2016-11-08 “Müstəqil Azərbaycanın Konstitusiyası və demokratik dövlətçiliyin inkişafı” mövzusunda “dəyirmi masa” keçirilib

Новости

2016 Nov

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə noyabrın 8-də “Müstəqil Azərbaycanın Konstitusiyası və demokratik dövlətçiliyin inkişafı” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirin BDU ilə səmərəli əməkdaşlığın aparılması, təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıdığını bildirib. Bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 25 illiyinin, həmçinin noyabrın 9-da Dövlət Bayrağı Gününün, 12-də isə Konstitusiya Gününün qeyd olunduğunu deyən F.Abdullayev “dəyirmi masa”nın belə əlamətdar hadisələr ərəfəsində keçirilməsinin önəmini xüsusi vurğulayıb.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 25 ildə keçdiyi inkişaf yoluna və əldə etdiyi nailiyyətlərə nəzər salan Konstitusiya Məhkəməsinin sədri müstəqilliyin ilk illərində ölkə həyatının bütün sahələrində yaşanan dərin böhranı diqqətə çatdırıb. Azərbaycanın 25 illik müstəqillik tarixində 1993-cü ilin xüsusi yer tutduğunu bildirən F.Abdullayev deyib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqımızı müstəqilliyin itirilməsi təhlükəsindən xilas edərək, respublikanı dinamik inkişaf yoluna çıxardı. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən mühüm islahatlar demokratik dövlət quruculuğu prosesində mühüm rol oynayaraq, ölkənin gələcək inkişafının əsas təməlini formalaşdırdı.

F.Abdullayev bildirib ki, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ölkəmizin həyatında tarixi hadisə idi. Konstitusiya Məhkəməsinin sədri 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə yaradılmış ilk Konstitusiyanın ölkəmizdə dövlətçiliyin inkişafında, hüquqi dövlət quruculuğunda və demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynadığını bildirib. Azərbaycanın 25 il ərzində keçdiyi inkişaf yolunun, habelə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin məhz mütərəqqi və işlək Əsas Qanuna – Konstitusiyaya söykəndiyi diqqətə çatdırılıb.

Konstitusiya Məhkəməsinin sədri vurğulayıb ki, bu gün Azərbaycanın dünya birliyində aparıcı rola malik olması ölkəmizin sürətli inkişafı ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci, 2009-cu və 2016-cı illərdə edilən əlavə və dəyişikliklər ölkəmizin dinamik inkişafı, cəmiyyətdəki müsbət dəyişikliklər nəticəsində Əsas Qanunun dövrün tələblərinə uyğunlaşdırılması zərurətindən irəli gəlib.

Qeyd edilib ki, ölkəmizdə mütərəqqi addımlardan biri də 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması olub. Konstitusiya məhkəmələri dünyada böyük əhəmiyyətə malikdir və onun hakimiyyət bölgüsündə və dövlət strukturları arasında mühüm rolu var. Azərbaycanın Konstitusiya Məhkəməsi yarandığı gündən bir neçə inkişaf mərhələsindən keçib. Konstitusiya Məhkəməsi qanunların, qərarların və digər normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayır, rəsmi şərhlər verir, qanunvericilik quruculuğuna müsbət təsir göstərir.

Sonra Konstitusiya Məhkəməsinin hakimləri Südabə Həsənova, Kamran Şəfiyev, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev, cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru Firuzə Abbasova, beynəlxalq ümumi hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Əfsər Sadıqov və digər natiqlər müstəqil Azərbaycanın inkişaf yolu, milli qanunvericiliyin formalaşdırılması, hüquq mədəniyyəti və müasir hüquqa aid digər məsələlər ətrafında çıxışlar ediblər.

Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

“Dəyirmi masa”ya yekun vuran Fərhad Abdullayev tədbirdə dinlənilən məruzələrin və aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib. Konstitusiya Məhkəməsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sivil, hüquqi və demokratik dövlət quruculuğu prosesində, müasir müstəqil Azərbaycanın tərəqqisi yolunda hər bir vətəndaşımızın səylə çalışmasının vacibliyini bildirib və bu baxımdan məhkəmə-hüquq sisteminin də üzərinə böyük vəzifə düşdüyünü diqqətə çatdırıb.