2013-05-10 Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə bağlı tədbir keçirilmişdir

Новости

2013 May

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi mayın 10-da xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoymuşdurlar.
Daha sonra Konstitusiya Məhkəməsində əlamətdar gün münasibəti ilə iclas keçirilmişdir.
Tədbir iştirakçıları Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli filmi izləmişdirlər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik və Azərbaycan dövlətçiliyinin üzləşdiyi digər faciəvi hadisələri xatırlatmışdır. Qeyd edilmişdir ki, belə bir məqamda qətiyyətli siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmsil edə biləcək ümummilli liderə və tarixi şəxsiyyətə ehtiyac özünü büruzə vermişdir.
Bildirilmişdir ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyə qayıdışı ölkəmizdə siyasi sabitliyin təmin olunmasına və dövlətimizin həyatının bütün sahələrində genişmiqyaslı islahatların aparılmasına şərait yaratdı. Məhz bu dövrdən başlayaraq, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqərar edilməsi Azərbaycan Respublikasının inkişafının əsas istiqamətləri kimi müəyyənləşdirildi.
Sədr Fərhad Abdullayev vurğulamışdır ki, bütün mənalı ömrünü Azərbaycanın tərəqqisi işinə həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də onun birbaşa rəhbərliyi ilə, müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması olmuşdur.
Eyni zamanda, xüsusilə qeyd edilmişdir ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti, respublikamızın dünyada nüfuzlu dövlətlər sırasına daxil edən quruculuq işləri ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamı kimi qiymətləndirilir.