2018-02-22 Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Новости

2018 Feb

Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Bakının Xətai rayonunda Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Konstitusiya Məhkəməsinin adından abidə önünə əklil və gül dəstələri qoyulub.

Sonra Konstitusiya Məhkəməsinin binasında bəşəriyyət tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən sədr Fərhad Abdullayev Xocalı soyqırımının erməni şovinistlərinin azərbaycanlılara qarşı XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixdə Azərbaycan xalqına qarşı ən dəhşətli və qanlı faciə - Xocalı soyqırımı törədilib. Həmin gecə Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edilib. Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə bir gecədə azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb, 150 nəfər itkin düşüb.

Sədr Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıb, BMT, ATƏT, Avropa Şurası, digər beynəlxalq qurumlara, habelə xarici dövlətlərə bu qətliamın gerçək mahiyyətini çatdıraraq, dünya ictimaiyyətini erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, Prezident İlham Əliyev bu qətliamın beynəlxalq ictimaiyyətə çatdırılmasını və dünya dövlətləri tərəfindən tanıdılmasını, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsini, onların ailə üzvlərinin, yaxınlarının sosial müdafiəsinin gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayır. Məhz bu addımların sayəsində son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli iş aparılır.

Bildirilib ki, 2012-ci və 2017-ci illərdə faciənin iyirminci və iyirmi beşinci ildönümləri ilə əlaqədar Bakıda yüz minlərlə insanın iştirakı ilə ümumxalq yürüşü keçirilib və dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər təşkil edilib.

Sədr Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələri qeyd edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədəki misilsiz xidmətlərini xüsusi vurğulayan F.Abdullayev bildirib ki, məhz bu uğurlu fəaliyyət nəticəsində hazırda dünyanın bir sıra ölkələri, ABŞ-ın 20-dən çox ştatı, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Bu səylərin nəticəsində artıq dünya ictimaiyyəti Xocalı faciəsi, torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır.

F.Abdullayev diqqətə çatdırıb ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətləri xüsusi yer tutur. Məhz Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Bu kampaniya çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilən və bir çox beynəlxalq mükafata layiq görülən “Sonsuz dəhliz” (Endless Corridor) sənədli filminin müxtəlif ölkələrdə nümayiş etdirilməsi Xocalı soyqırımı ilə bağlı həqiqətlərin tanınması baxımından böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı nitqində səsləndirdiyi “Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb və əminəm ki, heç vaxt tanımayacaq... Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq... Bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək” sözlərini mərasim iştirakçılarının diqqətinə çatdıran sədr F.Abdullayev çıxışına yekun vuraraq bildirib ki, Xocalıda azərbaycanlılara qarşı düşmən erməni silahlı dəstələrinin həyata keçirdiyi kütləvi qırğının soyqırımı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir. Xocalı faciəsi tarixboyu yaddaşlardan silinməyəcək və bu qətliamı törədənlər layiqli cəzalarını alacaqlar.