2019-02-26 Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Новости

2019 Feb

Fevralın 26-da Konstitusiya Məhkəməsinin Sədri, hakimləri və Aparatın əməkdaşları Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümümxalq yürüşdə iştirak ediblər.

Yürüşdən sonra Konstitusiya Məhkəməsində bəşəriyyət tarixində ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi ilə bağlı tədbir keçirilib.

İlk öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev qeyd etmişdir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələrinin  bir gecədə dinc əhaliyə qarşı törətdikləri dəhşətli qırğın nəticəsində  613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilmiş, 1275 dinc sakin girov götürülmüş, 150 nəfər itkin düşmüşdür. 

Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayan Konstitusiya Məhkəməsinin Sədri qeyd etmişdir ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib.

Vurğulanmışdır ki, Prezident İlham Əliyev bu qətliamın beynəlxalq ictimaiyyətə çatdırılması və dünya dövlətləri tərəfindən tanıdılmasını, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsini, onların ailə üzvlərinin və yaxınlarının sosial müdafiəsinin gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayır. Məhz bu addımların sayəsində son illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli iş aparılır.

Sədr bildirib ki, hər il dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər təşkil edilir və bununla bağlı 2019-cu il fevral ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Sərəncam imzalayıb.

Sədr Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondu çərçivəsində həyata keçirilən mühüm layihələri qeyd edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədəki misilsiz xidmətlərini xüsusi vurğulayıb. Məhz bu uğurlu fəaliyyət nəticəsində hazırda dünyanın bir sıra ölkələri, ABŞ-ın 20-dən çox ştatı, həmçinin beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Bu səylərin nəticəsində artıq dünya ictimaiyyəti Xocalı faciəsi, torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır.

Fərhad Abdullayev diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasında mühüm rol oynayıb. Bu kampaniya çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Hüquqda  “Cinayət  olan  yerdə  cəza da  olmalıdır”  prinsipini diqqətə çatdıran Fərhad Abdullayev, Xocalıda azərbaycanlılara qarşı qətliam törədənlərin layiqli cəzalarını alacaqlarını vurğulamışdır.

İclasın sonunda qeyd edilib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır.