29.12.2019
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Fərhad
Abdullayevin sədrliyi ilə konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq
məhkəmə iclası keçirilib.
İclasda “AXA MBASK”
Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası
Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 26 iyul tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim Kamran Şəfiyevin məruzəsini, ərizəçinin
vəkili Fuad Musanın çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə
edərək qərar qəbul edib.
Qərarda deyilir ki,
Ruslan İbadovun “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı
müqavilə öhdəliklərinin yerinə yetirilməsi və sığorta məbləğinin ödənilməsi
tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının
2019-cu il 26 iyul tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının
29-cu və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
935.1.8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
416-cı, 418.1-ci və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş
hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq
Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada və müddətdə yenidən baxılsın.