2014-05-02 Konstitusiya Məhkəməsi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

Новости

2014 May

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mayın 1-də ölkəmizdə fəaliyyətinin başa çatması ilə əlaqədar Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Azərbaycanda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” layihəsinin rəhbəri Tomas Melser ilə görüşmüşdür.

Görüşdə Fərhad Abdullayev Azərbaycan ilə Almaniya arasında məhkəmə-hüquq əməkdaşlığı sahəsində ötən dövrdə böyük uğurların əldə olunduğunu vurğulamışdır. Həmin əməkdaşlıqda Tomas Melserin fəaliyyətini yüksək qiymətləndirən Konstitusiya Məhkəməsinin sədri ona gələcək işlərində uğurlar arzulamışdır.

Tomas Melser ölkəmizdə çalışdığı dövrdə Azərbaycan ilə yaxından tanış olduğunu və respublikamızdan xoş təəssüratla ayrıldığını demişdir. Son illər Azərbaycanda çox böyük iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Tomas Melser ölkəmizdəki fəaliyyəti dövrünü həyatının ən parlaq və unudulmaz illəri kimi qiymətləndirmişdir. O, həmçinin fəaliyyətinə yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir. 

Görüşdə layihənin davam etdirilməsinin vacibliyi, eləcə də Konstitusiya Məhkəməsi ilə GİZ arasında əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunmuşdur.