AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
QƏRARDADI
Əmək Məcəlləsinin 159-cu maddəsinin bəzi müddəalarının
şərh edilməsinə dair
30 iyun 2020-ci il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun
Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Tərtər Rayon Məhkəməsinin müraciəti əsasında “Əmək
şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli
olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini
təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust
tarixli 137 saylı Qərarının 1 saylı əlavəsinin “Qeyd” hissəsində göstərilən “əraziləri
işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında
çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən
artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi
ərazilərdən asılı olmayaraq saxlanılır” ifadəsinin şərh olunmasına dair
konstitusiya işinə baxdı.
İş
üzrə hakim R.İsmayılovun məruzəsini, müraciətedənin yazılı çıxışını, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin,
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının yazılı rəylərini, iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Tərtər
Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin
(bundan sonra – Əmək Məcəlləsi) 159-cu maddəsinin 1-ci hissəsinin və bu maddi
hüquq normasının dispozisiyasından irəli gəlməklə Azərbaycan Respublikası
Nazirlər Kabineti tərəfindən 2002-ci il 22 avqust tarixində təsdiq edilmiş “Əmək
şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli
olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini
təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi
haqqında” 137 saylı Qərarın (bundan sonra – Nazirlər Kabinetinin Qərarı) 1
saylı əlavəsinin “Qeyd” hissəsində göstərilən “əraziləri işğal olunmuş
rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında
çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən
artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi
ərazilərdən asılı olmayaraq saxlanılır” ifadəsinin əraziləri işğal olunmuş rayonların
büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında sonradan işə düzəlməklə
çalışan məcburi köçkünlərin də subyektiv dairəsinə şamil edilib-edilməməsi kontekstində
əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.
Müraciətdə
qeyd olunmuşdur ki, iddiaçılar V.Hüseynov və digərləri cavabdeh Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 10 saylı Maliyyə Hesablaşma Mərkəzinə qarşı
iddia ilə məhkəməyə müraciət edərək “yüksəklik pulunun əmək haqlarına əlavə
olunması barədə” qətnamə qəbul edilməsini xahiş etmişlər.
İddia
tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1992-ci ildən Laçın rayonundan
məcburi köçkün düşmüşlər və bununla əlaqədar olaraq respublikanın müxtəlif bölgələrində
məskunlaşmışlar. Orta məktəblərdə ixtisasları üzrə müəllim kimi işləyirlər.
Dövlət tərəfindən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə
görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək
haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən
edilir. Nazirlər Kabinetinin Qərarının 5-ci bəndinə əsasən, Azərbaycan
Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda
və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500
metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək
olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə
artımın (əmsalın) minimum miqdarı 1.3 məbləğində müəyyən edilmişdir.
Nazirlər
Kabinetinin Qərarının 1 və 2 saylı əlavələrində Azərbaycan Respublikasında dəniz
səviyyəsindən yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı əlavə
edilmişdir. Bu Qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22
aprel tarixli 54 saylı Qərarı ilə “Qeyd” hissəsi əlavə edilmişdir. Həmin “Qeyd”ə
görə, əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində
və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq
edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların
yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır. Qeydin məzmununa görə, məcburi
köçkünlərin əmək haqlarına yüksəkliyə görə o halda artım tətbiq edilir ki, məcburi
köçkünün çalışdığı müəssisə və ya təşkilat büdcədən maliyyələşmiş olsun.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə əlagədar ilk növbədə aşağıdakıların qeyd
olunmasını zəruri hesab edir.
Əmək
hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir
göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd
kimi dərk etməsi üçün önəmlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 35-ci maddəsinin I
hissəsinə əsasən, əmək fərdi və ictimai
rifahın əsasıdır. Buna müvafiq olaraq əməyin iqtisadi və sosial ölçüləri
vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və
inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu
təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və
iş yeri seçməsi ilə xarakterizə olunur.
