyd” hissəsində göstərilən “əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır” ifadəsinin şərh olunmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, müraciətedənin yazılı çıxışını, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yazılı rəylərini, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

MÜƏYYƏN  ETDİ:

 

Tərtər Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 159-cu maddəsinin 1-ci hissəsinin və bu maddi hüquq normasının dispozisiyasından irəli gəlməklə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2002-ci il 22 avqust tarixində təsdiq edilmiş “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 137 saylı Qərarın (bundan sonra – Nazirlər Kabinetinin Qərarı) 1 saylı əlavəsinin “Qeyd” hissəsində göstərilən “əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır” ifadəsinin əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında sonradan işə düzəlməklə çalışan məcburi köçkünlərin də subyektiv dairəsinə şamil edilib-edilməməsi kontekstində əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Müraciətdə qeyd olunmuşdur ki, iddiaçılar V.Hüseynov və digərləri cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Maliyyə Hesablaşma Mərkəzinə qarşı iddia ilə məhkəməyə müraciət edərək “yüksəklik pulunun əmək haqlarına əlavə olunması barədə” qətnamə qəbul edilməsini xahiş etmişlər.

İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşmüşlər və bununla əlaqədar olaraq respublikanın müxtəlif bölgələrində məskunlaşmışlar. Orta məktəblərdə ixtisasları üzrə müəllim kimi işləyirlər. Dövlət tərəfindən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Nazirlər Kabinetinin Qərarının 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1.3 məbləğində müəyyən edilmişdir.

Nazirlər Kabinetinin Qərarının 1 və 2 saylı əlavələrində Azərbaycan Respublikasında dəniz səviyyəsindən yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı əlavə edilmişdir. Bu Qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 aprel tarixli 54 saylı Qərarı ilə “Qeyd” hissəsi əlavə edilmişdir. Həmin “Qeyd”ə görə, əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır. Qeydin məzmununa görə, məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə o halda artım tətbiq edilir ki, məcburi köçkünün çalışdığı müəssisə və ya təşkilat büdcədən maliyyələşmiş olsun.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlagədar ilk növbədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 35-ci maddəsinin I hissəsinə əsasən,  əmək fərdi və ictimai rifahın əsasıdır. Buna müvafiq olaraq əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur.

Əmək insanın ləyaqətini alçaltmamalı, insanların əsas hüquqlarına hörmət və əməyin mühafizəsini təmin edən şəraitdə işləməklə işçilərin əmək haqqının ədalətli ödənilməsində ifadə olunmalıdır.

Buna görə də Konstitusiyada əmək hüququnun normativ məzmunu həmçinin insanın ləyaqətini alçaltmayan müəyyən şəraitlərdə işləmək hüquqları ilə səciyyələndirilir. Belə ki, Konstitusiyanın 35-ci maddəsinin VI hissəsinə müvafiq olaraq, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Beləliklə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ əmək hüququnun mühüm tərkib hissəsidir. Bu hüquq həmçinin Konstitusiyada təsbit olunmuş yaşamaq və sağlamlığın qorunması hüququ ilə bağlıdır.

Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun məzmunu ondan ibarətdir ki, hər bir işçinin onun həyatına və sağlamlığına mənfi təsir etməyən və zərər vurmayan, təhlükəsizlik tələblərinə cavab verən şəraitdə işləmək hüququ vardır. Eyni zamanda, bu konstitusion hüquq işəgötürən tərəfindən əməyin təhlükəsizliyinin, işçilərin həyatının, sağlamlığının və əməyinin mühafizəsinin təmin edilməsini nəzərdə tutur.

Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ dövlət tərəfindən bu hüququn həyata keçirilməsini təmin edən müvafiq hüquqi tənzimlənməni tələb edir. Həmin vəzifəni yerinə yetirərkən dövlət təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun reallaşdırılmasını təmin edən vasitələr və onların həyata keçirilməsinə nəzarət edən səmərəli mexanizmlər təsis etməlidir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 15 iyul tarixli Qərarı).

Konstitusiyanın 35-ci maddəsinin VI hissəsində nəzərdə tutulmuş hüquq Əmək Məcəlləsində bir sıra normalarla, o cümlədən həmin Məcəllənin 159-cu maddəsi ilə konkretləşdirilmişdir. Belə ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Əmək Məcəlləsinin 159-cu maddəsinin əsas məqsədlərindən biri kimi əlverişsiz iqlim şəraitində işləyən insanların sağlamlığına həmin şəraitin mənfi təsir göstərməsi və onların bu cür şərait nəticəsində əmək qabiliyyətini vaxtından əvvəl itirməsi riskinin azaldılması çıxış edir. Yəni, qanunverici, əlverişsiz iqlim şəraitində işlə əlaqədar yaranan həddən artıq fizioloji yüklənmənin və çəkilən əlavə xərclərin əvəzini ödəmək üçün işçinin müəyyən artımla əmək haqqı almaq hüququnu təmin edir. İşçinin bu hüququna müqabil olaraq işəgötürən də müvafiq vəzifə daşımaldıır.

 Qeyd etmək lazımdır ki, əlverişsiz iqlim şəraitində əməkhaqlarının artırılması üsullarını və miqdarını müəyyənləşdirməkdə qanunverici və icra hakimiyyəti orqanlarının geniş mülahizə sərbəstliyi vardır. Burada nəzərə almaq lazımdır ki, Konstitusiya, dövlətin müəyyən hüquqi mexanizmlərdən istifadə edərək, konkret məbləği müəyyənləşdirmək vasitəsilə əmək haqqı artımına təminat vermək öhdəliyini nəzərdə tutmur.

Əmək Məcəlləsinin 159-cu maddəsinin məzmunundan göründüyü kimi, qanunverici yuxarıda göstərilən məqsədə nail olunması üçün işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edir. Eyni zamanda, göstərilən maddənin tələblərinə görə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu müddəanın icrasını təmin etmək məqsədi ilə, Nazirlər Kabineti, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli Fərmanına müvafiq olaraq 2002-ci il 22 avqust tarixli 137 saylı Qərarı qəbul etmişdir. Həmin Qərara Nazirlər Kabinetinin 2003-cü il 22 aprel tarixli 54 saylı Qərarı ilə “Qeyd” əlavə edilmişdir. Qeydə görə, əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə bağlı (yəni, Qeydin vaxtilə yüksəklikdə yerləşən və əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında işğaldan sonra işə qəbul edilmiş məcburi köçkünlərə də şamil edilib-edilməməsi məsələsi ilə bağlı) aşağıdakıları qeyd edir.

Qeydin məzmunundan (“saxlanılır” ifadəsindən) görünur ki, artımlar (əmsallar) yalnız əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında əmək fəaliyyətlərini başlamış və işğaldan sonra həmin müəssisə və təşkilatlarda davam etdirmiş məcburi köçkünlərə şamil edilir.

Konstitusiya Məhkəməsi Plenumuna təqdim olunmuş mütəxəssis rəylərindən müəyyən olunmuşdur ki, ötən müddət ərzində həmin normaların tətbiqi təcrübəsi əsasında formalaşmış yanaşma da əsasən yuxarıda qeyd olunan qaydada olmuşdur.

Qeyd olunmalıdır ki, əlverişsiz iqlim şəraitində işləmiş və özlərindən asılı olmayan səbəbdən iş yerinin əmək şəraiti şərtləri dəyişmiş (işlədiyi müəssisənin və ya təşkilatın dəniz səviyyəsindən hündürlüyə görə artımlar (əmsallar) tətbiq edilməyən əraziyə köçürülməsi) məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə, onların əmək haqlarına tətbiq edilən bu artımlar (əmsallar) Nazirlər Kabinetinin 2003-cü il 22 aprel tarixli 54 nömrəli Qərarı ilə saxlanılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məcburi köçkünlərin sosial təminatı sahəsində mövcud olan qanunvericilik aktlarının tələblərinin, həmçinin ötən müddət ərzində bu sahədə aparılan islahatların nəzərdən keçirilməsi vacibdir.

Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hələ 10 may 1994-cü il tarixində “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərar qəbul edilərək aidiyyətli dövlət qurumlarına tapşırıq verilmişdir ki, məcburi köçkünləri təcili surətdə işlə təmin etsinlər.

