2014-07-21 Nikaraqua Respublikasının xarici işlər naziri Konstitusiya Məhkəməsində olmuşdur

Новости

2014 Jul

İyulun 10-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopez ilə görüşmüşdür. 

Görüşdə Fərhad Abdullayev Azərbaycan və Nikaraqua arasında bütün sahələrdə, o cümlədən hüquq sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. O, Azərbaycanın bu gün dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri olduğunu qeyd etmişdir. Sədr ölkəmizin dünya dövlətləri ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırmışdır.

Konstitusiya Məhkəməsi haqqında qonağa məlumat verən sədr bildirmişdir ki, 2014-cü il iyulun 14-də məhkəmənin fəaliyyətinin 16 ili tamam olacaqdır. Bu dövrdə məhkəmənin ən önəmli fəaliyyət istiqamətlərindən biri də məhz beynəlxalq əlaqələrinin qurulması olmuşdur. Artıq demək olar ki, dünyanın bir çox dövlətlərində fəaliyyət göstərən konstitusiya nəzarəti orqanları ilə qarşılıqlı əlaqələrimiz mövcuddur.

Fərhad Abdullayev qeyd etmişdir ki, ölkələr arasında hüquqi inteqrasiya ümumi dünya inteqrasiya prosesinin tərkib hissəsidir və beynəlxalq hüquq məhkəmələr üçün çox mühüm bir sahədir. İyunun 30-da Konstitusiya Məhkəməsi çox mühüm qərar qəbul etmişdir. Həmin qərarın mahiyyətinə görə müasir cəmiyyətdə milli hüquq beynəlxalq hüquq ilə əlaqəlidir. Hər bir sivil dövlətdə cinayət hüququ, mülki hüquq, inzibati hüquq və hüququn digər sahələri beynəlxalq hüquq normalarından irəli gəlirlər.

Samuel Santos Lopez Azərbaycana səfərindən məmnunluğunu ifadə etmişdir. O, səfər çərçivəsində bir sıra önəmli görüşlərin keçirildiyini diqqətə çatdırmışdır. Qonaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü xüsusilə qeyd etmişdir.

Nazir Azərbaycan və Nikaraqua yüksək məhkəmə orqanları arasında əməkdaşlığın vacib olduğunu vurğulamışdır. O, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu vurğulamışdır.

Samuel Santos Lopez bu cür qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyini bildirmişdir. Nazir, həmçinin Azərbaycanda gedən sürətli inkişaf prosesinin təqdirəlayiq olduğunu demişdir.

Görüşdə Nikaraqua Respublikasının İran İslam Respublikasındakı səfiri Mario Barkuero da iştirak etmişdir.

Görüşün sonunda qonaqlara məhkəmənin plenum zalı göstərilmiş və xatirə şəkli çəkdirilmişdir.