Azərbaycan
Respublikasında dövlət dili haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət
dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən
biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır,
dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə
ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasına
uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi
hüquqi statusunu nizamlayır.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Dövlət dilinin hüquqi statusu
1.1.
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası
Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan
dilidir.
1.2.
Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai,
elmi və mədəni həyatının bütün sahələrində işlədilir.
1.3.
Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin
edir.
1.4.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında
(ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə,
onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi
ilə bağlı fəaliyyət bu qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən
kargüzarlıq işləri dövlət dilində aparılır.
1.5.
Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
1.6.
Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla
(və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri
ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici
dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər.
Maddə 2. Azərbaycan Respublikasında dövlət dili
haqqında qanunvericilik
Azərbaycan
Respublikasında dövlət dili haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, bu qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması və
inkişafı sahəsində dövlətin əsas vəzifələri
3.0.
Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri
aşağıdakılardır:
3.0.1.
Azərbaycan Respublikası Konstitusiyasının və bu Qanunun tələblərinə uyğun
olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi;
3.0.2.
dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı
qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi;
3.0.3.
dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin vəsaiti
hesabına maliyyələşdirilməsinin təmin edilməsi;
3.0.4.
dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və
praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata
keçirilməsi;
3.0.5.
dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması;
3.0.6.
xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil
almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi.
II fəsil. Dövlət dilinin işlənməsi, qorunması və
inkişafı
Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi
4.1.
Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan
Respublikasının dövlət dilində aparılır.
4.2.
Bu qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi
beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra
hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim
və tədbirə şamil olunmur.
Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi
5.1.
Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.
5.2.
Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə
dövlət dilinin tədrisi məcburidir.
5.3.
Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul
zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.
Maddə 6. Dövlət dilinin televiziya və radio
yayımlarında işlənməsi
Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində
təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya
və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis
danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında
dublyaj olunan filmlər və proqramlar dövlətin müəyyən etdiyi dil normalarına
uyğun olmalıdır.
Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və
elanlarda işlənməsi
7.1.
Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və
elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı
müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna
bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda,
plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər.
Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən
böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
7.1-1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən
reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən
istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən
sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük
olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə
alındığı formada göstərilməlidir.
7.2.
Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və
elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.
7.3.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən
malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı,
dövlət dilində də olmalıdır.
7.4.
Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər
və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə
yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Maddə 8. Dövlət dilinin xüsusi adlarda işlənməsi
Azərbaycan
Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət
dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının
dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət
dilindən istifadə
«Ərazi
quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikası Qanununa
uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən
inzibati ərazi vahidlərinin - şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin
adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun
olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Bu maddədə göstərilən
inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı, xarici dillərdə də
yazıla bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət
dilində və ondan sonra xarici dildə verilməlidir.
Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət dilinin
işlədilməsi
10.1.
Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin
normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir.
10.2.
Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə,
coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.
Maddə 11. Dövlət dilinin hüquq-mühafizə orqanlarında,
Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi
11.1.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında Azərbaycan
Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər
qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər.
11.2.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və
daxili qoşunlarda qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla,
notariat hərəkətinin dövlət dili işlənir.
11.3.
Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində
aparılır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq
notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini
bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş
edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini
arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi tərəfindən ona tərcümə
edilə bilər.
11.4. Konstitusiya Məhkəməsində icraat dövlət dilində aparılır.
Konstitusiya Məhkəməsində baxılan işin iştirakçısı olan və icraatın aparıldığı
dili bilməyən şəxslərə işin bütün materiallarının onların bildiyi dilə tərcüməsi
və Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış etməsi təmin
olunur.
11.5. Azərbaycan
Respublikası məhkəmələrində cinayət mühakimə icraatı dövlət dilində aparılır. Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və
qaydada məhkəmələrdə cinayət mühakimə icraatı digər dillərdə aparıla bilər.
11.6. Azərbaycan Respublikası məhkəmələrində
mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı
dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə
müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə
aparıla bilər.
11.7. Azərbaycan Respublikasında inzibati
xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar
üzrə icraat digər dillərdə aparıla bilər.
11.8. İnzibati aktın qəbul edilməsi, icra
olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə
baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən inzibati icraat dövlət
dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır.
İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin
xidmətindən istifadə etmək hüququ izah və təmin edilir.
Maddə
12. Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi
12.1. Azərbaycan Respublikasının beynəlxalq
yazışmaları dövlət dilində aparılır. Belə yazışmalar zəruri hallarda dövlət
dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər.
12.2. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq
müqavilələri dövlət dilində də, çoxtərəfli beynəlxalq müqavilələr isə müqavilə
bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə (dillərdə) tərtib
olunmalıdır.
12.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar
(protokollar və s.) dövlət dilində nəşr edilməlidir.
Maddə
13. Dövlət dilinin normaları
13.1. Dövlət dilinin normaları özündə Azərbaycan
ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan
dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu
normalara əməl etməlidirlər.
13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir
dəfədən az olmayaraq, yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya
lüğətinin) nəşr olunmasını təmin edir.
Maddə
14. Dövlət dilinin əlifbası
Azərbaycan Respublikasının dövlət dilinin əlifbası
latın qrafikalı Azərbaycan əlifbasıdır.
Maddə
15. Dövlət dilinin nəşriyyat işində işlənməsi
15.1. Dövlət dilinin nəşriyyat işində işlənməsi
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.
15.2. Azərbaycan Respublikasında dövlət dilində nəşr
olunan çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır.
15.3. Azərbaycan yazı mədəniyyətinin tarixində
mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə,
elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.
Maddə
16. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli
sənədlərdə işlədilməsi
16.1. Azərbaycan Respublikası vətəndaşlarının
doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi
bilet və yalnız ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər
dövlət dilində tərtib edilir.
16.2. Azərbaycan Respublikası vətəndaşlarının
pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər sənədləri dövlət
dili ilə yanaşı, xarici dillərdə də tərtib edilir.
Maddə
17. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının,
hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin
adında işlədilməsi
Azərbaycan Respublikasının dövlət hakimiyyəti və
yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin
və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq
yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər
və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilindən
tərtib olunur.
Maddə
18. Dövlət dilinin qorunması və inkişafı
18.1. Azərbaycan Respublikasında dövlət dilinə
qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək,
onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.
18.2. Azərbaycan Respublikasının ərazisindəki
bütün media subyektləri (mətbuat, televiziya, radio və s.), kitab nəşri
və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına
riayət olunmasını təmin etməlidirlər.
III fəsil.
Yekun müddəaları
Maddə
19. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
Maddə
20. Qanunun qüvvəyə minməsi
20.1. Bu qanun dərc olunduğu gündən qüvvəyə
minir.
20.2. Bu qanun qüvvəyə mindiyi gündən «Azərbaycan
Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikasının 22 dekabr
1992-ci il tarixli 413 nömrəli qanunu qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 sentyabr 2002-ci il
№ 365-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (4
yanvar 2003-cü il, № 2).
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 2).
10 iyun 2003-cü il tarixli, № 471-IIQD nömrəli; 11 iyun 2004-cü il tarixli, 688-IIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 430-IIIQD nömrəli; 10 iyun 2011-ci il tarixli, 150-IVQD nömrəli; 29 noyabr 2016-cı il tarixli, 417-VQD nömrəli; 1 fevral 2019-cu il tarixli, 1460-VQD nömrəli; 19 fevral 2019-cu il tarixli, 1518-VQD nömrəli; 8 may 2020-ci il tarixli, 96-VIQD nömrəli; 8 may 2020-ci il tarixli, 93-VIQD nömrəli; 29 iyun 2020-ci il tarixli, 150-VIQD nömrəli; 17 fevral 2023-cü il tarixli 818-VIQD nömrəli Qanunlara əsasən əlavə və dəyişikliklərlə.