Eyni zamanda, adıçəkilən Qərarla büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə orta əmək haqlarının verilməsi qərara alınmış və bu təminat 20 ildən çox müddətdə davam etdirilmişdir.

Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər.

Bundan başqa, müvafiq qanunvericilik aktları ilə məcburi köçkünlərə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə bir sıra təminatlar (güzəştlər) nəzərdə tutulmuş, sonradan “Məcburi köçkünlər və onlara bərabət tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir.

Göründüyü kimi, Azərbaycan Respublikasının əraziləri işğal olunduğu tarixdən keçən müddətdə Azərbaycan Hökuməti tərəfindən məcburi köçkünlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların sosial təminatı ilə bağlı normaların tədricən vahid qaydaya salınması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, müraciətdə göstərilən məsələ Əmək Məcəlləsinin 159-cu maddəsində kifayət qədər açıqlanmış və məhkəmələr ehtiyac olduğu təqdirdə həmin maddəyə uyğun olaraq müvafiq qərar qəbul edə bilərlər.

Yuxarıda göstərilmiş qanunvericilik normalarını və formalaşmış hüquq tətbiqetmə təcrübəsini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hazırkı vəziyyətdə Tərtər Rayon Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilməlidir. 

Bununla belə nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsindən göründüyü kimi, iqlim şəraitinə görə əmək haqqına artımların (əmsalların) tətbiqi üçün iş yeri faktiki olaraq bu cür ərazidə yerləşməlidir. Belə ki, “iş yeri” dedikdə, işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-ci hissəsi). Başqa sözlə əmək haqqına artımları (əmsalları) almaq hüququna malik olan şəxslərin dairəsi Əmək Məcəlləsi ilə artıq müəyyən olunmuşdur.

Eyni zamanda qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin Qərarını qəbul etməyə hüquqi əsas verən norma məhz Əmək Məcəlləsinin 159-cu maddəsinin birinci hissəsidir. Belə ki, həmin müddəaya görə yalnız artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Buna dair göstəriş həm də Nazirlər Kabinetinin Qərarının preambulasında mövcuddur.

Lakin Nazirlər Kabinetinin 2003-cü il 22 aprel tarixli 54 nömrəli Qərarı ilə əmək haqqına artımları (əmsalları) almaq hüququna malik olan şəxslərin dairəsi genişləndirilmişdir.

Konstitusiyanın 149-cu maddəsinin V hissəsinin məzmununa, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 2008-ci il 30 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, Nazirlər Kabinetinin qərarları konstitusiya norma və prinsiplərinə, hamılıqla qəbul edilən ümumi prinsiplərə, qanunlara və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Buna müvafiq olaraq qanunların icrası ilə əlaqədar qəbul edilən Nazirlər Kabinetinin qərarları həmin qanunun məqsədlərinə uyğun olmalı, məzmununu dəyişməməli, qanunda müəyyən edilən məsələləri tənzimləməlidir.

Əmək Məcəlləsinin 159-cu maddəsinin və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli Fərmanının məzmunundan görünür ki, Nazirlər Kabinetinin əmək haqqına artımların (əmsalların) məbləğinin minimum miqdarını müəyyən etmək səlahiyyəti olsa da, o, həmin artımları (əmsalları) almaq hüququna malik olan şəxslərin dairəsini nizamlaya bilməz. Əks hal Konstitusiyanın 149-cu maddəsinin V hissəsinin pozulmasına səbəb ola bilər.

Qeyd olunanlara əsaslanaraq, Konstitusiya Məhkəməsinin Plenumu Nazirlər Kabinetinin Qərarının həmin orqan tərəfindən təkmilləşdirilməsini məqsədəmüvafiq hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62 və 68-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA   ALDI:

 

1. Bu Qərardadın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 saylı Qərarının həmin orqan tərəfindən təkmilləşdirilməsi tövsiyə edilsin.

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Tərtər Rayon Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilsin.

3. Qərardadın surəti 7 gün müddətində Tərtər Rayon Məhkəməsinə göndərilsin.

4. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

 

 

Sədr                                                                     Fərhad Abdullayev