2012-11-13 Azərbaycanın Konstitusiya Məhkəməsi və Bolqarıstan Ali Kasasiya Məhkəməsi arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Новости

2012 Nov

Noyabrın 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Ali Kasasiya Məhkəməsinin sədri Lazar Qruyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1998-ci ildə yaradılmış qurumun fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi nisbətən gənc təsisat olmasına baxmayaraq, fəaliyyətini beynəlxalq təcrübəni nəzərə almaqla ildən-ilə təkmilləşdirir. Fərhad Abdullayev 2013-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 illik yubileyinin də qeyd olunacağını demişdir. 

F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, qurumun fəaliyyətində ayrı-ayrı ölkələrlə yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin də nəzərə alındığını vurğulamışdır. Azərbaycan Konstitusiya Məhkəməsinin Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının tamhüquqlu üzvü olduğu, bir çox Avropa Konstitusiya məhkəmələri, o cümlədən Bolqarıstan Konstitusiya Məhkəməsi ilə qarşılıqlı təcrübə mübadiləsinin təşkil olunduğu və ikitərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir. Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışan F.Abdullayev ölkəmizin Avropa Şurasının tamhüquqlu üzvü olduğunu da diqqətə çatdırmışdır. 
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Bolqarıstan nümayəndə heyətinin ölkəmizə səfərinin məhkəmə orqanları arasında əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar açacağını bildirmişdir. 

Cari il iyulun 2-də Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri, professor Yevgeni Tançevin Azərbaycana səfəri zamanı iki ölkənin Konstitusiya Məhkəmələri arasında bağlanmış əməkdaşlıq haqqında memorandumun münasibətlərdə yeni mərhələnin hüquqi əsasını təşkil etdiyi, məhkəmə-hüquq sistemi sahəsində əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğu diqqətə çatdırılmışdır. 

Bolqarıstan Respublikasının Ali Kasasiya Məhkəməsinin sədri Lazar Qruyev səmimi görüşə görə təşəkkür etmişdir. İki dövlətin Konstitusiya məhkəmələrinin səlahiyyətlərində çox oxşarlıq olduğunu deyən qonaq bu ölkənin Konstitusiya Məhkəməsinin qərarlarında da Avropa Beynəlxalq İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən geniş istifadə edildiyini vurğulamışdır. Bolqarıstanın Ali Kasasiya Məhkəməsi hakimlərinin azərbaycanlı həmkarları ilə sıx əməkdaşlığa böyük əhəmiyyət verdiyi bildirilmişdir.

L.Qruyev Bolqarıstan Ali Kasasiya Məhkəməsinin fəaliyyəti barədə məlumat vermiş, ölkələrimizin məhkəmə sistemləri arasında qarşılıqlı əməkdaşlığın genişlənəcəyindən əminliyini ifadə etmişdir.

Görüşdə noyabrın 12-də Azərbaycanın Ali Məhkəməsi ilə Bolqarıstanın Ali Kasasiya Məhkəməsi arasında imzalanmış əməkdaşlıq haqqında Protokolun qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilmiş, hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə-hüquq təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Qonağın Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı sualları cavablandırılmışdır.

Tədbirdə qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.