Korrupsiyaya
qarşı mübarizə haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların
aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına,
sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə
olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət
orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin
(bundan sonra — qurum), vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının
və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
Bu Qanun, habelə dövlət orqanlarına və yerli
özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi,
peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında,
qurumlarda qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə
əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini
daşıyır.
I Fəsil.Ümumi
müddəalar
Maddə 1.
Korrupsiyanın anlayışı
Korrupsiya--vəzifəli şəxslərin öz statusundan, təmsil
etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin
status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz
olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə
fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin,
imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd
olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
Maddə 2.
Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri
2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar
hüquqpozmaların subyektləridirlər;
2.1.1 Azərbaycan Respublikasının Konstitusiyası və
qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin
edilmiş şəxslər;
2.1.2 xüsusi səlahiyyət əsasında dövlət
orqanlarını təmsil edən şəxslər;
2.1.3 inzibati vəzifə tutan dövlət qulluqçuları;
2.1.4 dövlət orqanlarının müvafiq struktur vahidlərində,
dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə
sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərancamverici və ya inzibati
təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
2.1.5 Azərbaycan Respublikasının dövlət
orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada
qeydə alınmış şəxslər;
2.1.6 Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;
2.1.7 yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici
və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
2.1.7-1. qurumların rəhbərləri və işçiləri, o
cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya
inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
2.1.8 qanunla müəyyən edilmiş hallarda dövlət
orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici
və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
2.1.9 öz nüfuzundan və ya əlaqələrindən istifadə
edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və
sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər;
2.1.10 vəzifəli şəxsə qanunsuz olaraq maddi və
sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən
fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər;
2.2 Bu Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilənlər
bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilirlər.
Maddə 3.
Qanunun tətbiq dairəsi
Bu qanun Azərbaycan Respublikasının ərazisində
bütün fiziki (o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi
şəxslər barəsində, onun ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları
və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq
edilir.
Maddə 4.
Korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar (qurumlar)
4.1. Bütün dövlət orqanları, yerli özünüidarəetmə
orqanları, qurumlar və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində
korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar
hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda,
korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada
hüquq-mühafizə orqanları həyata keçirirlər.
4.2. Korrupsiyanın qarşısının alınması sahəsində
ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyası (bundan sonra "Komissiya") həyata
keçirir.
4.3. Komissiyanın tərkibi icra, qanunvericilik və
məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir.
Komissiyanın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.
II Fəsil. Korrupsiyanın qarşısının alınması
Maddə 5.
Maliyyə xarakterli tələblər
5.1. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən
edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər;
5.1.1. mənbəyini, növünü və məbləğini göstərməklə
hər il öz gəlirləri barədə;
5.1.2. vergitutma obyekti olan əmlakı barədə;
5.1.3. kredit təşkilatlarındakı əmanətləri, qiymətli
kağızları və digər maliyyə vəsaitləri barədə;
5.1.4. şirkətlərin, fondların və sair təsərrüfat
subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə
öz mülkiyyət payı barədə;
5.1.5. beş min beş yüz manatdan yuxarı
olan borcu barədə;
5.1.6 min yüz manatdan yuxarı maliyyə və əmlak
xarakterli digər öhdəlikləri barədə.
5.2. Bu qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar
qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.
Maddə 6.
Maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət
6.1. Vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən
şəxslər bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş tələblər və bu tələblərə əməl
olunmamasının hüquqi nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada
xəbərdar edilirlər.
6.2. Bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş
tələblərə əməl olunmasına nəzarətin həyata keçirilməsi qaydaları qanunvericiliklə
müəyyən edilir.
6.3. Vəzifəli şəxslər tərəfindən bu Qanunun
5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə
tutulmuş məlumatların üzürsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən
natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin
intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə barələrində intizam məsuliyyətinə
cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər intizam məsuliyyətinə həmin
qaydalara riayət edilməklə cəlb oluna bilərlər.
6.4. Komissiya bu Qanunun 5.1-ci maddəsində müəyyən
edilmiş tələblərə əməl etməyən şəxslər barəsində rəsmi dövlət qəzetində məlumat
dərc etdirə bilər.
Maddə 7.
Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili
vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla,
bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini
pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində
həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna
edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri
tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar
üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda
vəzifə tuta bilərlər.
Maddə 8.
Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər
8.1. Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz
icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin
icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı
yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə bu
Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və
sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.
8.2. Vəzifəli şəxs xidməti vəzifələrinin
icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi
məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə
bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata
keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus
hesab edilir.
8.3. Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və
ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda, bu
məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
8.4. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin
bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti
ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi
qadağan olunur.
