2019-04-10 “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bağlı Konstitusiya Məhkəməsində iclas keçirilmişdir

Новости

2019 Apr

Aprelin 9-da Konstitusiya Məhkəməsində 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlaqədar iclas keçirilib.

İclası açan Sədr Fərhad Abdullayev qeyd edib ki, dövlət başçısının Fərmanı məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanması üçün mühüm hüquqi təməldir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanında ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı ölkənin Konstitusiya və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin prinsiplərinə dönmədən riayət edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, qəbul edilən qərarların tam və vaxtında icra edilməsi, habelə süründürməçiliyin və digər neqativ halların aradan qaldırılmasının vacibliyi vurğulanır.

Diqqətə çatdırılıb ki, dövlət başçısının Fərmanında məhkəmələrin fəaliyyətində ədalət, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə riayət edilməsinin zəruriliyi göstərilib.

Həmçinin, Fərmanda ədalət mühakiməsinin nüfuzunun artırılması məqsədilə məhkəmə qərarlarının elektron dərci, işlərin elektron qaydada bölüşdürülməsi, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin olunması, məhkəmə fəaliyyətinə müdaxilənin qarşısının alınması, məhkəmə icraatının şəffaflığı, məhkəmə ekspertizası prosesinin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiq edilməsi, habelə məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi olaraq təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması xüsusilə qeyd edilib.

Bildirilib ki, Fərmanda sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin təşkili, həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının vacibliyi, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə işlərin davam etdirilməsi, hakimlərin və məhkəmə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sıra dövlət orqanlarına tövsiyə və tapşırıqlar verilib.

Həmçinin, qeyd olunub ki, Fərmanda məhkəmə icraatının sadələşdirilməsi və təkmilləşdirilməsi, məhkəmələrin infrastrukturu və təchizatının yaxşılaşdırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, habelə hakim ştatlarının artırılmasına xüsusi diqqət yetirilib.

Sədr tarixə nəzər salaraq, qeyd etdi ki, ölkəmizdə hüquqi islahatlar Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və gərgin əməyinin nəticəsi olan 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi ilə başladı. Konstitusiyanın qəbul edilməsi vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşdırılması, siyasi və hüquq sistemində möhkəm özülün yaradılması işində mühüm addım olmuşdur.

İclas zamanı Sədr diqqətə çatdırdı ki, son illər ədalət mühakiməsinin inkişafında baş vermiş müsbət dəyişikliklər bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olmuş, bütövlükdə məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində proqram xarakterli sənədlər qəbul edilmiş, məhkəmələrin infrastrukturunun yenilənməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni nəsil hüquqşünasların formalaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür.

Sədr həmçinin diqqətə çatdırdı ki, bu yaxınlarda Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsi yenilənəcək və bu yeni internet səhifəsi bütün müasir tələblərə cavab verərək, vətəndaşların ərizə və şikayətlərinin qəbulu və operativ şəkildə baxılması üçün daha geniş imkanlar yaradacaq.

Müzakirələrdə Konstitusiya Məhkəməsinin hakimləri İsa Nəcəfov və Südabə Həsənova çıxış edərək, məhkəmə sistemində mövcud olan bəzi çatışmamazlıqlardan bəhs etdilər.

İclasın sonunda Sədr tərəfindən Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı Məhkəmənin Aparatına müvafiq tapşırıqlar verilib.