2016-09-14 Konstitusiya Məhkəməsinin sədri Batumidə beynəlxalq konfransda iştirak edib

Новости

2016 Sep

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə keçirilən “Keçid dövrü demokratiyasında konstitusiya ədalət mühakiməsi: Şərqi Avropada Konstitusiya nəzarətinin uğuru və problemləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün sentyabrın 8-dən 11-dək Batumidə səfərdə olub.

Beynəlxalq konfransda Gürcüstan Konstitusiya Məhkəməsinin sədri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədr müavini, Avropa Şurası Venesiya Komissiyasının sədr müavini və Avropanın bir sıra ölkələrinin Konstitusiya məhkəmələrinin sədrləri və hakimləri çıxış ediblər. Konfransda Konstitusiya məhkəmələrinin təcrübəsində beynəlxalq müqavilələrin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının tətbiqi, Konstitusiya Məhkəməsinə fiziki və hüquqi şəxslərin müraciətləri, qanunvericiliyin təfsiri və digər hüquqi məsələlər üzrə müzakirələr aparılıb.

Fərhad Abdullayev konfransda Azərbaycan Respublikasının ümumi yurisdiksiyalı məhkəmələrinin Konstitusiya Məhkəməsinə müraciətləri barədə məruzə ilə çıxış edib, Konstitusiya Məhkəməsinin bu sahədə qəbul olunan qərarlarla bağlı mülahizələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Səfər çərçivəsində bir sıra xarici ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri ilə görüşlər keçirilib, məhkəmə-hüquq əməkdaşlığı məsələləri müzakirə edilib.