14.07.2026
Müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli
Lider Heydər Əliyevin təşəbbüsü ilə qurulan Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin ali konstitusiya ədalət məhkəməsi orqanı olaraq 14
iyul 1998-ci il tarixində fəaliyyətə başlamasından 28 il keçir. Fəaliyyət göstərdiyi
bu dövr ərzində Məhkəmə qəbul etdiyi Qərarlarla milli dövlətçiliyimizin hüquqi
dayaqlarının möhkəmləndirilməsinə, qanunun aliliyinin təmin edilməsinə və
fundamental insan hüquqlarının ali səviyyədə qorunmasına əhəmiyyətli töhfələr
vermişdir.
Konstitusiya Məhkəməsinin ildönümü yalnız bir dövlət
təsisatının yaranma tarixinin qeyd olunması deyil, həm də hüquqi dövlət
quruculuğu prosesində əldə olunmuş nailiyyətlərin bir daha xatırlanması,
konstitusiya dəyərlərinə sədaqətin ifadə edilməsi və gələcək inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan bir gündür. Bu əlamətdar
tarix ölkədə Konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquq və
azadlıqlarının müdafiəsinə, qanunun üstünlüyünün möhkəmləndirilməsinə xidmət edən
mühüm bir institutun fəaliyyət yoluna nəzər salmaq imkanı yaradır.
Müasir demokratik dövlətlərdə Konstitusiya yalnız
dövlətin əsas qanunu deyil, həm də cəmiyyətin hüquqi, siyasi və sosial həyatının
təməlini təşkil edən fundamental sənəddir. Konstitusiyada təsbit olunan prinsip
və dəyərlərin real həyatda tətbiqi isə onların həyata keçirilməsini və qorunmasını
təmin edən təsisatların mövcudluğunu tələb edir. Bu baxımdan Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi konstitusion nəzarəti həyata keçirən ali
orqan kimi xüsusi əhəmiyyətə malikdir. Onun əsas missiyası Konstitusiyanın
aliliyini təmin etmək, hüquq sistemində yaranan ziddiyyətləri aradan qaldırmaq
və hüquqi münasibətlərin konstitusion prinsiplərə uyğun inkişafına dəstək verməkdir.
Qeyd edilməlidir ki, müstəqil Azərbaycanda
konstitusionalizm ideyalarının formalaşması və müstəqillik tariximizin ən mühüm
hadisələrindən biri kimi Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısındakı böyük xidmətlərindəndir.
Müstəqilliyin yeni qazanıldığı, ərazilərinin hərbi
təcavüzə məruz qaldığı bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi
üçün çox mühüm ictimai-siyasi hadisə olmaqla Azərbaycanın dövlət quruculuğunda
yeni bir səhifənin başlanğıcı oldu. Layihəsi Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin birbaşa rəhbərlik etdiyi komissiya tərəfindən
hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanın demokratik dövlətlərinin
konstitusion təcrübəsinə əsaslanan Konstitusiya müasir, demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin bərqərar olmasının və
demokratik ənənələrin təşəkkülünün qarantı rolunu oynamışdır.
12 noyabr 1995-ci il tarixində gərgin
ictimai-siyasi vəziyyəti geridə qoymuş
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək,
bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin,
azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək
nəsillər qarşısında öz məsuliyyətini anlayaraq ümumxalq səsverməsi – referendum
yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etdi və bu sənəd 27
noyabr 1995-ci ildə qüvvəyə mindi.
Bu hadisə ölkəmizin tarixində mühüm dönüş nöqtəsi
olmuşdur, çünki həmin gün Azərbaycan xalqı öz müstəqil, suveren, demokratik dövlətinin
əsasını hüquqi müstəvidə təsdiq etmişdir.
Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya
qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri
ehtiva edir. Heydər Əliyev bu barədə fikrini belə ifadə etmişdir: “Azərbaycanda
belə bir yüksək səviyyəli Konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb,
çoxəsrlik dövlətçilik ənənələrinin, xalqımızın keçdiyi tarixi inkişaf yolunun məntiqi
nəticəsi idi. Konstitusiya xalqın iradəsini, müstəqillik və demokratiya
prinsiplərini əks etdirən ali hüquqi sənəddir. Azərbaycan Konstitusiyası dövlətimizin
demokratik, hüquqi və dünyəvi əsaslarını müəyyən edir və xalqımızın gələcək
inkişaf yolunu istiqamətləndirir”.
Müstəqilliyimizin hüquqi təməli olan
Konstitusiyanın müstəsna və tarixi əhəmiyyətini əbədiləşdirmək məqsədilə,
xalqımızın Ümummilli Lideri, uzaqgörən dövlət xadimi Heydər Əliyev 1 noyabr
1996-cı il tarixində xüsusi Fərman imzalamışdır ki, nəticəsində hər il noyabr
ayının 12-si Respublikamızda Konstitusiya Günü kimi qeyd olunmaqdadır.
Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında
demokratik dəyişikliklər üçün yol açaraq, insan hüquq və azadlıqlarının həyata
keçirilməsinə şərait yaratmaqla, həyatımızın bütün sahələrinə təkan verməklə
xalqımızın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan və eyni
zamanda müasir, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən
dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemində sabit özülün yaradılması
işində mühüm addım oldu.
Heydər Əliyev çıxışlarının birində demişdir ki: “Bu
gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş
görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz Azərbaycanın bu günü, gələcəyi
üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq. Bizim
Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın,
respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış
Konstitusiyadır”.
