2018-05-18 Konstitusiya Məhkəməsinin sədri Sankt-Peterburqda beynəlxalq konfransda iştirak edib

Новости

2018 May

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Konstitusiyasının qəbul edilməsinin 25 illiyinə həsr olunmuş “Qlobal dəyişikliklər dövründə Konstitusiya və konstitusiya nəzarətinin vəzifələri” mövzusunda VIII Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün mayın 14-dən 17-dək Sankt-Peterburqda səfərdə olub.

Konstitusiya məhkəmələrinin sədr və hakimlərinin, habelə Rusiya Federasiyası dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransın açılışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Konstitusiyanın 25 illiyi ilə bağlı Konstitusiya Məhkəməsinə ünvanladığı təbrik məktubu oxunub.

Konfransda Konstitusiya məhkəmələrinin konstitusiya hüququnun inkişafındakı rolu, milli qanunvericiliyin konstitusiya normalarına uyğunluğunun vacibliyi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məhkəmələrin qəbul etdikləri qərarlarda əks olunmuş hüquqi mövqelərin əsaslandırılmasında rolu və digər hüquqi məsələlər ətrafında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

VIII Peterburq Beynəlxalq Hüquq Forumunda Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev açılış nitqi ilə çıxış edib.

Forum çərçivəsində hüquq peşəsinin gələcəyi, hüquqşünaslıqda innovasiyalar, müasir dünyada intellektual hüquq, beynəlxalq ədalət mühakiməsi, hüquqi fəaliyyətdə innovasiyaların tətbiqinə dair mövzular ətrafında məruzələr edilib və müzakirələr aparılıb.

Səfər zamanı Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin yerləşdiyi binanın üzərinə Ümummilli Liderin şərəfinə vurulmuş xatirə lövhəsinin önünə gül-çiçək dəstələri qoyulub.

Tədbirlərdə, həmçinin Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov iştirak edib.