Əmək
insanın ləyaqətini alçaltmamalı, insanların əsas hüquqlarına hörmət və əməyin
mühafizəsini təmin edən şəraitdə işləməklə işçilərin əmək haqqının ədalətli ödənilməsində
ifadə olunmalıdır.
Buna
görə də Konstitusiyada əmək hüququnun normativ məzmunu həmçinin insanın ləyaqətini
alçaltmayan müəyyən şəraitlərdə işləmək hüquqları ilə səciyyələndirilir. Belə
ki, Konstitusiyanın 35-ci maddəsinin VI hissəsinə müvafiq olaraq, hər kəsin təhlükəsiz
və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin
müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ
vardır.
Beləliklə,
hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ əmək hüququnun mühüm tərkib
hissəsidir. Bu hüquq həmçinin Konstitusiyada təsbit olunmuş yaşamaq və
sağlamlığın qorunması hüququ ilə bağlıdır.
Hər
kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun məzmunu ondan ibarətdir
ki, hər bir işçinin onun həyatına və sağlamlığına mənfi təsir etməyən və zərər
vurmayan, təhlükəsizlik tələblərinə cavab verən şəraitdə işləmək hüququ vardır.
Eyni zamanda, bu konstitusion hüquq işəgötürən tərəfindən əməyin təhlükəsizliyinin,
işçilərin həyatının, sağlamlığının və əməyinin mühafizəsinin təmin edilməsini nəzərdə
tutur.
Hər
kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ dövlət tərəfindən bu hüququn
həyata keçirilməsini təmin edən müvafiq hüquqi tənzimlənməni tələb edir. Həmin
vəzifəni yerinə yetirərkən dövlət təhlükəsiz və sağlam şəraitdə işləmək
hüququnun reallaşdırılmasını təmin edən vasitələr və onların həyata keçirilməsinə
nəzarət edən səmərəli mexanizmlər təsis etməlidir (“Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair”
Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 15 iyul tarixli Qərarı).
Konstitusiyanın
35-ci maddəsinin VI hissəsində nəzərdə tutulmuş hüquq Əmək Məcəlləsində bir
sıra normalarla, o cümlədən həmin Məcəllənin 159-cu maddəsi ilə konkretləşdirilmişdir.
Belə ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti
ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının
yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək
haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Əmək Məcəlləsinin 159-cu maddəsinin əsas
məqsədlərindən biri kimi əlverişsiz iqlim şəraitində işləyən insanların
sağlamlığına həmin şəraitin mənfi təsir göstərməsi və onların bu cür şərait nəticəsində
əmək qabiliyyətini vaxtından əvvəl itirməsi riskinin azaldılması çıxış edir. Yəni,
qanunverici, əlverişsiz iqlim şəraitində işlə əlaqədar yaranan həddən artıq
fizioloji yüklənmənin və çəkilən əlavə xərclərin əvəzini ödəmək üçün işçinin müəyyən
artımla əmək haqqı almaq hüququnu təmin edir. İşçinin bu hüququna müqabil olaraq
işəgötürən də müvafiq vəzifə daşımaldıır.
Qeyd
etmək lazımdır ki, əlverişsiz iqlim şəraitində əməkhaqlarının artırılması
üsullarını və miqdarını müəyyənləşdirməkdə qanunverici və icra hakimiyyəti
orqanlarının geniş mülahizə sərbəstliyi vardır. Burada nəzərə almaq lazımdır
ki, Konstitusiya, dövlətin müəyyən hüquqi mexanizmlərdən istifadə edərək, konkret
məbləği müəyyənləşdirmək vasitəsilə əmək haqqı artımına təminat vermək öhdəliyini
nəzərdə tutmur.
