2017-05-02 Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ankara və Belqrad şəhərlərində rəsmi səfərdə olmuşdur

Новости

2017 May

Aprel ayının 24-dən 27-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın dəvəti ilə Məhkəmənin 55 illiyi ilə əlaqədar Ankara şəhərində keçirilmiş rəsmi tədbirlərdə iştirak etmək üçün Ankara şəhərində səfərdə olmuşdur. 

“Konstitusiya Məhkəmələri əsas hüquqların müdafiəçisi kimi” mövzusunda təşkil edilmiş Beynəlxalq Simpoziumun açılışında Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyip Ərdoğan, Baş Naziri Binəli Yıldırım, Böyük Millət Məclisinin sədri İsmayıl Qəhraman, Türkiyənin məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, xarici qonaqlar qismində isə Avropa, Asiya, Afrika və Cənubi Amerikanın bir sıra ölkələrinin Konstitusiya Məhkəmələrinin nümayəndə heyətləri iştirak etmişdirlər.

Rəsmi tədbirin açılışında Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin 55 illik fəaliyyət dövrü ərzində qəbul etdiyi mühüm qərarları təhlil edilmiş, Məhkəmənin qanunvericiliyin və məhkəmə-hüquq təcrübəsinin inkişafındakı rolu barədə ətraflı çıxışlar edilmişdir. 

Daha sonra konfransın praktiki işində tədbirdə iştirak edən Konstitusiya Məhkəmələrinin nümayəndə heyətləri təmsil etdikləri ölkələrin Konstitusiya Məhkəmələrinin konstitusiya hüquq və azadlıqlarının qorunmasında icra, qanunverici və digər məhkəmə orqanları ilə qarşılıqlı əlaqələri barədə məruzələr təqdim etmişdirlər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Məhkəmənin fəaliyyəti çərçivəsində digər ali dövlət orqanları ilə işbirliyi haqqında, habelə vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının qorunmasına yönəlmiş qərarların bir sıra aspektlərinə toxunmuşdur. 

Həmçinin səfər çərçivəsində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə ikitərəfli görüşlər keçirilmiş, son illər ərzində iki ölkənin Konstitusiya Məhkəmələri tərəfindən qəbul edilmiş qərarlara dair fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin nümayəndə heyəti həmçinin  Azərbaycan Respublikasının Ankaradakı səfirliyində olmuş, Fövqəladə və Səlahiyyətli Səfir Faiq Bağırov ilə görüşmüşdür.

Aprel ayının 28-də isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədri Vesna İliç-Preliçin dəvəti ilə Belqrad şəhərində rəsmi səfərdə olmuşdur.

Səfər zamanı Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədr, hakimləri və aparat rəhbərliyi ilə keçirilmiş görüşlərdə, vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etmək üsulları və proseduru, Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların icrası, məhkəmə praktikasında beynəlxalq-hüquq normalarının tətbiqi, habelə ərazi bütövlüyü beynəlxalq hüquq prinsipi ilə bağlı məhkəmə-hüquq təcrübəsinə dair məsələlər müzakirə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin nümayəndə heyəti və Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri Belqrad şəhərinin Mərkəzi parkında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucadılmış heykəli ziyarət etmiş, heykəlin önünə əklili qoymuşlar.

Səfər çərçivəsindəki tədbirlərdə həmçinin Azərbaycan Respublikasının Serbiya, Montoneqro, Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Həsənov da iştirak etmişdir.