Konstitusiyanın Preambulasında Azərbaycan dövlətinin
müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində
demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə
nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən
hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun
olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə
sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan
edilib.
Əsas Qanunda həmçinin Azərbaycan xalqı dövlət
hakimiyyətinin yeganə mənbəyi olaraq tanınmış, hakimiyyətlərin bölgüsü
prinsipinə uyğun qaydada qanunvericilik, icra və məhkəmə hakimiyyətləri
arasında qarşılıqlı balans və səlahiyyət çərçivəsi müəyyən edilmiş, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit
edilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini, siyasi plüralizmin dəstəklənməsi,
yerli özünüidarəetmənin fundamental əsaslarının formalaşdırılması da
Konstitusiyada yer tutan əsas məsələlərdəndir.
Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə,
12 fəsil və 158 maddədən ibarətdir. Təsadüfi deyildir ki, Konstitusiyanın
ən böyük fəsli insan hüquq və azadlıqlarının qorunmasına və onların hüquqi təminatına
həsr edilmişdir. Bu fəsil beynəlxalq hüquqi aktlara uyğun olan geniş hüquqlar
siyahısını özündə birləşdirməklə, vətəndaşların hüquqlarını qorumağı dövlətin ən
ali vəzifəsi və əsas məqsədi kimi müəyyən edir.
Konstitusiyanın “Əsas hüquqlar, azadlıqlar və
vəzifələr” adlı bölməsində insan ləyaqətinin qorunması və ona hörmət edilməsi,
hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və
azadlıqlarının olması insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipləri
kimi müəyyən edilmişdir. Əsas Qanunun 25-ci maddəsi hər bir şəxsin bərabərliyini
təmin etməklə, insanların irqi, dini, cinsi, milli mənsubiyyəti, dili, mənşəyi
və siyasi əqidəsi və sair meyarlara görə fərqli rəftara məruz qalmasının yolverilməzliyini
ifadə edir.
Konstitusiyada hüququn aliliyi əsas prinsip kimi qəbul
edilmişdir. Belə ki, Konstitusiyanın 7-ci maddəsinə əsasən Azərbaycan dövləti
demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Hüquqi dövlət prinsipi isə o
deməkdir ki, qanun qarşısında hamı bərabərdir, heç bir şəxs və ya orqan
qanundan üstün deyil. Dövlətin fəaliyyəti qanunlara əsaslanır, vətəndaşların
hüquqları isə dövlətin və cəmiyyətin ali dəyəri kimi qorunur.
Hüququn fundamental kateqoriyalarından olan ədalət anlayışı yalnız hüquq tətbiqetmədə
deyil, bütövlükdə bəşəriyyətin həyatında ən vacib dəyərlərdən biri
olduğundandır ki, Əsas Qanunumuzda ədalət prinsipi dövlətin bütün fəaliyyətinin
əsası kimi müəyyən edilir.
Qeyd edilməlidir ki, ədalət anlayışı yalnız məhkəmələrin
işi ilə məhdudlaşmır, o həm də sosial və iqtisadi münasibətlərdə, siyasi qərarlarda,
qanunvericilikdə və idarəçilikdə öz əksini tapmalıdır.
Azərbaycan Konstitusiyası həm də sosial ədalət
prinsiplərinə xüsusi diqqət yetirir. Dövlət sosial yönümlü siyasət aparmalı, əhalinin
rifahını yaxşılaşdırmaq, təhsil və səhiyyə sahələrində bərabər imkanlar
yaratmaq, əmək hüquqlarını qorumaq və vətəndaşların layiqli həyat səviyyəsini təmin
etmək öhdəliyi daşıyır. Bu prinsip sosial ədalətin, humanizm və bərabərliyin təməlidir.
Eləcə də Konstitusiyanın 60-cı maddəsində hər kəsin
hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat
verilir. Hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı isə hüququn əsas
prinsiplərindən biri hesab olunur. Bu təminat, ilk növbədə, vətəndaşların hüquq
və azadlıqlarının pozulması halında, bu hüquqların müstəqil məhkəmə orqanları
vasitəsilə bərpa olunmasını nəzərdə tutur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində
də qeyd olunur ki, hər bir insan, Konstitusiya və ya qanunla ona verilən əsas
hüquqların pozulması hallarında səlahiyyətli məhkəmələr tərəfindən bu
hüquqların səmərəli şəkildə bərpa edilməsi hüququna malikdir. Vətəndaşların
hüquq və azadlıqlarının icra hakimiyyəti orqanları kimi inzibati orqanlar tərəfindən
təmin edilməsi və qorunması isə hüquq və azadlıqların inzibati təminatını ifadə
edir.
Konstitusiyanın fundamental xüsusiyyətlərindən biri
də onun sabitliyidir. Əsas Qanunun sabit olması ölkədə hüquq qaydasının
davamlılığını təmin edir. O, dövlət mexanizminin nizamlı və ardıcıl fəaliyyətini
inkişaf etdirir, həmçinin fərd, cəmiyyət və dövlət arasındakı qarşılıqlı
münasibətləri möhkəm təməllər üzərində qurur.
Lakin ölkənin sosial-iqtisadi inkişafı, cəmiyyətdə
baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına
uyğunlaşdırılması, təkmilləşdirilməsi və ona proqressiv düzəlişlərin edilməsi zərurətini
yaradır.
Dəyişən sosial-iqtisadi, siyasi reallıqlar, hüquqi
sistemin dinamik inkişafı ilə əlaqədar 2002-ci il avqustun 24-də, 2009-cu il
martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsvermələri
(referendumlar) vasitəsilə qüvvədə olan Konstitusiyaya mühüm əlavə və dəyişikliklər
edilmişdir.
Həyata keçirilən bu hüquqi islahatlar hüquqi dövlət
strukturunun daha da möhkəmləndirilməsi, dövlət idarəçilik sisteminin müasir
standartlara uyğun təkmilləşdirilməsi və vətəndaşların hüquqi təminatlarının ən
yüksək səviyyəyə çatdırılması kimi mühüm hədəflərə xidmət etmişdir.
Hələ 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk milli Konstitusiyası konstitusiya nəzarətini həyata keçirən orqanın
yaradılmasını nəzərdə tuturdu. Bu siyasətin məntiqi davamı olaraq, 21 oktyabr
1997-ci il tarixində Prezident Heydər Əliyev “Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikasının Qanununu imzaladı. 24 noyabr 1997-ci ildə isə bu
Qanunun tətbiqi barədə Fərman qəbul edilərək məhkəmənin fəaliyyətə başlaması
üçün lazımi hüquqi baza formalaşdırıldı. Beləliklə, yeni məhkəmə orqanının
qurulması üçün tam hüquqi əsas yaradıldı və 14 iyul 1998-ci il tarixində Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı.
Sonradan referendumla Konstitusiyanın mətninə,
xüsusən də Konstitusiya Məhkəməsinin səlahiyyətlərini müəyyən edən 130-cu maddəyə
əhəmiyyətli əlavə və dəyişikliklər edildi ki, bu da 2003-cü ildə həmin məsələləri
ətraflı tənzimləyən “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun qəbul edilməsini
zəruri etdi. Yeni Qanunun qəbul edilməsi Məhkəmənin fəaliyyətinin daha müasir və
sistemli şəkildə tənzimləmək məqsədi daşıyırdı. Həmçinin yeni Qanunda
konstitusiya ədalət mühakiməsinin prinsipləri, icraat qaydaları və insan
hüquqlarının müdafiəsi mexanizmləri qabaqcıl ölkələrin təcrübəsinə daha uyğun şəkildə
tənzimləndi.
Konstitusiya Məhkəməsinin təsis edilməsi ölkədə qanunun
aliliyinin, insan hüquq və azadlıqların təmin olunmasında dönüş nöqtəsi oldu. Məhkəmə
dövlət orqanlarının qəbul etdiyi normativ hüquqi aktların ölkənin Əsas Qanununa,
habelə qanunvericilik iyerarxiyasında daha üst normativ hüquqi akta uyğunluğunu
yoxlamaq, hüquq normalarını şərh etmək və digər səlahiyyətləri həyata keçirir
ki, nəticədə insan hüquq və azadlıqlarının dövlət səviyyəsində qorunmasının ən
yüksək təminatçısı kimi çıxış edir.
Əsas Qanunun Konstitusiya Məhkəməsinin səlahiyyətlərini
müəyyən edən 130-cu maddəsinin məzmunu ilə tanış olduqda görünür ki, məhkəmə öz
fəaliyyətini qanunla müəyyən edilmiş ayrı-ayrı subyektlər tərəfindən ünvanlanan
sorğu, müraciət və şikayət əsasında həyata keçirir. Konstitusiyanın 130-cu maddəsinin
III hissəsində konkret subyektlərin sorğusu əsasında normativ aktların özündən
yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akta uyğunluğunu yoxlamaq, həmçinin
Ali Məhkəmənin qərarının Konstitusiyaya və qanunlara uyğunluğunu yoxlamaq səlahiyyəti
nəzərdə tutulmuşdur.
Belə hüquqa malik subyektlərə Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan
Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aid
edilmişdir.
Qeyd etmək lazımdır ki, konstitusiya nəzarətinin
predmetinə daxil edilmiş aktların dairəsi ölkəmizdə yalnız MDB ölkələri ilə deyil, eləcə də Avropanın
bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə daha geniş (qanunlar,
Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları, məhkəmə və bələdiyyə
aktları) təsbit edilmişdir.
Konstitusiya Məhkəməsi göstərilən aktlar üzərində konstitusiya nəzarətini
həyata keçirərkən Konstitusiyaya uyğun olmayan aktları qüvvədən düşmüş hesab
etməklə, milli qanunvericiliyin Konstitusiya prinsiplərinə uyğunlaşdırılması
funksiyasını yerinə yetirir.
Konstitusiya Məhkəməsi tərəfindən normanın
Konstitusiyaya uyğunluğu yoxlanılarkən hüquq normasının Konstitusiyaya uyğun
olmadığı nəticəsinə gəlindiyi hallarda hüquq tətbiqetmədə boşluq yaranmasının
qarşısının alınması üçün müvəqqəti qaydalar da müəyyən edilir. Həmin müvəqqəti
qaydalar müvafiq məsələ ilə bağlı konkret tənzimetmə müəyyən edilənədək tətbiq
edilməklə vətəndaşların əsas hüquqlarının qorunmasına xidmət edir.
O da göstərilməlidir ki, Konstitusiya Məhkəməsi tərəfindən
insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üçün qanunvericiliyin təkmilləşdirilməsinə
zərurət müəyyən edildikdə, yəni hüquq norması Konstitusiyaya zidd olmasa da,
müvafiq məsələnin daha dəqiq və effektiv tənzimlənməsinin zəruri olduğu aşkar
edildikdə Qərarlarda qanunvericiyə ünvanlanmış tövsiyələr də verilir. Bu tövsiyələr
yalnız konkret hüquqi mübahisənin həllinə deyil, həm də qanunvericiliyin
inkişafına, hüquqi tənzimləmənin təkmilləşdirilməsinə xidmət edir.
Bununla yanaşı ümumi yurisdiksiyalı məhkəmələrin fəaliyyətində
insan hüquq və azadlıqlarının müdafiəsinin effektivliyinin artırılması məqsədilə
məhkəmələrə və ayrı-ayrı subyektlərə qanunvericilik aktlarının rəsmi təfsiri və
normanın konstitusiya hüquqi mənasının açıqlanması üçün Konstitusiya Məhkəməsinə
müraciət etmək hüququ tanınmışdır.
Konstitusiya Məhkəməsinin normativ hüquqi aktın
müvafiq normasının şərhi ilə bağlı müəyyən etdiyi hüquqi mövqelər insan hüquq və
azadlıqlarının daha effektiv müdafiəsinə, normanın mahiyyəti ilə bağlı müxtəlif
təfsirlərin qarşısının alınmasına, bununla da hüquqi müəyyənliyin təmin edilməsinə
xidmət etmiş olur.
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən
normativ hüquqi aktın müddəalarının konstitusiya hüquqi mənası və mahiyyəti ilə
bağlı formalaşdırılan hüquqi mövqelər onların hüquq tətbiqedənlər tərəfindən fərqli
şəkildə tətbiq edilməsini istisna edir. Normanın konstitusiya-hüquqi mənasını
aydınlaşdıran qərarın hüquqi qüvvəsi bu normanın artıq həmin mənadan kənara
çıxmaqla tətbiqinin mümkünsüzlüyünü, başqa cür şərh və ya fərqli məzmunda tətbiq
edilməməli olmasını özündə ehtiva edir.
Məhkəmələrin müraciətləri əsasında son dövrlərdə qəbul
edilmiş qərarlardan biri xüsusilə diqqətəlayiqdir. Bakı Apellyasiya Məhkəməsinin
müraciəti əsasında qəbul edilən “Azərbaycan
Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin
I və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin
329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16
iyun 2026-cı il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu predmetinin məbləği
üç min manatdan çox olan borc müqaviləsinin yazılı formada bağlanılmalı olması
tələbinə riayət edilməsinin müqavilənin etibarlılıq şərti yaxud sübutetmə şərti
olaraq çıxış etməsi məsələsinə mülki qanunvericiliyin norma və prinsiplərini ətraflı
təhlil edərək aydınlıq gətirmişdir.
Qərarda
fiziki şəxslər arasında borc münasibətlərində sənədləşmənin olmaması səbəbindən
tərəflər arasında əqdin etibarsız hesab edilməsinin borc müqaviləsinin forma şərtinin
müəyyən edilməsində qanunvericinin güddüyü məqsədlə uzlaşmaması, bu tənzimetmə
ilə əsas məqsədin məhz kreditorun mənafeyinin qorunması olduğu, əks halın isə
borclular tərəfindən hüquqdan sui-istifadə hallarına imkan yaradacağı əsası ilə
yazılı forma tələbinin borc müqaviləsinin
etibarlılıq şərti deyil, sübutetmə standartı olduğu nəticəsinə gəlinmişdir.
Bununla bağlı qeyd olunmuşdur ki, fiziki şəxslər (tərəflər)
arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc
müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı
formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi
daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə)
bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon
danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın
etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin
hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
Hesab edirik ki, Konstitusiya Məhkəməsinin 16 iyun
2026-cı il tarixli Qərarı mülki dövriyyədə öhdəliklərin icrasından yayınma,
hüquqlardan sui-istifadə kimi halların qarşısının alınması, tələb hüquqlarının məhkəmə
müdafiəsi baxımından vacib əhəmiyyət kəsb edir.
Konstitusiya Məhkəməsinin fəaliyyətindən bəhs edərkən
qeyd edilməlidir ki, Məhkəmənin digər səlahiyyəti fərdi şikayətlərə
baxılmasıdır. Əsas Qanunun 130-cu maddəsinin V hissəsində müəyyən edilmişdir
ki, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti
orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən
edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin
Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Konstitusiya Məhkəməsinə
pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə
bilər.
Vətəndaşların şikayətlə Konstitusiya Məhkəməsinə
müraciət edə bilməsi əsas hüquq və
azadlıqların qorunması, pozulmuş hüquqların bərpası, konstitusion prinsip və dəyərlərin
realizəsi baxımından ən yüksək hüquqi təminatdır.
Bununla yanaşı Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman) də insan hüquq və azadlıqlarını pozan
qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə
və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada uyğunluq məsələlərinin həll
edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
Təcrübə göstərir ki, Ombudsman tərəfindən məhkəməyə
ünvanlanmış sorğularda qaldırılmış məsələlər bir çox hallarda vətəndaşların konkret
müraciətləri əsasında aşkarlanaraq, əsasən qanunvericilikdə mövcud olan boşluqlar
və ya ziddiyyətlərlə bağlı olur.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
sorğusu əsasında bu ilin 18 fevral tarixində qəbul edilmiş “Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci
maddəsinin II hissəsinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun
yoxlanılmasına dair” Qərar xüsusilə diqqətə layiqdir. Belə ki, bu Qərar
insanların əmək və istirahət hüquqlarının təmin olunması və onların işəgötürənlər
tərəfindən pozulmasının qarşısının alınması baxımından çox əhəmiyyətli
olmuşdur.
Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu
qeyd etmişdir ki, ödənişli məzuniyyət işçinin orta əmək haqqı saxlanılmaq şərtilə
müəyyən müddət ərzində əmək funksiyalarının icrasından azad edilərək istirahət
etməsinə şəraitin yaradılmasında ifadə olunan sosial hüquqdur. Bu hüquq işçinin
fiziki və psixoloji sağlamlığının qorunmasına, əmək qabiliyyətinin bərpasına və
insan ləyaqətinə uyğun həyat şəraitinin təmininə xidmət edir.
Əlavə məzuniyyət hüququnun verilməsi isə Konstitusiyadan
irəli gələn sosial ədalət və bərabərlik prinsiplərinə əsaslanır. Belə ki, əlavə
məzuniyyət institutunun tətbiqi işçilər arasında bərabərliyin formal xarakter
daşımamasına, ağır və ya riskli şəraitdə çalışan şəxslərin faktiki vəziyyətindəki
fərqlər nəzərə alınmaqla onların mənafelərinin ədalətli və balanslı şəkildə
qorunmasına yönəlmişdir.
Həmçinin təhsil, yaradıcılıq, sosial məzuniyyət
kimi məzuniyyətin digər növlərindən fərqli olaraq, Əmək Məcəlləsinin 115 və
116-cı maddələrində göstərilən əlavə məzuniyyətlər işçilərə əməklə əlaqəsi
olmayan əsaslara görə deyil, birbaşa onun əmək fəaliyyətinin müddəti və
xarakteri ilə bağlı verilir və bu hüquq işçi tərəfindən əmək funksiyalarının
icra edilməsi nəticəsində qazanılır. Bu baxımdan, həmin hüquqlar qanunverici tərəfindən
onlara tanınan xüsusi üstünlük kimi deyil, əməyin xüsusiyyətindən irəli gələrək
verilən haqq kimi qiymətləndirilməlidir.
Qərarda
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab etmişdir ki, hər
kəsin Əsas Qanunla bəyan olunan istirahət, o cümlədən əmək məzuniyyəti
hüququndan istifadənin qayda və şərtləri ilə bağlı tənzimetməyə dair
qanunvericinin müəyyən etdiyi məhdudiyyət yalnız o halda əsaslandırılmış və
yolverilən hesab edilə bilər ki, bu məhdudiyyət legitim məqsədlərə nail olmaq
üçün tətbiq edilsin, onun əsas mahiyyətinə toxunmayaraq məzmununun itirilməsinə
gətirib çıxarmasın və mütənasiblik prinsipinin tələblərinə cavab vermiş olsun.
Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin
144-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan “əmək münasibətlərinə xitam
verilərkən həmin Məcəllənin 115–117-ci və 118-1-ci maddələrində nəzərdə
tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” ilə bağlı müddəanın
Konstitusiyanın mütənasiblik, bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə
əsaslanmasına dair prinsipləri ilə uyğunsuzluq təşkil etməsi və bu səbəbdən tətbiqinin
dayandırılması nəticəsinə gəlmişdir. Eyni zamanda hesab edilmişdir ki, normanın
2-ci hissəsinin də qüvvədən salınması işçiləri, əsas məzuniyyətə görə
kompensasiya almaq hüququndan da məhrum edəcəyindən, həmin hissələrin
konstitusion tələblərə uyğunlaşdırılması təmin edilməlidir. Məsələ
qanunvericilik qaydasında həll edilənədək mövcud qeyri-bərabərliyin qarşısının
alınması məqsədilə əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin
istifadə etmədiyi Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən
əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən
edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsinin təmin edilməsi
qərara alınmışdır.
Konstitusiya Məhkəməsi Plenumunun digər bir əhəmiyyətli
qərar olan Azərbaycan Respublikası İnsan
hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) sorğusu əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 455.0.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I, II, VI və X hissələrinə,
127-ci maddəsinin IV hissəsinə və 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun
yoxlanılmasına dair” 2026-cı il 10 mart
Qərarında isə qeyd edilmişdir ki, Konstitusiya aliliyinin təminatçısı kimi
Konstitusiya Məhkəməsinin mövcud normanın Konstitusiyaya zidd olduğunun müəyyən
edildiyi qərarı üzrə məhkəmə qərarlarına yenidən baxılması şəxslərin Əsas Qanunla
nəzərdə tutulmuş hüquq və azadlıqlarının, o cümlədən Əsas Qanunun yüksək hüquqi
qüvvəsinin təmini baxımından mütləqdir.
Qərarda Plenum belə nəticəyə gəlmişdir ki, Azərbaycan
Respublikası Konstitusiyasının 80-ci maddəsinin və 149-cu maddəsinin I hissəsinin
tələbləri baxımından, habelə 28 və 60-cı maddələri ilə nəzərdə tutulan azadlıq
və ədalətli məhkəmə araşdırması hüquqlarının təmin olunması məqsədilə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun cinayət qanununun məhkum olunmuş
şəxsin hüquqi vəziyyətinin yaxşılaşmasına səbəb olan şərhi ilə bağlı Qərarının
məhkəmə aktlarına yenidən baxılması üçün xüsusi əsas kimi müəyyənləşdirilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən
hər hansı normanın şərhi nəticəsində həmin normanın konstitusiya hüquqi mahiyyəti
və təyinatına dair formalaşdırdığı hüquqi mövqe məhkumun hüquqi vəziyyətinin
yaxşılaşmasına səbəb olacağı hallarda, işə yenidən baxılmasının hüquqi əsasının
və prosessual qaydasının müəyyənləşdirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsi
ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə xidmət edəcəkdir..
Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin
Əsas Qanunla digər səlahiyyətləri də nəzərdə
tutulmuşdur. Dövlət hakimiyyətinin ayrı-ayrı qollarının formalaşdırılması prosesində,
o cümlədən icra hakimiyyətinin formalaşmasına münasibətdə Konstitusiya Məhkəməsi
tərəfindən Prezident seçkilərinin nəticələrinin rəsmi elan edilməsi,
qanunverici hakimiyyətin formalaşmasına münasibətdə isə Milli Məclisə seçkilərin
nəticələrinin təsdiq edilməsi və s. səlahiyyətlərin həyata keçirilməsi nəticə
etibarilə hüquqi dövlətin əsaslarının güclənməsinə xidmət edir.
Konstitusiya Məhkəməsinin beynəlxalq əməkdaşlıq sahəsində
fəaliyyəti də xüsusi diqqətə layiqdir. Müxtəlif ölkələrin konstitusiya məhkəmələri,
beynəlxalq təşkilatlar və hüquq institutları ilə əməkdaşlıq xarici hüquqi təcrübənin
öyrənilməsinə, Azərbaycanın hüquq sisteminin beynəlxalq hüquqi məkana
inteqrasiyasına, öyrənilmiş müasir yanaşmalar, hüquqi mövqelər əsasında
konstitusiya nəzarətinin daha da səmərəli həyata keçirilməsinə şərait yaradır.
Məlum olduğu kimi Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi TÜRK-AY-ın (Türk Dünyası Konstitusiya Yurisdiksiyalı
Konfransı) təsisçi üzvlərindən biridir. Bu təşkilatın fəaliyyəti türk dövlətlərinin
konstitusiya məhkəmələri arasında əməkdaşlığının dərinləşməsinə,
konstitusionalizm, hüququn aliliyi və insan hüquqlarının müdafiəsi sahəsində
qabaqcıl təcrübələrin mübadiləsinin genişlənməsinə istiqmaətlənmişdir.
Qeyd edilməlidir ki, Konstitisiya Məhkəməsi digər
xarici ölkələrlə, beynəlxalq təşkilatlarla münasibətlərini qarşılıqlı əməkdaşlıq,
etimad prinsipləri və təcrübə mübadiləsi çərçivəsində həyata keçirir.
2026-cı ilin I yarımilliyində Konstitusiya Məhkəməsində
müxtəlif ölkələrin, o cümlədən Türkiyə, Qırğızıstan, Qazaxıstan, Keniya,
Vyetnam, Monqolustan, Slovakiya, Latviya kimi ölkələrin məhkəmə-hüquq
sisteminin nümayəndələri ilə bir sıra tədbirlər keçirilmişdir. Keçirilən görüşlərin
ümumi nəticəsi olaraq tərəflər arasında tarixi və dostluq bağlarına əsaslanaraq
hüququn aliliyinin, insan haqlarının qorunması və konstitusiya ədalət mühakiməsinin
fəaliyyətinin səmərəliliyinin artırılması üçün məhkəmə-hüquq sahəsində təcrübə
mübadiləsini və ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək barədə razılığa gəlinmişdir.
Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ilə
keçirilən görüş çərçivəsində də ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi,
hüququn aliliyinin təmin olunması və demokratik institutların möhkəmləndirilməsi
istiqamətində həyata keçirilən ardıcıl islahatlar barədə ətraflı məlumat
verilmişdir.
Həmçinin qeyd etmək istərdim ki, “Könüllü fəaliyyət
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsində Könüllü Proqramı həyata keçirilir.
Proqram çərçivəsində fəaliyyət göstərən könüllülər Konstitusiya Məhkəməsinin iş
prinsipləri və fəaliyyəti ilə yaxından tanış olmaqla gələcək peşə fəaliyyətlərində
faydalı olacaq nəzəri və praktiki biliklər qazanırlar. Proqramı 2 ay müddətində
uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunur.
Hesab edirik ki, hazırkı dövrdə ölkənin ali
konstitusiya ədalət mühakiməsi orqanı olaraq hüquqi sabitliyin qorunması,
Konstitusiyanın aliliyinin, Əsas Qanunla bəyan edilmiş prinsip və dəyərlərin təmin
edilməsi, hüquq sisteminin inkişafı istiqamətində Konstitusiya Məhkəməsinin üzərinə
düşən vəzifələr daha böyük və məsuliyyətlidir.
Belə ki, bu gün Azərbaycan regional və qlobal səviyyədə
söz sahibi olan bir dövlətdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə
edilən zəfər “Dəmir Yumruğa” çevrildi. Həmin tarixi qələbə müstəqilliyimizin
möhkəm əsaslara söykəndiyini sübut etdi. Prezident İlham Əliyev bununla bağlı
qeyd etmişdir: “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir.
Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Azərbaycanın müstəqilliyi
əbədidir, çünki onun arxasında xalqın iradəsi, qanı, canı bahasına qorunan
torpaqlar və güclü dövlətçilik ənənəsi dayanır”.
2020-ci ilin sentyabrında başlayıb noyabr ayında Zəfərimizlə
başa çatmış Vətən müharibəsi, 19 sentyabr 2023-cü ildə Qarabağda qanunsuz
silahlı qrupları tərksilah etmək və konstitusiya qaydasını bərpa etmək üçün 24
saatdan az bir vaxtda uğurla tamamlanmış lokal antiterror əməliyyatı torpaqlarımızın
işğaldan azad edilməsi, 30 illik təcavüzə son qoyulması ilə yanaşı, həm də ölkədə
Əsas Qanunla, tərəfdarı olduğumuz beynəlxalq sənədlərlə bəyan edilmiş insan
hüquq və azadlıqlarının təmin edilməsinə imkan yaratdı.
Ali Baş Komandan cənab Prezident İlham Əliyevin
uzaqgörən siyasəti və qətiyyəti, Şanlı Ordumuzun şücaəti və qəhrəmanlığı ilə əldə
olunan Qələbə sayəsində xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz
yaşamaq hüququ bərpa edildi, uzun illər doğma yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın
pozulmuş mülkiyyət hüquqlarının bərpasına şərait yaradıldı. Bu baxımdan hazırda
işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və məskunlaşma prosesində vətəndaşların
mülkiyyət hüquqlarının tanınması, qorunması və bərpası hüquqi dövlət olaraq Azərbaycan
Respublikasının əsas vəzifələrindən biridir.
Xatırlatmaq istərdim
ki, Vətən müharibəsindən əvvəl, torpaqlarımızın işğalının hələ davam etdiyi
dövrdə vətəndaşlar tərəfindən mülkiyyət, yaşayış, sağlamlıq və s. konstitusion
və beynəlxalq hüququn hamılıqla tanınan normalarında təsbit edilən hüquqlarının
bərpası, müdafiəsi ilə bağlı Avropa Məhkəməsinə müraciətlər edilmişdi. Belə ki,
2005-ci ilin aprel ayında məcburi köçkünlər E.Çıraqov və digərləri Avropa Məhkəməsinə
ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın
rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq
imkanından məhrum olunmaları barədə şikayət etmişlər.
16 iyun 2015 ci il
tarixli Qərarında Məhkəmə “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi
haqqında” Avropa Konvensiyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və
Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasının davam etdiyini,
həmin Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsinin həll edilməsi üçün
hazır olmadıqlarını qeyd edərək işə baxılmasının təxirə salınması nəticəsinə gəlmişdir.
Avropa Məhkəməsinin Qərarında o da bildirilir ki, Azərbaycanın işğal altında
olan ərazilərində insan hüquqlarının pozuntusu ilə bağlı bütün hallara görə məsuliyyəti
məhz Ermənistan daşıyır. Qərar üzrə Ermənistanın daha bir öhdəliyi isə azərbaycanlı
məcburi köçkünlərin birbaşa Ermənistan dövlətinə qarşı iddialarına baxılması
üçün mexanizmin yaradılması ilə bağlı oldu.
Bundan başqa, Qərarda
vurulmuş ziyanın müəyyən edilməsi üçün mütəxəssisin təyin edilməsi, bir ildən
sonra hər bir şikayətçiyə 5000 avro məbləğində təzminatın ödənilməsi müəyyən
edilsə də, bu günə qədər Ermənistan dövləti Qərarı icra etməmişdir.
Qeyd edilməlidir ki,
Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci
il tarixli Qərarı hələki Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlı
məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət və s. hüquqlarının
pozulması faktlarını tanıyan və təsdiq edən ilk və yeganə beynəlxalq məhkəmə sənədidir.
Azərbaycan
Respublikası tərəfindən isə Avropa Məhkəməsinə Ermənistana qarşı birinci dövlətlərarası
şikayət 2021-ci ilin yanvar ayında göndərilib. Ərizə 2020-ci ildə baş vermiş Vətən
müharibəsi dövründə və sonrasında Ermənistanın törətdiyi insan hüquqları və
beynəlxalq humanitar hüquq pozuntularına əsaslanır. Şikayətdə iddia olunan
pozuntular olaraq Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı
qadağan olunmuş silahlardan (kassetli sursatlar, ballistik raketlər) istifadə
edilməsi, mülki şəxslərin qətlə yetirilməsi, şəhər və kəndlərin dağıdılması,
işğal dövründə evlərin və əmlakların kütləvi şəkildə məhv edilməsi, ərazilərin
minalanması və 10 noyabr 2020-ci il bəyanatından sonra belə qanunsuz silahlı dəstələrin
göndərilməsi nəticəsində azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun
pozulması kimi hallar göstərilmişdir.
Bundan başqa, Azərbaycan hökuməti minalanmış ərazilərin xəritələrinin təqdim
edilməsi tələbi ilə Ermənistana qarşı ikinci dövlətlərarası şikayət də göndərmişdir.
2021-ci
ilin iyun ayında göndərilmiş ikinci şikayətdə isə göstərilir ki, Ermənistanın
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki minaların xəritələrini təqdim
etməkdən imtinası Azərbaycan vətəndaşlarının “İnsan hüquqlarının və
azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarında
nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarır. Qeyd
olunmalıdır ki, Azərbaycan hazırkı dövlətlərarası şikayəti Avropa Məhkəməsinə təqdim
edərək, onun Azərbaycanın Ermənistana qarşı 2021-ci il 15 yanvar tarixli
birinci dövlətlərarası şikayəti ilə bir icraat çərçivəsində baxılması barədə vəsatət
vermişdir.
Eyni zamanda, bu
şikayətlə bərabər, Avropa Məhkəməsinə Ermənistanın üzərinə minaların xəritələrinin
təqdim etməsinə dair öhdəlik qoyulmaqla barəsində müvəqqəti təminat tədbirlərinin
görülməsi haqqında müraciət də
ünvanlanmışdır.
Avropa Məhkəməsindən
daxil olmuş cavab məktubunda işə baxan Böyük Palatanın sədri şikayəti öyrənərək
ona Azərbaycanın Ermənistana qarşı 2021-ci il 15 yanvar tarixli dövlətlərarası
şikayətinin ayrılmaz tərkib hissəsi kimi baxılması qərarına gəlmişdir. Bununla
da Azərbaycanın Avropa Məhkəməsinə verdiyi vəsatət təmin edilmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında qazanılmış tarixi Zəfərimizdən sonra ölkəmiz yeni bir inkişaf mərhələsinə
qədəm qoymuşdur. Möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan Respublikası
Dövlət Suverenliyi Günü”nün təsis edilməsi haqqında 19 sentyabr 2024-cü il
tarixli sərəncamı ilə hər il sentyabr ayının 20-sinin ölkəmizdə Dövlət
Suverenliyi Günü kimi keçirilməsi dövlət və xalqın birliyinin, ölkəmizin azadlığının və gücünün təcəssümü
baxımından olduqca əhəmiyyətlidir.
Məlumdur ki, 2025-ci ildə Azərbaycanın dövlətçilik
tarixində olduqca mühüm əhəmiyyətə malik iki əsas hadisənin – İkinci Qarabağ
müharibəsində tarixi zəfərin beşinci və müstəqil dövlətimizin ilk
Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü tamam olmuşdur. Xalqımızin
tarixinin ən əlamətdar və qürurverici bu hadisələri ilə əlaqədar olaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına
əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”
elan edilmiş, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 oktyabr tarixli
Qanunu ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)”
yubiley medalı təsis edilmişdir.
“Azərbaycan Respublikası Konstitusiyasının 30
illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında 2025-ci
il 22 oktyabr tarixli Əsasnamənin 2-ci maddəsində “Azərbaycan Respublikası
Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley
medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədrinə verilmişdir. Əsasnamənin 1-ci maddəsində Yubiley medalı ilə
Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə,
qanunvericilik və hüquq sisteminin inkişafına, onun aliliyinin təmin edilməsinə,
dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas
insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və
prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan
dövləti qarşısında xüsusi xidmətləri olan şəxslərin təltif edilməsi nəzərdə tutulmuşdur.
Bu medal dövlətimizin konstitusiya dəyərlərinə
sadiqliyinin və müstəqil Azərbaycanın inkişaf yolunda qazandığı nailiyyətlərin
rəmzi ifadəsidir.
Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası
Konstitusiyasının qəbulundan ötən tarixi mərhələnin dərindən təhlili mühüm bir
reallığı ortaya qoyur. Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş
və möhtərəm Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun
olaraq qətiyyətlə davam etdirilən strateji siyasi kurs dövlətimizin ali
qanununda təsbit olunmuş fundamental prinsiplərin və demokratik dəyərlərin ən
etibarlı təminatçısı qismində çıxış edir. Bu mütərəqqi idarəçilik xətti milli dövlətçilik
maraqları ilə bəşəri dəyərlərin harmoniyasını özündə ehtiva edərək, ölkəmizin hərtərəfli
tərəqqisinə yol açır.
Bir daha qeyd etmək istərdim ki, Dövlət başçısının
nümayiş etdirdiyi qəti siyasi iradəyə müvafiq olaraq, hazırda ölkəmizdə ədalət
mühakiməsinin effektivliyinin artırılması və məhkəmə-hüquq sisteminin mütərəqqi
əsaslarla modernləşdirilməsi strategiyası ardıcıl fəaliyyət planı çərçivəsində
uğurla icra edilməkdədir. Sözügedən strateji kursun prioritet hədəfi isə hüquqi
müəyyənlik prinsipinin təmin edilməsinə, ictimai təhlükəsizliyin, tərəqqinin və
fundamental insan hüquqlarının effektiv müdafiəsinin mühüm institusional zəmanəti
qismində ədalət mühakiməsinin demokratik hüquqi dövlətdəki ali statusunu möhkəmləndirməkdir.
Konstitusiya Məhkəməsi Əsas Qanunumuzun aliliyini təmin
edən, onun hər bir müddəasının dürüst tətbiqinə nəzarət edən, ölkədə
qanunverici, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı balansını qoruyan ali
konstitusiya ədalət mühakiməsi orqanı olmaqla, eyni zamanda, vətəndaşların
hüquq və azadlıqlarının müdafiəsinin təminatçısı rolunu uğurla yerinə yetirərək,
qəbul edilən hər bir qərarla ölkəmizdə hüquqi savadlılığın, hüquq mədəniyyətinin
yüksəlməsinə və ədalət prinsipinin möhkəmlənməsinə xidmət edir.
Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev
