2019-02-22 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Новости

2019 Feb

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışının hansı müddəti ehtiva etməsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışı 24 saatlıq müddəti ehtiva edir. Həmin maddədə göstərilmiş müddətlər çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədiyi andan bir günün 24 saat olması nəzərə alınmaqla hesablanır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.