Noyabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.
E.Özoralı Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edən F.Abdullayev Azərbaycan ilə Türkiyə arasında məhkəmə-hüquq sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. F.Abdullayev bu münasibətlərin əsasını təşkil edən Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət ” konsepsiyası Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri ilə xalqlarımızın ümumi mənafelərinə uyğun olaraq daha da möhkəmləndiyini vurğulayıb. Sədr zəngin diplomatik təcrübəyə malik olan türkiyəli diplomatın Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
F.Abdullayev bildirib ki, Azərbaycanın Konstitusiya Məhkəməsi Türkiyənin yüksək məhkəmə orqanları ilə həm ikitərəfli qaydada, həm də üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir, qarşılıqlı təcrübə mübadiləsi aparılır. Azərbaycanın və Türkiyənin Konstitusiya məhkəmələri arasında əməkdaşlıq haqqında memorandumun imzalandığını vurğulayan F.Abdullayev hüquqi sahədə qarşılıqlı fəaliyyətin daha da intensivləşdiyini, Türkiyənin Ali və Konstitusiya məhkəmələrinin, ədliyyə və prokurorluq orqanlarının rəhbərlərinin bu il Azərbaycana məhsuldar səfərlərini, ölkəmizdə, o cümlədən Konstitusiya Məhkəməsində keçirilən səmərəli görüşləri xatırladıb.
F.Abdullayev deyib ki, Azərbaycan və Türkiyə xalqları, o cümlədən dövlətlərimizin başçıları hər zaman bir-birinin yanındadır. Bu ilin iyulunda Türkiyə çətin bir sınaqdan şərəflə çıxdı. Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək, böyük qəhrəmanlıq göstərərək çevriliş cəhdinin qarşısını aldı, demokratiyanı, dövlətçiliyi qorudu. Konstitusiya Məhkəməsinin sədri əmin olduğunu bildirib ki, Türkiyədə dövlət çevrilişinə cəhd edənlər layiqli cəzalarını alacaqlar.
Sədr qeyd edib ki, cari ilin oktyabr ayında Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə İstanbulda keçirilmiş nüfuzlu Beynəlxalq İstanbul Hüquq Konqresində iştirak edib və səfər çərçivəsində Türkiyəli həmkarları, o cümlədən Konstitusiya Məhkəməsi, Dövlət Şurası, Ali Məhkəməsi və Ədliyyə Nazirliyinin nümayəndələri ilə işgüzar görüşlər keçirmişlər.
Görüşdə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları barədə səfirə məlumat verilib, həyata keçirilən tədbirlərdə türkiyəli hüquqşünasların təcrübəsindən istifadə olunduğu qeyd edilib.
Diplomatik fəaliyyəti dövründə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etməsinə çalışacağını deyən E.Özoral ikitərəfli əlaqələrimizin məhkəmə-hüquq sahəsində bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Fəaliyyəti dövründə Türkiyə ilə yanaşı, Azərbaycana da xidmət edəcəyini deyən səfir dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə çatmasından məmnunluğunu bildirib.
Türkiyəli diplomat qardaş Azərbaycan xalqının ən çətin məqamda Türkiyə ilə həmrəylik nümayiş etdirməsinin əhəmiyyətini xüsusi vurğulayaraq deyib ki, ölkələrimiz arasında münasibətlər dünyada bənzəri olmayan dostluq və qardaşlıq əlaqələridir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərlərinə toxunan səfir iki ölkənin dostluğunun və qardaşlığının əbədi və sarsılmaz olduğunu deyib. Diqqətə çatdırıb ki, xalqlarımız və dövlətlərimiz bütün məsələlərdə müxtəlif bir-birinə hərtərəfli dəstək verir. Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan xalqının və Prezident İlham Əliyevin qardaş ölkənin yanında olması dostluq və qardaşlığımızın əyani təzahürüdür.
İki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq, tədris və s. sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən diplomat fəaliyyəti dövründə bu münasibətlərin daha da genişlənməsinə çalışacağını bildirib. O, bu baxımdan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə faydalı əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında məhkəmə-hüquq əməkdaşlığının bəzi praktiki məsələləri üzrə səmərəli müzakirələr aparılıb.