2009-07-28 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mətbuat xidmətinin məlumatı

Новости

2009 Jul

Cari il iyul ayının 21-24 tarixlərində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti Moldova Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında iştirak etmişdir.

Konfransı Moldova Respublikasının Prezidenti cənab V. Voronin rəsmi açıq elan etmişdir. Tədbirdə, konstitusiya ədalət mühakiməsinin müasir cəmiyyətin inkişafında rolu, vətəndaşların konstitusiya məhkəmələrinə müraciətlərinin baxılması, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının konstitusiya məhkəmə icraatında tətbiqi və digər məhkəmə-hüquq məsələləri ilə bağlı çıxışlar edilmiş və müzakirələr aparılmışdır. 

Konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev «Azərbayjan Respublikası Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsi vasitəsilə vətəndaşların konstitusiya hüquqları və azadlıqlarının müdafiəsi» mövzusunda məruzə ilə çıxış etmişdir.

Forumun sonunda Moldova Prezidenti cənab D.Voronin xarici qonaqları Prezident Sarayında qəbul etmiş, Azərbaycanla Moldova arasında bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində də gedən əməkdaşlığı yüksək qiymətləndirmişdir. 

Səfər zamanı Moldova Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə ikitərəfli görüş keçirilmiş, mövcud məhkəmə təcrübəsi ilə bağlı müxtəlif fikir mübadilələri aparılmışdır. Hər iki tərəf 2010-cu ilin fevral və may aylarında müvafiq olaraq Kişinyov və Bakı şəhərlərində nəzərdə tutulan Azərbaycan və Moldova Konstitusiya Məhkəmələri arasında hüquqi əməkdaşlıq haqqında protokol və memorandumun  imzalanmasına hazır oluqlarını ifadə etmişdirlər.

Sədr Fərhad Abdullayev həmçinin Almaniya, Rusiya, Rumıniya, Ukrayna və digər ölkələrin Konstitusiya Məhkəmələrinin Sədr və hakimləri ilə görüşlər keçirmiş, məhkəmə-hüquq əməkdaşlığı məsələlərini müzakirə etmişdir.