8.5. Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər,
imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan
imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə
ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat
verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin
işlədiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma akt üzrə təhvil
verilməlidir.
III Fəsil. Korrupsiya ilə əlaqədar
hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət
Maddə 9.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar
9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar
bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan
hüquqpozmalardan ibarətdir.
9.2. Korrupsiya hüquqpozmaları aşağıdakılardır:
9.2.1. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin)
icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən
imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya
dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə
etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin
verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi;
9.2.2. xidməti vəzifəsinin (səlahiyyətlərinin)
icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən
imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün
fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair
nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;
9.2.3. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin
(səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə
hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan
özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədi ilə istifadə edilməsi;
9.2.4. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin
(səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və
ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən
tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi;
9.2.5. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin)
icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan,
rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə
zidd olaraq gəlir götürməsi;
9.2.6. müəyyən mükafat müqabilində vəzifəli şəxsin
qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə
birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin
təklif olunması, vəd edilməsi və ya verilməsi;
9.2.7. müəyyən mükafat müqabilində vəzifəli şəxsin
qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən
maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya
belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə
bağlı təklifin və ya vədin qəbul edilməsi.
9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri
korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır:
9.3.1. xidməti vəzifəsini (səlahiyyətlərini) icra
etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər
ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq;
9.3.2. statusundan, təmsil etdiyi orqanın (qurumun)
statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən
irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların
və ya güzəştlərin əldə edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərə
sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar,
subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz
kömək etmək;
9.3.3. bilavasitə, başqa və ya uydurma şəxslər
vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək
(elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq
fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə kredit müəssisələrinin
icra orqanlarının tərkibinə daxil olmaq;
9.3.4. statusundan, təmsil etdiyi orqanın (qurumun)
statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən
irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil
olmayan məsələlər üzrə digər dövlət orqanlarının, yerli özünüidarəetmə
orqanlarının və ya qurumların fəaliyyətinə qanunsuz müdaxilə etmək;
9.3.5. statusundan, təmsil etdiyi orqanın (qurumun)
statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən
irəli gələn imkanlardan istifadə etməklə, şəxsi maraqlarına aid məsələlərin həllinə
təsir etmək;
9.3.6. normativ hüquqi aktların və digər qərarların
qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun
olmayan üstünlüklər vermək;
9.3.7. vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində
olan, habelə ona hesabat verən orqanların (qurumların) işi üzrə fiziki və
ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək;
9.3.8. qanunla və ya digər normativ hüquqi
aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə
verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və
yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək;
9.3.9. qanunla və ya digər normativ hüquqi
aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi
şəxslərdən tələb etmək;
9.3.10. dövlət orqanlarının, yerli özünüidarəetmə
orqanlarının və ya qurumların maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq
namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya
bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki fonduna vermək;
9.3.11. qanunvericiliklə başqa hal nəzərdə
tutulmamışdırsa, dövlət fondlarına, dövlət orqanlarının, yerli özünüidarəetmə
orqanlarının və ya qurumların təsərrüfat subyeklərinə məxsus olan maddi və
maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına vermək;
9.3.12. fiziki və ya hüquqi şəxslərə hüquqlarının
və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq;
9.3.13. sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən
tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və
hüquqi şəxslərə qanunsuz olaraq vermək.
9.4. Bu qanunda nəzərdə tutulan hallardan başqa,
vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən və ya statusunu müəyyən edən
qanunvericilik aktlarında korrupsiya ilə əlaqədar digər hüquqpozmalar müəyyən
edilə bilər.
Maddə
10. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti
10.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar
qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya
cinayət məsuliyyətinə səbəb olur.
10.2. Vəzifəli şəxs tərəfindən bu Qanunun 9-cu
maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati
və ya cinayət məsuliyyəti yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
10.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə
intizam məsuliyyəti tədbirləri bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.
10.4. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş
hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda,
aşağıdakı xüsusi hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş
qaydada intizam məsuliyyətinə səbəb olur;
10.4.1. Azərbaycan Respublikasının Konstitusiyası
və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər bu
Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya
qarşı mübarizə aparan orqan bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanına
məlumat verir.
10.4.2. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına
seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə,
korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına
məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil
olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun
seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir.
10.4.3. Azərbaycan Respublikasının dövlət
orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada
qeydə alınmış şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə,
onlar barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər
görülür.
10.4.4. Hakimlər bu qanunun 9-cu maddəsində
göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan
intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq
Şurasına məlumat verir.
Maddə
11. Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyəti
11.1. Qanunvericiliklə müəyyən edilmiş korrupsiya
hüquqpozmalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi
yaratmadıqda, onlar inzibati qaydada cərimə edilirlər.
11.2. Cinayət tərkibi yaratmayan korrupsiya
hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə
edilir. Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər
barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər
tətbiq edilir.
Maddə
11-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə
11-1.1. Korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən
elektron) və ya şifahi formada verilə bilər.
11-1.2. Dövlət və bələdiyyə orqanlarının, dövlət
və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının
(bundan sonra — idarə, müəssisə və təşkilatların) rəhbəri həmin idarə, müəssisə
və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların
verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə (bundan sonra — səlahiyyətli
struktur bölmə) müəyyən edir.
11-1.3. İdarə, müəssisə və təşkilatlarda
çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli
struktur bölməyə verə bilərlər.
11-1.4. Səlahiyyətli struktur bölmə korrupsiya
ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalı və
məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir.
11-1.5. Səlahiyyətli struktur bölmə korrupsiya
ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü
müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə
bildirməlidir. Araşdırma «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır.
11-1.6. Barəsində məlumat verilən şəxsə, həmçinin
araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə
korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə
edilə bilməz.
11-1.7. Korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə əlaqədar olduqda,
məlumatı verən şəxs həmin məlumatı müvafiq idarə, müəssisə və ya təşkilatın rəhbərinə
təqdim etmək hüququna malikdir. İdarə, müəssisə və ya təşkilatın rəhbəri belə məlumatların
qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin
həyata keçirilməsini təmin etməlidir.
11-1.8. Korrupsiya ilə əlaqədar hüquqpozmalar
barədə məlumat idarə, müəssisə və ya təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat
verən şəxs həmin məlumatı idarə, müəssisə və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli
şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim
etmək hüququna malikdir. Həmin orqanlar bu məlumatın qəbul edilməsini, qeydə
alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini
təmin etməlidirlər.
Maddə
11-2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət
müdafiəsi
11-2.1. Korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi
halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və
korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun
konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin
konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
11-2.2. Korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu
gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir
və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş
qaydada məsuliyyətə səbəb olur.
11-2.3. Korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində
öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi
və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə,
korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa
müraciəti əsasında «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi
haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik
tədbirləri tətbiq edilir.
11-2.4. İdarə, müəssisə və ya təşkilatın
korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində məsuliyyət
tədbirlərini tətbiq edən idarə, müəssisə və ya təşkilat onların qanunla müəyyən
edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla
bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin işçi
attestasiyadan keçirildikdə, səlahiyyətli struktur bölmənin nümayəndəsi
attestasiya komissiyasının iclasında iştirak etməlidir.
11-2.5. İdarə, müəssisə və ya təşkilatlar, səlahiyyətli
struktur bölmə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar
tərəfindən bu Qanunun 11-1-ci və 11-2-ci maddələrinin tələbləri pozulduqda,
korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs inzibati
qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
11-2.6. Bu Qanunun 11-2-ci maddəsində nəzərdə
tutulmuş müdafiə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı bilə-bilə yalan
məlumatvermə, həmçinin özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və
digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədi ilə məlumatvermə
hallarında tətbiq olunmur.
IV Fəsil. Korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin
aradan qaldırılması
Maddə
12. Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz
və ya güzəştlərin dəyərinin ödənilməsi
12.1. Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə
edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri
könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı
könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş
imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə,
qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və
ya imtiyazların dəyəri müvafiq dövlət orqanlarının, yerli özünüidarəetmə
orqanlarının və ya qurumların iddiası əsasında məhkəmə tərəfindən dövlətin
nəfinə ödənilir.
12.2. İşə məhkəmədə baxılana qədər iddianın təmin
edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə mülki-prosessual
qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər.
Maddə
13. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv
edilməsi
Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində
qəbul olunmuş aktlar müvafiq dövlət orqanları, yerli özünüidarəetmə
orqanları və ya qurumlar tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və
ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilir.
Maddə
14. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 13 yanvar 2004-cü il
№ 580-IIQ
«Azərbaycan» qəzetində dərc olunmuşdur (4
mart 2004-cü il, № 53).
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 mart 2004-cü il, № 3, maddə 125).
1 aprel 2005-ci il tarixli, 875-IIQD nömrəli;
1 sentyabr 2005-ci il tarixli, 982-IIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli,
420-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 510-IIIQD nömrəli; 30 aprel
2013-cü il tarixli, 641-IVQD nömrəli; 14 oktyabr 2016-cı il tarixli, 334-VQD
nömrəli; 2 oktyabr 2017-ci il tarixli, 786-VQD nömrəli; 22 dekabr 2020-ci il
tarixli, 230-VIQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə .