28.01.2020
Yanvarın 28-də Fərhad
Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Aparatının 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası
keçirilib.
İclası açan Sədr Fərhad Abdullayev ötən il daxil olmuş
sorğu, müraciət və şikayətlərlə bağlı Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi Plenumu tərəfindən bir sıra mühüm qərarların qəbul edildiyini diqqətə
çatdırıb. Bildirib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə bundan
başqa 2019-cu ilə dair sorğu və müraciətlər də daxil olub. Hesabat dövründə
ümumilikdə 2850 şikayət, o cümlədən 909 şikayət onlayn qaydada daxil olub.
Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin rəsmi saytı vasitəsilə daxil
olan onlayn ərizə və məktubların sayında artım müşahidə edilib. Konstitusiya
Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və
hüququn digər sahələrində yaranmış hüquqi kolliziyalara dair Azərbaycan
Respublikasının Konstitusiyasının müddəaları nöqteyi-nəzərindən hüquqi qiymət
verilib.
İclasda Aparat
rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektorları müdirlərinin
hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu,
müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, Məhkəmə tərəfindən qəbul
edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə
təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.
Qeyd olunub ki, ötən il
Konstitusiya Məhkəməsinin beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı daha da inkişaf
edib. Konstitusiya Məhkəməsi Plenumu qəbul etdiyi bütün qərarlarda dövlətdaxili
qanunvericiliklə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
hüquq müqavilələrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə
diqqət yetirir.
Sədr qeyd edib ki,
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların
dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı, xüsusilə ədalət
mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ölkə Konstitusiyasında və
Fərmanda əks olunmuş əhəmiyyətli aspektlər Konstitusiya Məhkəməsinin fəaliyyəti
üçün mühüm istiqamətləri müəyyənləşdirib.
Fərhad Abdullayev
bildirib ki, dövlətimizin başçısının bu Fərmanı məhkəmə-hüquq sisteminin
inkişafında yeni mərhələnin başlanması üçün mühüm hüquqi təməldir.
Sədr diqqətə çatdırıb
ki, son illər ədalət mühakiməsinin inkişafı ilə bağlı baş vermiş müsbət
dəyişikliklər bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi sayəsində
mümkün olub. Bütövlükdə məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində
proqram xarakterli sənədlər qəbul edilib, məhkəmələrin infrastrukturunun
yenilənməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni nəsil
hüquqşünasların formalaşdırılması istiqamətində mühüm tədbirlər görülüb.
Həmçinin qeyd olunub ki,
ötən il Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsi yenilənib. Yeni
internet səhifəsi müasir tələblərə cavab verərək, vətəndaşların ərizə və
şikayətlərinin qəbulu və operativ şəkildə baxılması üçün daha geniş imkanlar
yaradır.
Diqqətə çatdırılıb ki,
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəhbərliyi və hakimləri yubiley medalı
ilə təltif olunub. Sədr Məhkəmənin fəaliyyətinə və onun kollektivinə göstərdiyi
yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə kollektivin adından bir daha dərin minnətdarlığını ifadə edib. Fərhad
Abdullayev Konstitusiya Məhkəməsinin kollektivinin bu yüksək etimadı layiqincə
doğrultmaq üçün bundan sonra da əzmlə çalışacağını bildirib.
Prezident İlham Əliyevin
“Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan
vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların
şikayətlərinə çox diqqətlə yanaşılmalıdır” fikri əsas götürülərək, bununla
bağlı Aparatın müvafiq şöbələrində vətəndaşların ərizə və şikayətlərinin
diqqətlə araşdırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, Konstitusiya
Məhkəməsində vətəndaşların müraciətləri diqqətlə dinlənilir və araşdırılır.
Müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyə uyğun qaydada həll
olunması üçün müvafiq tədbirlər görülür. Konstitusiya Məhkəməsinə daxil olan
ərizə və şikayətlərin araşdırılmasına 2020-ci ildə ciddi diqqət yetirilməlidir.
Fərhad Abdullayev
bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin inkişafını əhatə
edən hüquqi islahatlar məhkəmə sisteminin təkmilləşdirilməsinə və
müasirləşdirilməsinə töhfə verməkdədir. Bu da öz növbəsində insanların
Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha
səmərəli həyata keçirilməsi üçün şərait yaratmaqla, Konstitusiya Məhkəməsi
Plenumu tərəfindən qəbul olunmuş qərarların hüquqtətbiqetmə təcrübəsinə müsbət
təsir göstərməyə xidmət edir.
Sədr qeyd edib ki,
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il fevralın 1-də Azərbaycan
Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət
orqanlarının qarşısında gənclərin potensialından daha səmərəli istifadə
olunması və ölkədə könüllülük hərəkatının inkişaf etdirilməsi vəzifəsi qoyulub.
Bununla əlaqədar fevralın 12-də Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Sədri tərəfindən Məhkəmənin Aparatında könüllülərin fəaliyyətini
təşkil etmək məqsədilə İşçi Qrupunun yaradılması haqqında Əmr imzalanıb. İl
ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü fəaliyyətə
cəlb edilən 17 nəfərə Məhkəmə tərəfindən xüsusi sertifikatlar və
xasiyyətnamələr təqdim olunub.
Sədr xüsusi vurğulayıb
ki, Konstitusiya Məhkəməsi Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan
olunması barədə dövlətimizin başçısının 2019-cu il 30 dekabr tarixli Sərəncamını
rəhbər tutaraq, cari ildə könüllülərlə işi daha da inkişaf etdirəcək.
Bildirilib ki, ötən ilin
nəticələrindən irəli gələn məsələlərlə bağlı bütün məhkəmələrə hüququn tətbiqi
və dürüst başa düşülməsi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri barəsində
icmal məktub göndərilib.
Hesabat tədbirinə yekun vuran Konstitusiya Məhkəməsinin Sədri 2019-cu ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətində səmərəliliyin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı müvafiq tövsiyələrini və Aparatın qarşısında duran vəzifələrlə bağlı tapşırıqlarını verib.