“Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda dünyanın bir çox ölkələrindən nümayəndələrin iştirakı tədbirin önəmindən xəbər verir. Konstitusiya hər bir ölkənin fundamental qanunlarının əsasını təşkil edir. Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 ili tamam olur. Bu, Azərbaycanın müstəqillik tarixində çox önəmli hadisədir. Azərbaycan Konstitusiya Məhkəməsi beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, daim inkişaf edir və yeniliklərə açıqdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” proqramının rəhbəri Tomas Meyer deyib.
Tomas Meyer bildirib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycanda səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Artıq uzun müddətdir ki, təşkilatımız Azərbaycan ilə sıx, işgüzar əməkdaşlıq edir. On yeddi ildir ki, əməkdaşlıq etdiyimiz Azərbaycan Konstitusiya Məhkəməsi ilə birgə fəaliyyətimiz nəticəsində bir sıra layihələr həyata keçirmişik. İnanıram ki, bu gün dövlət orqanlarının, xarici ölkələrdən hakimlərin iştirakı ilə keçirilən bu konfrans əməkdaşlığın genişlənməsinə böyük töhfə verəcək.
Tomas Meyer bildirib ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti hüquq sistemində, xüsusilə də insan hüquqlarının qorunmasında çox böyük əhəmiyyət daşıyır. O, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bütün kollektivini yubiley münasibətilə təbrik edib, bu konfransda iştirak etməkdən məmnun olduğunu söyləyib.