2009-10-08 Konstitusiya Məhkəməsində Slovakiya Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ilə görüş olmuşdur

Новости

2009 Oct

Oktyabrın 7-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Sürətli və hərtərəfli inkişaf dövrünü yaşayan ölkəmizdə digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də məqsədyönlü islahatların aparıldığını vurğulayan sədr Fərhad Abdullayev bildirmişdir ki, Azərbaycanda Konstitusiya Məhkəməsi 1998-ci ildə yaradılmış və fəaliyyətə başladığı ilk gündən beynəlxalq təcrübəyə üstünlük vermişdir. 

Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin həyata keçirdiyi tədbirlərdən, dövlət hakimiyyəti sistemindəki mühüm rolundan danışmışdır. O qeyd etmişdir ki, müstəqil Azərbaycanda 1993-cü ildən başlayaraq həyata keçirilən irimiqyaslı islahatlar nəticəsində ölkəmiz davamlı sosial-iqtisadi yüksəlişə nail olmuş, əhalinin rifahının yüksəlməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Azərbaycan çox yüksək iqtisadi inkişaf göstəricilərinə malik ölkələr sırasındadır. 
Sədr vurğulamışdır ki, qeyd olunan amillər Azərbaycanda, həmçinin qanunvericilik, məhkəmə-hüquq, institusional və digər sahələrdə ciddi islahatların aparılmasına, sosial-mədəni, hüquqi dəyərlərin inkişafına zəmin yaratmışdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız ölkədə demokratik, hüquqi dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşmasına geniş imkanlar açmışdır. 

Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsi, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə alınması diqqət mərkəzində saxlanır. 

Sədr Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini vurğulamışdır. Azərbaycan Konstitusiya Məhkəməsinin Ümumi Konstitusiya Məhkəmələri Avropa Konfransının üzvü olduğu, həmin təşkilat çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir.

Səfər zamanı xanım Matsejkova Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla, Ali Məhkəmənin sədri Ramiz Rzayevlə və İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ilə görüşmüşdür.