Əmək
Məcəlləsinin 159-cu maddəsinin məzmunundan göründüyü kimi, qanunverici yuxarıda
göstərilən məqsədə nail olunması üçün işçilərin əmək haqqının yüksək məbləğdə
ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edir. Eyni zamanda, göstərilən
maddənin tələblərinə görə artımların (əmsalların) məbləğinin minimum miqdarı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu
müddəanın icrasını təmin etmək məqsədi ilə, Nazirlər Kabineti, “Azərbaycan
Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15
aprel tarixli Fərmanına müvafiq olaraq 2002-ci il 22 avqust tarixli 137 saylı Qərarı
qəbul etmişdir. Həmin Qərara Nazirlər Kabinetinin 2003-cü il 22 aprel tarixli
54 saylı Qərarı ilə “Qeyd” əlavə edilmişdir. Qeydə görə, əraziləri işğal
olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında
çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən
artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi
ərazilərdən asılı olmayaraq saxlanılır.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə bağlı (yəni, Qeydin
vaxtilə yüksəklikdə yerləşən və əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən
müəssisələrində və təşkilatlarında işğaldan sonra işə qəbul edilmiş məcburi
köçkünlərə də şamil edilib-edilməməsi məsələsi ilə bağlı) aşağıdakıları qeyd
edir.
Qeydin
məzmunundan (“saxlanılır” ifadəsindən) görünur ki, artımlar (əmsallar) yalnız əraziləri
işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında
əmək fəaliyyətlərini başlamış və işğaldan sonra həmin müəssisə və təşkilatlarda
davam etdirmiş məcburi köçkünlərə şamil edilir.
Konstitusiya
Məhkəməsi Plenumuna təqdim olunmuş mütəxəssis rəylərindən müəyyən olunmuşdur
ki, ötən müddət ərzində həmin normaların tətbiqi təcrübəsi əsasında formalaşmış
yanaşma da əsasən yuxarıda qeyd olunan qaydada olmuşdur.
Qeyd
olunmalıdır ki, əlverişsiz iqlim şəraitində işləmiş və özlərindən asılı olmayan
səbəbdən iş yerinin əmək şəraiti şərtləri dəyişmiş (işlədiyi müəssisənin və ya
təşkilatın dəniz səviyyəsindən hündürlüyə görə artımlar (əmsallar) tətbiq edilməyən
əraziyə köçürülməsi) məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə,
onların əmək haqlarına tətbiq edilən bu artımlar (əmsallar) Nazirlər
Kabinetinin 2003-cü il 22 aprel tarixli 54 nömrəli Qərarı ilə saxlanılmışdır.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, məcburi köçkünlərin sosial təminatı sahəsində
mövcud olan qanunvericilik aktlarının tələblərinin, həmçinin ötən müddət ərzində
bu sahədə aparılan islahatların nəzərdən keçirilməsi vacibdir.
Belə
ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hələ 10 may 1994-cü
il tarixində “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış
və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərar qəbul edilərək aidiyyətli
dövlət qurumlarına tapşırıq verilmişdir ki, məcburi köçkünləri təcili surətdə
işlə təmin etsinlər.
Eyni
zamanda, adıçəkilən Qərarla büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda
işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi
köçkünlərə orta əmək haqlarının verilməsi qərara alınmış və bu təminat 20 ildən
çox müddətdə davam etdirilmişdir.
Digər
tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli
1308 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının dövlət ali və orta
ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər
2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil
haqqını ödəməkdən azad edilmişlər.
Bundan
başqa, müvafiq qanunvericilik aktları ilə məcburi köçkünlərə yemək xərci müavinəti,
habelə kommunal və digər xidmətlər üzrə bir sıra təminatlar (güzəştlər) nəzərdə
tutulmuş, sonradan “Məcburi köçkünlər və onlara bərabət tutulan şəxslər üçün
vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı ilə məcburi
köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə
kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə hər bir məcburi
köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən
edilmişdir.
Göründüyü
kimi, Azərbaycan Respublikasının əraziləri işğal olunduğu tarixdən keçən müddətdə
Azərbaycan Hökuməti tərəfindən məcburi köçkünlərin maddi vəziyyətinin yaxşılaşdırılması
və onların sosial təminatı ilə bağlı normaların tədricən vahid qaydaya
salınması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, müraciətdə göstərilən məsələ Əmək
Məcəlləsinin 159-cu maddəsində kifayət qədər açıqlanmış və məhkəmələr ehtiyac
olduğu təqdirdə həmin maddəyə uyğun olaraq müvafiq qərar qəbul edə bilərlər.
Yuxarıda
göstərilmiş qanunvericilik normalarını və formalaşmış hüquq tətbiqetmə təcrübəsini
nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hazırkı vəziyyətdə
Tərtər Rayon Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam
verilməlidir.
Bununla
belə nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsindən göründüyü
kimi, iqlim şəraitinə görə əmək haqqına artımların (əmsalların)
tətbiqi üçün iş yeri faktiki olaraq bu cür ərazidə yerləşməlidir. Belə ki,
“iş yeri” dedikdə, işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək
müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer başa
düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-ci hissəsi). Başqa sözlə əmək
haqqına artımları (əmsalları) almaq hüququna malik olan şəxslərin dairəsi Əmək
Məcəlləsi ilə artıq müəyyən olunmuşdur.
Eyni
zamanda qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin Qərarını qəbul etməyə hüquqi əsas
verən norma məhz Əmək Məcəlləsinin 159-cu maddəsinin birinci hissəsidir. Belə
ki, həmin müddəaya görə yalnız artımların (əmsalların) məbləğinin minimum
miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Buna dair
göstəriş həm də Nazirlər Kabinetinin Qərarının preambulasında mövcuddur.
Lakin
Nazirlər Kabinetinin 2003-cü il 22 aprel tarixli 54 nömrəli Qərarı ilə əmək
haqqına artımları (əmsalları) almaq hüququna malik olan şəxslərin dairəsi
genişləndirilmişdir.
Konstitusiyanın
149-cu maddəsinin V hissəsinin məzmununa, habelə Konstitusiya Məhkəməsi
Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər
haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 2008-ci il 30
dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, Nazirlər
Kabinetinin qərarları konstitusiya norma və prinsiplərinə, hamılıqla qəbul edilən
ümumi prinsiplərə, qanunlara və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına
zidd olmamalıdır. Buna müvafiq olaraq qanunların icrası ilə əlaqədar qəbul edilən
Nazirlər Kabinetinin qərarları həmin qanunun məqsədlərinə uyğun olmalı, məzmununu
dəyişməməli, qanunda müəyyən edilən məsələləri tənzimləməlidir.
Əmək
Məcəlləsinin 159-cu maddəsinin və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli Fərmanının məzmunundan
görünür ki, Nazirlər Kabinetinin əmək haqqına artımların (əmsalların) məbləğinin
minimum miqdarını müəyyən etmək səlahiyyəti olsa da, o, həmin artımları (əmsalları)
almaq hüququna malik olan şəxslərin dairəsini nizamlaya bilməz. Əks hal
Konstitusiyanın 149-cu maddəsinin V hissəsinin pozulmasına səbəb ola bilər.
Qeyd
olunanlara əsaslanaraq, Konstitusiya Məhkəməsinin Plenumu Nazirlər Kabinetinin
Qərarının həmin orqan tərəfindən təkmilləşdirilməsini məqsədəmüvafiq hesab
edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62 və 68-ci maddələrini rəhbər
tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Bu
Qərardadın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə
alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22
avqust tarixli 137 saylı Qərarının həmin orqan tərəfindən təkmilləşdirilməsi
tövsiyə edilsin.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı
hissəsində göstərilən əsaslara görə Tərtər Rayon Məhkəməsinin müraciəti üzrə
konstitusiya işinin icraatına xitam verilsin.
3. Qərardadın
surəti 7 gün müddətində Tərtər Rayon Məhkəməsinə göndərilsin.
4. Qərardad
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
Sədr Fərhad
Abdullayev