2008-07-15 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans

Новости

2008 Jul

İyulun 14-də Bakıda «Hyatt Regensy - Naxçıvan» mehmanxanasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 illiyinə həsr olunmuş «Konstitusiya Məhkəməsi qərarlarının icrası konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi prosesinin mühüm mərhələsi kimi» mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Almaniya Texniki Əməkdaşlıq Jəmiyyəti (GTZ) və Avropa Şurası Venesiya Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış və məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.


Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan konfransda Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinin yaradılmasının onuncu ildönümü münasibətilə təbrik məktubunu oxumuşdur.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qurumun yaranma tarixindən, fəaliyyət göstərdiyi dövrdə həyata keçirdiyi tədbirlərdən, dövlət hakimiyyəti sistemindəki mühüm rolundan danışmışdır. Qeyd olunmuşdur ki, müstəqil Azərbaycanda 1993-cü ildən başlayaraq həyata keçirilən irimiqyaslı islahatlar nəticəsində ölkəmiz davamlı sosial-iqtisadi yüksəlişə nail olmuş, əhalinin rifahının yüksəlməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Azərbaycan çox yüksək iqtisadi inkişaf göstəricilərinə malik ölkələr sırasındadır.

F.Abdullayev vurğulamışdır ki, qeyd olunan amillər Azərbaycanda, həmçinin qanunvericilik, məhkəmə-hüquq, institusional və digər sahələrdə ciddi islahatların aparılmasına, sosial-mədəni, hüquqi dəyərlərin inkişafına zəmin yaratmışdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız ölkədə demokratik, hüquqi dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşmasına geniş imkanlaraçmışdır.

Konstitusiyanın müddəalarından irəli gələn prinsiplərin həyata keçirilməsində, onun aliliyinin təmin edilməsində mühüm rola malik olan Konstitusiya Məhkəməsinin yaranmasından keçən 10 ilə nəzər salan natiq bu orqanın ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etdiyini, qəbul etdiyi qərarlarla hər bir vətəndaşın Əsas Qanuna və digər qanunlara hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanın və hüquq mədəniyyətinin inkişafına dəyərli töhfələr verdiyini qeyd etmişdir. Vurğulanmışdır ki, məhkəmə ötən dövrdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyətini daim təkmilləşdirmiş, beynəlxalq təcrübəni, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu mənimsəməyə və tətbiq etməyə çalışmışdır.