2016-02-24 Dünya birliyi Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı barədə tam məlumatlıdır

Новости

2016 Feb

Fevralın 24-də Konstitusiya Məhkəməsində Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilən anma mərasimi keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ötən 24 il ərzində xalqımızın bu faciəni böyük kədər hissi ilə andığını qeyd edib və Xocalıda baş verən dəhşətlərin bütün dünyaya çatdırılması istiqamətində görülən işlərdən söz açıb. Hər il fevralın 26-sının Xocalı Soyqırımı Günü kimi qeyd olunduğunu söyləyən Fərhad Abdullayev deyib ki, bu faciə heç vaxt yaddaşlardan silinməyəcək və xalqımıza qarşı bu qətliamı törədənlər layiqli cəzalarını alacaqlar.

Sonra Konstitusiya Məhkəməsi Aparatının əməkdaşlarının məruzələri dinlənilib.

Məruzələrdə Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalını seçməsinin heç də təsadüfi olmadığı vurğulanıb. Bildirilib ki, ermənilərin Xocalıda soyqırımı törətməkdə əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Vurğulanıb ki, ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir.

Məruzəçilər bildiriblər ki, Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayəti, insanlığa yönəldilmiş qəddarlıq nümunəsidir.

Sədr Fərhad Abdullayev Xocalı soyqırımının erməni şovinistlərinin azərbaycanlılara qarşı XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. O, Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlandığını bildirib. Natiq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması siyasətinin davam etdirildiyini bildirib.

Konstitusiya Məhkəməsinin sədri vurğulayıb ki, Azərbaycanın yeritdiyi məqsədyönlü siyasət nəticəsində artıq dünya birliyi Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı barəsində tam məlumatlıdır. Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi layihələr həyata keçirir. Bu layihələr çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə, Gürcüstan və digər ölkələrdə silsilə tədbirlər keçirilib, Avropa Parlamentinin binasında anım mərasimi təşkil olunub. Məhz bu uğurlu fəaliyyət nəticəsində hazırda dünyanın ondan çox ölkəsi, həmçinin ABŞ-ın 20 ştatı Xocalı qətliamını soyqırımı kimi tanıyıb.

Konstitusiya Məhkəməsinin sədri Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın xidmətlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, məhz Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir. Həmin kampaniya çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Fərhad Abdullayev xüsusi olaraq diqqətə çatdırıb ki, bu günlərdə dünyanın bir çox ölkələrində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan və bir çox beynəlxalq mükafata layiq görülmüş “Sonsuz dəhliz” (Endless Corridor) sənədli filminin təqdimatı olub.

Sədr Fərhad Abdullayev Azərbaycanın haqq işinin dünyada tanıdılmasına ən yaxşı sübut olan belə bir ekran əsərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib. Bildirib ki, film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən soyqırımının təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Ekran əsərində Xocalı qırğınına dair yeni faktlara, sənədlərə və vaxtilə çəkilmiş videogörüntülərə və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

İclasın sonunda Fərhad Abdullayev xüsusilə qeyd edib ki, hər birimiz Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizi artırmalıyıq.