Dekabrın 4-də Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli "Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərarı
əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan
Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılıb.
Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə
çıxarılan məsələ barədə məlumat verib.
İclasda sorğuverən tərəfin
nümayəndəsi qismində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavabverən tərəfin
nümayəndələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti,
hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak ediblər.
Çıxışlardan sonra
Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar
qəbul etmək üçün müşavirə otağına keçiblər.
Müşavirədən sonra
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını elan edib.
Qərarın nəticəvi hissəsinə görə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinin I hissəsinə uyğun hesab edilsin.
“Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan
Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası
Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı əsasında Azərbaycan
Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən
buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun
hesab edilsin.
Qərarda həmçinin qeyd edilib
ki, Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışı fəaliyyətə
başlayanadək müstəsna olaraq Azərbaycan Respublikası Konstitusiyasının 111-ci və
112-ci maddələrində, 95-ci maddəsinin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə
tutulmuş səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik
funksiyalarının həyata keçirilməsi üçün V çağırış Azərbaycan Respublikası Milli
Məclisinin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.
Qəbul edilmiş qərar elan
edildiyi andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.